Koronavirusun yeni əlaməti aşkarlandı
Ayaqlarda iri qırmızı ləkələr koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.
 
“Report” xəbər verir ki, belə bir nəticəyə Avropada pandemiyanın daha geniş yayıldığı İspaniya və İtaliya həkimləri gəlib.
 
Belə ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən hər beşinci italiyalının dərisində problemlər mövcuddur. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur.
 
İspaniya Pediatr Assosiasiyası bildirib ki, səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir. 
 
Bir qayda olaraq, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.
Sabahın havası
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi günün birinci yarısı arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Pirallahıdan olan ailəyə Sumqayıtda torpaq verildi
İdmançı Kamil Zeynallı Pirallahı rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra Sumqayıt İcra Başçısı Zakir Fərəcov ailəyə 2 sot torpaq hədiyyə edib.

O, bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“Sumqayıt İcra başçısına  təşəkkür edirəm ki, bu kasıb ailəyə 2 sot torpaq hədiyyə etdi. Gəlin, birlikdə bu evi tikək və ailəyə təhvil verək”,- deyə, o, qeyd edib.

Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə  paylaşım edən  Kamil Zeynallını özünü reklam etməkdə günahlandırmışdı.

Ölüdən koronavirusa yoluxdu
İlk dəfə Tailandda ölüdən yeni növ koronavirusa yoluxma faktı aşkarlanıb.

Yencag.az xəbər verir ki, bu ölkədə məhkəmə-tibbi eksperti COVİD-19-dan ölən şəxsdən virusa 

yoluxub.

Qeyd edilib ki, virusun ölüdən keçmə faktı ebolada da müşahidə edilib.

Azərbaycan ordusunun PUA heyətləri təlim-məşq uçuşları keçirir
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Telman Adıgözəlovun vəfatından 10 İL ÖTÜR
Bu gün aprelin 15-i Xalq artisti Telman Adıgözəlovun vəfat etdiyi gündür. Görkəmli aktyorun ölümündən 10 il ötür.

O,  1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub.  Əslən Ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib.  T. Adıgözəlov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

O, C. Məmmədquluzadənin  "Dəli yığıncağı"da Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"da  Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin "Maqbet"də Flins, M. İbrahimovun "Közərən ocaqlar"da Xanəhməd, H.Cavidin  "İblis" əsərində  Şeypurçu və.s obrazları ilə yadda qalıb.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə də xarakterik rollar oynamışdır.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.  Fatmayıdakı kənd qəbristanlığında dəfn edilib.

Tanınmış alim vəfat etdi
Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 14-də 87 yaşında vəfat edib.

AMEA-dan  verilən məlumata görə, Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub, 1975-ci ildə universiteti “Dağ mühəndisi geofizikası” ixtisası üzrə bitirib.

O, 1964-cü ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə geofizika üzrə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Professor K. Kərimovun elmi fəaliyyətinin əsas istiqamətlərini seysmologiya, geoloji qu­ru­luşun öyrənilməsi və geofiziki üsullarla neft-qaz yataqlarının axtarışı təşkil edib. Alimin Azərbaycanın neft sənayesinin inkişafında da xüsusi xidmətləri var. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib və ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması münasibətilə ona “Qayıdış” adı verilib.

Azərbaycan geofizikası sahəsində xüsusi məktəb yaradan alim 550-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, 28 ixtira və 135-dən çox atlas və xəritənin müəllifidir. Onun 76-dan artıq elmi əsəri Amerika, Fransa, İngiltərə, Rusiya, Misir, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Yaponi­ya və digər ölkələrdə dərc edilib.

K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyib.

1995-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilən alim 1997-ci ildə həmin akademiyanın vitse-prezidenti təyin edilib. O, 1996-cı ildə Avropa Geofiziklər Assosia­siyasının, 1997-ci ildə İngiltərənin Neft Cəmiy­yətinin həqiqi üzvü seçilib.

O, Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına və Qızıl medala layiq görülüb. Həmçinin 2000-ci ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrdə nailiyyətlərinə görə” diplomu və gümüş medalı ilə, 2003-cü ildə isə Yusif Məm­mədəliyev adına medalla təltif olunub.

Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­pub­likasının "Əməkdar elm və texnika xadimi” fəxri adı­na layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

K.Kərimov 2000-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Lütfi Zadə adına Aka­demiyanın, 2002-ci ildə Avropa Elmlər Akademiyasının, həmçinin Şərq Neft Akademiyasının və Ekoenergetika Akade­miyasının akademiki seçilib. Neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə AMEA-nın və ARDNŞ-ın Fəxri Fərmanları ilə təltif olunub.

Prof. K.Kərimov həm də orijinal palitraya malik istedadlı rəssamdır. O, minlərlə karikaturanın müəllifidir. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı siyasət və onun acı nəticələri təşkil edir. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edir. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilib.

Azərbaycanda koronavirusdan sağalan xəstələr haradadır?
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb.

BAKU.WS xəbər verir ki, yoluxanların sayında çoxalma müşahidə olunduğu kimi sağalanların da sayının artması sevindirici haldır.

Lakin sağalan koronavirus xəstələrinin aqibəti bir çoxlarında maraq doğurur. Bu şəxslər evə buraxılırmı? Evdə karantin şərtləri necə olur? Digər insanlarla ünsiyyət qurmalarına məhdudiyyət varmı? Sağalan insanlarla davranma prosedurunun nədən ibarət olmasını dəqiqləşdirmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirdi ki, Azərbaycanda koronavirusdan sağalan vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlanılır: "Onların səhhətində hər hansı dəyişikliyin baş verməsi nəzarətdə saxlanılır. Xəstəxanadan buraxılan şəxslər öz evlərinə gedirlər, lakin evdə karantin şərtlərinə riayət olunur. Onlar hələ xəstəxanada olarkən sənədlərə qol çəkirlər ki, müəyyən bir vaxt ərzində evlərini tərk etməyəcəklər və xüsusi bəndlərə riayət edəcəklər. Onlar evlərini tərk etsələr, artıq bu, cinayət məsuliyyətidir".

Qeyd edək ki, Azərbaycanda eyni zamanda 12 nəfər COVID-19 virusundan vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları:

Evin bütün üzvləri üçün əllər müntəzəm olaraq su və sabunla, xüsusilə öskürdükdən və ya asqırdıqdan sonra, yemək hazırlamadan öncə, hazırlayarkən və sonra, yeməzdən əvvəl, tualetdən istifadə etdikdən sonra, şübhəli şəxsə qulluq etdikdən sonra və əgər əllər görünən qədər çirklidirsə, yuyulmalıdır.
Şübhəli şəxslə gərəksiz təmasda olmamaq və mətbəx ləvazimatları, boşqab, fincan və dəsmal kimi şəxsi əşyalar birgə istifadə edilməməlidir.
Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dirsək büküyü bağlanılmalı və ya birdəfəlik salfetdən istifadə edilməli, istifadədən sonra dərhal atılmalıdır.
Evdə hər kəsin hərarət, öskürək kimi əlamətlərini müşahidə etməli, tənəffüs çətinliyi yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng edilməlidir.

Azərbaycanda koronavirua yoluxan xəstənin tükürpədici görüntüsü yayıldı
Azərbaycanda koronavirusa yoluxan xəstələrin ürəkdağlayan görüntüsü yayılıb.

Görüntüləri AzTV yayımlayıb.

Koronavirusa yoluxan xəstələrin  qaldığı xəstəxanada süni nəfəs aparatına qoşulan xəstələrin nəfəs ala bilməməsi müşahidə olunub.

Xəstəxanadan videonu təqdim edirik:

Diqqət! Bu video sizin sinir sisteminizə təsir edə bilər, əsəbi zəif şəxslər izləməsin.

Sabah 22 dərəcə isti olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Aprelin 15-də Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti