|
Bakı Şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, idarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlanmaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib və metal boruları satdığını bildirib.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.
Azərbaycanda iki nəfər həbsdə ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılanlar - Qələmşah Məmmədov və Rafiq Cavadov vəfat ediblər.
Hər iki məhkumun xəstəlikdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Cəsur Paşayev bildirib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib, ayrı-ayrı illərdə İcra Hakimiyyətində ondan rüşvət alınıb.
“Vilyam Hacıyevə birbaşa rüşvət verməmişəm. İcra Hakimiyyətinin maliyyə şöbəsinin müdiri çağırıb rüşvət tələb edirdi. 2015-2018-ci illərdə müxtəlif məbləğlərdə rüşvət vermişəm. Bir dəfə Vilyam müəllimə dedim ki, maliyyə şöbəsinin müdiri pul tələb edir. O da heç nə demədi. Bundan sonra yenə eyni vəziyyət davam edir. Maliyyə şöbəsinin müdiri deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib.
Xəstəxananın təmirinə pul ayrılmışdı. Maliyyə şöbəsinin müdiri çağırıb dedi ki, vəsaitin 30 faizi İcra Hakimiyyətinə verilməlidir”, - deyə şahid bildirib.
Ehtiyatda olan zabit Vidadi Babayev bildirib ki, İmişlidə övladının beş qeyri-yaşayış sahəsi olub: “Orada obyekt tikmək üçün sərəncam istədim. Bunun üçün rayon icra hakimiyyətinə müraciət etdim. Məni memarlıq idarəsinə çağırdılar. Həmin müddətdə Vilyam Hacıyev məzuniyyətdə idi. Qonşum onlarla danışdı, gəldi ki, 1500 manat istəyirlər. Mən də pulu verdim qonşuya, apardı verdi, sərəncam aldı”.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Daxili İşlər Nazirliyi (DİN) Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov "Yol-xeber.az"ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olanda ailə həyatı qurması məlum olub.
Sosial şəbəkələrdə boğazı kəsilmiş qurbağa ilə dərsdə təcrübə keçirilməsini əks etdirən görüntülər yayılıb.
Görüntülərin Ağdam rayon 71 nömrəli məktəbdə qeydə alındığı bildirilib.
Vurğulanıb ki, videodakı müəllim sözügedən məktəbin direktoru Ülviyyə Mahmudovadır.
Sosial şəbəkə istifadəçiləri Görüntülərin qeyri-insani olduğunu və bir təcrübə üçün heyvanla bu formada rəftar edilməsinin doğru olmadığını yazıblar.
Görüntülərlə bağlı Ölkə.Az Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəzityyəti açıqlanıb.
Bu barədə Yol-xeber.az-a TƏBİB-dən məlumat verilib.
Bildirlib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir: "Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb".
Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova məlumat verib.
Bildirilib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
"Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".
Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib.
“Report” məlumatına görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb.
Belə ki, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.
Məhkəmə apellyasiya prostestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.
İttiham aktına əsasən, A.Yusifov 2015-2020-ci illərdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsində çalışıb. O, vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.
Eyni zamanda, cinayət matereallarında qeyd edilib ki, A.Yusifov qeyrisini rüşvət qismində pul verməyə təhrik edib.
Belə ki, A.Yusifov 2019-cu ildə tanışı Həmzəyev Tural Nəsib oğlu vasitəsi ilə tanıdığı Qəhrəmanova Ülviyyə Tahir qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi vədini verib. Buna görə Ü.Qəhrəmanova ona ümumilikdə 2 min manat pul verib. Daha sonra o, qadından yenidən 3 min manat pul istəyib. Ü.Qəhrəmanova isə işin uzandığını görərək onun istədiyi pulu verməyib və hüquq mühafizə orqanlarına müraciət edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
“Torpaq uçqunu zamanı bağlanan Lahıcda yolu açılıb”.
Yol-xeber.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, dağdan yolun hərəkət hissəsinə qaya parçaları tökülmüşdü:
“Texnika və qüvvə cəlb etdik, qısa müddətdə daşlar yolun hərəkət hissəsindən kənarlaşdırıldı. Hazırda hərəkət bərpa edilib, hər-hansı bir problem yoxdur. Ərazidə güclü külək müşahidə olunur. Külək dağlardan xırda daşların yola doğru tökülməsinə səbəb ola bilər. Bu üzdən ərazi agentliyin xüsusi texnikalardan ibarət qrupu tərəfindən nəzarət altında saxlanılır ki, hər hansı bir problem yaşanmasın”.
***
İsmayıllı rayonunda torpaq uçqunu olub.
Yol-xeber.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib. Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub. Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyirlər.