|
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycanın iki vətəndaşı saxlanılıb və yoxlama aparılıb.
Komitədən Axar.az-a verilən məlumata görə. şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsaqlarında 1 ədəd bükümdə, ümumi çəkisi 90,481 qram olan narkotik vasitə-heroin, 3 ədəd bükümlərdə isə ümumi çəkisi 96,487 qram təşkil edən metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik satan şəxs cinayət başında yaxalanıb.
DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram, 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.
Araşdırma aparılır.
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib.
Onlardan 2 ov tüfəngi götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.
Bakı metrosunda ölüm hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəni təsdiqləyib:
"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".
Türk ordusunun Suriyanın şimalına kürd qruplaşmalarıyla mübarizə üçün yeridilməsinin planlaşdırılmasını Moskva müvəqqəti addım sayır.
Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın BMT-nin Cenevrədəki bölməsində Rusiyanın Daimi Nümayəndəliyinin rəhbəri Gennadi Qatilov deyib. Onun sözlərinə görə, Türkiyə bu addımı ilk növbədə terror təhdidiylə əlaqədar atır:
“Kürd məsələsi Suriyanın siyasi mozaikasında çox həssas mövzudur. Türkiyənin Suriyanın şimalında fəaliyyəti müvəqqəti vəziyyətdir və ilk növbədə Ankaranın özünə qarşı terror təhdidi ilə bağlıdır. Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini deyir, ona görə də Moskva bu mövqeyə etibar etməmək üçün heç bir səbəb görmür”.
Gürcüstanın Rustavi şəhərində azərbaycanlılara məxsus qəbiristanlıq ərazisində atışma olub.
Report-un verdiyi xəbərə görə, atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb. Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıblar.
Gənclərin qohumları bildiriblər ki, atışmaya naməlum şəxslərin qəbiristanlıqda narkotik vasitələr satması səbəb olub.
Azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbiristanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub.
Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, qurumun İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının 13-19 dekabr tarixlərində keçirdikləri reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonları ərazisində 6 ticarət obyektindən ümumilikdə 21 390 ədəd, müxtəlif markalı və təyinatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülüb.
“Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir.
Ticarət mərkəzlərində belə malların satışı aşkar olunarkən vasitələr satışdan çıxarılır, satan vətəndaş barəsində İXM-in 442 maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib.
Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavsitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.
Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrinin satışının qarşısının alınması istiqamətində, izahat, maarifləndirmə tədbirləri davam etdirilir.
Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.
Report-un məlumatına görə, rayonun Gəraybəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.
Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Gəncə şəhərində baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Report-un məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Belə ki, yaşayış evinin yaxınlığında olam yarımçıq tikilidə baş vermiş yanğın zamanı, 1952-ci il təvəllüdlü Yüsif Əvəz oğlu Həsəntur yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.