|
Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından akkumlyatorlar oğurlayan şəxslər saxlanılıb.
Paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyator naməlum şəraitdə oğurlanıb.
Oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Report-un verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.
Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.
Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.
Qazax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elşad Qocayev həbs edilib.
Ondan 405 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Şəmkir rayonunda silahlı olan narkotik alverçisi saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupun baş inspektoru Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.
Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə 2 ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428.423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.
Həmçinin M. Heydərovun evindən 1 ədəd tir tüfəngi, 1 ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər də maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
İmişli rayonunda qadın evində yıxılaraq ölüb.
İmişli rayon sakini, 1942-ci il təvəllüdlü Cabbarova Leyla Sərkər qızı yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. Yaxınları xəstəni İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
L.Cabbarova xəstəxanada dünyasını dəyişib.
Ailə üzvlərinin dediyinə görə, L. Cabbarova uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib və yataq xəstəsi olub.
Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.
Ötən bazar günü – oktyabrın 7-də İstanbulda Fatehin rayonunun mikrorayonlarından birində, Aksarayda Qafqazdan və Mərkəzi Asiya ölkələrindən olan kriminal avtoritetlərin yığıncağı keçirilib.
Publika.az xəbər verir ki, bu haqda haqda Özbəkistandan olan iki mənbə “Azadlıq” radiosunun yerli xidmətinə bildirib.
Yığıncağa Lotu Quli adı ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov sədrlik edirdi.
“Hazırda Türkiyədə yaşayan Lotu Quli Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan qanuni oğruların böyük yığıncağını keçirdi. Yığıncağa Lotu Quli ilə birlikdə on kriminal avtoritet və onların təxminən qırx mühafizəçisi gəlmişdi. Yığıncaqda Mərkəzi Asiyadan olan qanuni oğruların “Səmərqənd Axtamı” ləqəbli lideri iştirak edirdi. Bundan başqa, yığıncaqda Özbəkistanın kriminal dünyasının təxminən 100 nümayəndəsi iştirak edir. Onlar hazırda İstanbulda yaşayırlar. Qazaxıstandan 30, Qırğızıstan və Tacikistandan isə 50 qanuni oğru İstanbula gəlmişdi”, - yığıncaqda iştirak etmiş özbək kriminal avtoritet deyib.
Yığıncağın daha bir iştirakçısı danışır ki, bu keçmiş Sovet İttifaqı ölkələrindən kriminal avtoritetlərin ən böyük yığıncaqlarından biri idi.
Orada bir sıra mübahisəli məsələlərin, o cümlədən “obşak”a daxil olan pulun necə xərclənməsi məsələləri müzakirə edilib. Bundan başqa, ən böyük özbək iş adamı və avtoritetlərdən birindən “obşak”dan götürülmüş pulun qaytarılması tələb olunub.
Mənbələrin sözlərinə görə, yığıncaq zamanı Nadir Səlifov bildirib ki, Özbəkistandan meyvələrin və tərəvəzlərin ixracıyla məşğul olan özbək oğru 2010-cu ildə “Obşak”dan 10 milyon ABŞ dolları götürüb. Səlifov şərt qoyub ki, pul 2019-cu ilin əvvəlinə kimi qaytarılmalıdır. Lotu Quli qeyd edib ki, borcun geri qaytarılmaması halında, özbək sahibkarı kriminal dünyanın qaydaları üzrə cəzalandırılacaq.
Xatırladaq ki, Lotu Quli sözügedən yığıncaqdan bir gün sonra - oktyabrın 8-də İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Türkiyə KİV-inin yazdığına görə, Nadir Səlifov Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanıb. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması ilə bağlıdır.
İkincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.
Oktyabrın 9-da isə Nadir Səlifov azadlığa buraxılıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Report-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 70 yaşlı Viktor Məmmədov ifadə verib.
O, təqsirləndirilən şəxslərdən ikisini üzdən tanıdığını bildirib.
V.Məmmədov deyib ki, hadisə zamanı həmin şəxslər qapını döyüb, qonşu olduqlarını söyləyiblər:
"Qapını açanda məni tutub boğmağa başladılar. Sonra məni bıçaqla hədələdilər. Onlar nə qədər pulumun olduğunu soruşdular".
Zərərçəkmiş qeyd edib ki, evindən 4 min manat və 550 dollar pul aparıblar. O, dəymiş zərərin ödənilməsini istəyib.
Təqsirləndirilən K.Heydərov törətdikləri əməli etiraf edib.
Lakin o, zərərçəkmişin dediyi bəzi fikirlərlə razılaşmayıb:
"Mən 6-cı dəfədir ki, "sroka" gedirəm. İşlərimin hamısı da tərtəmiz olub. Bir dənə də əyri və yalan ola bilməz. Mən nə eləmişəmsə, etiraf edirəm. Bu işi də eləmişik. Birinci qapını döyüb evə su axdığını dedik. Evdə tək olduğunu öyrənəndən sonra aşağı düşüb bir də qayıtdıq. Heç bir müqavimət də göstərmədik. İçəri girəndə paltaryuyan maşının üstündə bıçaq var idi. Götürüb "səni öldürə bilərəm, amma lazım deyil" dedim. Sonra ondan nə qədər pul varsa, verməsini istədim. Pulu götürüb çıxdıq".
Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
İttiham aktına əsasən, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.
Daha sonra isə həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.
Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən daxil olan xəbərə görə, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib.
Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib.
Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.