![]() |
|
Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.
"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan "Nurdan" ləqəbli Nurdan Yusifova həbs edilib.
Lent.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Nurdan Yusifovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Paytaxtın "20 yanvar" metrostansiyası yaxınlığında 29 saylı avtobus işıq dirəyinə çırpılıb.
Bununla bağlı görüntülər BAKU.WS-in "Qaynar xətt"inə daxil olub.
Həsən bəy Zərdabi küçəsində yaşanan qəza nəticəsində avtobusa və yol strukturuna ziyan dəyib.
Həmin kadrları təqdim edirik:
"Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiyasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.
"Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıtmış və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", - deyə məlumatda qeyd olunub.
Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir.
Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.
Xəzər TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində qeyd edilib.
Bildirilib ki, bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.
"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!", - müraciətdə vurğulanıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.
Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub.
Bu barədə Oxu.Az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.
"Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm", - deyə F.Zeynalov bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, 2024-cü il ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.
Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası XRİTDX tərəfindən qeydiyyata alınıb. Belə ki, 2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub.
XRİTDX tərəfindən hesabat dövrü ərzində aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.
2024-cü ilin dekabr ayında 246 kiloqram 496 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ilin dekabr ayı üzrə yaydığı icmalda bildirilib.
Qeyd edilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, "Canik 55" tapançasına məxsus patronlar aşkar olunaraq götürülüb.