![]() |
|
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.
Svetliçnıyə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.
Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış AZAL-ın təyyarəsinin kabinindəki səs yazıcısını oxunmasına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.
Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib.
Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə yanvarın 3-də) başlanılıb. Qara qutulardan alınan məlumatlar Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssislərinin iştirakı ilə təhlil ediləcək.
“Oradan əldə olunacaq məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək”, - FAB-dan bildirilib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Şəmkirdə yanğın hadisəsi baş verib.
apa-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Belə ki, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın olub.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürlüb, yaxınlığdakı tikilər yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
APA xəbər verir ki, hadisə Xızı şəhər tam orta məktəbdə qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədilə çıxdığı bildirilib.
Lakin bu gün səhər saatlarında direktorun meyiti işlədiyi məktəbdə tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
***
Hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Bildirilib ki, Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov bu gün səhər saatlarında vəfat edib:
“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən saytımıza təsdiq ediblər.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılmış, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.
Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
“Bu gün yerli vaxtla saat 23:30-da (22:30 Bakı) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.
Bu barədə “Report”un Qazaxıstan bürosuna Mangistau vilayətinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.
Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə gün ərzində gərgin iş aparılıb.
“Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.