Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5.2 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

 

Söhbət Bakı-Quba-Rusiya Federsiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü km-dən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. 

 

Qusar rayonunun Qullar avtomobil yolu uzun illər istismar olunaraq təmirlər arası istismar müddətini keçmişdi və örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdir. Bundan başqa yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır.

 

Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.   

 

Marşrut boyu mövcud suötürücü borular yayrsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına başlanılıb. Asfaltlanma işləri yolun 30 min kv.m-dən çox sahəsini əhatə edir.

 

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, 5.2 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəıişində problemlərə səbəb olurdu. Bu üzdən Qusar rayonunun Qullar kəndinin yolunun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.

 
 
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
Yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub

“Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür”. Bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır: “Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb. Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub. Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır”.

Azərbaycanda şəhərdən kəndə axın sürətlənib
“Şəhərdən kəndə axın hələ bir neçə il əvvəl başlayıb. Koronavirus pandemiyası ilə əlaqdar isə insanların paytaxtdan bölgələrə axını sürətlənib. Çünki paytaxtda iş yerləri qapadılıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bilirib.

Deputat qeyd edib ki, əvvəllər kənddən şəhərə kütləvi axın vardısa, indi bunun əksi müşahidə olunur:

“Bölgələrdə ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq görülən işlər, aqrar sektorun inkişafı artıq şəhərdən regionlara axına səbəb olub. Bu da təbiidir, çünki artıq insanlarımızın kənddə torpaqdan qazanmaq imkanları genişlənib. Digər tərəfdən, kəndlinin gəlir yerləri var. Bunlar taxılçılıq, pambıqçılıq, heyvandarlıqdır.

Bu sahələr xüsusilə dövlət tərəfindən verilən subsidiyalar hesabına getdikcə daha çox inkişaf etməyə başlayıb. Artıq insanlar paytaxtda qərarlaşmır, rayonlarda nəninki mövsümü işlər görürlər, həmçinin torpaq sahələrini icarəyə götürməklə, müəyyən sahibkarlara qoşulmaqla kənd təsərrüfatının inkişafına nail olurlar. Ötən ilin nəticələri üzümçülük, pambıqçılıq, tərəvəzçilik, baramaçılıqda nəzərəçarpacaq inkişafın olduğunu deməyə əsas verir”.

Komitə sədri qeyd edib ki, pandemiyadan sonra şəhərdəki iş yerlərində yaranmış səngimələr də aqrar sahənin inkişafına özünəməxsus təkan verib:

“Ölkə rəhbəri də öz çıxışlarında bildirib ki, karantindən çıxış mərhələli şəkildə olacaq. Çünki pandemiya ilə əlaqədar qoyulmuş qadağaları birdən-birə aradan qaldırmaq mümkün deyil. Bu dəqiqə elə sahələr var ki, həyati əhəmiyyəti yoxdur, insanlar mütləq şəkildə evdə oturmalıdırlar. Amma kənd təsərrüfatı elə bir sahədir ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün fəaliyyəti bir an belə dayandırıla bilməz.

Bu gün kənd təsərrüfatının qızıl çağıdır, pambıq səpini gedir, taxıl suvarılır. Ona görə də insanların açıq havada, kütləvi şəkildə deyil, sosial məsafəyə riayət edilməklə torpaqda çalışması həyata keçirilməlidir. Bu isə onların həyatı üçün təhlükəli deyil. Ona görə də insanların təsərrüfatla məşğul olması heç də təhlükəli və qaydaların pozulması anlamına gəlmir. Çünki insanlar fəaliyyətinə icazə verilmiş sahədə çalışırlar.

Əgər insan traktorla çiyid səpirsə, yaxud pambığın malalanması ilə məşğuldursa, burada təhlükəli nə isə yoxdur, çünki onlar onsuz da fərdi fəaliyyət göstərirlər, yəni yüzlərlə insan bir yerə toplaşmır. Məsələn, pambıq səpini, taxıl biçini, yaxud tərəvəz yığımı gecikərsə, bu iqtisadiyyata ağır zərər vura bilər.

Onsuz da koronavirusun gətirdiyi bəla ölkə iqtisadiyyatına xeyli dərəcədə zərbə vurub. Onun aradan qaldırılması üçün milyardlarla vəsait ayrılıb. Elə sahələr var ki, orada bir an belə gecikməyə yol vermək olmaz. Aqrar sektor məhz həmin sahələrdəndir”.

Rayonlardan Bakıya gəlmək istəyənlərə
Əməkdaşlarımız hər kəsi maraqlandıran daha vacib bir məsələyə də aydınlıq gətirməyə çalışıblar. Əvvəlki xəbərimizdən də eşitdiyiniz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağası hələ də qüvvədə qalacaq. Amma bu gecə saat 12-dən etibarən digər rayonlararası girişə-çıxışa heç bir məhdudiyyət qoyulmayacaq. Bu arada rayonlararası sərnişindaşıyan avtobusların da hərəkəti ayın 31-dək hələki bərpa edilməyəcək.

Rayon qeydiyyatında olan şəxslərin paytaxa girişinə qoyulan qadağa hələ də qüvvədədir.

Bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gecə saat 12-dən etibarən ölkə ərazisində xüsusi karantin rejmi qaydası nisbətən yumşaldılsa da rayon qeydiyyatında olanların Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna girişinə qoyulmuş qadağa ayın 31-dək qüvvədə qalacaq.

O, cümlədən də adı çəkilən şəhərlərin sakinlərinin rayonlara gedişi də may ayının 31-dək qadağan edilib. Əgər bu qadağalara əməl etməyib, gizli şəkildə getmək istəyən şəxslər aşkar edilsə onlar qanuna uyğun olaraq inzibati qaydada cərimə oluncaqlar. Sabahdan etibarən rayonlar arasında olan müvəqqəti polis postları da yığışdırılacaq.

Xatırladaq ki,rayonlar arasında ictimai nəqliyyatın hərəkəti də hələki bərpa edilmir. Vətəndaşlar yalnız özlərinə aid şəxsi minik avtomobilləri ilə yaşadıqları rayondan başqa rayona gedib gələ bilərlər.

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı da uzadılıb. ''Azərbaycan Dəmir Yolları'' QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat katibi Natəvan Bayramova onu da bildirdi ki, elektrik qatarlarının Abşeron dairəvi xətti üzrə hərəkəti hazırkı qrafiklə davam edir.

Bakı-Sumqayıt yolundakı yeni qoyulmuş beton arakəsmələr sökülür
Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələr sökülür.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə artıq göstəriş verilib. 

Belə ki, beton arakəsmələr 10-dan çox qəzaya səbəb olub. Eyni zamanda, nəqliyyat ekspertləri və digər aidiyyəti qurumlar bunun fəsadlara səbəb olacağını bildirib. 

Artıq bu gündən həmin arakəsmələr götürülür və məsələyə yenidən baxılacaq.

Sürücülərin nəzərinə
20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin, Moskva prospekti – Cavadxan küçəsi – 3-cü mikrorayon dairəsi və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə  – Ceyhun Səlimov küçələri – 3 mikrorayon dairəsi istiqamətlərindən istifadə edərək, Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərdlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin, Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Bölgələrdən yalnız bu şəxslər sərnişin DAŞIYA BİLƏCƏKLƏR
"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".

 Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, şəhərlərarası  sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün  bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar.  Odur ki,  süni qiymət artımına  yol verənlər cəzalandırılacaq”- N. Allahyarova deyib.

DANX sözçüsü əlavə edib ki,  fürsətdən istifadə edib fərqlənmə  nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma  ilə  məşğul olanlar barəsində   ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün  aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və  biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki,  yollar açıldıqdan sonra  xəttə  lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.  

N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni  olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq.  “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma  proqnoz özünü doğrultmadı. 

 Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”- DANX sözçüsü bildirib. 

Sərnişinlərə ŞAD XƏBƏR
Bu gündən etibarən Bakı-Sumqayıt üzrə marşrut xətti tam bərpa edilib.

 Bu barədə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi və sərnişin azlığı ilə əlaqədar olaraq Bakı-Sumqayıt xəttinə 20 avtobus buraxılırdı. “Amma karantin rejiminin yumşaldılmasından  və bir çox yerlərdə iş yerlərinin bərpasından sonra sərnişin sayı artıb.  Sərnişin axınının sıxlığını nəzərə alaraq adi vaxtda olduğu kimi xəttə hərəkət edən bütün 33 avtobus  xəttə buraxılıb. Artıq sərnişinlərə Bakı və Sumqayıt istiqamətində rahata hərəkət edə biləcəklər”.

Şəmkirdə 18 kilometrlik avtomobil yolu yenidən qurulur - FOTO
Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumata görə, bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. 17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb. Yol boyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardır. Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur. Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınır, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılır, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilir, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilir. Bundan başqa yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 paqon-metr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, boru başlıqları dəmir-betonla inşa edilir, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçdii inşa edilir, yolun 1-ci km-də yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur. Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır və yol 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

 

Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

 

 

SÜRÜCÜLƏRƏ BƏD XƏBƏR
Karantin rejimi ilə əlaqədar Bakının küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, aprelin 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb. Bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədi ilə atılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumata görə, aprelin 27-dən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.

Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən   etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

Xəbər lenti