Balıq tutarkən boğulan şəxs DSX-nin giziri imiş

Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo" məlumatına görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

O, şənbə günü, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim imiş - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Qaynarinfo xəbər verir ki, Şamo Mehdiyev tanınmış stamatoloq olub.

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

 

 

 

 
Azərbaycanda tanınmış idmançı paraşütlə yerə çırpılıb öldü

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi

Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

 "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.

Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.

Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəlib ki, əvvəl təyin edimiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay  5 gün azaldılıb.

Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.

Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - VİDEO

Bakıda pirojki satılan yerdə siçovul görüntülənib. Sosial şəbəkədə yayılan iyrənc mənzərədə siçovulun satışa qoyulan pirojkini yeməsi əks olunub.

Real TV xəbər verir ki, görüntülər metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində lentə alınıb.

Dönərxanada çalışmadığını iddia edən xanım isə “bütün mətbəxlərdə siçan olur” deyib. Obyektdə işləyənlər bununla da kifayətlənməyərək işini icra edən agentliyin müfəttişlərini də hadisə yerindən qovmaqdan çəkinməyiblər.

Bundan başqa məkanda antisanitar vəziyyətin hökm sürdüyü də aşkar edilib.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

Daha ətraflı süjeti təqdim edirik:

Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əhaliyə XƏBƏRDARLIQ! - Axşam saat 22:00-dan başlayır...

Bu gün Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək.

Baku.ws xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında bildirib.

Qeyd olunub ki, maqnit qasırğa oktyabrın 5-i axşam başa çatacaq.

Sinoptik bildirib ki, qasırğanın yerə təsiri Bakı vaxtı ilə saat 22:00-dan sonra başlayacaq, lakin bu zaman maqnit qasırğasının gücü zəif (G1) olacaq. Daha sonra, onun intensivliyi artacaq və cümə günü səhər saat 7-dən sonra maqnit qasırğası güclənərək (G3) sinifinə çatacaq.

Xatırladaq ki, maqnit qasırğalarının insanlara təsiri müxtəlif ola bilər. Bəzi insanlar bu cür hadisələr zamanı xroniki xəstəliklərin pisləşməsi ilə üzləşirlər və baş ağrıları, yorğunluq, əsəbilik və konsentrasiyanın azalması ilə qarşılaşa bilərlər.

Eyni zamanda, maqnit qasırğaları təbii bir hadisədir və hər bir orqanizm onlara özünəməxsus şəkildə reaksiya verir. Daimi məşq, yaxşı yuxu və balanslaşdırılmış pəhriz sağlamlığınıza təsirini minimuma endirməyə kömək edə bilər.

saxta-100-manatliqla-benzin-almaq-istedi

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

DİN-in Mətbuat xidməti xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

İranın İsrailə atdığı raketlər Naxçıvandan belə göründü - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə İran İsrailə raket zərbələri endirib.

Hücumlardan sonra İsrail tərəfi bildirib ki, İranın hücumuna cavab olacaq.

İranın İsrailə atdığı raketlərin görüntüləri Naxçıvandan da görünüb.

Həmin görüntüləri təqdim edirik:

 
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu

14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlunun başına iş gəlib.  "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Babəli Babazadənin dostu üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur. 

Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl B.Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. 

Aruz Əliyev özü isə həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi "Uniklinika”nın baş həkimi olub. 

476105
Aruz Əliyev

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.

Elə əsas hadisələr də bundan sonra başlayıb...

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin Binəqədi rayonunda yerləşən yarımtikilisini və Nərimanov rayonundakı əmlakını ümumilikdə 2 milyon manata satıblar. Bundan sonra həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib. 

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb. 

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə isə Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib. 

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib. 

Yaxın vaxtlarda bu iş üzrə məhkəmə istintaqı başlayacaq. Həm zərərçəkmiş, həm təqsirləndirilən şəxslər işin halları barədə ətraflı məlumat verəcəklər. Məhkəmə proseslərini diqqətdə saxlayacağıq.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

 

Xəbər lenti