|
Göyçayda kütləvi zəhərlənmə olub.
Lent.az xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda itkin düşən gənc qız axtarılır.
Qafqazinfo” xəbər verir ki, Xırdalanda yerləşən Bakı Mühəndislər Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.
Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Ölkə.Az" xəbər verir ki, aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.
O, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.
Daxili işlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib
DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.
Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.
Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.
Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir".
Bu gün Başlıbel faciəsinin ildönümüdür.
Kəlbəcərin işğzalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 29 il ötür.
1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb.
Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra Başlıbel kəndinə dron vasitəsilə baxış keçirilib. Baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.
Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.
Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.
Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülmüşdür. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat etmişlər.
İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.
19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs- 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə bilmişlər.
Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilən xəbərə görə, DTX-da Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılmışdır.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Azərbaycanda sayt rəhbəri saxlanılıb.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.
O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
“Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, dağdan yolun hərəkət hissəsinə qaya parçaları tökülüb:
“Dörd texnika və canlı qüvvə cəlb edilib. Qısa müddət ərzində yol qaya parçalarından təmizlənəcək”.
***
İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.
" APA xəbərinə görə, İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.
Hazırda bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.
Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir. Ötən həftə orada baş verən dağ uçqunu zamanı bir neçə saat yol bağlı qalmışdı. Bu gün baş verən torpaq uçqununun miqyası isə daha böyükdür.