Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.

Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir.

Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.

Baş Prokurorluqdan  verilən məlumata görə, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsun Ovanisyan ölkənin çətin vəziyyətdə olduğunu bildirib.

Bu barədə o, mətbuat konfransında məlumat verib. O, ordunun könüllülərə ehtiyacı olduğunu da qeyd edib:

 “Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac var. Hazırda əsas ağırlıq “nizamlı” ordunun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar.

Qeyd edək ki, Paşinyan dövlət strukturlarından könüllü dəstələrin yaradılmasını xahiş edib.

“Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.

Azerbaijan's gorgeous touristic center Gabala which is far away from theatre of military operations become target of Armenia's missile strike. Missiles launched from Gafan and Jermuk regions of Armenia. Most likely Saddam Hussein used Scuds. Insanity of Armenia has no limits. pic.twitter.com/TWLXjzMAjR

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2020
Ermənistan silahlı qüvvələri böyük itkilərini hər gün hissə-hissə açıqlayır.

Artıq düşmənin rəsmi açıqladığı rəqəmlərlə 834 əsgərin öldüyü bildirilir. 

Erməni əsgərlərini kütləvi şəkildə dəfn edən ermənilər itkilərin miqyasından dəhşətə gəlir.
Qəbiristanlıqlarda artıq yer tapmaq müşkülə çevrilib. Fotolardan da göründüyü kimi erməni əsgərlərinin qəbirləri sıra ilə düzülüb. 

Ölkədə tabut və gül qıtlığı yarandığı üçün xarici ölkələrdən bu istiqamətdə sifarişlər artıb.   
 

Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bununla bağlı özünün “Twitter” hesabında video yayımlayıb. O, bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsinə necə məhəl qoymadığını sübut etdiyini bildirib.

 

BREAKING: An #Azerbaijani #mosque turned by #Armenia into a pigpen. Discovered in the recently liberated #Zangilan district of #Azerbaijan, showing Armenia’s total disregard for Azerbaijani #heritage in occupied lands. 30 yrs of desecration destruction! pic.twitter.com/P7ZAYvE0Xq

— Nasimi Aghayev ?? (@NasimiAghayev) October 21, 2020

“Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir. 30 il təhqir və məhv!”, - deyə o, videoya şərhində yazıb.

Qeyd edək ki, Azərbaycanda erməni kilsələri bu günə qədər qorunur. Hətta ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəfləyən raket hücumları zamanı bir erməni kilsəsinə zərər dəymişdi.

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə baş verən döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Onların təxliyyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla, çoxlu sayda itki verib.

Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub:

"Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub".

Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir. (report)

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər lenti