|
Tarix: 21 sentyabr 1945.
Azərbaycan SSR-in Yevlax aerodromunda dislokasiya olunmuş 211-ci aviadəstəsinin pilotu Yevlax-Zaqatala-Yevlax reysi üçün havaya qalxır.
Saat 10.45-də 2 sərnişin və yüklə Zaqatalaya çatan АП (Аэропыл) tipli təyyarə 109 kq yük və 1 sərnişinlə geri qayıtmaq üçün saat 11.50-də havaya qalxır.
Yolda sərnişin alçaqdan uçmağı xahiş edir. Moskva hərbi məktəbinin kursantının sözünü yerə salmayan pilot 20-25 metr yüksəklikdə uçaraq obrazlı desək təyyarə ilə avtoşluq edir. Qax rayonunda Əyriçayla Alazan çayının qovuşduğu yerdə meşəlik ərazidə kolxozçuları görən pilot onların üstünə şığıyır. Sərnişin isə onlara zarafatla qarğıdalı atır.
Bundan sonra pilot alçaqdan uçaraq Qax rayonu Bağırov adına kolxozun ferması tərəfə yönəlir və həyəcanlı anlar bundan sonra başlayır. Evlərdən birinin yaxınlığındakı saman tayasını görəndə artıq gec idi. Pilot toqquşmadan yayınmaq cəhdi boşa çıxır. Təyyarənin sağ tərəfi tayaya çırpılır və maşın çevrilərək yerə düşür. Sərnişin hadisə yerində həlak olur, pilot yüngül xəsarət alır. Onun köməyinə fermada işləyən kolxozçular yetişir. Milisə də hadisə barədə ilk məlumatı onlar verir.
Təhqiqat zamanı pilot iddia edir ki mühərrik sıradan çıxdığı üçün məcburi eniş edib. Lakin komissiya buna inanmır. Mühərrik çıxarılaraq başqa təyyarəyə qoyulur və normal işləyir. Şahidlər də pilotun əleyhinə ifadə verir və qarğıdalıları istintaqa təhvil verirlər. Bundan sonra pilotun hər şeyi etiraf etməkdən başqa çıxış yolu qalmır.
Arxiv sənədlərində qəzaya səbəb kimi pilotun intizamsızlığı və təyyarə ilə xuliqanlıq edərək normativləri pozması göstərilir.
Şəxsi heyətlə düzgün iş aparmadığı üçün 211-ci aviadəstənin komandirinə şiddətli töhmət verilir.
Mənbə:Lent.az
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin növbə rəisinə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan 1962-ci il təvəllüdlü Rəcəb Xəlilov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Vidadi adlı şəxs də həbs edilib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, hərbçi Vidadi adlı zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə 6 qram civənin olması da müəyyən edilib.
Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Rəcəb Xəlilova 4 il, Vidadiyə isə 4 il 6 ay müddətinə həbs cəzası verilib.
2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə ANAMA-dan bildirilib.
“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, - qeyd olunub.
Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar daxili orqanlarına su dolması səbəbindən vəfat edib.
Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub.
Unikal verdiyi məlumata görə, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük iki qardaşı var. O, evin sonbeşiyi imiş.
Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev 5 ay əvvəl tutduğu vəzifədən istefa versə də, AMEA-nın rəsmi saytında göstərilirdi ki, onun yaxın qohumları hələ də bu qurumda yüksək vəzifələr daşıyır.
Yeniavaz xəbər verir ki, bu barədə 5 gün əvvəl xəbər yayımlanıb.
Xəbərin yayımlanmasından sonra AMEA-nın rəsmi saytında sabiq prezidentin həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevnanın adı AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsindən silinib.
Artıq qurumun saytında Mehdiyeva Qalina Yuryevnanın adı dissertasiya şurasının üzvü kimi qeyd olunub. Qalina Mehdiyevanın əvəzinə dissertasiya şurasının sədri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu təyin olunub.
Bundan başqa Ramiz Mehdiyevin kürəkəninin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyevin adı isə AMEA İşlər İdarəsi müdirinin müavini vəzifəsindən silinib.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rəhbərlik etdiyi İşlər İdarəsinə yeni müdir müavini təyin olunub.
Qeyd olunan vəzifəni Vüsal Məhəmməd oğlu Əliyarov icra etməyə başlayıb.
Ermənistan vətəndaşı ermənilərin Milli Qəhrəman hesab etdiyi Leonid Azqaldiyanın abidəsini murdarlayaraq heykəlin burnunu sındırıb.
“Heykəli murdarlayıb, sındıran İrəvan sakini Karen Xaçatryan “Hraparak”ın redaksiyasına gedərək, niyə belə bir addım atdığının səbəbini açıqlayıb:
“Bir daha deyirəm, Leonid Azqaldiyanın heykəlini murdarladım və zədələdim. Çünki xalqımız onun və onun kimilərin ucbatından bu günə düşüb. İstər 2020-ci ildə, istərsə də ondan əvvəl, 30 ildə çox şeyləri qurban vermişik…”
Xaçatryan daha sonra deyib ki, baş nazir Nikol Paşinyana hörmət edir. O iddia edir ki, bu gün Ermənistanda baş verənlərin, Nikol Paşinyanın günahı yoxdur, günahkarlar 1988-ci ildə Leonid Azqaldiyan başda olmaqla meydana çıxan insanlardır.
“90-cı illərdə qonşu dövlətimizə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpaqlarını işğal etmişik, indi cavabını veririk. Mən ədalətin tərəfdarıyam, ədalətli olanları müdafiə edirəm. Üstəlik, demək istəyirəm ki, erməni millətimiz hələ də o vətənin xaini Azqaldiyanın ucbatından əziyyət çəkir. Biz niyə Azərbaycanın düşməniyik, axı, bizə nə pislik edib? Torpağı işğal etdilər, nə etdilər, qətllər etdilər, bizə nə etdilər? Nəhayət ki, torpaqlarını azad etdilər, bizim torpaqlarımızı işğal edə bilərlərmi? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal edib, bizi yandırıblar. Onu da qeyd edim ki, itkin düşən fizik Azqaldiyanın heykəlinin burnunu sındırdığım üçün polis idarəsində iki polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldım. Vazgen Sarkisyan daha bir satqın idi...”, - Xaçatryan qeyd edib.
O daha sonra Azərbaycanın istintaq orqanlarına üz tutaraq müraciət edib: “Məsələyə Azərbaycanın istintaq orqanlarının diqqətini cəlb etmək istəyirəm. Bütün şikayətlərimə baxsınlar. Əminəm ki, onlar doğru olanı edəcəklər. Azərbaycanın hüquq-mühafizə orqanlarını Ermənistana dəvət etmək pis olmazdı. Azərbaycan hüquq-mühafizə orqanları ancaq Ermənistanda nizam-intizam yarada, Fransa meydanını o müxalifətdən təmizləyə bilər. Paşinyan ədalətli insandır, onun əməllərində, hər şeydə ədalət görürəm. İnsana doğru işini görməyə icazə verilmir. Hüquq mühafizəçiləri mənim Nikol Paşinyanla bağlı fikirlərimi bölüşmürlər. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, dərhal qəzəbləndilər. Ölkəmizin rəhbərinin fikirləri bir çox polislərin xoşuna gəlmir”.
Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.
Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub.
Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir. Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.
Hadisə yerində olan şirkət nümayəndəsi isə orada yalnız məlumat ötürmək üçün durduğunu bildirib.
Şirkətin adını gizlədən şəxs indiyə qədər heç bir yerdə ad çəkilmədiyini, lakin yaxın zamanlarda şirkətin adının açıqlanacağını bildirib.
Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.
Trend məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.
Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.