|
Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun, eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu dəfə, Şəki DYP orta məktəb şagirdlərini deyil, Kollec tələbələrini maarifləndirdi.
30 oktyabr 2019-cu il tarixdə Şəki Dövlət Regional Kollecində keçirilən tədbir zamanı, Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu vaxt, yaxınlaşan nəqliyyat vasitəsinin səsini eşitməyəcək həm öz həyatını həmdə sürücüləri təhlükədə qoyacaq.
DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev DYP tərəfindən görülən bu və ya digər tədbirlərin insanların həyat və sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, tələbələrin maarifləndirilməsində əsas məqsəd , yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı sürücülərin gümrah və sağlam formada sükan arxaşına əyləşməsi də vacibdir. Amma di gəl ki, bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir.
Yol-xeber.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı - Ekspert: "Onların gün ərzində iş rejimi, istirahət vaxtı bəlli deyil. 6-da yuxudan durub xəttə çıxmalıdırsa, bu, gecə 12-yə kimi, təbii ki, işləyə bilməz. Bu haradasa istirahət etməlidir, əvəzlənməlidir".
Sürücü: "Əvəzləyicimiz olur, mən gedəndən sonra ortağım gəlib mənim növbəmi dəyişəcək".
Həftənin ən azı 3, hətta 5 günün 16-17 saat işləyən sürücədən hansı halda etik davranış, təhülkəsiz xidmət gözləmək olar? Onun sükan arxasında halı da pisləşə bilər, bir anlıq yuxuya da gedə bilər.
Asif İbrahimov - Mütəxəssis: "İş saatlarının həddindən artıq olması bu sahədə fəsadlara çıxara bilər. Yol Nəqliyyat Təhlükəsizliyi haqqında beynəlxalq standartı tətbiq etdikdə bu kimi halları da nəzərə alırıq".
Elməddin Muradlı - Ekspert: "Nəticə ondan ibarətdir ki, onlar insan həyatı ilə oynaya bilər. Sürücüdən də tələb ondan ibarətdir ki, bəzi şirkətlərin birmənalı qoyduğu tələb odur ki, axşam mənim planımı gətir ver. Başqa bir tələb yoxdur".
Nazirlər Kabinetinin qəbul etdiyi 73 saylı qərarda sürücülərə həftə ərzində 40 saat iş norması qoyulsa da, əksər daşıyıcılar sürücüləri 60-70 saat işləməyə məcbur edir.
Mais Ağayev - BNA-nın mətbuat katibi: "Hər bir daşıyıcı qarşısında həm yazılı, həm də şifahi olaraq bir şərt qoymuşuq. Amma təəssüflər olsun ki, hələ də bu işdə bir nəticə əldə etmək mümkün olmayıb".
Hazırda kart sistemi ilə işləyən barmaqla sayılacaq qədər daşıyıcı bu qaydalara əməl edir.
İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: "Bizim hər maşına iki sürücümüz var. Əlavə 1 rezerv sürücü də qalır".
Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə kart sisteminin tam tətbiqi ilə bu neqativ halın da aradan qalxacağını deyir. Bu isə çox da uzaqda deyil. Cəmi bir, iki ay...
Azərbaycanda yeni və geniş yol infrastrukturu layihəsi həyata keçirilir. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, pitstop adlı layihə ötən ildən start götürüb. Yol kənarlarında quraşdırılacaq pitstopların (dayanacaqlar) bir neçə istiqamətdə quraşdırılması nəzərdə tutulub. İlkin mərhələdə bu tip dayanacaqlar Gürcüstan, Rusiya və İran istiqamətlərindəki yollarda inşa ediləcək. Növbəti mərhələlərdə isə turistik istiqamət olan Qəbələ yolu üzərində yerləşdiriləcək.
Sözügedən pitstopların sayı ümumilikdə 50 ədəd olacaq və bu məkanlarda istirahət, qidalanma və turistik məlumatlandırma yerləri nəzərdə tutulub. Layihəni Azərbaycanda Latviyanın özəl memarlıq şirkəti həyata keçirir.
Qeyd edək ki, pitstoplar Formula 1 yarışlarında bolidlərin finiş xəttinə uğurlu şəkildə çatması üçün nəzərdə tutulur. Azərbaycanda da pitstopların sırf yol kənarlarında tikilməsi ona görə nəzərdə tutulub ki, səyahət edən şəxslər bu pavilyonlardan istifadə edərək rahat şəkildə mənzil başına çata bilsinlər.
Sosial şəbəkələrdə yayılan video izləyənlərin marağına səbəb olub. Yol-xeber.az xəbər verir ki, videoda iki gənc oğlan qızdan onlar arasnda seçim etməyini istəyir. Qız isə tərəddüd edir. Oğlanlar müxtəlif vasitələrlə qızı məhz onu seçmək barəsində inandırmağa çalışırlar. Nəhayət xanım onlardan birini seçir. Videonun sonunda isə məlum olur ki, onlar "1 manatlıq" taksi sürücüləri imiş.
Videonu təqdim edirik:
Hər il Azərbaycandan minlərlə insan müxtəlif məqsədlərlə xarici ölkələrə, əsasən qonşu Rusiya, Gürcüstan, Türkiyə və İrana səfər edir. Statistika göstərir ki, onların arasında şəxsi avtomobili ilə ölkəni tərk edənlər az deyil. Məsələn, 2018-ci ildə 705 min ölkə vətəndaşı dövlət sərhədini şəxsi maşını ilə keçib. Bu isə avtomobil nəqliyyatı ilə səfər edənlərin 22,3%-ni təşkil edir. Yol-xeber.az xəbər verir ki, “Report” ölkə xaricinə şəxsi avtomobillə səfər zamanı üzləşə biləcəyimiz xoşagəlməz halları, nəzərə alınmalı olan məqamları araşdırıb.
Şəxsi maşını ilə mütəmadi olaraq qonşu ölkələrə səfər edən paytaxt sakini Orxan Niftiyev deyir ki, bəzən problemlər sərhədə çatmamış başlayır: "Azərbaycanda avtomobil yollarının vəziyyəti əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşı olsa da, yollarda xeyli sayda radar var. Məsələn, görürsən yolda sürət həddi saatda 110 km-dir, amma təqribən 200 metr gedəndən sonra sürət saatda 90 km-ə, 50 metrdən sonra isə 70 km-ə endirilib. Xüsusilə, Balakən gömrük-keçid məntəqəsi istiqamətində olan yolda radarların sayı çoxdur. Bundan başqa, ikizolaqlı yollar var ki, onlarda ötmə qadağası var. Həmin yollarla yük avtomobillərinin hərəkət etməsi minik avtomobillərinin sürücülərini xeyli ləngidir. Məcbur olursan ki, saatda 30-40 km sürətlə həmin maşınların arxasınca sürəsən. Yaxşı olardı ki, böyük avtomobillər üçün ayrıca yollar salınsın. Həmçinin Azərbaycanda yol kənarlarında yeməkxanalar fəaliyyət göstərsə də, onların əksəriyyətində yeməklərin keyfiyyəti və xidmət səviyyəsi çox aşağıdır. Yaxşı yeməkxanalarda isə qiymətlər yüksəkdir. Buna görə də mən harasa gedərkən evdən yemək götürməyə üstünlük verirəm".
Müsahibimizin sözlərinə görə, Azərbaycandan xaricə şəxsi avtomobillə gedənlər ölkəni əsasən “Qırmızı körpü” - sərhəd keçid məntəqəsi vasitəsilə tərk edirlər: "Nəzərə almaq lazımdır ki, bəzən bu gömrük postunda sıxlıq olur, son nəticədə sərhədi keçmək əlavə vaxt aparır. Gürcüstana keçəndən sonra görüləcək ilk iş avtomobilin sığorta olunmasıdır. Orada da yol hərəkəti qaydalarına nəzarət mexanizmi çox ciddidir. Buna baxmayaraq xarici ölkədən gələn sürücülərə yol hərəkəti cərimələri tətbiq edərkən müəyyən qədər güzəştlə davranırlar. Magistral yollarda radarların sayı çox az, yüksək səviyyəli və sərfəli qiymətlər təklif edən yeməkxanalarının sayı isə çoxdur”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə mövzuya daha geniş aspektdən münasibət bildirib: “Ölkə xaricinə gedərkən ilk növbədə avtomobilin sənədləri qaydasında olmalıdır. Azərbaycanda sığorta şəhadətnaməsi elektron qaydada verilir. Lakin bəzi ölkələr bu şəhadətnaməni kağız formasında da tələb edirlər. Ona görə də sürücü elektron qaydada sığorta şəhadətnaməsini aldıqdan sonra müştərisi olduğu şirkətdən onun kağız variantını da götürə bilər.
Gürcüstana daxil olan kimi sizin avtomobiliniz sərhəddə sığorta olunmalıdır. Bu zaman bizim sürücülərin narazı qaldığı bir sıra məsələlər ortaya çıxır. Məsələn, gecə saatlarında sərhəddi keçən sürücünün sığorta olunmağa imkanı olmur. Çünki həmin saatlarda sığorta edən qurum bağlı olur. Polis isə həmin sürücünü saxlayanda avtomobilin sığorta edilmədiyinə görə cərimə tətbiq edir. Yəni xarici vətəndaşın ölkəyə gecə saatlarında daxil olduğu nəzərə alınmır.
İranda ölkəyə daxil olan kimi “torpaq basdı” xərci tələb olunur. Hətta Astara ərazisindən daxil olub Naxçıvana getmək istəsəniz belə 150-200, bəzən isə 300 manat ödəniş tələb edirlər. Türkiyə ilə bağlı belə bir problemimiz yoxdur.
Əvvəllər bizim sürücülük vəsiqələri ilə bağlı bir sıra ölkələrdə problem yaşanırdı. Belə ki, bizim əlifbada istifadə olunan bəzi hərflər digər ölkələrin yazılarında yoxdur. Ona görə də həmin ölkələrdə bizim sürücülük vəsiqəsinin üzərindəki yazıları oxumağa çətinlik çəkirdilər. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrinin formatına dəyişiklik etdi. Əgər xaricə gedən sürücü getdiyi yerdə vəsiqə ilə bağlı bu kimi problemlərin yaranmasını istəmirsə İdarəyə müraciət edərək, 40 manat ödəməklə beynəlxalq sürücülük vəsiqəsi ala bilər. Kitabça formasında olan bu vəsiqəni alıb istənilən ölkədə rahatlıqla istifadə etmək olar.
Azərbaycandan qonşu ölkələrə gedərkən "Yaşıl Kart" sistemindən istifadə olunur. Bu məsələdə Gürcüstan istisnadır. Lakin yaxın müddətdə Gürcüstanda da "Yaşıl Kart" sisteminin tətbiq edilməsi gözlənilir”.
Ekspert qonşu ölkələrdəki yol hərəkəti qaydalarına nəzarət mexanizmi məsələsinə də toxunub: “Tövsiyyə edirəm ki, vətəndaşlarımız maşınla xarici ölkələrə getməzdən qabaq o ölkədəki yol hərəkəti qaydalarını nəzərdən keçirsinlər. Çünki bizdəki bəzi yol nişanları ilə xarici ölkələrdə olanlar fərqlənir. Məsələn, bir sıra Avropa ölkələrində hospital işarəsi “H” hərfinə oxşar bir simvoldur. Bizdə isə bu işarə fərqlidir. Lakin ümumilikdə dayanma-durma və digər işarələr dünyanın əksər ölkələrində eynidir. Avropa ölkələrində də bizdə olduğu kimi xarici vətəndaş yol hərəkəti qaydasını pozanda ona güzəştlə yanaşılır.
Gürcüstanda yol hərəkəti qaydalarınını pozuntusuna görə inzibati cərimələrin tətbiq edilməsi sistemi çox ciddi şəkildə qurulub. Amma xarici ölkədən gələn sürücü ölkəni tərk edənə qədər qayda pozuntusu barədə bildiriş sistemdə görünməzsə, o zaman sürücü barəsində inzibati protokol tərtib edilir və sürücünün Gürcüstanda avtomobil idarə etmək hüququna müəyyən müddətdə məhdudiyyət qoyulur. Türkiyədə də buna bənzər bir tətbiq mövcuddur. İranda isə yol hərəkətləri qaydalarının pozulmasına nəzarət mexanizmi bir qədər zəifdir. Orada yol hərəkəti qaydalarına bir qədər səthi yanaşılır. Belə ki, çox zaman xırda qayda pozuntularına görə avtomobili saxlayıb sürücüyə yalnız şifahi şəkildə xəbərdarlıq etməklə kifayətlənirlər. Bizdə ciddi qəbul edilib cərimə tətbiq edilən bir çox qayda pozuntuları onlarda elementar yol hərəkəti xətası kimi qəbul edilir”.
Jurnalist-səyyah Azər Qərib da xarici ölkələrlə müqayisədə bizdə yol kənarlarında infrastrukturun zəif olduğunu qeyd edib: “Mən xarici ölkələrə gedərkən adətən orada avtomobil kirayələyib sürməyə üstünlük verirəm. Burdan avtomobillə getmirəm. Sonuncu dəfə uzun müddət bundan əvvəl avtomobillə Gürcüstana getmişdim. O zaman da həm yolun uzaq olması səbəbilə, həm də sərhəddə xeyli gözləməli olduğum üçün narahatlıq yaşadım. Ona görə də uzun müddətdir ki, xaricə avtomobillə getmirəm.
Şəxsi avtomobillə xaricə rahat şəkildə getmək üçün ölkə hüdudları daxilindəki yollarda da müəyyən işlər aparılmalıdır. Belə ki, bizdə yollar yaxşı olsa da, infrastruktur bərbad vəziyyətdədir. Yol kənarlarında tualetlərin olmaması bir nömrəli problemdir. Xarici ölkələrdə yol qırağında böyük dayancaq, tualet, kafe və dükanlar olur. Təəssüf ki, ölkəmiz bu sahədə Avropa ölkələrindən bir qədər geri qalır. Bundan əlavə biz sürücü mədəniyyəti baxımından da çox geridə qalmışıq. Xüsusən də axşam hava qaralandan sonra bəzi insanlarda yol mədəniyyəti çox aşağı səviyyədə olur. Sürücülər avtomobilin işıqlarından istifadə qaydalarına riayət etmirlər. Bəzi yol kənarlarındakı nişanlar isə kifayət qədər hündürdə olmadığı üçün yaxşı görsənmir”.
Məlumat üçün qeyd edək ki, Azərbaycandan Rusiyaya avtomobillə gedərkən sürücülərin keçməli olduğu gömrük məntəqələri Xaçmaz gömrükxanası üzrə “Samur” gömrük postu və “Xudat” gömrük postu, İrana gedərkən Naxçıvan MR Gömrük Komitəsi üzrə “Culfa” gömrükxanası və “Şahtaxtı” gömrük postu, Astara gömrükxanası üzrə Astara gömrükxanası, Biləsuvar gömrükxanası üzrə “Biləsuvar” sərhəd keçid məntəqəsi, Xudafərin gömrükxanası üzrə “İmişli” gömrük postu və “Horadiz” gömrük postu, Gürcüstana getmək üçün Tovuz gömrükxanası üzrə “Sınıq körpü” gömrük postu və “Sadıxlı” gömrük postu, Balakən gömrükxanası üzrə “Mazımçay” gömrük postu və “Muğanlı” gömrük postlarıdır.
Sığorta məsələsinə gəlincə, bu sahədə Azərbaycanla bir sıra ölkələr arasında “Yaşıl kart” sistemi tətbiq olunur. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında beynəlxalq sazişdir. “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Bizimlə qonşu ölkələrədən olan Gürcüstan “Yaşıl Kart” sisteminin üzvü olmadığından sürücülər bu ölkənin ərazisinə daxil olarkən yerli sığorta şirkətinin icbari sığorta müqaviləsini əldə etməlidirlər. “Yaşıl kart” üzrə sığorta haqqı nəqliyyat vasitəsinin növündən, səfər edilən ölkədən və səfərin müddətindən asılı olaraq dəyişir.
Sosial şəbəkədə yayılan görüntülər izləyicilərin marağına səbəb olub. Yol-xeber.az xəbər verir ki, avtomobillə hərəkət edən üç xanım, bağlanmış şlaqbaumu açmaq üçün əllərindən gələni edirlər. Onlar şlaqbaumu nə qədər qaldırsalar da şlaqbaum açılmır. Qeyd edək ki, həmin şlaqbaum yuxarı qalxıb-enən şlaqbaumlardan deyil.
Bunu görən bir oğlan, şlaqbaumu qarşı tərəfə itələyərək açıq vəziyyətə gətirib. Xanımlar özləri də etdikləri hərəkətə gülüblər.
Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib: "Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".
Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan Axar.az-a verilən məlumata görə, sentyabrın 2-4-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə ilk gün (2 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.
Sentyabrın 2-də maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 2 sentyabrda 20%-dən, 3 və 4 sentyabr tarixlərində isə uyğun olaraq 5%-dən və 1%-dən aşağı qiymətləndirilir:
"Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır".
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının halsız şəkildə aşkar edərək bölməyə gətirdiyi cüyür ölüb.
Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, cüyürün təbiətə qaytarılması məqsədilə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Cüyürü təhvil alan əməkdaşlar heyvanın xarici görünüşündə hər hansı bir vəhşi heyvan tərəfindən yaralanma halının müşahidə edilmədiyini bildirib. Halsız cüyür baytar həkimlər tərəfindən müayinə olunub və müayinə nəticəsində canlının daxili orqanlarının zədələndiyi, müxtəlif sümüklərinin sındığı məlum olub.
Bütün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə baxmayaraq, yaralı heyvanı xilas etmək, təəssüf ki, mümkün olmayıb. Cüyürün yüksəklikdən düşərək yaralandığı güman edilir.
Xatırladaq ki, ötən gün Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman meşəlik ərazidə halsız vəziyyətdə olan cüyürlə rastlaşmış və bu vəziyyətə biganə qalmayaraq, köməksiz canlını polis şöbəsinə gətirmişdilər.
15 il öncə Gürcüstanın indiki Prezidenti Salome Zurabişvili ölkənin xarici işlər naziri vəzifəsinə təyin olundu. Fransada doğulmuş və bu ölkənin vətəndaşı olan Zurabişvili vəzifəyə təyin olunan kimi Gürcüstan üçün yeni kimlik qurmağa girişdi, müsahibə verməyə, məqalə yazmağa başladı. O, yazdığı məqalələrdə “Gürcüstan Cənubi Qafqaz deyil, Gürcüstan Avropadır” şüarını səsləndirirdi.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli qeyd edib. Politoloq bildirib ki, bu, Zurabişvilinin 2004-cü ildən bu yana hər yerdə söylədiyi fikirdir:
“Bu ilin avqust ayında Fransaya səfəri zamanı Zurabişvili avropalıların öz dəyərlərindən və arzularından uzaq düşdüyünü, Gürcüstanın isə əsl Avropa milləti olduğunu söylədi. Ardınca da əlavə etdi: “Gürcüstan Avropaya can atmır, Gürcüstan elə Avropadır”. Roma Papasından daha böyük katolik olmağa çalışdığı aydındır”.
Politoloq daha sonra bir xəritə paylaşıb:
“Şəkildə Gürcüstanın Cənubi Qafqazdan ayrı, Qara dənizdə bir ada olaraq göstərildiyini görə bilərsiniz. Bu, yəni Qara dəniz kimliyi Zurabişvilinin 2004-cü ildə ortaya atdığı ilk ideya olub. Zurabişvili tək deyil. Gürcüstanda həm siyasi, həm intellektual çevrələrdə Gürcüstanın Cənubi Qafqaz kimliyi olmadığını iddia edənlər var. Məqsəd şəkildə məcazi mənada göstərildiyi kimi, Gürcüstanın həm Ermənistandan, həm də Azərbaycandan üstün olduğunu göstərməkdir. Gürcüstanda bunu həqiqətən düşünənlər var”.
Politoloqun sözlərinə görə, gürcülər hesab edirlər ki, Ermənistan və Azərbaycanla qonşuluq Gürcüstanı geriyə atır, inkişafını çətinləşdirir:
“Ermənistanla işim yoxdur, amma Azərbaycanla bağlı gürcülərin belə yanaşması düşündürücüdür. Birincisi, Gürcüstanın bizim yerimizi verə biləcək alternativi yoxdur. Azərbaycan çox etibarlı tərəfdaşdır - Gürcüstanın enerji təhlükəsizliyini təmin edir, onun iqtisadiyyatına hamıdan çox pul yatırır, vergi ödəyir, infrastruktur qurur, iş yerləri açır və s. Bunun öz ölkəmiz üçün də faydası böyükdür. Biz də Gürcüstandan asılıyıq. Gürcüstan bizim açıq dənizə çıxışımızdır, iqtisadi maraqlarımızın uzantısıdır. Odur ki, Gürcüstanla Azərbaycan arasında qarşılıqlı strateji asılılıq var.
İkincisi, Azərbaycan Gürcüstan üzərində olan maliyyə və enerji üstünlüyünü Gürcüstanın xarici siyasət seçimlərinə əngəl yaratmaq üçün istifadə etmir. Müqayisə üçün Rusiya-Ukrayna kontekstinə baxın. Əksinə, Gürcüstanla Azərbaycanın xarici siyasət seçimləri eynidir. Azərbaycan Gürcüstanda iqtisadi sabitliyin əsas təminatçısı kimi, Gürcüstanın ayaqda qala bilməsinə, Qərbə doğru getməsinə yardım edir. Burada ölkəmizin öz marağı da vardır”.
E.Qədirli qeyd edib ki, Gürcüstanda keçirilmiş sorğuda iştirak edənlərin yalnız 56 faizi Azərbaycanın dost ölkə olduğunu söyləyib:
“Bu, çox narahatedici rəqəmdir. Müqayisə üçün bildirək ki, öncəki sorğularda ölkəmizi “dost” sayanların faizi 80-nin üzərində olurdu. Bu, demokratiyanın mənfi təsirlərindən biridir. Demokratiya seçicilərin stereotiplərini siyasətə gətirir, populist siyasətçilər də onlardan istifadə edirlər. Qonşularımızda demokratiya gücləndikcə, oradakı seçicilərin bizə qarşı olan stereotipləri də güclənəcək. Buna hazır olmalıyıq”.