|
Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən 3 nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını arxadan bağlayaraq düşməkdən imtina ediblər.
Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslər daha sonra saxlanılaraq bölməyə aparılıb. Məlum olub ki, həmin şəxslər Qəbələ rayonunun Zarağan kənd sakinləridir və sərxoş vəziyyətdədilər. Bölmədə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 30-35 yaşlı 3 dostun işi məhkəməyə göndərilib.
Məhkəmədə onlar yağışdan qorunmaq üçün belə bir hərəkət etdiklərini, peşman olduqlarını deyiblər.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 150 manat cərimə edilməklə sərbəst buraxılıblar.
Bakıda 3 uşaq itkin düşüb.
Lent.az məlumatına görə, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q. Vəzirov küçəsində qeydə alınıb. 14 yaşlı Salmanova Ramilə Mahir qızı, onun bacıları, 10 yaşlı Şəkərnaz və 7 yaşlı Xədicə oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların anası M.Salmanova Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı həmin bölmədə araşdırma aparılır.
May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.
44 günlük Vətən müharibəsi iştirakçısı, intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlının vəziyyəti barədə yeni məlumat var.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib:
“Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.
Qeyd edək ki, jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir.
Bakı Dövlət Universiteti Nərimanov rayonunda yol qəzası zamanı xəsarət alan tələbələrlə bağlı açıqlama verib.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Oxu.Az-a bildirib ki, universitetiin üç tələbəsi qəzaya düşüb:
“Onlar Sosial elmlər və psixologiya fakültəsinin tələbələridir. Sınıq xəsarətləri alıblar və hazırda evdədirlər”.
***
Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.
Apa xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.
2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Ağır xəsarət alan yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından yeddi il ötür.
2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. İş üzrə Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq.
Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən “Qlobal Stone” və “Global Construction” MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 illik azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.
Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.
Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.
Yanğın nəticəsində həlak olmuş şəxslər aşağıdakılardır:
1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
9. Kərimova Nazilə Malik qızı (39 yaş)
10. Kərimova Ayan Anar qızı (5 yaş)
11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
12. Həsənova Alla Antonovna (58 yaş)
13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
14. Boykova Lyubov Viktorovna (87 yaş)
15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib.
Report xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Mr Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin!
Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti kritikliyini qoruyur.
Məşhur jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.
Bu barədə "moderator.az"-a jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır.
Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib.
Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.
“Qafqazinfo” məlumatına görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus “Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislərin təqibindən sonra onları Səbail rayonu Lermantov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.
Saxlanılan şəxs bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.
Onun barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqova 8 sutka inzibati həbs cəzası verilib.
Xəbər verdiyimiz kimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Filarmoniyanın heç bir şeydən xəbəri yoxdur. Filarmoniya gecə klubuna çevrilməyib. Ola bilsin ki, həmin görüntülər Filarmoniyanlın həyətində olan restoranın qapalı məkanında çəkilib" - açıqlamada bildirilib.