![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.
"Yol-xeber.az" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.
Eyni zamanda, dövlətimizin başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verildi. Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edildi.
Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
“Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə, layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib”.
“Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.
“Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir”, - Ayxan Hacızadə qeyd edib.
Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Məktubun mətnində deyilir:
Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin uzaqgörən rəhbərliyiniz altında Tacikistan hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.
Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli
Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir.
Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Əminəm ki, həyata keçirdiyimiz çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrimizin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar dövlətlərarası əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Ina təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciət mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir:
"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.
Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir, Rusiyaya qarşı beynəlxalq sanksiya kampaniyasının tərkib hissəsi olmaqdan isə yayınır... Rəsmi Bakının bu praqmatik mövqeyi Rusiya və Ukrayna üçün etimad limitinin açılması baxımından, önəmlidir və Azərbaycanın vasitəçilik missiyasının gündəmə gəlməsində əsas faktordur...
Azərbaycanın beynəlxalq siyasi məkanda nüfuzu artır, geopolitik mövqeləri isə ciddi şəkildə möhkəmlənir. İndi rəsmi Bakı yalnız Azərbaycanın Cənubi Qafqazda və bu region ətrafında geopolitik iradə mərkəzi olması ilə kifayətlənmək niyyətindən çox-çox uzaqdır. Çünki hazırda Azərbaycan həm də dünya üzərində siyasi fəallığı ilə diqqəti çəkir. Və rəsmi Bakı beynəlxalq siyasi məkanda da Azərbaycanın aparıcı iradə sahibinə çevrilməsi istiqamətində iddialı addımlar atır.
Məsələ ondadır ki, Azərbaycan beynəlxalq məkanda müstəmləkəçilik fəaliyyətinə qarşı qlobal müqavimət hərəkatının əsas aparıcı lideri rolunda çıxış etməyə başlayıb. Xüsusilə də, rəsmi Bakı son vaxtlar Fransa və Hollandiyanın müstəmləkəçilik siyasətinə ardıcıl və sarsıdıcı zərbələr endirməkdə davam edir. Üstəlik, Azərbaycan bu istiqamətdə fəaliyyətini genişləndirməkdə də israrlı və qətiyyətli davranır. Və bu baxımdan, beynəlxalq müstəmləkəçilik mərkəzlərinin, xüsusilə də, ermənipərəst Fransa-Hollandiya cütlüyünün Azərbaycanı hədəfə almağa çalışması qətiyyən gözlənilməz deyil.
Halbuki, Azərbaycanın Fransa və Hollandiyanın daha hegemon olduğu Avropa məkanında strateji tərəfdaşları da mövcuddur. Avropa Birliyinə üzv olan on önəmli dövlətlə Azərbaycan arasında stratejı münasibətlərlə bağlı hüquqi sənədlər qüvvədədir. Rəsmi Bakı bu ölkələr ilə iqtisadi-ticari əməkdaşlığı genişləndirməkdə davam etdirir. Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsi üzrə ən etibarlı strateji tərəfdaşı olması da rəsmi Bakının beynəlxalq məkanda siyasi iradəsini ön plana çıxarır. Və bütün bunlar Azərbaycanın dünya səviyyəsində siyasi manevr imkanlarını gücləndirir.
Maraqlıdır ki, son vaxtlar Avropa Birliyi ölkələri növbəti dəfə Azərbaycana möhtac duruma düşməyə başlayıblar. Belə ki, Ukrayna savaşının davam etməsinə baxmayaraq, Rusiya enerji resurslarının Qərbə nəqli ilə bağlı elə bir ciddi problem yaranmamışdı. Hər halda, ABŞ və Qərbin çoxsaylı sanksiyaları olsa da, Avropa Birliyi ölkələri məhz Ukrayna üzərindən Rusiya enerji resurslarının idxalını davam etdirirdilər. Və bu, Qərbin Rusiyaya qarşı sanksiyalara Avropa Birliyinin tam riayət etməməsi anlamı da daşıyır.
Ancaq bu istiqamətdə artıq ciddi problemlər də yaranmağa başlayıb. Belə ki, Rusiya enerji resurslarının Ukrayna üzərindən Avropaya nəqli ilə bağlı rəsmi Kiyev və Kreml arasında qüvvədə olan müqavilənin müddəti bu ilin sonunda yekunlaşacaq. Yəni, növbəti ilin əvvəlindən etibarən Avropa ölkələri Ukraynadan keçən boru kəməri ilə Rusiyadan təbii qaz idxal edə bilməyəcəklər. Və bu, hazırda Avropa məkanında olduqca ciddi narahatlıq yaratmağa başlayıb.
Son məlumatlara görə, Azərbaycan bu məsələnin həllində ən etibarlı vasitəçi ölkəyə çevrilmək üzrədir. Belə ki, rəsmi Bakı Ukrayna və Rusiya arasında təbii qazın tranziti üzrə müqavilənin uzadılması məqsədilə aparılan danışıqlar prosesinə vasitəçilik etməyə başlayıb. Yəni, indi Avropa ölkələrinin Ukrayna üzərindən Rusiya təbii qazını ala bilib-bilməyəcəyi böyük ölçüdə Bakı platformasında aparılan danışıqların yekun nəticələrindən birbaşa asılıdır. Və bu, Azərbaycanın Avropa məkanında siyasi-iqtisadi iradəsini əhəmiyyətli dərəcədə gücləndirən strateji faktor sayılır.
Məsələ ondadır ki, rəsmi Bakıya bu danışıqlarda vasitəçilik etməsi üçün Rusiya, Ukrayna və Avropa qurumları müraciət ediblər. Ona görə də, Azərbaycan artıq bir neçə aydır ki, bu önəmli problemin pozitiv həllinə nail olmaq məqsədilə Rusiya və Ukrayna siyasi dairələri arasında təmaslar qurub. Böyük ehtimalla bundan məmnun olmayan bəzi beynəlxalq dairələr də olmamış deyil. Daha çox ermənipərəst mövqedən çıxış edən həmin beynəlxalq dairələr bir müddət öncə Azərbaycan və Ukrayna arasındakı münasibətləri korlamaq məqsədilə müəyyən pozuculuq cəhdləri göstərdilər. Və hazırda mövcud olan situasiya həmin cəhdlərin hələlik uğursuz olduğunu təsdiqləyir.
Hər halda, Prezident İlham Əliyevin son açıqlamaları onu göstərir ki, rəsmi Bakı Ukrayna və Rusiya arasında yalnız enerji resurslarının tranziti üzrə vasitəçilik ilə kifayətlənmir. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqların təşkilində də iştirak edə biləcəyini vurğulayıb.
Azərbaycan lideri rəsmi Bakının həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı etimada bağlı pozitiv münasibətlərə malik olduğuna diqqəti çəkib: "Biz hesab edirik ki, Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı münasibətləri mövcuddur. Biz bütün ölkələrin, o cümlədən də, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Eyni zamanda, biz Rusiyaya qarşı sanksiya kampaniyasının tərkib hissəsi deyilik və olmayacağıq".
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə praqmatik münasibətlərə malik olduğundan bu iki ölkə arasında sülh danışıqları prosesində də pozitiv rol oynaya bilər. Azərbaycan lideri eyham vurub ki, bir çoxlarının bu prosesdə iştirak etmək istədikləri barədə məlumatlıdır. Ancaq Azərbaycanın iştirakına ehtiyac duyularsa, rəsmi Bakı bu prosesə vasitəçilik edərək, iki ölkənin sülh danışıqlarında uğur qazanmasına dəstək olmağa hazırdır. Və bu, rəsmi Bakının Azərbaycanın artan beynəlxalq nüfuzuna bağlı geopolitik iddialarının genişləndiyini də göstərir.
Göründüyü kimi, Azərbaycan artıq yalnız regional deyil, həm də beynəlxalq məkanda geopolitik iradə sahibinə çevrilməyə başlayıb. Rəsmi Bakı hazırda Rusiya və Ukrayna arasında enerji anlaşmasının uzadılması üzrə danışıqlara vasitəçilik edir. Yaxın vaxtlarda Azərbaycanın Rusiya və Ukrayna arasında sülh danışıqlarına ən uyğun platforma olma ehtimalı da mövcuddur. Və bu baxımdan, Azərbaycan dünyanın aparıcı ölkələri sırasında ön plana çıxmaq şansını ciddi şəkildə artırması ilə diqqəti çəkir.(Yeni Müsavat)