Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədli ilə vida mərasimi keçirilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan "Gənclik" futbol klubunun üzvü Məhəmmədəli Eqanovla vida mərasimi keçirilib.

mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Biləsuvarda minik maşınları toqquşdu - 3 ölü, 8 yaralı - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı dəqiqləşib.

Bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan Ölkə.az-a bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

***

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.

“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim"

Rusiya vətəndaşı, təyyarə qəzasından sağ çıxan, təyyarənin salonunda çəkdiyi çoxsaylı videoların müəllifi Subxonkul Rəhimov mətbuata açıqlama verib.

"Unikal" xəbər verir ki, təyyarə qəzasının dəhşətli anlarından sağ çıxan Rəhimov Qazaxıstan KİV-in suallarını cavablandırıb:

Salam, Subxonkul. Dəhşətli hadisələr yaşadınız. İndi özünüzü necə hiss edirsiniz? Hardasınız:

- Salam. İndi mən Moskvada, Sklifosovski xəstəxanasındayam. Özümü çox yaxşı hiss etmirəm, baş ağrısı keçmir, amma ümid edirəm ki, tezliklə keçəcək. Yoxsa, əlhəmdulla, müsəlmanların dediyi kimi, hər şey yerindədir.

Təyyarə qəzasından sonra hansı xəsarətlər aldınız?

- Bəxtim gətirdi, xəsarət almadım, ayağa qalxıb özüm təyyarəni tərk edə bildim.

Təyyarədə yeriniz hansı idi?

- Oturacaq 38C idi, amma mən qaydaları pozub başqa cərgəyə keçmişdim. Oranın mən daha rahat olacağını düşündüm. Hadisədən əvvəl ora köçmüşdüm.

Oturacaqları özünüz dəyişməyə qərar verdiniz? Niyə?

- Çünki yanıma düşən oksigen maskası lazımi miqdarda oksigeni vermirdi. Düşünürdüm ki, oksigen başqa yerdə daha yaxşı təmin olunacaq. Üstəlik, arxa oturacaqların çoxu boş idi.

Hadisələr necə cərəyan etdi? Necə sağ qaldın?

- Hər şey çox tez oldu. Kəskin səs-küydən sonra kabinədə azərbaycanca danışmağa başladılar, amma mən bunu başa düşə bilmirəm. Heyətdən bir qadın jestlərlə nəyisə başa saldı, necə davranacağımızı göstərdi və bizi arxayın etdi. Təyyarə qeyri-sabit oldu və mən onun havada parçalanacağını düşündüm. Bundan sonra nəsə olacağını gözləyirdim. Bir-iki dəqiqə bu hiss məni tərk etmədi, arxasınca nəyinsə gələcəyinə əmin idim. Amma xoşbəxtlikdən təyyarə uçuşunu davam etdirirdi, bir qədər aşağı enib daha sonra qalxdı. Başa düşdüm ki, heç olmayacaq. Təyyarənin yerə rahat enəcəyinə ümid edirdim.

Düşmədən əvvəl kabinədə nə baş verdi?

- Zərbələrdən sonra təyyarə yıxılmağa başladı, sonra dediyim kimi bir az düzəldi.Hündürlük əldə etməyə çalışdıq, lakin qeyri-sabit idi. Biz dənizin üzərindən uçanda təyyarənin idarəetməni itirdiyini bir daha hiss etdim.

Ekipaj hansı göstərişləri verdi?

- Uçuş bələdçisi durmadan məlumat verirdi. Bu, təcili eniş zamanı alınmalı olan mövqedir. Mən başa düşdüm ki, bizə sadəcə göstərişlərə əməl etmək və ən yaxşısına ümid etmək lazımdır. Hər kəsin sağ qala bilməyəcəyimizi başa düşdüyü vacib bir an idi. Düşməyə bir neçə saniyə qalmış heç kim ətrafa baxmırdı, sadəcə özümüzü qorumağa çalışırdıq.

Təyyarə qəzaya uğradıqdan sonra nə oldu?

- Mən anlayanda ki, biz artıq yerdəyik və insanlar yavaş-yavaş özünə gəlməyə başladılar. Bəzi yerlərdən iniltilər eşidilirdi. Kəmərdən qurtuldum və təyyarəni tərk etdim. İnsanlar müxtəlif ölkələrdən idilər. Kimisə huşunu itirib, kimisə sıxışıb qalmışdı. Və kimsə də ölmüşdü.

Təyyarənin qəzaya uğramasının səbəbini təxmin edə bilərsinizmi?

- İstintaqda iştirak edən məmurlar bunun səbəbini bizə deməlidir. Qazaxıstan tərəfinə gəlincə, yaxşı ki, onlar tez gəldilər. Mən oyandıqdan sonra, sözün əsl mənasında, beş dəqiqə sonra xilasedicilər gəldi. Çox operativ.

Qeyd edək ki, S. Rəhimov Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərində kəlmeyi-şəhadət deyərək diqqət çəkmişdi. Təyyarə qəzaya uğradıqdan dərhal sonra o yeni bir videogörüntü çəkərək sağ qaldığını açıqlamışdı.

Pilot niyə Bakını yox, Aktaunu seçib?

Çeçenistan və İnquşetiyaya PUA hücumu

Dekabrın 25-i saat 08:30 radələrində Rusiyanın Vladikavkaz şəhərində məhv edilmiş PUA-ların qalıqlarının “Alaniya Mall” Ticarət Mərkəzinin üzərinə düşməsi ilə bağlı məlumatlar yayılmışdı.

Həmin gün saat 09:10 radələrində İnquşetiyanın Malqobek şəhəri ərazisində PUA-nın qəzaya uğradığı məlum olub. Həmçinin dekabrın 25-i səhər saatlarında Çeçenistan ərazisinin bir neçə PUA tərəfindən hücuma məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Rusiya hakimiyyətinə müxalif “NIYSO” çeçen teleqram kanalı PUA hücumu barədə saat 09:24-də ilkin olaraq məlumat verib.

Dünən Çeçenistanın Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırov da saat 12:00 radələrində öz instaqram səhifəsində PUA-lardan birinin vurulması ilə bağlı video paylaşıb. Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo saat 13:54-də Rusiya Müdafiə Nazirliyinə istinadən Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə daxil olan bir neçə bölgənin PUA-ların hücumuna məruz qaldığını bildirib.

Bu hadisələrə dair xəbərlərə paralel olaraq "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı marşrutu üzrə uçan "J2-8243" nömrəli "Embraer 190" markalı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat və görüntülərin yayılmasına başlanıb.

Saat 08:26 Təyyarə Mahaçqala hava limanı yaxınlığında radardan itir

"FlightRadar24"ün məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 08:00-da ştat rejimində havaya qalxıb. Uçuş zamanı saat 08:26-da Mahaçqala hava limanı yaxınlığında təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatı dayanıb. Bu da təyyarənin Rusiya hava məkanında olduğu müddətdə radio-elektron mübarizə vasitələrinin aktiv təsirinə məruz qaldığını ehtimal etməyə əsas verir. Saat 09:06-da transponderin "FlightRadar24" sistemindəki qeydiyyatı Xəzər dənizi üzərində yenidən aktivləşib.

Beləliklə, qəzaya uğramış təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatının dayanması vaxtı Şimali Qafqaz istiqamətində PUA hücumunun həyata keçirilməsi vaxtı ilə üst-üstə düşür.

Qəzadan sonra "Alioglu" "Telegram" kanalında yayılmış videoda həmin reysin sərnişini Zaur Məmmədov uçuş zamanı 2 partlayış səsi eşitdiyini bildirib. Buradan ehtimal etmək olar ki, uçuş zamanı təyyarədə ştatdan kənar vəziyyət yaranıb və hava gəmisi kənar təsirdən zədələnib.

Transponder kənardan müdaxilə nəticəsində söndürülüb?

Qeyd edək ki, təyyarələrdə bütün həyati əhəmiyyətli idarəetmə sistemləri dublikasiya olunur. Ehtimal budur ki, Mahaçqala hava limanı yaxınlığında transponder kənardan müdaxilə nəticəsində söndürülüb, 40 dəqiqə sonra isə ekipajın səyləri nəticəsində təyyarə ehtiyat idarəetmə sisteminə keçib, bununla da transponder yenidən aktivləşib.

Pilot niyə Bakını yox, Aktaunu seçib?

Sual doğuran məsələlərdən biri təyyarənin niyə Mahaçqaladan Bakıya deyil, Aktauya uçmasıdır.

Bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır.

Əsas səbəb isə güman ki, təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir. Mahaçqala və Bakı arasında hava məsafəsi 350 km, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 km təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu. Təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır. Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 km Rusiyanın hava məkanında qalmalı idi.

Ekspertlərin fikrincə, video və foto təsvirlərdə təyyarənin quyruq hissəsində görünən zədələr Hava Hücumundan Müdafiə raketlərinin partlayışı nəticəsində yarana biləcək qəlpələrin törətdiyi zədələrə oxşardır. Təyyarənin "FlightRadar24" sistemində müşahidə olunan aşağı sürəti, Aktau hava limanına yaxın ərazidəki qeyri-sabit uçuş trayektoriyası onun quyruq hissəsində yaranmış nasazlıqla əlaqədar ola bilər.

"Quş qatarı ilə toqquşma" ehtimalı

İlkin məlumatda ekipajın təyyarədə yaranan problemi "quş qatarı ilə toqquşma" ehtimalı ilə izah etməsini mövcud situasiyanın yanlış anlaşılması və dəyərləndirilməsi kimi şərh etmək mümkündür. Belə ki, təyyarə ilə bağlı yayılmış, onun qəzaya uğradıqdan sonrakı, eləcə də uçuş vəziyyətində olarkən foto və videogörüntülərində quş qatarı ilə toqquşmaya dəlalət edən izlər və əlamətlər - qan ləkəsi, tük qalığı və s. müşahidə edilməyib. Həmçinin, təyyarənin çöl hissəsində müşahidə edilən dəliklərin quş qatarı ilə toqquşma səbəbindən yarana biləcəyi ehtimal olunmur. Bu dəliklər daha çox bərk, iti, hərarəti yüksək olan maddənin və ya materialın təsirindən yarana bilər. Bununla yanaşı, təyyarənin salon hissəsi ilə bağlı yayılmış video görüntülərdə dəliklərin bir sıra hallarda təyyarənin içərisinə nüfuz etdiyi görünür ki, bu da “quş qatarı ilə toqquşma” ehtimalını istisna etməyə əsas verir.

Çeçenistan PUA hücumu barədə məlumat yaymayıb

Diqqət çəkən məqamlardan biri də rusların ənənələrinin əksinə olaraq, Çeçenistan ərazisinin dekabrın 25-də PUA hücumuna məruz qalması ilə bağlı rəsmi press-reliz yaymamasıdır.

Şimalı Qafqaz üzrə fəaliyyət göstərən, Rusiya iqtidarına müxalif bəzi "Telegram" kanallarının qənaətinə görə, dekabrın 25-də Çeçenistanın dövlət qurumları tərəfindən PUA hücumları barədə rəsmi press-relizlərin yayılmaması çeçen rəsmilərinin təyyarənin məhz PUA hücumlarına qarşı hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədələnməsini bildiklərinə görədir.

Ruslar yazır: Təyyarə "Pantsir-S1" raketi ilə vurulub

AZAL-a məxsus təyyarənin qəzaya uğramasını və təyyarənin göyərtəsində olan izləri şərh edən Rusiya və Ukraynanın "Рыбарь", "Мир сегодня с Юрий Подоляка", "ВЧК-ОПГУ" kimi "Telegram" kanalları və aviasiya analitikləri, eləcə də hərbi ekspertlər Oliver Aleksandr, Julian Röpke, Serik Muxtıbayev, Riçard Aboulafia, Yan Matveyev və Ruslan Leviyev bu izlərin hava hücumundan müdafiə raketlərinin partlayışı nəticəsində yarandığını ehtimal ediblər.

Jurnalist Aleksandr Nevzorovun idarə etdiyi "Nevzorov" "Telegram" kanalında qeyd olunub: "Təyyarənin gövdəsinə dəyən zərərin bir hissəsi silindrik formadadır ki, bu da "Pantsir-S1" raketinin vurucu elementlərinin formasına uyğundur...

...Mülki təyyarənin vurulduğunu başa düşən Qroznı onun Mahaçqalaya enməsinə icazə vermədi və Aktauya istiqamətləndirdi - yəni insanları dənizdə "həlak" olmağa göndərdi..."

Rusiyanın dövlət orqanları tərəfindən "xarici agent" kimi tanınan "BЧК ОГПУ" "Telegram" kanalı isə Qroznı hava limanının dispetçer qülləsi ilə təyyarənin ekipajı arasında danışıqların mətnini şərh edərkən yazıb: "Təyyarə PUA-ların hücumuna qarşı qoşulmuş radio-elektron maneələrin qurbanı olub. Təyyarə enməyə başlayan kimi onun GPS-i sönürdü və dispetçer "radar contact"ı itirirdi. Pilot belə şəraitdə təyyarəni endirə bilməyib və Bakıya uçmaq qərarına gəlib. Təyyarə bunu etmək üçün dönməyə başlayanda onun yaxınlığında partlayış baş verib. Hər şey təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu göstərir...”

Təyyarə harda vurulub?

Təhlillər və məlumatlar göstərir ki, təyyarəyə zərbə Qroznı hava limanından 18 kilometr şimal-şimal-qərbdə Naurski rayonunda 2,4 kilometr yüksəklikdə baş verib. Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, həmin ərazidə bir neçə hərbi hissə, o cümlədən hava hücumundan müdafiə sistemləri yerləşir.

APA

Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb

Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

Ölkə.az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ barədə Baku.ws Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanlayıb. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə "Flightradar24" paylaşıb.

Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verildi

Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona aparılaraq bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filiyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlu var..

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.

Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”

Musavat TV-nin əməkdaşları qəhrəman stüardessa Hökümə Əliyevanın Gəncədəki ata ocağında olublar. Şəhidin yaxınları onun itkisini göz yaşları ilə qeyd edir və unudulmaz xatirələrini bölüşürlər.

Ölkə.az xəbər verir ki, Hökümə Əliyevanın anası Musavat TV əməkdaşlarına verdiyi açıqlamada, qızının son ana qədər sərnişinlərin təhlükəsizliyi üçün hər şeyi etdiyini bildirib:

“Hökümə uşaqlıqdan mərd, cəsur idi. O, heç vaxt özünü düşünməzdi, hamını qorumağı seçərdi. Təyyarədə hamını sakitləşdirib, qoruyub, amma bizi gözü yaşlı qoyub getdi. Balam hamını qorudu, bizə dağ çəkib getdi…”

Hökümə Əliyevanın ailəsi və yaxınları onun qəhrəmanlığını vurğulamaqla yanaşı, onun həyatının necə nümunəvi olduğunu da qeyd ediblər. Onun yaxınları Musavat TV-nin əməkdaşlarına verdikləri müsahibələrdə Hökümənin əsl fədakarlıq simvolu olduğunu deyiblər.

Hökümənin yaxın qohumu isə onun haqqında belə deyib:
“Hökümə elə bir övlad idi ki, hər kəsin ürəyində özünə yer tapmışdı. Bu gün onun qəhrəmanlığı bütün Azərbaycan üçün örnəkdir.”

Əliyevanın ata ocağında təşkil olunan yas mərasimindən eksklüziv görüntüləri təqdim edirik. Videoröportajda onun ailəsi və yaxınlarının ürəkdağlayan sözlərini, eləcə də Hökümənin göstərdiyi qəhrəmanlığa dair xatirələri izləmək mümkündür.

Hava limanından canlı bağlantı:Yaralılar Bakıdadır - CANLI.
Sonuncu uçuşları idi, hüquqşünas kimi işə başlayacaqdı – Hökumə haqda bilmədiklərimiz (FOTOLAR)

Dünən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara görə 39 nəfər həyatını itirib.

Həyatını itirən şəxslər içərisində "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyeva da var.

 Modern.az Hökümə Əliyevanın atası Cəlil Alıyev ilə əlaqə saxlayıb.

Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.

"1993-cü ildə kəndimizin işğalı səbəbi ilə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük. Hökumə təhsilini burada davam etdirdi, Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi”, - atası bildirib.

Ailəyə rəsmi qurumlardan bildirilib ki, Hökümə Əliyevanın nəşi ən qısa zamanda ailənin yaşadığı Gəncə şəhərinə aparılacaq.

 

 

 

 
Qəzada həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Bakı Aeroportunda stend yaradılıb

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda xatirə stendi yaradılıb.

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) məlumat yayıb.

Vətəndaşlar yaradılmış xatirə Stendin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad edirlər.

"Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açıb. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir. Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər. Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti