![]() |
|
Ağsu rayonu, Keçdiməz kənd sakini Kamran Əzimzadə həyətlərindəki ot çardaqlarının üzünü qara maska ilə gizlədən şəxslər tərəfindən yandırıldığını iddia edir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən K. Əzimzadə bildirib ki, həyətyanı sahələr bir müddətdir naməlum şəxslər tərəfindən yandırılır: “Avqustun 16-da əmim oğlunun çardağını yandırdılar. Səhəri gün yaxınlığımızda yerləşən yaşayış olmayan evin həyətyanı sahəsini yandırdılar. Daha sonra axşam saat doqquza qalmış bizim evin həyətini yandırdılar. Gördük və tez gedib söndürdük. Üstündən on dəqiqə keçəndən sonra çardağın tinindən od vurdular. Yanğınsöndürən çağırdıq, söndürdülər. Elə həmin gün gecə saat birdə həyətimizin aşağısına da od vurub yandırdılar.
Ayın 19-da axşam saatlarında çardağımıza baxmağa gedəndə qaraltı gördüm. Çağırdım, səs gəlmədi. Yaxınlaşanda gördüm ki, həmin şəxsin üzündə qara maska və onun üzərində də tül var. Üzünü açmaq istəyəndə məni yerə yıxdı, fiziki təzyiq göstərdi və paltarlarımı cırıq-cırıq etdi. Çantasından çıxarıb mənə iynə vurmağa çalışdı, qışqırdım, qaçdı".
Şikayətçinin sözlərinə görə, əvvəlki və budəfəki yanğınların hər ikisi haqda polisə məlumat veriblər: "Srağagün səhərdən axşam on birə kimi bizi polis şöbəsində dindiriblər. Bildirirlər ki, guya mənim psixoloji problemim var".
Atam neçə gündür ki, gecələr yatmır, keşik çəkir. Ailəmizə yanan otlara görə çoxlu ziyan dəyib. Nə üçün qəsdən biz özümüzə ziyan vurmalıyıq? Polisə deyəndə ki, bizi qorumalısınız, deyirlər ki, bizim işimiz sizi qorumaq deyil. Elə polis şöbəsindən çıxıb 100 metr aralanan kimi kənddən zəng gəldi ki, ot tayası yandırıldı. Biz də dərhal şöbəyə qayıdıb məlumat verdik ki, baxın, hadisəni törədən biz deyilik. Qorxu içində yaşayırıq. İstəyirik ki, polis həmin adamları tez zamanda tapıb məsuliyyətə cəlb etsin”.
DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov təsdiqləyib ki, sözügedən hadisə ilə bağlı vətəndaş iki dəfə 102-yə müraciət edib: “Kamran Əzimovun özünün dediyinə görə, qara maskalı şəxs tərəfindən iynə ilə ona xəsarət yetirilməsi ilə bağlı müraciət daxil olub. Bir də onların tövlələri yandırılıb. Hərəsində də 500 ot bağlaması olub. Hələ ki məsələ ilə bağlı konkret bir nəticə yoxdur, kənddə polis əməkdaşları tərəfindən araşdırma gedir. Bu məsələ ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda polis şöbəsində araşdırmalar aparılır. Həmin kənddə polis tərəfindən gücləndirilmiş xidmət aparılır”.
Fotoda: Qara maskalı şəxs tərəfindən fiziki təzyiqə məruz qaldığını deyən Kamran Əzimzadə
Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Bu barədə Yol-xeber.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Yol-xeber.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.
Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.
Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun "Yol-xeber.az"a verdiyi məlumata görə Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bir qrup şəxs Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər
DİN-dən Yol-xeber.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib. Topladığı maddi vəsaitlərin onun vasitəsi ilə kasıb insanlara paylanıldığı təəssüratını yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri baş idarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
"Yol-xeber.az"ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu H. Əliyev küçəsi 12, mənzil 26-da baş verib.
Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.
S. Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.
Sahib Cəfərov ifadəsində bildirib ki, bacısı Tovus 1989-cu ildə ailə qurub, lakin sonra boşanıb uşaqları ilə birlikdə yaşayıb. Bir müddət sonra Ələkbər adlı şəxsə dini kəbin bağlayıb.
Hadisədən bir müddət əvvəl bacısının əxlaqsızlıqla məşğul olması barədə söz-söhbət eşidib.
Təqsirləndirilən şəxs qeyd edib ki, Tovus ona çörək sexində işlədiyini deyib: “Hadisədən bir neçə müddət əvvəl ətrafdan qulağıma Tovusun əxlaqsızlıqla məşğul olması barədə səs-soraq gəldi. Bunu dəqiqləşdirib, Tovusun əxlaqsızlıqla məşğul olduğuna əmin oldum. Onun pozğun həyat tərzi keçirdiyini tanımadığım şəxslər vasitəsilə dəqiqləşdirdim”.
Sahib Cəfərov ifadəsində göstərib ki, təxminən 2020-ci ilin yanvar ayının ortalarından Tovusu öldürmək qərarına gəlib: “Onun yaşadığı yeri müəyyənləşdirdim. Tovusun qızı Nuranəni işdən çıxanda bir-iki dəfə ondan xəbərsiz izlədim, onların “Memar Əcəmi” metro stansiyası tərəfdə yaşadıqlarını müəyyən etdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Tovusun boğazını kəsib, onu öldürmək üçün məqam axtarıb: “Əvvəl onu evdə öldürmək barədə fikirləşdim. Lakin evdə uşaqların yanında öldürə bilməyəcəyimi düşündüm. Tovusu gecə öldürməyə qərara gəldim ki, müdaxilə edən olmasın. Bundan sonra usta olduğum üçün təmirdə istifadə etdiyim uzunluğu təxminən 7-8 sm olan "rezak"ı cibimdə gəzdirməyə başladım”.
Fevralın 6-da “Memar Əcəmi” metro stansiyasına, oradan 3-cü mikrorayon dairəsinə gəlib. Oradan bacısına zəng edərək evlərinin yerini bilmədiyini və onlara gəlmək istədiyini deyib. Tovuz bir azdan işdən çıxacağını deyib və onunla marketin qarşısında görüşməyə razılaşıb. Təxminən saat 21-22 radələrində həmin mağazanın qarşısında bacısı ilə görüşüb evə doğru gediblər. Binanın yanına çatanda Tovus evə qalxmağı təklif edib. O, bir az həyətdə oturub söhbət edəndən sonra mənzilə qalxmalarını deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, üzərində olan gödəkcənin cibindən "rezak"ı çıxaran zaman bacısı görməyib: “Rezak"ın iti hissəsini təxminən 2-3 santimetr irəli verdim, onu kənarında olan məftillə bərkitdim. Tovus mənim sol tərəfimdə oturmuşdu. Qəsdən bacımı sol tərəfdə otuzdurdum ki, sağ əlim ilə "rezak"la rahat şəkildə onun boğazını kəsim.
Söhbətin ortasında "rezak"ı sağ əlimə aldım və oturduğumuz yerdə bacımın boğaz nahiyəsinin sol tərəfinə zərbə vuraraq kəsdim. Bacıma onun axırının çatdığını dedim. Kəsən kimi bacım sağ qolumdan yapışdı, qışqırmağa başladı. İkinci dəfə yenə də bacımın boğaz nahiyəsini kəsəndə "rezak" sındı. "Rezak"ın qalan hissəsini qabağa çəkdim və növbəti dəfə onun boğaz nahiyəsini kəsdim".
Sahib Cəfərov qeyd edib ki, təxminən 10 saniyə Tovusun başı üstündə gözləyib, öldüyünə əmin olduqdan sonra təslim olmaq üçün polis bölməsinə gedib.
Məhkəmə iclası zaman Sahib Cəfərov özünü qismən təqsirl bilib.
Məhkəmə nəticəyə gəlib ki, Sahib Cəfərov törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Cəfərov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal aləmdə "Kublaşvili" ləqəbi ilə tanınan "qanuni oğru" Otari Boytsov qətlə yetirilib.
Yol-xeber.az baku.ws-ə istinadən xəbər verir ki, kriminal avtoritetin meyiti Rusiyanın Krasnodar vilayətində aşkar olunub. Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumatı təsdiqləyib.
Məlumata görə, Boytsov Krasnodar əsillidir və 2013-cü ilin martında Murmansk vilayətindəki 13 saylı islah koloniyasında "qanun oğru" adını alıb.
“Yol-xeber.az” xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.
Cinayəti törətməkdə şübhəli bilinən İ.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən olunub ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.
Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhməkə prosesi zamanı İbrahim Sadlqov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.
Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub.
Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
Qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.