|
Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.
Bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.
Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.
Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub.
Ötən gecə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.
Baku TV əməkdaşları məktəblilərin yerləşdirildiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında olub, yaralıların valideynlərini danışdırıb, onların son vəziyyətləri ilə maraqlanıblar.
Avtobusda Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.
Ətraflı süjeti təqdim edirik:
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
TƏBİB-dən bildirilib ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
Məlum olduğu kimi, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər. Səhər saatlarına olan məlumata görə Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.
Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.
Qeyd edək ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub.
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir.
Gəncə şəhərində avtomobilin piyadanı vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
“Report” verdiyi məlumata görə, hadisə iyunun 8-i saat 22 radələrində şəhər ərazisində, Gəncə-Şəmkir şosesi istiqamətində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İsmayılov Röyal Zöhrab oğlu idarə etdiyi “KİA Forte” minik markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1982-ci il təvəllüdlü Namazov Şöhrət Camal oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Ş.Namazov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı olub. O, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.
Cəbrayıl rayonunda ağır yol qəzası baş verib.
Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.
Belə ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu gün Bakı Metropoliteninin "Koroğlu" stansiyasında sərnişinin çantası qapı arasında qalıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, sərnişinin ayağının qapı arasında qalması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:
"Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Araşdırmamız nəticəsindən sərnişinin ayağının qapı arasında qalması ilə bağlı məsələlər təsdiqini tapmayıb. Onu da qeyd edim ki, bu gün "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaşanır"
Yol polisi əməkdaşlarının qapılarına PKK terror təşkilatının simvolu sayılan, beşguşəli ulduzu təbliğ edən və “Sheriff” sözləri yazılmış “JEEP” markalı avtomobili saxlaması zamanı insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı “JEEP Wrangler” markalı avtomobilin üzərində qanunla tənzimlənməyən işarə və sözlərin olmasını görərək avtomobilə “saxla” işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: “Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim “JEEP Wrangler” markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və “Sheriff” sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və “Sheriff” sözünün olduğunu deyərək sökməkdən imtina etdim”.
Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.
Xətai rayonu ərazisində bir bina var ki, onun həyətyanı sahəsi ilanlara məskən olub. Ərazidə yaşayan sakinlər bundan ciddi şəkildə qorxuya düşüblər. Onlar həyətdə rahat gəzə bilmədiklərini deyirlər.
Bura paytaxtın Xətai rayonunda General Şıxlinski küçəsi 38-dir.
Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan "Xəzər Xəbər"ə bildirilib ki, ilanlar insanlar üçün təhlükəli olsa da, onları kütləvi şəkildə məhv etmək olmaz.
Təvəkkül İsgəndərovun sözlərinə görə, ümumiyyətlə ilanlarla bağlı hər hansı tədbir görəcək qurum yoxdur və bunun yaradılması mütləqdir. Bununla belə, ilanlar qoxuya qarşı həssas heyvanlar olduğu üçün onların çox rast gəlindiyi ərazilərə kəskin qoxulu maddələr səpilə bilər.
İlanlarla mübarizədə ən effektiv maddə kükürd hesab olunur. Hazırda bazarlarda kükürdün bir kiloqramı 5 manata təklif olunur.
Həkimlər isə deyirlər ki, bəzən ilan sancan insana düzgün ilkin tibbi yardım göstərilmir və nəticədə ölüm qaçılmaz olur. İlan sancan insana öncə çoxlu maye verilməlidir, sancılan yerdən bir qədər yuxarı hissəyə tez-tez yerini dəyişməklə sarğılar, sancılan hissənin üzərinə isə buz qoyulmalıdır və təcili zərdab vurulması üçün həkimə müraciət edilməlidir.
Respublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.
Belə ki, qeyd edilən şəxslərin 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı toplanmış sübutlarla yuxarıda adları qeyd edilən şəxslərə (cəmi 10 təqsirləndirilən şəxsə) Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və digər qətimkan tədbirləri seçilib.
Hazırda qanunsuz əməllərə yol vermiş digər vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq davam edir.