![]() |
|
Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
"Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - nazirlikdən bildirilib.
Ağcabədi rayonunun Hindarx qəsəbəsində qəribə məxluqun peyda olduğu ilə bağlı məlumat yayılıb.
Görüntüsü sosial şəbəkələrdə yerləşdirilib.
Sakinlər onun goreşən olduğunu bildirib və barəsində polisə məlumat veriblər.
Hadisə 2 gün öncə baş verib, əraziyə gələn polis əməkdaşları onu zərərsizləşdiriblər.
Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib.
Report xəbər verir ki, dəfndən öncə şəhidin üçrəngli bayrağa bükülmüş tabutu doğulduğu evə gətirilib.
Vida mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, əsgərin nəşi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Hazırda evdə mərhumla vida mərasimi keçirilir.
Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.
“ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür.
130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər.
“Report” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb.
"Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.
Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət – sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib.
Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər.
Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilir.
“Report”un Şimal bürosu xəbər verir ki, mərasim mərhumun ailəsinin yaşadığı Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində təşkil olunub.
Vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasim başa çatandan sonra S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Hərbi xidmətə ötən ilin oktyabr ayında yollanmışdı.
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.
Bu barədə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
"Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur", - məlumatda vurğulanıb.
Xəbər verdiyimiz kimi, əsgər Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində şəhid olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hərbçimiz Quba rayonundandır.
O, ötən ilin oktyabr ayında hərbi xidmətə yollanıb.
Saleh Xələfov doğulduğu Əlik kəndində dəfn olunacaq.
Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub", - məlumatda bildirilib.