Oturacağı oynayan sürücü - yeni metod, yoxsa biveclik?
Bir avtobusun sükan arxasında vəziyyət bu cürdürsə, o zaman sərnişinlərin təhlükəsiz daşınmasına kim zəmanət verə bilər?

Paytaxtın bəzi qəsəbələri üzrə hərəkət edən marşrut xəttlərinin avtobuslarında durum çox acınacaqlıdır. Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edən 50 saylı marşrut xəttinin avtobuslarını da buna misal göstərə bilərik. Bu marşrut xətti üzrə hərəkət edən, eyniləşdirmə nömrəsi 41053 olan avtobus bir müddətdir ki, acınacaqlı vəziyyətdə idarə olunur. Sükan arxasında əyləşən sürücünün oturacağı arxasındakı dayağa taxta parçası ilə bərkidilib.

Yol-xeber.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında adıçəkilən marşrut xəttində vəziyyətin ürəkaçan olmadığını bildirib: "50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar tələblərə, texniki baxımdan istismara cavab vermir. Bununla bağlı olaraq biz dəfələrlə daşıyıcıya həm yazılı, həm də şifahi xəbərdarlıq etmişik, lakin heç bir tədbir görülməyib. Aparılan işlər çərçivəsində Yeni Günəşli və ətraf qəsəbələr istiqamətində hərəkət edən marşrut xətlərinin avtobusları dəyişiləcək".

 

M.Ağayevin sözlərinə görə, bu istiqamətdə görülən işlər gələn ilin əvvəlində yekunlaşacaq: "Daşıyıcı fəaliyyətində dönüş yaradacaqsa, qoyulan tələblərə cavab verəcəksə, Nazirlər Kabinetinin 73 saylı qərarında nəzərdə tutulan şərtlərə əməl edərək avtobus parkını yeniləyəcəksə, bu zaman o, işini davam etdirəcək. Tələblərə cavab vermədikləri halda isə onlar şəbəkədən uzaqlaşacaqlar. Çünki bizim üçün əsas məsələ vətəndaşların rahat və təhlükəsiz daşınmasıdır. Daşıyıcı hər bir sərnişin üzərində sosial yük və məsuliyyətinin olduğunu hiss etməlidir".

Maraqlıdır, bir avtobusun sükan arxasında vəziyyət bu cürdürsə, o zaman sərnişinlərin təhlükəsiz daşınmasına kim zəmanət verə bilər?

İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar imzalayıb
Yeni ildə 8 gün iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar imzalayıb.  Yol-xeber.az xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

 

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Bakı-Şamaxı-Yevlax yolunda rənglənmə işləri aparılacaq
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

"İçərişəhər Qoruğu"nda sürücülərə qarşı fırıldaqçılıq - VİDEO
Qanunsuz fəaliyyət göstərən şəxslər sürücüləri soyurlar

İçərişəhər qoruğundakı ödənişli parkinqdə qanunsuz olaraq fəaliyyət göstərən şəxslər peyda olub. Avtosfer.az xəbər verir ki, Neftçilər prospekti istiqamətindən qoruğa daxil olarkən şlaqbaumun qarşısında avtomobilin girişi qeydə alınır və parkinqi tərk edən zaman müəyyən məbləğdə rəsmi ödəniş tələb olunur. Lakin parkinq olan ərazidə bir neçə nəfər özlərini qoruğun əməkdaşı kimi təqdim edərək sürücülərdən qeyri-rəsmi ödəniş tələb edirlər.

Sürücülərdən biri noyabrın 23-də qoruğun ərazisinə daxil olub avtomobilini park edən zaman, həmin şəxslərdən biri sürücüyə yaxınlaşaraq 1 manat ödəniş tələb edib. Sürücü 1 manatı verib sonra parkinqi tərk edən zaman, şlaqbaumun yanında xidmət aparan rəsmi işçi ondan yenə də ödəniş alıb. Sürücü əməkdaşa baş verən hadisəni bildirsə də, əməkdaş ona “həmin adamlara pul verməyin, onları tanımırıq”- deyə fikir bildirib. Sürücü isə həmin əməkdaşa bildirib ki, siz və sizin kimi digər qoruq əməkdaşları həmin şəxslərə nəzarət etməli və onların qanunsuz fəaliyyətinə mane olmalıdırlar.

Qoruqda xidmət aparan polis əməkdaşları həmin şəxslərin qanunsuz fəaliyyətinə son qoymalıdırlar.

 

 
Avtomobildən düşərkən bunu əsla etməyin: Yoxsa... - VİDEO
Sərnişinlər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır

Yolun hərəkət hissəsində dayanmış avtomobildən düşən sərnişin, arxadan gələn sürücüyə təhlükə yaradıb. Yol-xeber.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda dayanan 99-UN-723 qeydiyyat nişanlı "Opel" markalı avtomobildən düşmək istəyən sərnişin, qapını qəfildən açdığı üçün arxadan gələn avtomobilə qəza vəziyyəti yaradıb. Yol Hərəkəti Haqqında Qanunun 41-ci maddəsinin I hissəsində qeyd olunub ki, "sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın". 

Bir çox hallarda sərnişinlər bu qaydalara riayət etmədikləri üçün yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

 

Talassemiyalı xəstələrə Bakı metrosundan dəstək
"Soyuq ürək" qəhrəmanları “İçərişəhər” stansiyasında

Bakı metropolitenində daha bir fərqli sosialyönümlü aksiya keçirilib. Belə ki, “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesinin əməkdaşlığı ilə “İçərişəhər” stansiyasında baş tutan budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq idi. İnsanları bu sahədə maarifləndirmək üçün təşkil edilən aksiya saat 12:00-dan 14:00-a qədər davam edib.
Xüsusi geyimli animatorların stansiyanın vestibülündə göstərdikləri zəngin şou daha çox azyaşlı sərnişinlərin diqqətinə səbəb olub. Bütün dünyada uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıran animatorlar metropolitenin azyaşlı sərnişinlərini sevindiriblər. Talassemiya xəstəliyinə qarşı mübarizə və bununla bağlı aparılan maariflənmə işində böyük əhəmiyyət kəsb edən bu aksiya həmçinin gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində filmin daimi izləyicisi olan azyaşlı sərnişinlərin böyük sevincinə səbəb olub.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək dövlətin bu xəstələrə olan diqqətinin göstəricisidir. Bu xüsusda Bakı metropoliteni talassemiyalı xəstələrə yardım etmək üçün ənənəvi olaraq sosialyönümlü layihələr keçirir, həmçinin hər il qanvermə aksiyaları təşkil edir. Bununla yanaşı, müəssisə olaraq belə aksiyaların metropolitendə keçirilməsinə daim dəstək olur.
Talassemiya xəstəliyi ilə bağlı müvafiq məlumatlar stansiyadakı xüsusi lövhələrdə yerləşdirilib.
Bakıdakı sürüşmədə torpağın altında qalan maşının son halı - FOTO
Avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş verən sürüşmə zamanı torpaq altında qalan avtomobil bu gün çıxarılıb. Bu barədə “Qafqazinfo”ya avtomobilin sahibi Fərrux Qasımzadə bildirib. Baş verən hadisə nəticəsində “Mercedes E Class” markalı avtomobil tamamilə yararsız hala düşüb. 

 

Qeyd edək ki, hadisə noyabrın 25-i səhər saat 5-6 radələrində baş verib. Həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb. 

 
Sürücülük vəsiqəsi imtahanı DYP-dən alına bilərmi? - Maraqlı TƏKLİFLƏR
“Bu proses uzun bir vaxt tələb edir”


Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir. “Onsuzda bu imtahanlar hansı qurum tərəfindən veriləcəksə, birbaşa dövlətin qanun çərçivəsində həyata keçiriləcək”.

Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışarkən söyləyib. Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə 2018- ci ilin dekabrında “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” qəbul olunub. “Bu proqramda dövlətin siyasi və strateji baxışı öz əksini tapıb. Həmçinin qeyd olunub ki, sürücülərin hazırlanması, imtahanların qəbulu və s. kimi məsələlər təkmilləşdirilməlidir. Ancaq konkret olaraq istiqamət göstərilməyib ki, təkmilləşdirilmə nədən ibarət olmalıdır. Bu da özündə onu ehtiva edir ki, qanunvericilik ilk növbədə təkmilləşdirilməlidir. Yəni bu kimi məsələlərə yeni baxış olmalıdır. İndi dövlətin özünün konkret siyasəti var ki, sürücü hazırlığı işi, yəni sürücülük məktəblərinin təşkili, fənlərin tədrisi, onların proqramları, sürücü olmaq istəyənlərdən imtahanların götürülməsi, imtahanların məzmunu, verilmə qaydaları və s. kimi məsələlər üzrə yeni ideyalar ortaya qoyularaq, dövlət proqramı hazırlanmalıdır”.

Ərşad Hüseynov belə hesab edir ki, sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılsa daha məqsədəuyğun olar. “Ölkədə dəqiq araşırmalar aparılmalıdır ki, sürücülük təhlili sistemi necə qurulsun. Daha sonra sürücülük imtahanları hansı qurum tərəfindən qəbul olunsun”.

 

Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə əhali arasında böyük bir narazılığa səbəb olacaq. “Bildiyiniz kimi, Dövət İmtahan Mərkəzi bir neçə aydan 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

Deputat saxta, yəni rüşvət müqabilində sürücülük vəsiqələrinin verilməsinin qarşısını almaqdan ötrü bir təklif irəli sürüb: “Bir faktı qeyd edim, bir neçə gün öncə Rusiyanın bir vilayətində otaqlara kameralar quraşdırılması ilə əlaqədar xeyli sayda saxta sürücülük vəsiqələrinin verilməsi faktı aşkarlandı. Məhz bu kimi halların baş verməməsi üçün mən təklif edərdim ki, imtahan keçirilən otaqlara kameralar quraşdırılsın. Bundan əlavə hər imtahan keçirilən vaxtı ictimaiyyət nümayəndələrinin, hətta jurnalistlər, adi vətəndaşlar və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün “yaşıl dəhliz” yaradılmalıdır ki, imtahanları izləsinlər. Yəni onların girişinə icazə veriməlidir. Düşünürəm şəffaflaşmanın bir çıxış yolu bundan ibarətdir”.

AAYDA Bibiheybət yolunda sınaq quyuları qazacaq
Tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu

25 noyabr 2019-cu il tarixində Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, agentliyin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb.

Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinə müraciət olunub. Əlavə olaraq əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də isə intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi 24 noyabr axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəsüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və 25 noyabr səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu.

Hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik tərəfindən qərargah yaradıldı. Qısa müddət ərzində sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

 

Onu da bildirək ki, Bakı-Ələt-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan yolun inşasına “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi əsasında 2009-cu ildə başlanılıb və 2010-cu ildə yekunlaşdırılıb.

Cari ilin mart ayında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  “Bibiheybət” məscidi istiqamətindən şəhərə doğru olan yolda əsaslı yenidənqurma deyil yalnız təmir işləri aparılıb. Çünki bu ərazidə yol kənarında 75 metr uzunluğunda yol-memarlıq elementi olan bəzək divarı dağılmış, yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər sadəcə olaraq bu maneənin aradan qaldırılmasına yönəlmişdi.

Sürüşmənin baş verməsinin daha dəqiq səbəbinin öyrənilməsi və ərazidə gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün atılacaq addımların nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən agentliyin əməkdaşlarının iştirakı ilə yaxın müddət ərzində sınaq quyularının qazılmasına başlanılacaq.

Lakin baş vermiş hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hadisənin təfsilatına varmadan, hadisənin baş vermə səbəbi araşdırılmadan, mütəxəsislərdən fikri öyrənilmədən qeyri-dəqiq, qeyri-peşəkar informasiyalar yayılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlar irəli sürülmüşdür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bundan təəssüf hissi keçirir və kütləvi informasiya vasitələrindən vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan bu cür yalan və qərəzli məlumatlar yaymamağı xahiş edirik.

Yol kənarında yaşayırsınızsa, özünüzü qoruyun
Alimlərin fikrincə, hava çirkliliyinin 51 nisbətdə azalması uşaqlarda bronxit hallarının qarşısını ala bilər

Elm adamları müəyyən edib ki, əsas küçələrə 50 metrlik məsafədə yaşayan insanlarda ağciyər xərçəngi 10 faiz daha çox müşahidə edilir. Yol-xeber.az Sputnik.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kings Kollec Universitetinin alimləri hava çirkliliyinin insanların sağlamlığına təsiri üzərində araşdırmalar aparıb. Araşdırmaya görə, əsas küçələrdə havanın çirkliliyi uşaqların ağciyərlərinin 14 faiz daha az inkişaf etməsinə səbəb olur. Müəyyən edilib ki, hava çirkliliyi Oxfordda uşaqların ağciyər inkişafını 14, Londonda 13, Birminqemdə, Liverpulda 5, Souzhamptonda 4, Nottinqhamda 3 faiz azaldır.

 

Alimlərin fikrincə, hava çirkliliyinin 51 nisbətdə azalması uşaqlarda bronxit hallarının qarşısını ala bilər.

Xəbər lenti