![]() |
|
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.
“Qafqazinfo” məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.
Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.
Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib.
Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.
Nədir anlaqsızlıq?
Anlaqsızlıq psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmamaqdır. Qanun anlaqsız vəziyyətdə cinayət törədən şəxslərin cəzalandırılmasına icazə vermir. Amma həmin şəxs birbaşa sərbəst buraxılmır, məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb edilir.
Xatırladaq ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yadda qalıb. Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.
Keçirilmiş ekpert rəyləri ilə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi təsdiq olunub. Əks halda cəzası ömürlük həbs idi.
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində baş verən qəza zamanı "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, məzuniyyətdə olan polis zabiti Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Bakupost.az xəbər verir ki, C.İsmayılzadə Nərimanov Rayon Polis İdarəsi rəisini müavini, polis moyoru idi.
O, Abşeron və Binəqədi royun polis idarələrinin keçmiş rəisi Namiq İsmayılovun oğludur. C.İsmayılzadə rəis müavini vəzifəsinə bu ilin aprelində təyin olinmuşdu.
Bu vəzifəyə qədər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin rəisi olub.
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.
Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.
Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.
V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.
Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
Rusiyada hədə qorxu yolu ilə 3 milyard rubl (52 milyon manat) tələb edən 5 vəkilə hökm oxunub.
Bu barədə Moskvada Pokrovski Rayon Məhkəməsi hökm çıxarıb.
Hökmə əsasən, Vladislav Brajnikov, Aleksandr Voynaloviç, Aleksandr Qlazyrin, Genrix Xaçaturov və Gennadi Rodionov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi (“Xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə”) və Cinayət Məcəlləsinin 309-cu maddəsinin 4-cü hissəsi ("Xüsusən külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə") ilə təqsirli biliniblər.
Vladislav Brajnikov 13 il, Aleksandr Voynaloviç 11 il, Aleksandr Qlazyrin 10il 5 ay, Genrix Xaçaturov 8 il 5 ay və Gennadi Rodionov isə 8 il 5 ay azadlıqdan məhrum edilib.
Məhkəmə 2019-cu ildə təqsirləndirilən şəxslərin Krasnoyarsk diyarında və Rostov vilayətində kənd təsərrüfatı müəssisələrindən əmlakın qəsb edilməsi ilə məşğul olmaq üçün mütəşəkkil qrup yaratdıqları sübuta yetirilib.(Teleqraf.com)
Oktyabrın 2-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qəribə hadisə baş verib.
“ Bakı ŞBPİ-nin Metropolitendə Polis İdarəsinə müraciət edən ədliyyə mayoru S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.
Şikayətçi qeyd edib ki, bizi batıran gəncin yanındakı şəxs işlədiyi cəzaçəkmə müəssisəsində əvvəllər cəza çəkib. Xanım zabit axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini və keçmiş məhkumun işarəsi ilə gənc oğlanın bu addımı atdığını bildirib.
Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər “Dərnəgül” metrostansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakini olan dayı-bacıoğlu olması məlum olub. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.
Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib: “Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər sonra adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Bir qədər sonra isə gənc oğlanın yanında olan şəxsi xatırladım. Həmin şəxs mənim çalışdığım cəzaçəkmə müəssisəsində olub və bir dəfə onun əxlaqsız hərəkətlərini müşahidə etmişdim”.
Məhkəmədə çıxış edən Metropolitendə Polis İdarəsinin əməkdaşı da hadisənin qəsdən törədilməsini bildirib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.
“Baku Steel Company”nin 13 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədovun kassasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.
Məhkəmə R.Məmmədovla bağlı əvvəlki qərarda qanun pozuntuları aşkar etməyib. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Bir ay əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.
Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub.
Hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb.
Üç uşaq anası Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülərək xəstəxanalıq olub.
Nəticədə isə ananın bətnindəki 4 aylıq uşaq tələf olub.
Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.
Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Ətraflı Real TV-nin süjetində:
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub.
Digər iki terrordan fərqli olaraq bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə gedir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb.
Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir.
İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.
“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?”, - Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.
Fotoda: Mehriban Abasquliyeva
Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir.
“Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyib. Halbuki onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb edilib, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır”, - nümayəndə deyib.
Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə iştirak edib.
Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.
Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib: “Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir”.
Bundan sonra Çingiz Bəşirovla prokuror arasında sözlü mübahisə yaşanıb.
Müzakirə edilən digər məsələ hadisə vaxtı xəstəxanada yüngül xəsarət alan 4 işçinin zərərçəkmiş qismində tanınması ilə bağlı olub.
Abasquliyevanın vəkili həmin şəxslərin zərərçəkmiş qismində iştirakına xitam verilməsini istəyir. Müdafiə tərəfi hesab edir ki, həmin şəxslər hadisədə cüzi xəsarət alıblar, amma irəli sürülən ittihamlarda kiminsə yüngül xəsarət almasından söhbət getmir.
Qaldırılan vəsatətlər məhkəmə zalında əyləşən zərərçəkmişləri qıcıqlandırıb. Onlar öz istəkləri ilə zərərçəkmiş kimi tanınmadıqlarını, heç olmaq da istəmədiklərini deyiblər.
İlk iclasda müzakirə edilən sonuncu məsələ isə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri olub. Cinayət işi başlandıqdan sonra müttəhimlərin hər biri haqda ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İclasda məlum olub ki, bir neçə ay sonra həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib.
Mehriban Abasquliyevanın vəkili məhkəmədən qüvvədə olan həmin tədbirinin “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.
Bütün vəsatətlər elan edildikdən sonra Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə heyəti qərarını elan edib. Qərara əsasən, işin prokurora qaytarılması və əlavə şəxslərin təqsirləndirilən şəxs kimi cəlb edilməsi ilə bağlı vəsatətlər baxılmamış saxlanılıb. Qərarda deyilir ki, bu məsələlərə məhkəmə istintaqı dövründə qiymət veriləcək. Qətimkan tədbirinin əvəz edilməsi ilə bağlı vəsatət isə təmin edilməyib.
İlk baxış iclası oktyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.
Sail Ağasəlim