![]() |
|
Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.
Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.
Araşdırma aparılır.
Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.
V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub.
Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür.
Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər.
Daha ətraflı "ATV Xəbər”in süjetində:
Bu gün Başlıbel faciəsinin ildönümüdür.
1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.
Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.
Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.
Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.
Bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.
O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.
Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat Hadı Rəcəbli 76 yaşında vəfat edib.
Ölkə.Az 1995-2020-ci illər arasında parlamentdə millət vəkili kürsüsündə əyləşən H.Rəcəbli haqqında yaddaqalan məqamları təqdim edir.
Bunlardan biri onun sabiq deputat Hüseynbala Mirələmovla dostluğudur. Hələ uşaqlıq vaxtından bir parta arxasında əyşələn Rəcəbli və H.Mirələmov taleyin qismətindən sonradan da Milli Məclisin iclas zalında yanaşı əyləşiblər.
Onların hər ikisi uzun illər deputat olub. 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası fevralın 13-də 4 dairənin nəticələrini ləğv edib. Bu dairələrdən ikisi - 74 saylı Lənkəran kənd seçki dairəsi və 33 saylı Xətai birinci seçki dairəsi H.Rəcəbli və H.Mirələmovun lider olduğu dairələr idi.
Deputat olduğu 25 il ərzində H.Rəcəbli bir sıra açıqlamaları ilə yadda qalıb.
Sözsüz ki, onun ən yaddaqalan çıxışı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər idi. Mərhumun 2015-ci ildə "Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir" başlığı ilə tirajlanan açıqlaması kəskin tənqid edilmişdi. Hətta bununla bağlı karikatura və "caps"lər hazırlanmışdı.
"Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
Sabiq millət vəkili daha sonra növbəti dəfə açıqlama verərək ailə üzvlərinin çoxunun müəllim olduğunu, sözlərinin konsteksdən çıxarıldığını söyləmişdi.
Mərhum deputatın müzakirə olunan növbəti təklifi isə sosial şəbəkələrin bağlanması barədə 2018-ci ildə dedikləri idi.
Hadı Rəcəbli sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniyanın qarşısını almaq üçün belə bir təklif irəli sürmüşdü.
“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”, - Hadı Rəcəbli Ölkə.Az-a bildirib.
O, daha sonra yenə də sözlərinin təhrif edildiyini demişdi.
Sabiq deputat 2018-ci ildə doğum günündə verdiyi müsahibəsində "Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var" sözləri də nədənsə xeyli müzakirə olunmuşdu.
H.Rəcəblinin 2016-cı ildə Milli Məclisdə ailə ilə bağlı səsləndirdiyi fikirlər də birmənalı qarşılanmayıb.
"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq.
Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.
2017-ci ildə deputatın yerli mətbuata açıqlamasında "insanların ömrü uzanıb", "pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur" sözləri də xeyli danışılmışdı.
2018-ci ildə Milli Məclisin iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin “143 manata bir ay normal yaşamaq olar” dediyi iddia edilirdi.
Bu xəbərdən sonra tənqid hədəfinə çevrilən deputat onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini söyləmişdi.
2020-ci ildə deputatın karantin qaydalarını pozaraq nəvəsinə 150 nəfərlik toy etməsi barədə yazılanlar da H.Rəcəblini qəzəbləndirmişdi. Belə bir toyun baş tutmadığını deyən sabiq deputat "bir az mənə imkan verin, istirahət edim, nə olar” sözlərini demişdi.
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılmasından sonra H.Rəcəbli yaxın dostunun müdafiəsinə qalxmışdı.
Onun "Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər” sözləri də dildən-dilə düşmüşdü.
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
Bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.
Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.
APA xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.
Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
***
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.