|
Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.
Bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirlinin şikayəti əsasında bir qrup qadınla dələduzluq edən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Axar.az-a N.Nəsirlinin vəkili Fərid Həsənov məlumat verib.
Cinayət işinə 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsində baxılıb və G.Əliyeva barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarından narazı qalan G.Əliyeva işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsə də, 13 dekabr 2018-ci il tarixdə işə baxılıb və şikayət təmin edilməyib.
Xatırladaq ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. G.Əliyeva yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib. Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınıb, ümumiyyətlə, VÖEN-i olmayıb.
Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib. Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.
Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da, qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, 08 dekabr tarixində 18-ci Polis Bölmənin əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.
Məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. Tələb qüvvədə qalıb.
İstintaq davam edir.
Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb.
Report-un əldə etdiyi məlumata görə, hadisə metronun “Koroğlu” stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.
Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kvadratmetr olan birmərtəbəli üçotaqlı tikilidə (tikiş sexi) yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, hadisə nəticəsində tikilinin otağı 37 kvadratmetr sahədə yanıb, 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən VAZ-21074 markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Rusiyanın Novoqorsk şəhərində azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.
BakuPost xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.
Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.
Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.
Azərbaycanda qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.
X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib. Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.
Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.
Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub. Təcili Tibbi Yardımdan "Report"a verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı gösətərilir.
Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb.
DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.