![]() |
|
Xəbər verdiyimiz kimi, Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
Nüfuzu ilə tanınan Ş.Xanbabayev Şəmsəddin Xanbabayev icra başçısı vəzifəsindən azad edildikdən sonra, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayonun təşkilatına sədr təyin olunmuşdu.
O, Sovet dövründən Naxçıvanda müxtəlif yüksək vəzifələrdə çalışıb.
1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 4 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncamı ilə "1-ci dərəcəli əmək" ordeni ilə təltif olunub.
Ölkə.Az-ın məlumatına görə, onun oğlu polkovnik Samir Xanbabayev hazırda polis orqanında rəis vəzifəsində çalışır.
Mərhum 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdu.
Xaçmaz şəhərində vəfat edən Ş.Xanbabayev Bakıda dəfn olunacaq.
Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Bu barədə AZAL məlumat yayıb.
Qeyd olunub ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar: “Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”.
Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir.
Bunu mərhumun oğlu Samir Xanbabayev Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, atası "Qurd qapısı" məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev qaraciyərində yaranan problemdən əziyyət çəkirdi.
***
Xaçmaz rayonunun Sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini, 2004- 2019-cu illərdə isə Xaçmaz rayon icra başçısı olub.
Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb.
oxu.az xəbər verir ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa saxlanılan var.
Xatırladaq ki, Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 2024-cü il dekabrın 17-də 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.
Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.
Bu barədə Palatadan məlumat verilib.
Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13263,0 min manat qalıq vəsaiti mövcud olmuş, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119221,2 min manat vəsait daxil olmuş və 125086,4 min manat məxaric edilmişdir.
UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8% səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşmışdır. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) müvafiq əmrləri ilə 2022-ci ildə 1653,0 min manat və 2023-cü ildə 1100,0 min manat vəsait təhsil işçilərinin, o cümlədən Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991,0 min manat vəsait yalnız Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılmışdır.
Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışmış, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil etmiş, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olmuşdur. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilmişlər.
2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil etmişdir.
İlk olaraq qeyd edək ki, auditlə UNEC-in Nizamnaməsində nəzərdə tutulsa da, Nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də Nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunmuşdur.
Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməmiş, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunmuşdur. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması "Elmi-metodiki Şuranın Əsasnaməsi"nin də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnmiş, audit olunan dövrdə kənar auditor təyin edilməmiş, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət etmişdir.
Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil etmiş, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmamışdır. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilmiş, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməmişdir.
Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olmuşdur.
Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalmışdır. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməmiş, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməmişdir.
Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə 27540,9 min manat vəsait icra edilmiş, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmamış, bu hallar vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməmişdir.
Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərmişdir. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımı şərait yaradılması ilə bağlı bütün xərclər ödənilmiş, eləcə də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilmişdir.
Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilmiş, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilmişdir.
Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilmişdir. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil etmişdir ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.
Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olmuş, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırmışdır.
Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnmişdir.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırmış, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilmişdir.
Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46,0 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınmışdır.
Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Report xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.
Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Falına baxıldı, rəmli atıldı... İddiasına görə pulu da getdi, zamanı da, üstəlik müğənni olmaq arzusu da yarıda qalıb...
Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarır.
Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb. Adının çəkilməsini istəməyən qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyib. İddiasına görə falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını sataraq, işlərinin düzələcəyinə inanıb. Amma, 1 ildir nə işi düzəlir, nə də pulu geri qaytara bilir.
Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.
Haqqında səsləndirlən iddialara aydınlıq gətirməsi üçün Natiq Qiyasovla telefon əlaqəsi saxladıq. İlahiyyat İnstitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini dedi. Deyilən iddiaların isə həqiqətlə heç bir əlaqəsi olmadığını bildirdi.
Hazırda fakt Xətai rayonu, 34-cü polis bölməsində araşdırılır.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb.
Bu barədə məşhur hava proqnozu platforması olan "Windy.com" məlumat yayıb.
Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər.
Qeyd edək ki, "Windy.com" dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir. /AZXEBER.COM