Paşinyan sülhə gəlmək istəyəndə... - ƏYLƏCİ BASIRLAR...“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə haqqında saziş Avropa Birliyinin mülki missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Hikmət Hacıyev qeyd edib ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.
“Yəni sülh və qarşılıqlı anlaşma şəraitində, iki dövlət arasında həyata keçirilən bu prosesin gedişatını nəzərə alaraq, hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının da Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə də ehtiyac yoxdur. Və bu missiyanın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bizimyol.info xəbər portalına açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində praqmatik fəaliyyət göstərən və sülhün tezləşdirilməsi üçün daha çox fəaliyyət göstərən tərəf Azərbaycandır.

“Azərbaycan maksimum çalışır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezləşdirilsin. 3-cü qüvvələr prosesə müdaxilə edərək, prosesi pozmasın, bölgədə sülhə zərbə vura bilməsinlər. Azərbaycan regional müstəvidə danışıqların aparılmasıyla bağlı təklif irəli sürüb və bu region dövlətləri tərəfindən də müsbət qarşılanıb. Azərbaycan Ermənistanla ikitərəfli görüşləri davam etdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb və bu proses davam edir. İkitərəfli görüşlərin nəticəsi olaraq danışıqlar prosesində pozitiv reydlər müşahidə olunandan sonra Qərb missiyaları narahatlıqlarını açıq şəkildə büruzə veriblər. Bəllidir ki, Azərbaycanla Ermənistan arasında sülh bağlanılandan sonra Qərbin ümumiyyətlə bölgəyə müdaxilə imkanları sıfıra enəcək. Təbii ki, bu da Qərbin geosiyasi maraqlarına qarşıdır. Qərb bölgəyə müdaxilə edə bilməyəcəyi üçün geosiyasi maraqlarına zidd olan sülhü təhdid kimi qəbul edir”-deyən politoloq hesab edir ki, Avropa İttifaqının missiyasının bölgədə fəaliyyəti sülhə töhfə vermək deyil, əksinə sülhə maneə yaratmaqdır.

Əli Zülfüqaroğlu hesab edir ki, bunun üçün son zamanlar Ermənistan hökümətinə Qərb tərəfindən ciddi şəkildə təzyiqlər olduğunu müşahidə edirik: “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi zamanı Ermənistan müsbət yöndə açıqlamalar verəndən sonra biz görürük ki, Qərb tərəfindən Ermənistana səfərlər artır. Hətta Ermənistan daxilində hökümətə qarşı təzyiqlərin, eyni zamanda cəbhədə müəyyən təxribatların baş verməsinin şahidi oluruq. Təbii ki, bu da bəlli məqsədə hesablanıb”.

Əli Zülfüqaroğlu bildirib ki, Qərb Ermənistan hökumətinə kifayət qədər təsir imkanlarına malikdir və Qərb burada sülhə maneə olmaqla, yəni Ermənistan dövlətçiliyini təhlükəyə salmaqla yalnız öz maraqlarını həyata keçirməyə çalışır. Bu səbəbdən də, Avropa İttifaqı missiyasının bölgədən çıxmasını tamamilə əsaslı hesab edən politoloq vurğulayıb ki, bu sülhə töhvə verəcək amillərdən biri olmaqla yanaşı, Ermənistanın özü üçün də vacib şərtdir: “Ermənistan hökuməti, xüsusilə Paşinyan bir növ Qərbin girovluğundadır və Paşinyan bilir ki, əgər müstəqil siyasət yürüdərsə və yaxud Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olan tələblərinə “hə” deyərsə və sülhə doğru addım atarsa, o zaman şəxsi həyatı da təhlükəyə düşə bilər”.

Əli Zülfüqaroğlu Avropa İttifaqı missiyasının bölgəni tərk edəcəyini və Ermənistanın da buna “hə” deyəcəyini düşünmür. “Ermənistanın ATƏT-Minsk qrupunun ləğvi ilə bağlı Qərbin təzyiqlərindən çəkindiyi üçün addım atmır. Eyni zamanda burada özü üçün imitasiya imkanları yarandığı üçün buna getmir”-deyən Əli Zülfüqaroğlu hesab edir ki, Avropa İttifaqı missiyasının bölgədən çıxarılması xoşluqla baş verməyəcək.

“Ermənistan buna heç bir halda getməz və Qərb tərəfindən bu istiqamətdə təzyiqlərə də Ermənistanın hökümətinin davam gətirməsi buna qarşı olması mümkün deyil”-deyə politoloq vurğulayıb.


“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində addımlar atılır. Ötən həftə Ermənistan və Azərbaycanın sərhəd komissiyaları birgə fəaliyyətin əlaqələndirilməsi üzrə işləri başa çatdırıb və dövlətdaxili prosedurların icrasına başlayıblar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib.

Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımları şərh edən Aleksanyan, iki ölkənin yaxın zamanda sülh bağlayacağına əmin olduğunu qeyd edib:

“Bu, iki ölkə arasında sülhün bərqərar olması üçün çox mühüm addımdır. Amma ən mühüm şərt arzudur və Ermənistanın Azərbaycanla sülh münasibətləri qurmaq istəyi var. Şübhə etmirəm ki, Azərbaycanın da sülhsevər niyyətləri var, ona görə də ümid edirəm ki, dövlət komissiyalarının birgə işi daha bir müsbət nəticə verəcək və bundan sonra işlər artıq sübut edilmiş daxili dövlət mexanizmləri üzrə gedəcək”, - deyə N.Aleksanyan bildirib.

Sentyabrda yeni gərginlik gözlənilir?

Sərhəddə atəşkəsin pozulmasına toxunan Aleksanyan, sentyabr ayında gərginliyin yaşanmayacağına ümidvar olduğunu sözlərinə əlavə edib:

“Əslində, ən dramatik hadisələr məhz sentyabrda baş verib. Mən ümid edirəm ki, bu sentyabr dinc keçəcək və bunun ardınca sülh gələcək. Ermənistanın, ən azı, Azərbaycan ərazilərni işğal etmək arzusu və ya niyyəti yoxdur, ona görə də bu müharibənin necə olacağı barədə çox az təsəvvürüm var. Ümid edək ki, sentyabrların bu “ölümcül zənciri” sona çatar”, - deyə N.Aleksanyan əlavə edib.
İranı Azərbaycansız dəyişmək mümkün deyil... - Belə bir plan varsa...“İranda milli azadlıq hərəkatları çox ciddi şəkildə cərəyan edir. Bu prosesin aparıcı gücü Güney Azərbaycanda yaşayan Azərbaycan türkləridir. Azərbaycan türklərinin tarixi keçmişindən, dövlətçilik ənənəsindən, onun o zəngin dilindən, mədəniyyətindən qaynaqlanan bir sıra dəyərlər var ki, o dəyərləri bu gün Azərbaycan milli azadlıq hərəkatının siyasi müstəvidə tələblərinin təsirini bir neçə qat artırır. Digər qeyri-fars millətləri bunun fərqində olduqlarına görə, Azərbaycan türklərinin apardıqları milli-siyasi mübarizənin nə qədər əsaslı getməsinə inanırlar və onu dəstəkləyirlər. Və bu əsasda gözləntiləri var ki, onların da milli hüquqları rəsmiyyətlə tanınmayacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada bir neçə məsələni nəzərə almaq lazımdır.

Məsud Pezeşkiyanın İranda prezident kimi seçilməsində bir tərəfdən hakimiyyətin maraqları var idi. Onların daxili çəkişmələrindən qaynaqlanan prosesdən irəli gəlirdi. Digər tərəfdən Məsud Pezeşkiyanın namizədliyinin təsdiq olunması və əslən azərbaycanlı olması ona imtiyaz yarada bildi ki, azərbaycanlılar hüquqlarını gündəmə gətirməklə ona dəstək verdilər. Və onun o prezident seçilməsi qaçılmaz bir proses oldu.

Məsud Pezeşkiyana imkan vermirlər. Hətta bəziləri çalışırlar ki, Azərbaycan türkcəsində - ədəbi dildə bir kitab yazsınlar. Bu da qəbul edilmir. Deyirlər ki, burada yazılan ədəbiyyat gündəlik, məişətdə işlənilən dil kimi səslənmir. Yəni dolayısıyla fars lüğətlərindən, fars kəlmələrindən, fars sözlərindən daha çox istifadə olunması tələb olunur. Gördüyünüz kimi nə qədər yasaq və basqılar var. Bu səbəbdən də, bu yasaqların və basqıların aradan qaldırılması üçün dil haqqında qanunlar da qəbul olunmalıdır”-deyən Sadiq İsabəyli bildirib ki, bütün bu prosesin aparılması müddətində orada yaşayan qeyri-fars millətlərinin tarixi kimlikləri, onların mədəniyyətləri, adət-ənənələri, kültürləri və bütün bu təməl kimliklərini yaradan amillər rəsmiyyətlə tanınmalıdır.

Sadiq İsabəyli hesab edir ki, onlara o mədəniyyətin qorunub saxlanılması üçün şərait yaradılmalıdır.
Prezident Romada Klaudio Deskalzi ilə görüşüb - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Bu barədə "Report"un əməkdaşı xəbər verir.
İtaliya qəzeti Azərbaycanın rəsmi Roma üçün oynadığı rolun əhəmiyyətindən yazıb

İtaliyanın əsas mətbu orqanlarından olan “Formiche” qəzeti Prezident İlham Əliyevin Romaya səfəri zamanı müzakirə olunacaq məsələlərə, Azərbaycanın regionda və dünyada oynadığı vacib rola dair məqalə yayımlayıb.

Yazıda deyilir ki, Azərbaycan həm Asiyada, həm də Avropada müxtəlif mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir və bu, ona əsl körpü rolunu oynamağa imkan verir.

Bildirilir ki, Baş nazir Giorgia Meloninin hökuməti bunun fərqindədir və ümumi strategiyaları həyata keçirmək üçün həmin geosiyasi məkanla dialoqu gücləndirməyi hədəfləyir.

“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır”, - yazıda vurğulanır.

Məqalədə iki ölkə arasında əlaqələrin güclü olduğu qeyd edilir və xatırladılır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

Eyni zamanda, “Ansaldo Energia” ilə “Azərenerji” arasında müqavilənin, habelə Azərbaycan Hərbi Hava Qüvvələrinə “Leonardo” şirkətinin istehsalı olan “C-27 J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin tədarükü üçün müqavilənin imzalanmasına diqqət çəkilib.

Roma-Bakı əlaqələrinin nəinki müdafiə, həm də mədəniyyət baxımından da möhkəm olduğu yazıda bildirilir. Belə ki, Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulduğu diqqətə çatdırılıb.

Bundan başqa məqalədə bu gün Ukraynada davam edən müharibənin İtaliyanın enerji təchizatına təsiri məsələsinə də toxunulub:

“Bu kontekstdə Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən təbii qazı Avropaya nəql edən Cənub Qaz Dəhlizi adlanan layihənin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu qeyd etməyə bilmərik. Bu günə qədər Avropaya təxminən 26 mlrd. kubmetr qaz nəql edilib. Trans-Anadolu Boru Kəməri ilə Türkiyə sərhədinə birləşdirilən TAP Yunanıstanın şimalından, Albaniyadan, sonra isə Adriatik dənizi boyunca Apuliya (İtaliya – red.) sahillərinə qədər keçir və Avropa ilə Qafqaz arasında yerləşən bir sıra ölkələri əhatə edir”.

Yazıda o da bildirilir ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşmır, Bakı noyabrda COP29-u keçirməyə hazırlaşır.

Məqalədə Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə də yer verilib. Bu kontekstdə “Bakı prosesi”nin əhəmiyyətinə toxunulub.

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb.

"O, "News.ru" informasiya portalına müsahibəsində bildirib ki, həmin şəxslərlə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.

“Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlərlə bağlı cinayət işi materialları ilə tanışlıq prosesi gedir - bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq normalara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - Baş prokuror bildirib.

Müxtəlif illər ərzində Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 Qarabağ separatçısına qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra separatçılar saxlanılaraq Bakıya aparılıb və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terror törətmək məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.

Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarır? (ŞƏRH)

"Rusiya Gürcüstanın ərazilərini yenidən Tiflisin nəzarətinə verə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov gürcü milyarder Bdzina İvanişvilinin səsləndirdiyi "Biz istənilən an ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə hazır olmalıyıq" fikrini şərh edərkən deyib.

"Gürcüstanda yaxınlaşan seçkilər öncəsi hakim partiyanın hansısa vədlər verməsi seçkidə xalqın dəstəyini qazanmağa hesablanmış addımdır. Son proseslər göstərir ki, Gürcüstanda seçkilər gərgin, hətta qarşıdurma həddində keçəcək Qərbyönlü müxalifətin və Qərbin Gürcüstanda ciddi addımlar atacağı gözlənilir. Rusiya ilə müharibədən sonra gürcü xalqı böyük ölçüdə Rusiyanın əleyhinədir", deyə Azər Qasımov bildirib.

Rusiyanın Qarabağdan ordusunu və Zvartnos hava limanından sərhədçilərini çıxarmasını əsas gətirən həmsöhbətimiz hesab edir ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması da hər hansı şərtlər daxilində mümkün ola bilər: 

"Təbii ki, bunun baş verməsi regionda stabilliyin yaranmasına xeyli töhfə verə bilər. Hesab edirəm ki, belə bir fakt mümkündür. Rusiya Gürcüstanın ərazilərini geri verə bilər. Bu, Rusiyanın imici baxımından da vacib amildir. Belə hal Rusiyanın Ukraynada apardığı müharibənin mahiyyətini də dəyişər və müharibə işğal müharibəsi kontekstindən çıxıb geosiyasi qarşıdurma mahiyyəti kəsb edə bilər. Rusiya isbat edər ki, onun bu müharibədəki məqsədləri işğal yox, geosiyasi mübarizədə üstünlük əldə etməkdən ibarətdir".

Qeyd edək ki, gürcü milyarder, Gürcüstanın "boz kardinalı" sayılan Bidzina İvanişvili ölkəsini istənilən an Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə həllinə hazır olmağa çağırıb: "Bunun üçün bizə maksimum legitimizasiya lazımdır. Unutmayın ki, bizə verilən hər mandat Gürcüstanın birləşməsinə verilən səsdir. Məhz bunun üçün "Gürcü Arzusu"na konstitusion üstünlük lazımdır.

Xatırladaq ki, Gürcüstan mətbuatı hakim partiyanın seçkidən sonra Abxaziya ilə konfederasiya məsələsini gündəmə gətirəcəklərini yazıb. Bununla bağlı Rusiya ilə razılığın olduğunu iddia edənlər də var. 

Dünya düzənini öz xeyrlərinə dəyişən Bakı və Ankara

Bu gün yeni dünya düzəni uğrunda gedən geosiyasi və geoiqtisadi proseslər fonunda dünya hərtərəfli formada dərin böhran içərisindədir. Bir zamanlar sivil dünya üçün vacib sayılan bütün dəyərlər və prinsiplər dəyərsizləşib və hazırda dünya demək olar ki, “cəngəllik qanunları” ilə idarə olunan bir məana çevrilib. Bu, artıq günümüzün acı reallığıdır. Demokratiya sivil dünyanın təqdim etdiyi mənada insan azadlıqları və hüquqları kimi törəmə ideya və tezisləri ilə birlikdə, ümumiyyətlə, arxa plana keçir. Bir sözlə, yaranmış böhran nəticəsində dünyadakı dəyərlər sistemi çöküb və ciddi bir boşluq yaranıb. 

Səbəbi də uzun müddətdir, barəsində danışılan yeni dünya düzəninin formalaşmasıdır ki, bu da hələlik  özü ilə nə yeni dəyərlər sistemi, nə yeni prinsiplər, nə yeni həyat “həqiqətləri” gətirir. Hazırda dünya hər iki ağrının ortasında, xaotik hərəkət mərhələsindədir. Bu ağrılı proses nə zaman başa çatacaq o da bilinmir. Ona görə də yaranmış durum dünyada ciddi təhlükəli qütbləşmələrə yol açmaqdadır. O baxımdan da ölkələr bu ağrılı proses başa çatanadək mövcud reallıqların yaratdığı şəraitə uyğun siyasətini qurub yaşamalı olacaq. 

Azərbaycan və türkdilli dövlətlər də dünyanın üzləşdiyi bu ağrılı proseslər coğrafiyasının mərkəzində yer aldığından siyasətlərini də buna uyğun şəkildə qurmaqdadırlar.

Onu da qeyd etmək lazımdır ki, dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər dövlətlərin təhlükəsizliyinə, sabitliyinə, suverenliyinə ciddi təhlükələr yaratdığı kimi, yeni fürsətlər də yaratmaqdadır. Uzaqgörən və müdrik lideri olan ölkə yeni dünya düzəninin qaydalarından faydalanaraq nəinki gözlənilən böhranların təsirini minimuma endirəcək, eyni zamanda bundan öz strateji inkişaf məqsədləri üçün faydalanacaq.
Azərbaycan isə yaranmış vəziyyətdən öz milli maraqlarını təmin etmək üçün faydalanmaqdadır. Azərbaycanın 30 illik erməni işğalına son verməsi və 2020-ci ilin sonunda etibarən Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratması, buna uyğun siyasətini həyata keçirməsi dediklərimizin bariz göstəricisidir. 

Azərbaycan yeni dünya düzəni uğrunda gedən savaşda yerləşdiyi coğrafiyanın yaratdığı fürsətlərdən maksimum faydalanaraq qarşısına qoyduğu strateji inkişaf hədəflərinə nail olmağa çalışır və buna nail olmaqdadır da. Bu səbəbdən də Azərbaycan çoxkombinasiyalı oyun taktikasına uyğun olaraq ən müxtəlif formatlı təşkilatlarda təmsil olunmaq yolunu seçməklə təkqütblü və çoxqütblü dünya uğrunda mübarizə aparan güclər, ölkələr arasında körpü rolunu oynamaqdadır. Bir sözlə, Azərbaycan yürütdüyü siyasətlə dünyadakı mövcud böhranın daha təhlükəli mərhələyə keçməsinin qarşısının alınmasına öz töhfəsini verməkdədir. Bu missiyanı həyata keçirdiyinə görə, Azərbaycan beynəlxalq miqyasda ciddi aktor rolunu oynamqdadır. 
Azərbaycanın gələcək strateji hədəfi Türk dünyasının siyasi-iqtisadi güc kimi beynəlxalq münasibətlər sistemində yer almasıdır. 

Bakı bu niyyətinin reallaşmasında digər türkdilli dövlətlər, xüsusən də qardaş Türkiyə ilə daha sıx və birgə fəaliyyət göstərməkdədir.

Bakı və Ankaranın uzunmüddətli birgə səyi nəticəsində Türk dünyasının sıx əməkdaşlığı və inteqrasiyası, siyasi birliyə çevrilməsi istiqamətində ciddi addımlar atılıb və atılmaqdadır. 

Ankara və Bakı birgə əməkdaşlığının əsas hədəfi həm də müstəmləkəçi ölkələrin neokolonialist siyasətinin qarşısını almağa xidmət edir. Bu məqsədə nail olmaq üçün Bakı və Ankaranın təkqütblü və çoxqütblü dünyanın tərəfdarı olan ölkələrin yaratdığı təşkilatlarda təmsil olunmaqla prosesə öz töhfələrini vermək istəyirlər. Bununla həm də mövcud proseslərin fürsətlərindən faydalanaraq Türk dünyasının bir siyasi-iqtisadi güc kimi ortaya çıxmasına çalışırlar. 

Bakı və Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT), İƏT, BRICS kimi təşkilarda təmsilçiliyi də məhz bu məqsədlərə xidmət edir. 

"Bloomberg"in yazdığına görə, Bakının ardınca Ankara da BRICS-ə üzv olmaq üçün ərizə verib və rəsmi Ankara bunu təkzib etməyib. Kreml isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cari ilin oktyabrında Kazanda keçiriləcək Zirvə görüşündə iştirak edəcəyini bəyan edib.

Bir çox qüvvələr Bakı və Ankaranın BRICS-də təmsilçiliyinə qarşı çıxaraq bunun mənfi fəsadlarının olacağını qeyd edirlər. 

Birincisi BRICS də ŞƏT kimi siyasi yox, birgə iqtisadi əməkdaşlıq təşkilatıdır. Təşkilatda xarici siyasi kursları üst-üstə düşməyən ölkələr təmsil olunur. Çin, Hindistan, Səudiyyə Ərəbistanı, İran, Misir, Birləşmiş Ərəb Əmirliyinin yürütdüyü xarici siyasət bir-birinə qarşı zidd xarakter daşıyır. Lakin iqtisadi əməkdaşlıq naminə bir təşkilatda bir araya gəliblər.

İkincisi, təşkilatda əsasən inkişaf etməkdə olan ölkələr, xüsusən Çin, Brazilya, Səudiyyə Ərbistanı, Birləşmiş Ərəb Əmirliyi, Cənubi Afrika Respublikası, Misir və sair ölkələr yer almaqdadır. 

Üçüncüsü, dünyadakı mövcud geosiyasi və geoiqtisadi böhranlar fonunda hər bir ölkə gözlənilən böhranlardan və risklərdən maksimum yan qaçmaq üçün ən müxtəlif ölkələr və təşkilatlarla, xüsusən də iqtisadi xarakterli təşkilatlarla əməkdaşlığa üstünlük verirlər. BRICS də bunlardan biridir. Təşkilatın əsas hədəfi sülhü, təhlükəsizliyi, inkişafı və əməkdaşlığı gücləndirməkdir. Fərqli düşüncəli ölkələrin bir araya gəldiyi BRICS-in məqsəd və vəzifələri arasında bəşəriyyətin inkişafına mühüm töhfə vermək, daha bərabər və ədalətli dünya yaratmaq da var.

BRICS eyni zamanda regionlararası səmərəli əməkdaşlıq üçün şərait yaratmaq və iştirakçı ölkələrin iqtisadi və texnoloji potensialının əhəmiyyətli dərəcədə gücləndirmək imkanları yaradır.

BRICS üzv ölkələrə yeni bazarlara çıxış imkanlarını genişləndirmək və bazar münasibətlərini asanlaşdırmağa, qarşılıqlı ticarətin və investisiyaların təşviqinə, investorlar və sahibkarlar üçün əlverişli biznes mühiti yaratmağa, iqtisadi əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi siyasət koordinasiyasını gücləndirməyə, xarici iqtisadi şoklara davamlılığı artırmağa imkan verir. Bütün sadaladığımız amillər həm Bakı, həm də Ankara üçün yeni imkanlar yaradır. Ona görə də həri iki qardaş ölkə burada təmsil olunmağa qərar verib. Bakı və Ankaranın BRICS-də təmsilçiliyi nəinki iki qardaş ölkənin çıxarları baxımdan, həm də Türk dünyasının bir güc kimi beynəlxalq aləmə çıxmasında öz müstəsna rolunu oynayacaq. 

Digər tərəfdən həm Bakı, həm də Ankara zamanında Qərbin siyasi və iqtisadi platformalarına sıx inteqrasiya olunmağa çalışıblar. Lakin Qərb buna imkan verməyib.

Türkiyə Avropa Birliyinə (Aİ) üzv olmaq üçün onilliklər ərzində irəliləyiş əldə olunmamasından məyus olduğundan üçünü Şərqə doğru çevrilib. Bu səbəbdən də həm ŞƏT, həm də BRICS-lə əməkdaşlıq yolunu seçib.

Ankaranın BRICS-i seçməsinin başqa bir səbəbi də bəzi NATO üzvləri ilə fikir ayrılıqlarının olmasıdır.  Ankaranın NATO üzvləri ilə fikir ayrılıqları Yaxın Şərqdəki münaqişələrdə və Rusiya-Ukrayna müharibəsində açıq-aydın şəkildə büruzə verib.

Onu da qeyd etmək lazımdır ki, Ankaranın BRICS-də təmsilçiliyi Türkiyənin NATO üzvlüyünüdə hər hansı formada kölgə salmır, əksinə, bu, Qərbin xeyrinədir. Çünki Türkiyə NATO qarşısında öhdəliklərini yerinə yetirməklə yanaşı, qlobal təsirini artırmaq və ənənəvi Qərb müttəfiqləri xaricində yeni əlaqələr qurmaq üçün BRICS-ə qoşulur.

Türkiyənin istər ŞƏT, istərsə də BRICS-də təmsilçiliyi Şərq və Qərblə münasibətlərinin tənzimlənməsində xüsusi rolu ola bilər. Necə ki biz bunun Rusiya-Ukrayna və digər münaqişələrdə şahidi olmuşuq.

Ümumiyyətlə, Ankara və Bakının belə formatlarda təmsilçiliyi həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlıqlara, həm də dünyada qlobal təhlükəsizlik arxitekturasının yaranmasına öz töhfəsini verəcək.

Prezident Romaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib.

Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.

Xəbər lenti