![]() |
|
Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib.
V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.
O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır.
“Bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar”, - erməni ekspert deyib.
“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması təşəbbüsü ilə ilk olaraq dövlətimiz çıxış edib və bu barədə ilkin layihə məhz rəsmi Bakı tərəfindən təqdim olunub. Yəni, sülh sazişi üzrə danışıqlar aparılmasını Ermənistana ölkəmiz təşviq edib. Bütün bunları nəzərə alaraq, rəsmi İrəvanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir əsası yoxdur. Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyulmasıdır”.
Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. "Belə tələblərdən biri də erməni tərəfinin ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasıdır. Çünki bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Belə ki, avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında ölkəsinin guya heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası olmadığını açıqlayıb. Əksinə, Paşinyan guya Azərbaycanın Konstitusiyasında ölkəsinə qarşı ərazi iddialarının olduğunu iddia edib. Paşınyan fikrini bugünkü Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ilə “əsaslandırıb”. Çünki Xalq Cümhuriyyətinin müəyyən hissəsi indiki Ermənistanın ərazisini əhatə edib. Buna görə də, Paşinyan bu məqamı nə qədər absurd olsa da, ölkəsinə qarşı ərazi iddiası hesab edir. Əslində isə bununla Paşinyan etiraf etmiş olur ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Həm də, bu, çox da uzaq olmayan bir dövrdə baş verib", - o qeyd edib.
Fətəliyevanın sözlərinə görə, digər bir problem Ermənistanın bir sıra ölkələr tərəfindən silahlandırılmasıdır. "Fransa, Hindistan aşkar şəkildə bu ölkəyə silah tədarük edirlər. Ermənistanın silahlandırılması isə regionda sülh imkanlarına ciddi təhlükə yaradır və bölgədə gərginliyin artmasına xidmət edir.
Son zamanlar Ermənistanda revanşist çağırışlar da artmaqdadır ki, bu amil də narahatlıq doğurur. Əgər rəsmi İrəvan həqiqətən sülh istəyirsə konkret mövqe ortaya qoymalı və sülhə əngəl olan məsələləri həll etməlidir. Lakin N.Paşinyanın son fikirlərindən isə görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil. Regionda gərginliyin davam etməsi isə ilk növbədə Ermənistanın ziyanına olacaq. Rəsmi İrəvan bunu unutmamalıdır. Onlar üçün ən azı 44 günlük müharibənin nəticələrini xatırlamaq kifayətdir. Bu səbəbdən də erməni tərəfi müəyyən beynəlxalq dairələrin dəstəyinə arxalanmamalı və sülh naminə Azərbaycanın şərtlərini qəbul etməlidir”, - o qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.
Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin bariz nümunəsidir”.
Bunu Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.
İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlət başçısı bildirib: “Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirə məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edir.
***
İtaliyanın “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.
"Report"un Çernobbioya ezam olunmuş əməkdaşı xəbər verir ki, Komo gölünün sahilindəki Villa d'Estedə sentyabrın 6-dan 8-dək keçiriləcək ənənəvi forumda Azərbaycan Prezidenti İlham Əliyev, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban və İordaniya Kraliçası Raniyə əl-Abdullahın iştirakı gözlənilir. İtaliya Prezidenti Sercio Mattarella beynəlxalq tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.
Forumda 6 ölkənin dövlət və hökumət başçıları, İtaliyanın 13 yerli icraedici orqanının rəhbəri və 11 nazir, ümumilikdə isə 27 ölkədən siyasi, akademik, institusional və biznes sahəsində məruzəçilər və qonaqlar iştirak edəcəklər. Hər il 300 məruzəçinin iştirak etdiyi, 400-dək jurnalistin işıqlandırdığı tədbirin baş tutması üçün 1300-dən çox insan çalışır. Forum İtaliya üçün təxminən 4 milyon avro sosial-iqtisadi təsirə malikdir və ÜDM-ə 2 milyon avro töhfə verir.
1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan və Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur.
Builki forum çərçivəsində həmçinin Villa d'Estedə “Dünyaya 50 illik baxış” adlı fotosərgi açılıb.
İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.
Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.
Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın “Chigi” Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.
Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə “Eni” arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Cənubi Qafqazda təhlükəli geopolitik oyunlar intensiv xarakter alıb. Belə ki, bu regiona birbaşa aidiyyatı olmayan kənar beynəlxalq güclər israrla Cənubi Qafqaza yerləşməyə can atırlar. Üstəlik, həmin beynəlxalq güclər öz geopolitik maraqları naminə regionda hərbi-siyasi situasiyanı məqsədyönlü şəkildə gərginləşdirməyə də cəhd göstərirlər. Və bu, hazırda Cənubi Qafqazın gələcək taleyinə ən ciddi təhlükə mənbəyinə çevrilməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, ABŞ Avropa Birliyi və Fransanın Cənubi Qafqaz maraqlarının reallaşdırılmasında Ermənistan "geopolitik alət" rolunu oynayır. Qərb məhz Ermənistan üzərindən iki önəmli regional prosesə nəzarəti ələ keçirməkdə israrlı mövqe tutur. Onlardan birincisi Azərbaycan-Ermənistan yekun sülh sazişinin hazırlanması və imzalanması ilə bağlı prosesdir. Qərbdə hesab edirlər ki, bu önəmli sənədin müzakirə prosesi birmənalı şəkildə nəzarətə alınmalıdır. Və burada əsas məqsəd Cənubi Qafqaza sülh, sabitlik gətirilməsinə dəstək vermək deyil, məhz Qərbin məkrli hədəflərinə geniş imkanlar açmaqdır.
Məsələ ondadır ki, Qərb siyasi dairələri yekun sülh sazişinin mətninə öz maraqları çərçivəsində müdaxilə şansı qazanmağa cəhd göstərirlər. Hesab edirlər ki, əgər, buna nail olsalar, yekun sülh sazişi Qərbin Cənubi Qafqazdakı maraqlarını ifadə və icra edən hüquqi sənədə çevrilə bilər. Və bu, Qərbin regionda əsas geopolitik oyunçu statusunu təmin edən siyasi-hüquqi mexanizmin yaradılmasına cəhd anlamı daşıyır.
Digər tərəfdən, Qərb siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin məhz Avropa ölkələrindən birində imzalanmasında xüsusi maraqlıdır. Çünki buna nail olunarsa, deməli, Cənubi Qafqazda geopolitik iradə sahibinə çevrilmək planları güclənmiş olacaq. Və xüsusilə də, Rusiya bu regionda tamamilə oyundan kənar vəziyyətə düşəcək.
Təbii ki, Kreml Qərb siyasi dairələrinin bu oyunlarının əsas hədəflərini anlamamış deyil. Ona görə də, Rusiya son vaxtlar fəallaşaraq, Qafqaz sülh masasında orbitr rolunu geri qaytarmağa çalışır. Qərb isə Ermənistanın üzərindən Rusiyanın geri dönüş cəhdlərini bloklayır. Rəsmi İrəvan Rusiyanın regional sülh prosesinə vasitəçilik etməsinə müqavimət göstərir. Və bunu daha çox Azərbaycan-Ermənistan ikitərəfli təmaslarının hazırda effektiv olması ilə arqumentləşdirməyə çalışır.
Əslində isə bu, Qərbin təlimatları ilə hərəkət edən Ermənistanın siyasi manipulyasiyalarından başqa bir şey deyil. Çünki Qərbin vasitəçilik mövzusu gündəmə gələrkən, rəsmi İrəvan ikitərəfli təmasları ön plana çəkməyə ehtiyac duymur. Əksinə, Qərbin vasitəçilik missiyasının faydalı ola biləcəyini iddia edərək, buna razı olduğunu qabardır. Və bu, hazırda Qərblə Rusiya arasında əsas qarşıdurma mövzusu kimi diqqəti çəkir.
Halbuki, vasitəçilik mövzusunda yeganə prinsipial qərar vermək hüququ olan tərəfin Azərbaycan olması Ermənistan və Qərbin planlarını pozur. Çünki rəsmi Bakı konkret faktlarla artıq dəfələrlə sübuta yetirib ki, ABŞ, Avropa Birliyi və Fransa Azərbaycana qarşı qərəzli mövqedədir, ermənipərəst regional siyasət yürüdür. Bu səbəbdən də, rəsmi Bakı Qərb siyasi dairələrinin Qafqaz sülh masasına qatılmasınə qətiyyən istəmir. Və hazırda Azərbaycanın prinsipial mövqeyi Qərbi can atdığı əsas hədəfindən uzaq tutmaq üçün yetərli görünür.
Ancaq ABŞ, Avropa Birliyi və Fransanın nəzarəti ələ keçirməyə can atdığı digər önəmli geopolitik proses məhz Zəngəzur dəhlizinin açılması ətrafında aparılan müzakirələrdir. Belə ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunması baxımından, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması qədər böyük əhəmiyyət daşıyır. İndi həm Qərb, həm də Rusiya Zəngəzur dəhlizinə can atır, bu önəmli geoiqtisadi marşruta nəzarəti ələ keçirtməyə cəhd göstərir. Və nə qədər qəribə də olsa, bu qarşıdurmada İran da iştirak etməyə çalışır, daha çox əngəlləyici faktor rolunda çıxış edir.
Təbii ki, hələlik İranın bu məsələdə mövqeyi Zəngəzur dəhlizinin gələcək taleyinə real təsir imkanlarından uzaqdır. Çünki Zəngəzur dəhlizinin açılmasında birbaşa maraqlı olan Rusiya İranı istənilən halda, neytrallaşdıra biləcək mexanizmlərə malikdir. Ona görə də, hazırda Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə yönəlik əsas qarşıdurma ilk növbədə Qərblə Rusiya arasında baş verməkdədir. Və bu qarşıdurmanın real nəticələri bir çox önəmli suallara cavab tapılmasında həlledici xarakter daşıyır.
Məsələ ondadır ki, Kreml Zəngəzur dəhlizinə təkbaşına nəzarət etməyə iddialıdır. Rusiya siyasi dairələri bu iddialarını əsasən 10 noyabr üçtərəfli anlaşması üzərindən arqumentləşdirir. Çünki həmin sənəddə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, ona Rusiya sərhədçilərinin nəzarət edəcəyi qeyd olunub. Kreml üçtərəfli anlaşmaya imza atmış Ermənistan baş naziri Nikol Paşinyandan öz üzərinə götürdüyü öhdəlikləri mütləq icra etməsini tələb edir. Və məhz həmin üçtərəfli sənəd hazırda rəsmi İrəvanı kifayət qədər qəliz vəziyyətə salmağa başlayıb.
Qərb siyasi dairələri Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini yolverilməz hesab edirlər. Ona görə də, rəsmi İrəvana Rusiyanı Zəngəzur dəhlizinə yaxın buraxmamaq təlimatı verilib. Üstəlik, Paşinyan hakimiyyətinə bu məsələdə manipulyativ dəstək üçün yeni uydurma variant da gündəmə gətirilib. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı üçtərəfli anlaşmaları pozmaqda suçlayan Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə iştirakını yolverilməz hesab edir. Və Rusiya sərhədçilərinin bu marşruta buraxılmayacağını da qabardır.
Maraqlıdır ki, ABŞ, Avropa Birliyi və Fransa Zəngəzur dəhlizi ilə bağlı yeni məkrli plan hazırlayıb. Həmin plana görə, Ermənistanın müraciəti əsasında Zəngəzur dəhlizinə özəl xarici şirkətin nəzarət etməsi vacib hesab olunur. Yəni, ABŞ, Avropa Birliyi və Fransa indi məhz "özəl xarici şirkət" adı altında Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtmək planları qurmaqdadır. Və həmin "özəl xarici şirkət"in məhz Qərbin ortaq maraqlarını təmsil edəcəyi qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək ən önəmli geostrateji layihəyə nəzarəti ələ keçirmək üçün yeni manipulyativ ideyalar icad etməyə çalışırlar. Halbuki, bu, Cənubi Qafqazda geopolitik hədəfləri olan rəqib düşərgənin maraqlarına zərbə xarakteri daşıyır. Belə ki, Azərbaycan, Türkiyə, Rusiya və Çinin Zəngəzur dəhlizi ilə maraqları daha çox uzlaşır. Və bu baxımdan, Qərbin yeni "ideya"sının baş tutacağı da qətiyyən inandırıcı görünmür.
Hər halda, Qərb "özəl xarici şirkət" ssenarisi ilə Zəngəzur dəhlizini ələ keçirtməkdə israrlı olarsa, Azərbaycan müvəqqəti də olsa, bu layihənin reallaşdırılması ilə bağlı müzakirələrdən imtina edə bilər. Yəni, rəsmi Bakı Qərbin Zəngəzur dəhlizində peyda olmasına imkan vermək niyyətində deyil. Böyük ehtimalla rəsmi Bakı Azərbaycan, Türkiyə və Rusiyanın ortaq nəzarət formatına daha çox üstünlük verə bilər. Və bu halda, yalnız Qərbin deyil, həm də Zəngəzur dəhlizi ilə bağlı prosesdə Rusiya ilə maraqları toqquşan İranın da neytrallaşdırılması da ciddi problem yaratmaz.(Musavat.com)
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
"“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
***
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.