Bakıda uşaq oğrusu PEYDA OLUB?
Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

Report xəbər verir ki, bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.

Abşeronda dəhşət: Avtomobil iki şagirdi vurdu
Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

Minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.

Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.

Nərminin qatili ilə bağlı məhkəmə qərarı verildi
Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində yeni ittiham irəli sürülüb.

"Ölkə.Az"ın xəbərinə görə, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.

Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB?
10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı redaksiyamıza məlumat daxil olub.

"Ölkə.Az"ın əməkdaşı daxil olan xəbərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O bildirib ki, qardaşının apellyasiya şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində iclas keçirilib. Onun azadlığa buraxılmasıyla bağlı vəsatət isə təmin edilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

"Okean Avtosalon"a məxsus avtomobil qəza yerindən yayındı - VİDEO
Sürücü özünü müdafiə edərək günahının olmadığını bildirib

Bakıda qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Məhəmməd Hadi küçəsində hərəkətdə olan 99-UA-280 qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü digər avtomobilin güzgüsünü vuraraq hadisə yerindən yayınıb. Qeyd etdiyimiz avtomobil "Okean Avtosalon"a məxsusdur. Həmin avtomobilin sürücüsü yolun hərəkət hissəsində düzgün yerləşməyərək onun sağında dayanmış avtomobilin zolağına keçib. Nəticədə sağ zolaqdakı avtomobilin güzgüsünü vuraraq hadisə yerindən yayınıb. Görüntünü qeydə alan sürücü onun arxasıyca gedərək öz iradını bildirib. Lakin qaydanı pozan sürücü özünü müdafiə edərək günahının olmadığını bildirib. 

 

 
Bakıda "ruçnoy" çəkən iki avtoxuliqan - FOTO - VİDEO
Avtoşounu videoya çəkərək instaqramda paylaşıblar

Bakıda avtoşluq edən iki sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Lermontov küçəsində hərəkət edən 99 PE 268 və 99 PE 146 qeydiyyat nişanlı avtomobilin sürücüləri yolun eniş olan hissəsində əl əyləcindən istifadə edib avtomobilləri əks istiqamətə çevirərək avtoşou göstəriblər. Həmin vaxt yolda nəqliyyat vasitələrinin hərəkəti və yolun kənarında insanların olması müşahidə olunub. Onlar göstərdiyi avtoşounu videoya çəkərək instaqram səhifələrində paylaşıblar.

Foto və videogörüntüləri sizə təqdim edirik.

 

 

Azərbaycanda yol polisinin rüşvət alması ilə bağlı növbəti vidoegörüntü yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, Şirvanda yol polisi sürücünü saxlayır və pul istəyir. O isə deyir ki, şirkətin sahibi rəisə “hörmət” edəcək.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Aza açıqlama verib.

O bildirib ki, yayılan videogörüntü araşdırılıb:

“Araşdırma zamanı məlum olub ki, həmin əməkdaş 2018-ci il mayın 14-də işində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin il o vəfat edib”.

Mingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb. 

Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına müraciət edib.

İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.   /Qafqazinfo/

Bakıda 2 maşın toqquşdu
Bakıda qəza tıxaca səbəb oldu.

Hadisə Moskva prospektində qeydə alınıb.

Şəhər istiqamətində olan iki minik avtomobili yeraltı tuneldə toqquşublar. Hadisə səbəbindən adıçəkilən prospektdə tıxac yaranıb.

Qəzanın səbəbi kimi arxadan gələn avtomobilin ara məsafəsini saxlamaması olub.

Ağstafada zibillikdən tapılan bağlamanın içindən qumbara, tüfəng və güllələr çıxdı
Ağstafada şübhəli bağlamanın içindən qumbara çıxıb.

"Ölkə.Az" ANAMA-ya istinadən xəbər verir ki, 2020-ci il 22 Yanvar tarixində saat 11:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində iki ədəd şübhəli bağlamanın tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib.  

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.  

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində altı ədəd F-1 əl qumbarası (iki ədədi boş), 3 240 ədəd 5.45 mm-lik təlim məqsədli patronlar və bir ədəd tir tüfəngi (TOZ-8) aşkar olunub, tüfəng Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib, hərbi təyinatlı əşyalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Hərbi təyinatlı əşyaların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

Xəbər lenti