|
"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.
Report-un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə "Qəbələ" futbol klubundan məlumat verilib.
Bildirilib ki, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub.
Hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi "Tayota" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.
T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.
Sürücü R.Məmmədov Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən verilən məlumata görə, onun vəziyyəti ağırdır, iki budunda sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz bayramını təbrik edən şəxsi bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abiyevə hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan) maddəsinə tövsif edilib və H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında qandallanıb.
İttihama görə, 2018-ci il martın 22-də Binəqədi rayonunda yaşayan 2000-ci il təvəllüdlü Həsənağa Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Süleymanovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Səmrahın həyatını xilas etmək mümkün olub.
Hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birinin vəfat etdiyini deyib və bayramı qeyd etmədiyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.
Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüb.
Report-un məlumatına görə, hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.
Azərbaycanlı müştəri kafedə astadan Qarabağ ilə bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən, içkili ermənilərin xoşuna gəlməyib. Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T.Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb. Qeyri - bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını ölümcül döyüblər. Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib. Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.