Türk ölkələrinin hərbi birliyi yaradılır? - AKTUALAzərbaycan siyasi, iqtisadi sahələrdə olduğu kimi hərbi sahədə də Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri ilə əməkdaşlığı dərinləşdirir.

Qeyd edək ki, Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan və Özbəkistanla da hərbi təlimlər həyata keçirməyə başlayıb. 2023-cü il ərzində Azərbaycanla Türkiyə arasında 14 hərbi təlim keçirilib. Həmçinin təşkilata üzv olan digər ölkələr arasında da birgə hərbi təlimlər baş tutub. Bu ilin avqustun 20-dən 23-dək Qazaxıstanın Almatı vilayətinin Jetısu rayonun-dakı Koktal poliqonunda “Altın kıran - 2024” (“Qızıl qartal-2024”) Azərbaycan-Qazaxıstan taktiki-xüsusi təlimləri keçirilib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkənin Hava Desant Hücum Qoşunlarının və Azərbaycan Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə baş tutub.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında vahid ordunun əsasının qoyulması təşəbbüsünün irəli sürülməsi mümkündür?

Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan, Türkiyə və digər türk ölkələrinin vahid ordusunun yaradılması reallıqdan uzaqdır:

“Ona görə ki, hər bir ölkənin öz milli ordusu var. Amma Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında hərbi birliyinin yaradılması ilə bağlı razılığa gəlmək olar. Belə bir birliyinin yaradılması istiqamətində addımlar atıla bilər. Xüsusilə vurğulayım ki, buna doğru yönələn müəyyən işartıları görürük.

Son illər Türkiyə ilə Azərbaycan, Azərbaycan ilə Qazaxıstan və Özbəkistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq daha da möhkəmlənir. Artıq Azərbaycan hərbçiləri təkcə Türkiyə deyil, həmçinin Qazaxıstan və Özbəkistan hərbçiləri ilə də hərbi təlimlərə cəlb olunublar.

Hərbi sahədə əməkdaşlığın dərinləşməsi və təlimlərin keçirilməsi türk ölkələrinin ordularının birgə inkişafına töhfə verə bilər. Hesab edirəm ki, TDT-nin sülhməramlı missiya üçün silahlı birləşmənin əsasının qoyulması mümkündür”.

Ekspert TDT-nin hərbi blokunun hələ uzun zamana ehtiyacı olduğunu bildirib:

“Yaxın zamanda hərbi blokun formalaşması qeyri-mümkündür. Çünki Türkiyə NATO-nun, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, Azərbaycan və Özbəkistan isə neytral ölkələrdir. Bu baxımdan hesab edirəm ki, NATO-nun üzvü Türkiyə, KTMT-nin üzvü Qazaxıstan və Qırğızıstan hərbi blokun formalaşması istiqamətində addım atmaq üçün siyasi iradə nümayiş etdirməlidirlər.

Hazırda bu, bir qədər çətin görünür və problem yarada bilər. Hər halda TDT-nin üzv ölkələri arasında hərbi sahədə əməkdaşlığın genişlənməsi optimaldır. Bu sahədə türk ölkələri fəaliyyətini davam etdirir”.
ilham-eliyevle-putin-arasinda-telefon-danisigi-oldu

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Onlar Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər.

Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək. Bundan başqa, Putin və Əliyev birbaşa təmasların davam etdirilməsinə razılıq veriblər.

Bildirilir ki, Rusiya bundan sonra da sülh müqaviləsinin bağlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Rusiya tərəfindən Bakı və İrəvana müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında mümkün olan hər cür kömək göstərməyə hazır olduğu təsdiqlənib”, - məlumatda qeyd olunur.

Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: “Cənubi Qafqazda mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası və iki dövlət arasında nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsi davam etdirilib”.

Bakı və İrəvan arasında vasitəçi olmaq istəmişdilər – Düşmən mövqeyinə çəkildilərQərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya yenidən Zəngəzur məsələsinə qayıdıb, Moskva açıq şəkildə İrəvanı dəhlizlə bağlı anlaşmaları pozmaqda günahlandırdı. Üstəgəl, Prezident Vladimir Putin Bakı səfərindən sonra məsələni Baş nazir Nikol Paşinyanla müzakirə elədi. Rusiyanın yenidən bu mövzuya üz tutması nədən xəbər verir?

- Moskva indi Azərbaycana daha çox inanır, nəinki keçmiş müttəfiqi və partnyoru Ermənistana. Baxmayaraq ki, Ermənistan hərbi, iqtisadi və digər istiqamətlərdə hələ də Rusiyadan asılıdır. Azərbaycan bölgədə Rusiya üçün daha etibarlı partnyora çevrilib. Biz də Rusiyanı yaxın saya bilərik. Heç olmasa ona görə ki, biz öz torpaqlarımızı azad edəndə Rusiya neytral qaldı, Ermənistanı müdafiə eləmək istəmədi.

Zəngəzur dəhlizinə gəlincə, bu xəttin açılmaması, Ermənistanın buna mane olması Rusiyanı qıcıqlandırır. Çünki məsələ Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr bəyanatında öz əksini tapıb, yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə öhdəlik götürüb. Həmin bəyanatda Putinin də imzası var. Paşinyan öhdəlik götürüb ki, dəhliz açılmalıdır. Yəni Rusiyanın bunu deməyə tam əsası var.

- Hesab etmək olarmı ki, Rusiyanın narazılığı həm də İrəvanın Qərbi prosesə cəlb etməsi ilə əlaqəlidir?

- Əlbəttə! Rusiya görür ki, Ermənistan ondan uzaqlaşır, KTMT-nin toplantılarında iştirak etmək istəmir, hərbi texnikanı Hindistan və Fransadan alır, Moskvanı tam mənada inkar edir. Bütün bunlar Rusiyanın bölgədəki maraqlarına Ermənistan tərəfindən vurulan zərbədir. Rusiya da bunu nəzərə alaraq Ermənistana bildirmək istəyir ki, əgər sən “müstəqil dövlət”sənsə və bizdən asılı deyilsənsə, onda öz öhdəliklərini yerinə yetir, imza atdığın sənədə əməl et. Bu, İrəvana birbaşa işarədir. Düşünürəm ki, Moskva bu yöndəki addımlarını davam etdirəcək.

- Ermənistanın silahlandırılmasından söz düşmüşkən, Qərb silahlarının bu ölkə üzərindən Ermənistana daşınması Tehranla Moskva arasında fikir ayrılığına səbəb ola bilərmi?

- İran bir çox məsələlərdə Rusiyanı dəstəkləyir, xüsusən də Ukrayna ilə savaşda. Rusiyaya dron və digər silahları verirlər. Ola bilsin, Moskva buna görə müəyyən qədər İrana göz yumur. Bəs İran niyə Qərbin Ermənistana silah göndərməsinə göz yumur? Aydın deyil. Azərbaycanı İsraillə yaxınlaşmaqda ittiham edir, amma özü Qərbə öz ərazisindən Ermənistana silah daşımağa imkan yaradır. Bu ikili yanaşma qıcıq doğurur.

Tehran dəfələrlə bəyan edib ki, Ermənistan bizə yaxın ölkədir, qonşudur və sair. Olsun, amma Qərbin Ermənistanı silahlandırması onun maraqlarına zidd olmalıydı. Məsələn, Fransa silahlarının Ermənistanda yerləşdirilməsi İranın maraqlarına cavab verməməliydi. Amma İran buna göz yumur, üstəgəl, yol verir. Çünki İran başa düşür ki, bu addımlar Azərbaycana qarşıdır. Belə anlaşılır ki, bu vəziyyət İranı qane edir. Hesab edirlər ki, Ermənistan silah almaqla Azərbaycan qarşısında “hərbi balans” yaratmağa nail olacaq. Yəni İran baş verənlərin Azərbaycana qarşı olduğunu düşündüyü üçün səsini çıxarmır.

- Niyə İran məsələni ancaq Azərbaycanla əlaqələndirir? Məsələn, İran “əzəli düşmən” adlandırdığı ABŞ-ın öz sərhədləri yaxınlığında yerləşməsini niyə özü üçün təhdid saymır?

- Azərbaycanın güclənməsi və Türkiyə ilə ittifaqın qurulması İranı narahat edir. Bura Pakistan-Azərbaycan-Türkiyə müttəfiqliyi də daxildir. Cənubi Qafqazda böyük bir güc yaranır. Söhbət ondan getmir ki, Azərbaycan Ermənistan və ya başqa bir dövlətə qarşı təhlükə yaradır. Görünür, bu durum fonunda Ermənistanın silahlanması İranı qane edir. İran bunu Pakistan-Azərbaycan-Türkiyə ittifaqına qarşı əks addımlar hesab etdiyi üçün bu işə qol qoyur. İran elə zənn edir ki, bununla Azərbaycanın daha da güclənməsinə imkan verməyəcək, həmişəki kimi yanılırlar. Ermənistan heç bir halda balansı öz xeyrinə dəyişə bilməyəcək, bunun üçün onun potensialı yoxdur.

- Diqqətçəkən bir məqam da, Almaniyanın Ermənistanın silahlandırılmasına qoşulmasıdır. Maraqlıdır, bir müddət əvvəl Bakı və İrəvan arasında “obyektiv vasitəçi rolu” oynamağa cəhd edən Berlin niyə birdən-birə belə kəskin dönüş etdi?

- Unutmayaq ki, Almaniya hökuməti koalision bir komandadır. Hökumətdə həm yaşıllar, həm sağçılar, həm də solçular təmsil olunur. Məsələn, xarici işlər naziri Annalena Berbok Yaşıllar Partiyasının nümayəndəsidir. Hökumətdə təmsil olunan hər bir partiyanın da öz mövqeyi və marağı var. Görünür, çoxluq hesab edir ki, Ermənistana dəstək vermək lazımdır, Kansler Olaf Şolz da bununla hesablaşmağa məcbur olur. Şolz düşünə bilər ki, bu mövqeyə qarşı əks addım atsa, koalisiya dağılacaq. Buna görə də, bəzi Qərb ölkələri ilə eyni addımlamağa çalışır.

- Fransa Prezidenti Emmanuel Makronun qarşıdakı həftələrdə Ermənistana gələcəyi bildirilir. Bu səfər nə ilə əlaqəlidir, hansı gəlişmələrə yol aça bilər?

- Makronun səfərini də dediyim kontekstdə şərh etmək olar, həminki mənzərənin bir hissəsidir. Uzun illərdir Fransanın Türkiyə ilə münasibətləri gərgindir, Paris heç bunu gizlətmir. İndiyədək Fransa ərazisində Türkiyənin bir neçə diplomatı öldürülüb, Paris dünyanın bir çox bölgəsində Ankaraya qarşı əks mövqedə durur. İndi Fransa hesab edir ki, burada da Türkiyəyə qarşı Ermənistan dəstəklənməlidir, silahlanmalıdır.

Fransa həm də əlindən gələni edir ki, Ermənistan Rusiyadan uzaqlaşsın və Moskva buradan kənarlaşdırılsın. Fransa Ermənistanı həm də buna görə silahlandırır. Makronun səfəri də bunun bariz sübutudur.

Fransanın atdığı addımlar onun Azərbaycanla da münasibətlərini gərginləşdirib. Fransa dəfələrlə Qarabağla bağlı daxili işlərimizə qarışmağa çalışıb, amma biz ona tutarlı cavabımızı vermişik. Həmçinin bizim Fransanın müstəmləkələri ilə bağlı sərt və barışmaq mövqeyimiz də var. Bu da Parisi qıcıqlandırır. İndi Makronun İrəvana gəlməsi bu duruma uyğundur.
Amerikalı səfirin “907-ci düzəliş”ə məntiqsiz “izahı” - Görünəni odur ki...“Amerika qoşunlarının Ermənistana gətirilməsi ilə bağlı Caliber.az-ın xəbəri cəfəngiyyatdır. ABŞ-ın İrəvandakı səfirliyi artıq bu məsələ ilə bağlı bəyanat verib”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İctimai TV-yə müsahibəsində deyib. “Təəssüf ki, bəziləri, o cümlədən Caliber var ki, ancaq təxmin edə biləcəyim məqsədlər üçün alovu yandırmağa, Ermənistanla Azərbaycan arasında çətinliklər yaratmağa çalışırlar”, - deyə diplomat qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığı üç ümumi məqsədə - bu ölkələrin suveren, demokratik olmasına və xarici təsirlərdən asılı olmamasına xidmət edir. “Mənə tamamilə aydındır ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır”, - deyə Libbi qeyd edib, baxmayaraq ki, hər iki ölkənin liderləri sülhə çox yaxın olduqlarını bəyan edib və bu, nikbinlik yaradır.

Libbi “Ermənistan Konstitusiyasının müddəalarının sülh sazişinə mane olub-olmaması” sualına cavab verərkən bunu dəyərləndirməyib. Onun sözlərinə görə, tərəflər özləri həll yolu tapmalıdırlar. ABŞ Konqresinin Azərbaycanla bağlı mənfi qiymətləndirilməsi ilə bağlı sualı cavablandıran səfir açıq şəkildə bildirib ki, Amerika demokratik ölkədir, konqresmenlərin bütün məsələlərdə öz fikirləri var və administrasiya onlara diktə edə bilməz. Bütövlükdə ABŞ-ın maraqlarına gəlincə, sülh sazişi lazımdır, korrupsiya olmamalıdır, qanunun aliliyi və müqavilələrin təminatları olmalıdır. “Əsrin müqaviləsinin bağlanması zamanı olduğu kimi, Azərbaycan xarici sərmayələri cəlb etmək istəyirsə, bu barədə düşünməlidir”, - səfir qeyd edib.

O, həmçinin qarşıdan gələn COP29 konfransının böyük əhəmiyyətini və Azərbaycanda yaşıl enerjinin yaradılması perspektivlərini qeyd edib. Səfir ABŞ-ın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirakına da toxunub və qeyd edib ki, son illər Amerika bu məqsədlər üçün külli miqdarda vəsait xərcləyib. “907 saylı düzəliş”in ikitərəfli münasibətlərdə ən böyük problem olduğu iddiasına isə səfir belə deyib: “Ən böyük problem insan haqları problemidir - jurnalistlərin, QHT-lərin və vətəndaş cəmiyyətinin həbsidir. Siz 907-ni ikitərəfli münasibətlərdə ən böyük problem kimi göstərə bilərsiniz, mən güman edərdim ki, bu, insan haqlarıdır”.

Amerikalı elçi həqiqətən məntiqsiz arqument gətirib. Bakı ABŞ-ın Azərbaycana hərbi yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”in ləğvindən, ölkəmizə 1992-ci ildən tətbiq edilmiş sanksiyadan danışır, jurnalist bu yöndə sual verir, Libbi isə məsələni ölkədə insan hüquqları, vətəndaş azadlıqları ilə müqayisə edərək ikincini ön plana çıxarır. Hərçənd bu sanksiya heç də insan haqları ilə bağlı tətbiq edilməyib. ABŞ Azərbaycan torpaqlarının işğalı prosesi getdiyi vaxtda Ermənistana yox, bizə hərbi yardımları qadağan edib və bunun insan haqlarının vəziyyəti ilə əlaqəsi yox idi. İkincisi, ABŞ insan haqlarının öz ölkəsində də ciddi problemlər olduğunu niyə unudur? Afroamerikalıların sıxışdırılması, işgəncə ilə öldürülməsi, hər halda, Azərbaycanda olmayıb. Ancaq Libbi “907-ci düzəliş”i Bakı-Vaşinqton arasında əsas problem kimi görmür...

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, “907-ci düzəliş” 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən qərardır: “Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdi, Baydenin də az rolu olmamışdı. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən Konqresdə irəli sürüldü. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxmışdı, buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edildi. 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Amma indiyə qədər “907-ci akt” ləğv edilmir".

Q.Hüseynlinin fikrincə, ABŞ səfiri uğursuz müqayisə aparıb: “Azərbaycan işğal faktına son qoydu, həmsədr ölkələrdən biri olan Amerika da təsdiqləyir ki, Qarabağ azad olunub, Azərbaycanın suveren ərazisidir. Ancaq qərar dəyişmir. Çünki ermənipərəst Baydenin canfəşanlığı ilə qəbul olunan bu düzəliş indi onun sayılı günləri qalan prezidentliyi dövründə çətin ki, ləğv edilsin. Libbi də həmin qərarın həmmüəllifi Baydenin göndərdiyi səfirdir, ondan başqa nə gözləmək olardı? Ancaq səfir etiraf etməlidir ki, bu sanksiya Azərbaycanda insan hüquqlarının vəziyyətinə görə qəbul olunmayıb. Hətta ölkədə insan haqları ilə bağlı problemlər mövcuddursa, bunu "907-ci düzəliş"dən daha önəmli kimi təqdim etmək səfirin diplomatik manipulyasiyasıdır. ABŞ-la Azərbaycan o qərarın ləğvini müzakirə etməlidirlər, insan hüquqları, həbslər mövzusunda tövsiyə xarakterli danışıqlar ola bilər, başqa heç nə. Sadəcə, səfir məlum düzəlişin əhəmiyyətini kiçiltməyə çalışıb".
İrəvanın rəsmi Bakıya qarşı hiyləgər gedişi - NƏ ETMƏLİ?“Paşinyan hakimiyyətinin “Dünyanın kəsişməsi” layihəsini həyata keçməsi qeyri-real görünür”.

Bu sözləri politoloq Asəf Nərimanlı “Cehbeinfo.az”-a şərhində Ermənistanın “Dünyanın kəsişməsi” (Sülh qovşağı) layihəsinin Zəngəzur dəhlizinə aternativ olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsi Ermənistanın kommunikasiya məsələsində hiygələr gedişidir:

“Həm Rusiya, həm də Qərb Azərbaycan ilə Ermənistan arasında kommunikasiyaların açılmasında maraqlıdır. Hər iki tərəf Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiya xətlərini öz nəzarətinə götürmək istəyir. Xüsusilə qeyd edim ki, Cənubi Qafqazda regional kommunikasiyalar məsələsində Azərbaycan əhəmiyyətli və mühüm rol oynayan yeganə aktordur.

Azərbaycanın maraqları nəzərə alınmadan nə Qərb, nə də Rusiya bu məsələdə heç nəyə nail ola bilməzlər. Regional kommunikasiyalara yönələn layihələr yalnız Azərbaycanın mövqeyini nəzər aldıqda reallaşa bilər.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərdən təkcə rəsmi Bakı deyil, həmçinin üçüncü tərəflər – Rusiya, Çin və Qərb ölkələri də istifadə edə bilər. Ermənistan özünün irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsi ilə onu göstərməyə çalışır ki, regionda bütün kommunikasiyaların reallaşması yalnız bu layihə üzərində baş tuta bilər. İrəvan belə bir mövqe ortaya qoyur”.

Ekspert bildirib ki, rəmi İrəvan bu məsələdə iki əsas məqsəd güdür:

“Birincisi, bütün kommunikasiya xətlərinin öz istədikləri formada açılmasına nail olmaq, ikincisi, Ermənistanı Avrasiya şəbəkəsində əsas pay sahibinə çevirməkdir. Doğrusunu desək, Ermənistan Azərbaycanın şərq-qərb və şimal-cənub arasındakı körpü roluna göz dikib”.

A.Nərimanlı vurğulayıb ki, Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi Azərbaycan tərəfindən qəbul olunmayacaq:

“Sülh naminə bu layihənin tərəfimizdən qəbul olunması Ermənistanın heç bir güzəştə getmədən qazanması anlamına gələr. Azərbaycan nə üçün Ermənistanın layihəsini qəbul etməlidir? Ermənistan heç nə vermək, heç bir güzəştə getmək istəmir. İrəvan Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən körpü roluna göz dikib”.

A.Nərimanlı əlavə edib ki, Paşinyan hakimiyyətinin bu layihəni həyata keçməsi real görünmür:

“Ermənistanın daxilindəki nəqliyyat infrastrukturu və magistral yollar mütləq müasir standartlara uyğunlaşdırılmalıdır. Bunun üçün də 3 milyard dollar vəsait tələb olunur. Ermənistanın isə bu qədər vəsaiti yoxdur.

İran əvvəl buna maraq göstərsə də, sonradan geri çəkildi. Çünki İrəvan və Tehran vəsaitin qoyuluşu məsələsində razılığa gələ bilmədilər. Bu baxımdan Ermənistanın “Dünyanın kəsişməsi” layihəsinin baş tutması faktiki olaraq real görünmür”.
İlham Əliyev Moldovanın prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sandunu Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Moldova arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq
Azərbaycan-Moldova ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafı və genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.

 

 

 

 
Ermənistanda ABŞ-nin güclənməsi İranı niyə narahat etmir? - RƏY

ABŞ Ermənistanda, xüsusilə də Zəngəzur bölgəsində mövqelərini gücləndirir.

Bu fikirləri jurnalist Turan İbrahimov "Baku TV"nin efirində səsləndirib.

O bildirib ki, Ermənistanı hazırda silahlandıran, revanşizmə həvəsləndirən ABŞ-dir:

“Caliber.az saytının təqdim etdiyi görüntülər var. Hazırda Ermənistanı Fransa və Hindistan da silahlarla təmin edir. Bütün bu proseslərə İranın susqunluğu düşündürücü məqamdır. İran ABŞ ilə düşməndir. Biz belə bilirik. Zəngəzur vasitəsilə kommunikasiya xətlərinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin açılmasını, Türk dünyasının bu vasitə ilə birləşməsini istəyirik”.

T.İbrahimov qeyd edib ki, İran Zəngəzur məsələsinin "qırmızı xətti" olduğunu bəyan edib:

“ABŞ gəlib orada yerləşir, Fransa Ermənistanı silahlandırır, İran isə buna şərait yaradır, ərazisindən Ermənistana silah göndərilməsinə razı olur. Hindistandan gələn silahlar məhz İran vasitəsilə Ermənistana çatdırılır. Ermənistanın fikri aydındır, bəs İranın fikri nədir? ABŞ Qafqaza gəlirsə, Ermənistana hücum silahları yığırsa, bu, İran üçün də təhlükə demək deyilmi? Məhz Pezeşkianın prezident seçilməsindən sonra bu proses daha da güclənib”.

Putinin zəngi: Paşinyan Kremlin 2 təklifini rədd etdi - NƏ BAŞ VERİR?Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Arakçıya zəng edib. Məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır. İki gün öncə İrəvandan Tehrana eyni məqsədlə zəng edilmişdi, hərçənd, Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkdi. Və istisna deyil ki, Mirzoyan Arakçını təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib.

Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı. Bakı-Moskva-İrəvan diplomatik trafikində Rusiyanın hədəfi bəllidir: həm sülh danışıqlarında, həm də bu danışıqların alt bəndlərində - sərhədin delimitasiyası, kommunikasiyanın açılması – arxa plana keçmiş iştirakçılığını aktuallaşdırmaq.

Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib.

Əsas diqqətçəkən məqam telefon danışığı ilə bağlı İrəvanın rəsmi məlumatının fərqli olmasıdır. Rəsmi məlumatdan aydın olur ki:

- Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini qəbul etməyib;

- Nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılması məsələsinə qayıdışı qəbul etməyib.

Bu, regionda, xüsusilə Zəngəzur dəhlizi ətrafında intriqaları kəskinləşdirir. Putinin Bakı səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar da bundan qaynaqlanırdı. Lavrov kommunikasiyanın açılmamasına görə Ermənistanı ittiham etdi, onun sözçüsü Zaxarova isə bir qədər də irəli gedərək, regionda kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun danışıqlarındakı detalları açıqladı:

- 2023-cü ilin 2 iyununda əldə olunan razılaşmaya görə, kommunikasiyanın açılmasında İrəvanın istədiyi “suverenlik prinsipi” qorunur, Azərbaycandan Naxçıvana gedən yüklər və sərnişinlər FTX tərəfindən müşayiət olunur;

- bu, “Kalininqrad yolu” modelinin rus variantı üzrə tətbiqi deməkdir; bu model ilk dəfə Brüssel danışıqlarında gündəmə gəlib, kommunikasiyanın açılmasında Rusiyanın iştirakını bloklamaq istəyən Qərb Bakının da maraqlarının təmin edilməsi üçün Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi”nin müzakirə masasına daxil edilməsinə razılaşıb;

- görünür, dəhlizin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılmasının çətin olduğunu, xüsusilə Qərbin önə çıxdığını anlayan Moskva da eyni prinsipin FTX-nın iştirakı ilə reallaşmasını irəli sürüb və Zaxarovanın açıqlamasına görə, razılaşdırılıb da, hərçənd, İrəvan razılaşmanın praktiki müstəvidə işə düşməsinə imkan verməyib, çünki bunu təkcə Paşinyan yox, onun Qərb tərəfdaşlarını da istəmir.

Putinin Paşinyandan istəyi budur, həm Bakının, həm İrəvanın maraqlarına uyğun ortaq mövqeyin tapılması – Naxçıvana keçidi “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açmaq və rusların dəhlizdə mövcudluğunu təmin etmək, nəticədə regiondankənar oyunçuları oyundan çıxarmaq. İrəvanın telefon danışığı ilə bağlı açıqılaması Putinə diplomatik dillə “yox” cavabının verildiyini deməyə əsas verir.

Bu məqam Bakının maraqları fonunda Rusiya təzyiqinin İrəvana yönəlməsi baxımından sərfəlidir. Azərbaycan Moskvada danışıqların davam etdirilməsinə hazır olduğunu bəyan etdi, eyni zamanda, kommunikasiyanın FTX-nin iştirakı ilə açılması Bakının Naxçıvana çıxış əldə etmək planına zidd deyil. Bakı diplomatik manevrlə məsələni Moskva-İrəvan xəttinə yönəldir və Rusiyanın Ermənistana təzyiqinə zəmin yaradır. Mövcud vəziyyətdə nəqliyyat dəhlizlərinin Rusiya üçün həyati əhəmiyyətini nəzərə alanda İrəvana təzyiqin güclənəcəyi görünür. Putin-Paşinyan danışığından bir neçə saat sonra Mirzoyanın Tehrana zəngi də yaranmış vəziyyəti İrana izah etmək və regional müstəvidə dəstək əldə etmək məqsədi daşıyırdı.

Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini də sürətləndirəcək. Bu məqsədlə Azərbaycanla sərhəddə təxribat hücumlarının genişlənəcəyi istisna edilməməlidir.

Asif Nərimanlı 
Dəyişən ritorika – Paşinyanı cəsarətləndirən üç səbəbErmənistanın Baş naziri Nikol Paşinyanın 1 il əvvəl ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü ilə bağlı çıxışında səsləndirdiyi mesajlar builki ictimai mesajının mətnindən yığışdırılıb. Baş nazir ötən il Bəyannamənin təftişinə girişib onu ölkənin müstəqilliyinə, təhlükəsizliyinə təhdid mənbəyi sayırdısa, bir neçə gün əvvəlki çıxışında bu fikrindən daşındığını aydın görünür.

Maraqlıdır, ötən bir ildə Paşinyanın Ermənistanın gələcəyi haqqında Azərbaycanda da müsbət qarşılanan strategiyasındakı ciddi dəyişikliyin səbəbi nədir? Qərbin İrəvana açıq hərbi, siyasi dəstəyindən ruhlanıb, yoxsa beşinci kolunun aylarla davam edən mitinqləri Baş naziri qorxudub? Bu suallara cavab axtarmazdan əvvəl Ermənistan rəhbərinin ötən ilki və bu ilin 9 ay ərzindəki çıxışlarındakı fərqliliklərə diqqət yetirməyə ehtiyac var:

2023-cü ilin 22 avqustunda Paşinyan demişdi:

“Düz 33 il əvvəl bu gün Üçüncü Respublika yolunu tutmuş Ermənistan Ali Soveti Müstəqillik Bəyannaməsini qəbul etdi, onun əsasında bir il sonra referendum keçirildi və Ermənistan müstəqil oldu. Müstəqillik Bəyannaməsi ilə biz Sovet İttifaqından çıxmağın yolunu elan etdik, eyni zamanda Sovet İttifaqından çıxmaq üçün bütün yollarımızı bağladıq. Yəni 20-ci əsrin sonunda qəbul edilmiş Müstəqillik Bəyannaməsi ilə 21-ci əsrin əvvəllərində artıq müstəqilliyimizi itirməyə aparan düsturdür.

Bəyannamənin mətninin ekspertiza təhlili göstərir ki, biz nəhayət bizi Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan məzmun seçmişik: Söhbət bizi qonşularımızla daim münaqişədə saxlayan regional mühitlə qarşıdurma çıxışından gedir”.

Baş nazir bu ilin 19 yanvarında Ədliyyə Nazirliyində keçirdiyi iclasda ötən ilki ritorikasına bir balaca düzəliş edərək bəyan edib ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına yox, büsbütün yeni konstitusiyaya ehtiyacı var. O, yeni konstitusiyanın ölkənin "yeni geo-siyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməli olduğunu bildirib:

“Şübhə doğurmamaq üçün Ermənistan Respublikasında xalqın səs verəcəyi konstitusiya olmalıdır. Bu həm də legitimlik üçün mühümdür”.

Baş nazir vurğulayıb ki, istənilən hökumət ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcəyini təhlil etməli və anlamalı, eyni zamanda xarici təhlükəsizliyə təhdid yaradan məqamları da ayırmalıdır.

Paşinyan yaranmış vəziyyəti təsvir etmək üçün alleqoriyaya da əl atıb. O, sevimli nənələrin toxunduğu qırmızı paltarda hər iki tərəfində öküzlərin dayandığı yolu keçməyi təsəvvür etməyi təklif edib:

“Biz təhlükələrdən yayınmaq üçün o qırmızı paltarı dəyişib, onu tariximiz, keçmişimizin bir parçası, yadigarı kimi qablaşdırıb arxivə qoyaraq, bu gün fəaliyyət göstərəcəyimiz mühitə uyğun geyinməliyik”.

Baş nazir bu misalla Ermənistanın Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etməkdən imtina etməklə yeni müharibədən qaçacağını, Konstitusiyada qorunub saxlansa, bunun əksinin baş verəcəyini nəzərdə tutub.

Fevralın 2-də Nikol Paşinyan yenidən bu məsələyə qayıdaraq, İctimai radioda çıxışında deyib:

“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağa birləşməyə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Yəni, Konstitusiya dəyişməsə, gec-tez yenə müharibə olacaq. Bu gün biz Bəyannamə ilə münasibətlərimizi tənzimləməliyik. Konstitusiya referendumu bizim qeyri-dövlət xalqından dövlət xalqına çevrildiyimiz andır. Hazırkı təhlükəsizlik konsepsiyası Ermənistanın gələcəyini sual altında qoyur. Hər hansı bir hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək? Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır. Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv mühitin olduğunu anlamaqdır. Bugünkü milli təhlükəsizlik strategiyası mövcud problemləri həll etmir. Aydındır ki, bizim yeni milli təhlükəsizlik strategiyamız olmalıdır və bizim yeni milli təhlükəsizlik strategiyamız dövlətin qanuni ərazi bütövlüyünün və maraqlarının qorunması məntiqində ifadə olunmalıdır”.

7 iyul – Ermənistanda Konstitusiya Günün ilə bağlı xalqa müraciətində Baş nazir artıq Müstəqillik Bəyannaməsi ilə bağlı tənqidi fikirləri xeyli azaldıb. O, bəyan edib ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var:

“Konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir. Lakin hazırkı Konstitusiya bu tələblərə cavab vermir. Mövcud Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun necə qəbul edilməsindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır: "Bizə Konstitusiyanın yaradıcısı olan xalqla üzvi şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır". O, həmçinin qeyd edib ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Bununla belə, Baş nazir vurğulayıb ki, ölkənin institusional, psixoloji və fiziki sabitliyinin gücləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.

Avqustun 22-də çıxışında Nikol Paşinyan yuxarıda Müstəqillik Bəyannaməsinin “yararsızlığı”, konstitusiya islahatlarının vacibliyi barədə qeyd olunan fikirlərindən imtina edir.

Baş nazir iddia edir ki, Müstəqillik Bəyannaməsinə istinad Konstitusiyaya daxil edilsə də, bu, bu iki sənədin məzmununun eyni olması demək deyil:

“Bunun ən bariz sübutu Bəyannamənin 5-ci maddəsində deyilir: “Ermənistan öz təhlükəsizliyini və sərhədlərinin bütövlüyünü təmin etmək üçün öz silahlı qüvvələrini, daxili qoşunlarını, Ali Şuraya tabe olan dövlət və ictimai təhlükəsizlik orqanlarını yaradır.

Bəyannamədə göstərilməsinə baxmayaraq, Konstitusiyaya əsasən, silahlı qüvvələr, polis qüvvələri, dövlət və ictimai təhlükəsizlik orqanları ölkə parlamentinə tabe idi. Konstitusiya dəyişikliyi ilə 2015-ci ilə qədər güc strukturları ölkə prezidentinə və 2018-ci ildə apreldən sonra isə hökumətə tabedir”. Paşinyanın fikrincə, bu misal birmənalı şəkildə onu göstərir ki, Konstitusiyada yalnız İstiqlal Bəyannaməsinin birbaşa, hərfi mənada ifadə olunan müddəaları var və hər hansı digər şərh sadəcə olaraq əlverişli deyil.

Beləliklə, Nikol Paşinyan bu gün hərfi mənada olmayan hər hansı başqa şərhi yersiz hesab edirsə, o zaman ilin əvvəlində özü Bəyannamənin müddəalarını təhlil edərək belə qənaətə gəlib ki, bunlar təkcə Azərbaycan və Türkiyə üçün deyil, digər qonşular üçün də başa düşülən deyil. “Yəni biz bəyan edirik, deyirik ki, indi ordunu gücləndiririk və məqsədimiz bəyannaməmizin müddəalarını həyata keçirməkdir. Bu nə deməkdir? Bu o deməkdir ki, qonşularımız bundan istifadə edib bizi məhv etmək üçün ittifaq yaradacaq, çünki biz buna əsas vermişik” - Baş nazir bildirib.

Ermənistan hökuməti Konstitusiyaya dəyişiklik edilməsini özünün daxili məsələsi hesab edir və Bakının onun dəyişdirilməsi ilə bağlı tələblərini qəbuledilməz adlandırır. Amma Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bəyan edib ki, Nikol Paşinyan Azərbaycan rəsmiləri ilə ana qanuna dəyişiklik edilməsi məsələsini müzakirə edib. Onlara bildirib ki, bu, siyasi baxımdan çox ağır prosesdir və Konstitusiya layihəsi yalnız 2027-ci ildə hazır ola bilər. Paşinyanın ofisi indiyədək bunu təkzib etməyib.

Son aylarda iki ölkə arasında, eləcə də Vaşinqton, İrəvan və Bakı arasında gedən qapalı danışıqlar, həmçinin keşiş Baqratın başçılığı ilə sərhədlərin dəqiqləşdirilməsinə qarşı ölkədə aylarla davam edən etiraz aksiyaları Baş naziri Konstitusiya dəyişikliyini ertələməsinə səbəb ola bilər. Əvvəla, etirazlar hakimiyyətin dəyişdirilməsi üçün kifayət etməsə də, Paşinyan hakimiyyətinin dayaqlarını sarsıtdı. Baş nazirin reytinqi 17 faizə düşdü və bu fakt cəmi il yarım sonra keçiriləcək parlament seçkilərində iqtidar partiyası üçün ciddi başağrısı yarada bilər. Şübhəsiz ki, Qərb müttəfiqləri mənfi tendensiya ilə bağlı Paşinyana xəbərdarlıq edirlər və o da reallıqları nəzərə alır.

İkinci məsələ, Azərbaycanla kompromislərə erməni cəmiyyətinin mənfi yanaşması, Rusiyaya bağlı qüvvələrin bu amildən istifadə etməsidir. Müxalifət, ona bağlı media Konstitusiya dəyişikliyinin Azərbaycanın tələbi əsasında həyata keçirilməsi barədə ictimai rəy yarada bilib. İqtidarın istəsə belə bu şəraitdə referenduma gedib istədiyi nəticəni əldə etməsi şübhəlidir. Qeyd edək ki, Azərbaycan rəsmilərinin (Konstitusiya dəyişdirilməsə, sülh olmayacaq”) ritorikası da müəyyən dərəcədə Paşinyan əleyhdarlarının əlinə fürsət verib.

Üçüncü vacib məsələ Qərbin Azərbaycana ciddi təzyiqlər, paralel olaraq Ermənistanı hərbi, siyasi cəhətdən açıq dəstəkləməsidir. Məlumdur ki, ötən aylarda İrəvan ABŞ, Avropa İttifaqı, Fransa, Hindistanla hərbi-siyasi əlaqələrini gücləndirib, silahlar almaq üçün müqavilələr bağlayıb. Azərbaycan mediası bu günlərdə Ermənistana gətirilən silahlarla bağlı faktlarla dolu araşdırmalar dərc edib.

Vaşinqton Azərbaycandan COP-29 iqlim beynəlxalq konfransına qədər Ermənistanla çərçivə sazişi imzalamağı tələb edir. Bu, ABŞ-da seçki kampaniyasında uğur qazanmaq istəyən hazırkı administrasiya üçün vacib məsələlərdən biridir. Bu ayın əvvəlində məlum oldu ki, tərəflər razılaşa bilməyəcəkləri məsələləri (Zəngəzur dəhlizi və nəqliyyat yollarının blokadasının açılması) sülh danışıqlarından çıxarıblar. Ekspertlərə görə, yaxın aylarda Bakı və İrəvan sülhün əsas prinsiplərini ehtiva edən sənədə imza ata bilərlər.

Beləliklə, Paşinyan iqtidarı erməni cəmiyyətini qıcıqlandıran mövzuları ikinci plana atır. Onların içərisində Konstitusiya islahatları məsələsi öndə gəlir. Gözləmək olar ki, 2026-cı il seçkilərinə qədər Ermənistan rəhbərliyi bu məsələni bir daha gündəmə gətirməsin. Bakının ona reaksiyasının necə olacağını bilmək üçün isə COP-29 beynəlxalq iqlim konfransından sonranı gözləmək lazım gələcək...

Xəbər lenti