|
Ermənistanda 44 günlük müharibədən sonra baş qaldıran və keçmiş prezidentlər, həm də müharibə cinayətkarları Robert Koçaryan, Serj Sarkisyan kimi simalar tərəfindən idarə olunan revanşizm hərəkatı özünün həlledici mərhələsinə qədəm qoyub.
"Bu barədə “Caliber”in yeni süjetində bildirlir.
“Bu günlərdə həm Paşinyan, həm də revanşistlər üçün həlledici sayılır. Belə ki, ölkədə hakimiyyətin taleyi həll olunur. Ermənistan kimi mürəkkəb bir ölkədə hadisələrin sonrakı inkişafına dair proqnozlar vermək çətindir”, - deyə videomaterialda qeyd edilir.
Vurğulanır ki, ölkədaxili gərginlik artmaqda davam edərsə, Ermənistan yeni müharibəyə sürüklənə bilər.
Daha ətraflı “Caliber”in videomaterialında:
Bir neçə gündür Ermənistanda hazırkı Nikol Paşinyan hökumətinə qarşı başlayan etirazlar özünün pik həddinə çatıb. Onlarla müxalifətçi həbs olunub.
Bəs Nikol Vovayeviç devriləcəkmi? İrəvandakı və ətraf bölgələrdəki mitinqləri kimlər planlaşdırır?
Suallarımızı politoloq Cümşüd Nuriyevə ünvanladıq. Politoloq Publika.az-a müsahibəsində dedi ki, bu ayın sonuna qədər Nikol Paşinyan istefa verə bilər.
Həmin müsahibəni təqdim edirik:
- Cümşüd müəllim, İrəvanda nə baş verir? Baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin arxasında sizcə, kimlər dayanır?
- Əslində, İrəvanda keçirilən mitinqlər birmənalı şəkildə Rusiyanın kəşfiyyat orqanlarının hazırladığı bir mitinqdir. Mitinqlərin təşkilində Kremlin əsas məqsədi Ermənistanı itirməməkdir. Fikir verirsinizsə, ayın 2-dən 6-na qədər Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında səfərdədir. Orada görüşlər keçirilir. Bu görüşlər Rusiyanın razılığı olmadığı üçün keçirildiyinə görə indi mitinqlərin sayı çoxalıb. Həm də həmin etiraz aksiyalarına toplaşanların sayını artırıblar. Eyni zamanda mitinqlərdə birmənalı şəkildə hazırkı baş nazirin istefası məsələsi qoyulub.
- Sizcə, Kreml İrəvandakı istəklərinə nail olmaq üçün daha hansı addımları atacaq?
- Bütün bunların fonunda vaxtilə Nikol Paşinyanın tərəfində olan adamları da tədricən pulla, təhdid və qorxutmaqla əks tərəfə çəkməyə çalışırlar. Yəni Rusiya İrəvanda öz hakim mövqeyini saxlamaq istəyir. ABŞ isə buna qarşı durur. Kremlin bu addımına yol vermək istəmir. Hadisələrin gedişi onu göstərir ki, Nikol Paşinyanın istefası baş tuta bilər. Paşinyanın istefasının baş tutması ilə istər-istəməz bölgədə yeni siyasi vəziyyət yaranacaq.
- Paşinyanın gedəcəyi təqdirdə Azərbaycan nələrə hazır olmalıdır? İrəvanda baş verənlər fonunda nələr dəyişə bilər?
- Azərbaycan baş verə biləcək bütün hadisələrə hər an hazır olmalıdır. Əgər belə bir addım atılsa, Rusiyanın hərbi elitası Azərbaycana qarşı da təxribatları artıracaq. Fikir verirsinizsə, may ayının birindən hər gün Kəlbəcər rayonunun əraziləri mütəmadi olaraq atəşə tutulur. Ermənilər Yuxarı Şorca kəndindəki mövqelərindən Yellicə və digər istiqamətlərdəki mövqelərimizi atəş altında saxlayırlar. Sözsüz ki, bu cür erməni təxribatlarının arxasında həm Rusiyanın hərbi kəşfiyyatı, həm də Kremlin hərbi elitası dayanır. Ümumiyyətlə, Rusiyanın imperiya ambisiyaları o qədər güclüdür ki, tək Ukrayna ilə gözləri doymur. Onlar Qafqaz regionunu da öz nəzarətlərində saxlamaq istəyirlər. Ona görə də burada “dəyənək” statusunda yenə də Ermənistan, təxribatçı ermənilər çıxış edirlər.
- Bu iğtişaşların arxasında “Qarabağ kartı” nə dərəcədə önəmli “rol oynayacaq”?
- Mitinqin başqa bir şüarı da var. Bu şüar yenidir. Son 20 ildə “Qarabağın qarabağlı ermənilər tərəfindən qorunmaması” məsələləri qabardılır. Etirazçılar “Koçaryan-Sarkisyan dueti”ni də bir kənara qoyurlar. Bu mənada keçmiş prezident Robert Koçaryanın oğlunun da həbs olunması heç də təsadüfi bir şey deyil. Qarabağ erməniləri də guya bu məsələ ilə “razılaşmırlar”. Yəni Ermənistan ərazisində baş verənlərlə. Görünən odur ki, İrəvanda, eləcə də Ermənistanın digər bölgələrində vəziyyət kifayət qədər gərginləşib. Bu gərgin vəziyyətdən Rusiya da yararlanmağa çalışacaq.
- İrəvanda baş verənlərin arxasında Rusiyadan başqa hansı ölkələrin barmağı ola bilər?
- Nəzərə alaq ki, Ermənistana təsir edəcək başqa qüvvələr də var. Söhbət bizim cənubdakı qonşumuzun daxilindəki müəyyən qüvvələrdən gedir. Yəni İranda hakimiyyətdə olan bəzi qüvvələrin narkobiznes fəaliyyətlərinin bəziləri pozulub. Onlar da onu həyata keçirməyə çalışacaqlar. Söhbət ondan gedir ki, bu ayın sonuna qədər Ermənistanın baş naziri Nikol Paşinyan istefaya göndərilə bilər.
Bakı şəhərində polis qəzada vəfat edib.
Oxu.az məlumatına görə, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a fakt təsdiqlənib.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:
“V.Quliyev hadisə yerində ölüb”.
Faktla bağlı araşdırma aparılır.
Ər arvadını boğaraq öldürmək istəyib.
"Türkiyə mətbuatı xəbər verir ki, psixoloji problemləri olduğu iddia edilən 34 yaşlı Nusret Ö. evdə naməlum səbəbdən mübahisə etdiyi həyat yoldaşı 31 yaşlı Eda Ö-nü boğaraq öldürmək istəyib.
Qadını boğduqdan sonra öldüyünü düşünən Nüsrət hadisə yerindən qaçıb. Səsi eşidən qonşular dərhal polisə məliumat veriblər. Qapını sındırıb içəri daxil olan polislər hərəkətsiz yatan qadına ilk müdaxilə edəndən sonra xəstəxanaya çatdırıblar.
Reanimasiya şöbəsində yerləşdirilən Eda Ö.-nun vəziyyətinin ağır olduğu bildirilib.
Cinayəti törətməkdə şübhəli bilinən Nusret Ö. polis tərəfindən saxlanılıb.
Hadisənin səbəbləri araşdırılır.
Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.
"Qafqazinfo” xəbər verir ki, Xumarı intihardan öncə onunla eyvanda rastlaşan kommunal xidmətin təmizlikçisi fikrindən daşındırmağa çalışıb və buna ilk olaraq nail olub.
Buna baxmayaraq, bir müddət sonra Xumar yenə eyvana gələrək özünü binadan atıb.
Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.
Xəstəxanaya yerləşdirilən Z.Niyazovun vəziyyəti stabildir.
Qeyd edək ki, Xumar Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub.
Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Ağsuda "məktəbdə bomba var" deyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 4-də saat 04.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.
O, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırma aparılır.
Şəki rayon Qoxmuq kənd sakini Səmədov Aftandil Əlosət oğlu ana bətnindəki 6 aylıq körpəsinin həkim səhlənkarlığı ucbatından itirildiyini iddia edir.
Ölkə.Az-a müraciət edən A.Səmədov deyib ki, hadisə bu il fevralın 26-da baş verib. O bildirib ki, 25.02.2022-ci il tarixində hamiləliyinin 6-cı ayında olan həyat yoldaşı Səmədova Dilarə Dursun qızı müayinədən keçib və uşağın tam sağlam olması və inkişanın normal qaydada getməsi barədə onlara sənədlər təqdim edilib. A.Səmədovun iddiasına görə bir gün sonra, 26.02.2022-ci il tarixində həkimlər Hacıyeva Nəzakət və Cəfərova Gülnar Şəki rayon doğum evində D.Səmədovanı müayinə edərkən körpənin itirilməsinə səbəb olub.
"Övladımın ölümünə görə, Şəki Rayon doğum evində çalışan həkimlər Nəzakət Hacıyev, Gülnar Cəfərova və baş həkim Ruziyə Hüseynovadan şikayətçiyəm. Həkimlərdən körpəmizin ölüsünü istəsək də, "o nə idi ki balaca bir şey idi" deyərək bizə göstərmədilər və verməkdən imtina etdilər. Həkim dedi ki, ölən körpəni zibilliyə atıblar. Körpə axı əşya deyil, necə yəni zibilliyə atıblar?!
İşin araşdırılması üçün müvafiq sənədləri Şəki rayon prokurorluğuna təqdim etmişik. Bizə dedilər ki, işə baxılıb rəy veriləcək və daha sonra bizə məlumat veriləcək. 2 ay keçməsinə baxmayaq heç bir məlumat yoxdur.
Baş həkim R.Hüseynovanın günahın oradakı həkimlərdə olduğunu etiraf etməsinə baxmayaraq deyir ki, get kimə istəyirsən şikayət et. Bildiyim qədərilə daha əvvəl R.Hüseynovanın məsuliyyətsizliyi ucbatından da bənzər hadisə baş verdiyi üçün o işindən uzaqlaşdırılıb. Sonradan yenidən Şəki rayon doğum evində işləməyə başlayıb. Mən istəmirəm ki, başqa körpələr də ölsün, mənim yaşadığımı başqa valideynlər də yaşasın".
A.Səmədov övlad sahibi olmaq üçün bu illər ərzində ümilikdə 24-25 min manat aralığında xərc çəkdiyini deyib. Şikayətçi həm maddi təzminat, həm də təqsirkar şəxslərin cəzalandırılması üçün müvafiq yerlərə müraciət edəcəyini bildirib.
Mövqeyini öyrənmək üçün Şəki rayon doğum evinin baş həkimi R.Hüseynova müraciət etsək də, danışmaq istəmədi:
"Məsələ araşdırılır. Artıq izahatlar verilib. Məlumatı prokurorluqdan alın", - deyə o söyləyib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şəki rayon prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:
"Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək" - məlumatda qeyd edilib.
Qubada ata oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Mayın 2-də 19 radələrində 35 yaşlı Sərraf Vahabovun öldürülməsi barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin atası 65 yaşlı Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhrumun anası Çeşminaz Vahabova iddia edir ki, oğlu həyat yoldaşına Ramazan bayramında spritli içki qəbul etdiyinə görə irad bildirib. Bu zaman tərəflər arasında mübahisə yaşanıb.
Çeşminaz Vahabovanın iddialarına görə, həyat yoldaşı oğlunu üzərində gəzdirdiyi bıçaqla öldürüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.
2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.
O, hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Daha sonra intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.
Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.
Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.
Terror zamanı həyatını itirən şəxslərin siyahısı:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)