|
Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Voronejdə “Birlik” Azərbaycan Cəmiyyətinin sədri Mehdi Mehdiyev Report-a bildirib ki, “Rusiyada diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib” məzmunlu Azərbaycanın bəzi xəbər saytlarında yayılan xəbər təhrif edilmiş və qərəzlidir.
“Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Hadisə dekabrın 24-ü saat 11:00 radələrində Varonejdən 300 km aralı Rostov istiqamətində baş verib. Fövqəladə Hallar Nazirliyi Varonej vilayəti bölməsi xəbər verən kimi biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda komitə mütəmadi olaraq da proseslə maraqlanıb. 2 azərbaycanlı ölmüşdü, yaralılar da var idi. Yaralıları yaxınlıqdakı Boquçar şəhər xəstəxanasına yerləşdirildi. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq. Təşkilatınmızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Ölənlərin cəsədlərini 150 km aralıda başqa şəhər məhkəmə tibbi ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Nəqliyyat və digər xərcləri ödədik. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Varonejə gətirsinlər. Hazırda, Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Axırıncı xəstəni dünən xəstəxanadan çıxardıq, yazın zamana Azərbaycana yola salacağıq”. Diaspor rəhbəri deyir ki, Azərbaycanın bəzi xəbər saytlarının diasporun gördüyü işləri görməzdən gəlməsi orada yaşayan azərbaycanlılarda təəssüf hissi yaradır: “Cəmiyyət olaraq həmin saytlarla əlaqə də saxladıq, vəziyyəti izah etdik. Buna baxmayaraq, təhrif olunmuş köhnə xəbərlər hələ də onlarda saytdadır. Xaricdəki soydaşlarımızın zəhmətinə qarşı belə dəqiqləşdirilməmiş məlumatların yayılması diaspor fəaliyyətimizə məqsədli şəkildə qara yaxma kimi qəbul edirik” - deyə, M. Mehdiyev bildirib.
Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.
O.Məmmədov əlavə edib ki, külək bir cinar ağacını kökündən çıxarıb, daha 15 cinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.
Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.
Bakı şəhərinndə mənzildə yanğın olub.
FHN-dən Axar.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 68 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin, hamam otağının lambirdən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanın Ağdam rayonunun düşmən tərəfindən işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib.
Azərtac xəbər verir ki, yeməklərin keyfiyyətsiz olması nəticəsində zəhərlənən 54 hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Hərbi polis tərəfindən hadisə ilə bağlı yoxlama aparılarkən məlum olub ki, ərzaq anbarından verilən bir neçə məhsulun istifadə müddəti çoxdan başa çatıb.
Hərbi hissə komandanlığı hadisəni ört-basdır etməyə çalışsa da, əsgərlərin valideynlərinin şikayəti əsasında faktla bağlı araşdırma aparılır. Köhnəlmiş ərzağın yeməkxanaya verilməsində təqsirkar şəxslərin müəyyənləşdirilərək cəzalandırılması məqsədilə cinayət işi açılıb.
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.
Report-un məlumatına görə, Xarkovdakı universitetlərdən birində təhsil alan, ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.
Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonudan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.
Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra azərbaycanlı güllələnib, 20-dən çox isə azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanın “Reрort” İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur.
Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.
Bakıda əvvəllər məhkumluğu olan kişi polis əməkdaşına hücum edərək ona bədən xəsarətləri yetirib.
Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.
Lakin davada iştirak edənlərdən biri ülgüclə Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Xoşbəxtlikdən polisin yarası dərin olmayıb.
Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub.
Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.
Faktla bağlı istintaq davam edir.
Bayram günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərdə adi günlərlə müqayisədə 200-300 artım müşahidə olunub. Müraciətlərin atması həm də həmin günlərdə poliklinika və digər tibb müəssisələrinin işləməməsi ilə əlaqədar olub.
Bu barədə Azərtac-a stansiyanın baş həkiminin müavini İradə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, həmin günlərdə qida zəhərlənməsi və pirotexniki vasitələrdən xəsarətalma faktı qeydə alınmayıb. Müraciətlər daha çox xroniki xəstələr, uşaqlar və yaşlılarla əlaqədar olub.
Bayram günlərində 21 xarici vətəndaşa da ilkin tibbi yardım göstərilib və həmin müraciətlərdə kəskin respirator xəstəliklər, hərarət və arterial təzyiqlə bağlı şikayətlər çoxluq təşkil edib.
Bakıda dəm qazından zəhərlənmə baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 3-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Allahverdiyeva Mirvari Fəaliyyət qızı hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.
Trend-in məlumatına görə, binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub. FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.
Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.
Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.
İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.