![]() |
|
Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Sultanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq: “Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.
E.Sultanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib: “Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan MN-dən bildirilib.
İştirakçı ölkələrin hərbi qulluqçularının qatıldığı tədbirdə ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonda beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Qeyd edilib ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bu barədə BŞİH-dən bildirilib.
Müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuq işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaqdır.
Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinə Ermənistanın hansı fəlakətlərə doğru sürükləməkdə olduğunu və onu hansı qaçılmaz təhlükənin gözlədiyini açıq şəkildə izah etməyə çalışırlar... Ancaq böyük ehtimalla Ermənistanda Rusiyaya xəyanətin doğura biləcəyi qorxunc təhlükəni yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ölkə barədə dəhşətli proqnozu reallaşdıqdan sonra anlamağa başlayacaqlar...
Rusiya Cənubi Qafqazda yenidən fəallaşmağa çalışır. Prezident Vladimir Putinin son Bakı səfəri bu baxımdan, diqqəti çəkməyə başlayıb. Belə ki, Kreml sahibinin bu səfəri regional proseslərə Rusiyanın yanaşma tərzini nisbətən aydınlaşdırmış oldu. Rusiyanın yeni Cənubi Qafqaz prioritetləri artıq böyük ölçüdə dəqiqləşildirmək üzrədir. Və bu, Ermənistan üçün də kifayət qədər ciddi problemlər yarada biləcək geopolitik dəyişiklikdir.
Məsələ ondadır ki, Kreml uzun müddət rəsmi İrəvana açıq və dolayısı mesajlar verdi, xəbərdarlıqlar etdi. Rusiya siyasi dairələri Ermənistana hərbi müttəfiqlik öhdəliklərinə sadiq qalmağın vacib olduğunu xatırlatmağa çalışdı. Üstəlik, Paşinyan hakimiyyətinin Rusiyaya hərbi-siyasi xəyanət mövqeyinin Ermənistana baha başa gələ biləcəyinə eyham vurdu. Və bu, Kremlin Rusiya tərəfindən süni şəkildə yaradılmış Ermənistanı belə asanlıqla Qərbin istifadəsinə buraxmaq niyyətindən uzaq olduğunu birmənalı şəkildə təsdiqləyirdi.
Ancaq Paşinyan hakimiyyəti Kremldən göndərilən xəbərdarlıq mesajlarına demək olar ki, əhəmiyyət vermədi. Əksinə, rəsmi İrəvan Qərbdən gələn təlimatları icra edərək, Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqlik münasibətlərini tamamilə korlamaq istiqamətində addımlar atmağa üstünlük verdi. Son vaxtlar Ermənistanda ABŞ-ın qeyri-leqal hərbi bazanın yaradılmasına imkan verən Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərdə ümumiyyətlə, bütün "qırmızı cizgiləri" aşmış oldu. Və rəsmi İrəvan tərəfindən elə bir situasiya yaradıldı ki, bundan sonra Rusiya və Ermənistan arasında uçurulan körpülərin nə vaxtsa, bərpa olunmasının mümkünlüyünü iddia etmək də çətinləşdi.
Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistan üçün ABŞ, Avropa Birliyi və Fransanın xeyrinə prinsipial seçim edib. Deməli, Kremlin bundan sonra Ermənistanın Rusiya orbitinə geri dönüşünə ümid bəsləməsi geopolitik sadəlövhlük və böyük səhv olardı. Ona görə də, indi Kreml də Cənubi Qafqazda Rusiyanın maraqlarına ən uyğun optimal seçimi etmək məcburiyyətində qalıb. Və Rusiya siyasi dairələri bu seçimin konkret istiqamətləri barədə indi daha açıq mətnlə mesajlar verməyə başlayıblar.
Məsələ ondadır ki, Kremlə yaxın analitik-təhlil mərkəzləri Cənubi Qafqazda Rusiyanın yalnız Azərbaycana güvənə biləcəyini birmənalı şəkildə vurğulayırlar. Onların qənaətinə görə, Azərbaycan bu regionda indi Rusiyanın ən etibarlı strateji tərəfdaşıdır. Bu baxımdan, yaxın gələcəkdə Kreml Cənubi Qafqazda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, iqtisadi-ticari əməkdaşlığa və strateji geoiqtisadi layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırmaq niyyətindədir. Və bu, regionda Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha fərqli, həm önəmli mərhələyə keçirilmək üzrə olduğunu göstərir.
Maraqlıdır ki, Kremlə yaxın olması ilə diqqəti çəkən rus politoloq Sergey Markov da açıq mətnlə vurğulayıb ki, prezident Vladimir Putinin Azərbaycana rəsmi səfəri Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqinin dəyişməsi ilə bağlı tarixi hadisə oldu. Yəni, rus politoloq Azərbaycanın da Rusiyanın müttəfiqləri sırasına qatıldığını demir. Əksinə, regional müttəfiqin dəyişdiyini vurğulayır və Azərbaycanın Cənubi Qafqazda yeni müttəfiq olduğunu qabardır. Və bu, o deməkdir ki, Kremldə artıq Ermənistanı Rusiyanın müttəfiqi hesab etməkdən birmənalı şəkildə vaz keçiblər.
Rus politoloq son 30 ildə Cənubi Qafqazda məhz Ermənistanın Rusiyanın müttəfiqi olduğunu xatırladıb. Ancaq onun fikrincə, rəsmi İrəvanın ermənipərəst və antiazərbaycan qüvvələrə çevrilmiş Qərbə, o cümlədən də ABŞ, Avropa Birliyi və Fransaya sığınmaq qərarı verməsi ilə bu müttəfiqliq münasibətləri artıq iflasa uğrayıb: "Halbuki, bunun əksinə olaraq, Rusiya və Azərbaycan münasibətləri son üç ildə daha da inkişaf edib. Bu baxımdan, prezident Vladimir Putinin Bakıya son rəsmi səfəri Rusiyanın regionda əsas müttəfiqinin dəyişdiyini göstərdi. Regionda yeni strateji müttəfiqin məhz Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan olduğu birmənalı şəkildə təsdiqləndi..."
Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistana yönəlik ittihamlar da ön plana çıxmağa başlayıb. Belə ki, prezident Vladimir Putin əvvəlcə Bakıda Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb. Kreml sahibi bildirib ki, Rusiya ən qısa zamanda yekun sülh sazişinin imzalanması məqsədilə həm vasitəçiliyə, həm də danışıqlar üçün platforma təqdim etməyə də hazırdır. Və Kreml bununla üstüörtülü şəkildə mesaj verir ki, regional sülhdə tamamilə maraqlıdır, üstəlik, bunu Ermənistanın sığındığı Qərb deyil, məhz Rusiya təmin edə bilər.
Belə anlaşılır ki, Kreml rəsmi İrəvana Rusiyanın himayəsindən kənarda sülhə və təhlükəsizliyə nail ola bilməyəcəyini anlatmağa çalışır. Rusiya siyasi dairələri xəbərdarlıq edirlər ki, Ermənistan Qərbə yaxınlaşdıqca, təhlükəsizlik problemləri daha böhranlı xarakter alacaq. Rusiya Rusiya XİN bəyan edib ki, rəsmi İrəvanın KTMT ilə qarşılıqlı fəaliyyətdən uzaqlaşması Ermənistanın milli təhlükəsizliyini zəiflədir. Rusiya xarici siyasət idarəsindən bildirilib ki, Ermənistanın sabitliyinə qarant kimi KTMT və Rusiyanın alternativi yoxdur. Və bu, o deməkdir ki, Kreml rəsmi İrəvana dolayısı ilə Qərbə olan ümidlərin reallıqdan uzaq olduğunu anlatmağa çalışır.
Rusiyanın əsas hərbi-strateji müttəfiqi Belarusun prezidenti Aleksandr Lukaşenko isə Ermənistanı gözləyən ciddi təhlükələri daha açıq mətnlə ifadə edib: "Ermənistan bizdən başqa kimə lazımdır? Heç kimə... Elə isə iqtisadiyyatını inkişaf etdirib, öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron..? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq".
Göründüyü kimi, Paşinyan hakimiyyətinə Ermənistanın hansı fəlakətlərə doğru sürükləməkdə olduğunu açıq şəkildə izah edirlər. Halbuki, rəsmi İrəvan Qərbin siyasi nəzarəti altında olduğundan Kremldən gələn ardıcıl xəbərdarlıq mesajlarına əhəmiyyət verəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Ermənistanda Belarus prezidenti Aleksandr Lukaşenkonun proqnozu doğrulduqdan sonra Rusiyaya xəyanətin nəticələrini anlamağa başlayacaqlar.(Yeni Müsavat)
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Qrand Est, Danimarka Krallığının isə Cənubi Danimarka, Midtyulənd regionlarında blutanq xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün Qrand Est, o cümlədən Cənubi Danimarka və Midtyulənd regionlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-in “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Kreml sahibi Vladimir Putinin Prezident İlham Əliyevlə görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə maksimum səviyyədə dəstək ifadə etməsi olduqca önəmli məqamdır... Çünki Kremldə artıq tam dəqiqliyi ilə anlayırlar ki, Qərbin Cənubi Qafqaza kobud müdaxiləsinin təsirlərini məhz regional sülhü və sabitliyi təmin etməklə, bloklamaq mümkündür...
Cənubi Qafqaz dünya nəhənglərinin qarşıdurma poliqonuna çevrilib. ABŞ, Avropa Birliyi və Fransa böyük israrla Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə can atır. Rusiyanın bu regiondan sıxışdırılıb, çıxarılmasına cəhd göstərir. Və bu baxımdan, Cənubi Qafqazda amansız geopolitik savaş mövcuddur.
Ancaq burada bir önəmli məqam da ön planda yer almaqdadır. Belə ki, ABŞ Avropa Birliyi və Fransa Cənubi Qafqaza yerləşməyə can atsa da, bu regionda şəriksiz lider və geopolitik iradə sahibi məhz Azərbaycandır. Ona görə də, bu regionda geopolitik proseslərin inkişaf istiqamətləri məhz rəsmi Bakı tərəfdən müəyyən olunur. Ermənistan isə Cənubi Qafqazda "geopolitik zəif bənd" rolunu oynayır. Və bu baxımdan, Ermənistan Qərbin regional planlarının reallaşmasında həlledici rola malik ola bilməz.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə Qərbin hücumlarına mümkün qədər dözümlü yanaşmasının səbəblərini anlamaq o qədər də çətin deyil. Belə ki, Kreml Ermənistanın Rusiyaya tarixi xəyanətini hələlik böyük problemlərin sırasına qatmağa qətiyyən tələsmir. Çünki bir tərəfdən, Ermənistan bütün sahələr üzrə tamamilə Rusiyadan asılı vəziyyətdə olan süni şəkildə yaradılmış qondarma dövlətdir. Və bu qondarma dövlətin yaxın gələcəkdə Rusiyanın təsir dairəsindən çıxıb, birmənalı şəkildə Qərbə sığınması da qətiyyən mümkün deyil.
Ona görə də, Kreml Ermənistan ilə bağlı prinsipial siyasi qərarların verilməsini müvəqqəti olaraq, təxirə salmış kimi görünür. Böyük ehtimalla Rusiya hazırda üzləşdiyi Ermənistan böhranının təməldən həllinə məhz Ukrayna savaşından sonra başlamaq niyyətindədir. Ona qədər isə Kremi rəsmi İrəvana həm dolayısı ilə geri dönüş şansı tanımağa, həm də Ermənistanın bundan sonrakı davranışlarını daha diqqətlə izləməyə üstünlük verir. Və bu, Ermənistanın gələcək taleyi baxımından, real təhlükənin hələ irəlidə olduğunu sezdirir.
İndiki mərhələdə isə mövcud regional problemlərinin həllini müvəqqəti təxirə salan Kreml Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyi üstün tutur. Əslində, Rusiyanın bu manevri tamamilə praqmatik və məntiqli xarakter daşıyır. Çünki rəsmi Bakı Cənubi Qafqazın ən güclü və lider dövlətidir. Yəni, Azərbaycanın maraqlarına zidd olacağı təqdirdə, regiondan kənar heç beynəlxalq güc Cənubi Qafqaza geopolitik yerləşməni özü üçün təmin edə bilməz. Və buna əmin olan Kreml də Rusiyanın Cənubi Qafqaz problemlərini elə Azərbaycanla yaxınlaşma sayəsində nəzarətdə saxlamağa çalışır.
Kremli məmnun edən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olmaqla yanaşı, həm də olduqca etibarlı tərəfdaşıdır. Rəsmi Bakı bütün tərəfdaşları ilə münasibətlərin qarşılıqlı öhdəliklərinə sadiq olduğunu indiyə qədər dəfələrlə sübuta yetirib. Yəni, rəsmi Bakı dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşır. Və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaş rolunu oynamaqda davam edir.
Məsələ ondadır ki, Azərbaycan və Rusiya arasında Müttəfiqlik Fəaliyyəti barədə Moskva Bəyannaməsi mövcuddur. Hər iki tərəf bu strateji sənədin öhdəliklərini bütün istiqamətlər üzrə reallaşdırmaqda hər hansı problemin çıxmasına imkan vermir. Bu isə o deməkdir ki, Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri kifayət qədər ümidverici məzmun daşıyır. Ona görə də, indiki situasiyada Rusiya üçün Azərbaycanın siyasi-strateji və regional əhəmiyyəti daha da artıb. Və bu baxımdan, Kremlin Azərbaycanla daha genişmiqyaslı iqtisadi-ticari münasibətlərə can atmasının əsas səbəbləri tamamilə başadüşüləndir.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri də geopolitik mesaj kimi qəbul oluna biləcək manevr sayılır. Çünki bu səfər məhz Rusiyanın hərbi müttəfiqi Ermənistanın xəyanət edərək, Qərbə daha çox sığınmağa can atdığı bir mərhələyə təsadüf edir. Hər halda, buna paralel olaraq, Rusiya prezidenti Vladimir Putin məhz Ermənistanın münaqişə vəziyyətində olduğu Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədləri ön plana çıxartmağa üstünlük verir. Və rəsmi Bakının Rusiya kimi nəhəng dövlətlə normal münasibətlər sisteminə malik olması Azərbaycanın geopolitik uğuru hesab oluna bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiyanın Cənubi Qafqazda ortaq maraqları mövcuddur. Hər iki dövlət Şimal-Cənub dəhlizinin işə salınmasına böyük əhəmiyyət verir. Çünki bu beynəlxalq dəhliz hər iki ölkənin Hind Okeanına çıxışını təmin edəcək. Beynəlxalq ticarət sahəsində yeni nəqliyyat-kommunikasiya "pəncərə"sini reallığa çevirib, maliyyə-iqtisadi gəlirləri artırmaq imkanları açmış olacaq. Və bu baxımdan, Şimal-Cənub dəhlizi ilə bağlı mövzunun iki ölkə prezidentləri tərəfindən müzakirə olunduğunu da ehtimal etmək olar.
Eyni zamanda, Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə Cənubi Qafqazda yaranmış mövcud situasiyanın da müzakirə olunduğu qətiyyən istisna deyil. Hər halda, ABŞ, Avropa Birliyi və Fransanın bu regiona yerləşmək cəhdlərinə münasibətdə hər iki strateji tərəfdaşı narahat edən məqamlar mövcuddur. Böyük ehtimalla Qərbin bu regiona kobud müdaxilə cəhdlərinə qarşı ortaq maraqlar çərçivəsində müqavimətin göstərilə biləcəyi gündəmə gətirilmiş ola bilər. Və bu, indiki situasiyada hər iki dövlət üçün geopolitik əhəmiyyət daşıyan məsələdir.
Digər tərəfdən, prezident Vladimir Putinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə maksimum səviyyədə dəstək ifadə etməsi də olduqca önəmli məqamdır. Belə ki, Kreml indi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlı tərəf rolunu oynamağa hazırdır. Çünki Kremldə tam dəqiqliyi ilə anlayırlar ki, Qərbin Cənubi Qafqaza kobud müdaxiləsinin təsirlərini məhz regional sülhü və sabitliyi təmin etməklə, azaltmaq mümkündür. Və bu önəmli məqam Azərbaycan-Rusiya münasibətlərində elə bir ciddi ziddiyyət doğru biləcək faktorun olmadığını təsdiqləyir.
“Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında səsləndirib.
Xəzərdə ekoloji vəziyyətdən, onun fəlakətli dayazlaşmasından söz açan dövlət başçısı bildirib ki, biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik:
“Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”.