Martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.

Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb.

Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.

 

 

 

 

Ötən gün işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşlarının xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olmaları barədə xəbər vermişdik.

Həlak olan polis əməkdaşları Ramiz İsmayılov və Abid Mustafazadənin şəkilləri sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

 

 

 

Sosial şəbəkələrdə qəribə iddialarla çıxış edən şəxsin görüntüləri yayılıb.

Videogörüntülər sosial şəbəkələrdə izləyicilər arasında narazılıq yaradıb.

Həmin şəxs özünü “Qurban İbn Yəhya” olaraq təqdim edir və Bakıda yaşadığını qeyd edir:

“Buradayam, Azərbaycandayam. Qurban İbn Yəhyayam, təkəm, bir orduyam. And olsun Allaha heç kimdən qorxmuram. Nə oğrudan, nə doğrudan, nə lotudan, nə də başqasından qorxuram”.

Qeyd edək ki, videogörüntülərin tam formada paylaşılmadığı da iddia edilir. Sosial şəbəkələrdə çoxsaylı şikayət və narazılıq doğuran videomaterialın hansı məqsədlə lentə alındığını dəqiqləşdirmək üçün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar:

“Yayılan videogörüntü barədə araşdırma aparılır”.

Sabirabadda Sərxanbəyli kənd sakinləri olan yaxın qohumlar arasında kütləvi dava olub. Hadisə nəticəsində 3 nəfər xəsarətlər alıb.

Məlumata görə, qoyunçuluqla məşğul olan Ələsgər Heybətov və onun iki övladı əmioğluları tərəfindən hücuma məruz qalıblar. Şirvan və Şəhliyar Heybətovlar oğulları ilə birgə döyülən şəxsin minik avtomobilinə də ciddi ziyan vurublar.

Xəsarət alan şəxslərdən biri – Elşən Heybətov hadisənin təfərrüatını Baku TV-yə danışıb.

“Qardaşım zəng etdi ki, tez gəl, qoyunlarımın qarşısını kəsiblər. Gedən kimi maşından ağac, kürək götürüb üstümüzə töküldülər. Atamı vurdular, qardaşımı suya atdılar. Atamı güclə maşına qoydum. Qolum, qarnım pis vəziyyətdədir”, - o qeyd edib.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsindən bildirilib ki, döyülən şəxslərin müalicəsi ciddi nəzarət altındadır və onların tezliklə evə buraxılması təmin ediləcək.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyində də araşdırmalara başlanılıb.

Qeyd edək ki, hücumda iştirak edən Şəhliyar Heybətov Şamaxı Rayon Polis İdarəsinin əməkdaşıdır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Transmilli mütəşəkkil kibercinayətkar dəstənin DTX tərəfindən aşkar edilib Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə xüsusilə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan Respublikası banklarının kompyuter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib. Film ssenarisinə bənzəyən əməllərə görə hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 177.3.2-ci (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə etməklə talama) maddələri ilə ittiham olunaraq Azərbaycan Respublikasına gətirilib və məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

Ölkə ərazisinə narkotik vasitələri keçirməyə cəhd edən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, mart ayının 6-da saat 19:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Xəbər lenti