![]() |
|
Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır: "Bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir".
Dövlət başçısı vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.
İlham Əliyev Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!".
Azərbaycan lideri qeyd edib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil: "Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".
Erməni lobbisinin pulu müqabilində müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar.
Bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyev 30 avqust- Beynəlxalq itkin düşmüş şəxslər günü ilə bağlı "X"də yazıb:
“Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Cənubi Qafqaza dünya nəhənglərinin kobud müdaxiləsi davam edir. Üstəlik, həmin dünya nəhənglərinin heç birisini bu regionun gələcək taleyi qətiyyən maraqlandırmır. ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazı yeni savaş poliqonuna çevirməyə çalışırlar. Yəni, öz geopolitik maraqlarını reallaşdırmaq üçün regional sülhü və sabitliyi böyük riskə atırlar. Və son nəticədə Cənubi Qafqazı illərlə davam edə biləcək hərbi-siyasi xaosa doğru sürükləyirlər.
Onu da qeyd etmək lazımdır ki, Fransa Ermənistanı silahlandırmaq missiyasını öz üzərinə götürüb. Avropa Birliyi də Ermənistanın hərbi ehtiyaclarını ödəmək məqsədilə “Avropa Sülh Fondu”ndan maliyyə vəsaiti ayırıb. Ona görə də, hazırda Paşinyan hakimiyyəti 44 günlük savaşın Ermənistan üçün biabırçı nəticələrini unudub, yenidən revanş almaq niyyətinə düşüb. Və Ermənistanın hakim siyasi dairələrindən verilən mesajlar yaxın vaxtlarda rəsmi İrəvanın yenidən savaş qərarı verə biləcəyi ilə bağlı ehtimallara inandıcı görüntülər qatır.
Digər tərəfdən, Avropa Birliyi və Fransanın Ermənistana verdiyi hərbi dəstəyə ABŞ da artıq qoşulub. ABŞ bir tərəfdən Ermənistana nəqliyyat təyyarələri ilə silah-sursat daşıyır. Digər tərəıfdən isə, ABŞ Ermənistan ərazisində qeyri-leqal hərbi baza yerləşdirib. ABŞ-ın Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən səfirliklkəri təkzib etməyə çalışsalar da, Zəngəzur bölgəsində hərbi bazanın artıq yaradıldığını sübut edən faktlar mövcuddur. Belə ki, Pentaqon ABŞ ordusunda xidmət edən erməni mənşəli hərbçilərinə Ermənistan ordusunun formasını geyindirib, Zəngəzur bölgəsinə yerləşdirib. Və bu, ABŞ-ın Cənubi Qafqazda daha bir strateji hədəfinin mövcudluğunu təxmin etməyə imkan verir.
Əslində, Ağ Evin həmin hədəfi ötən ilin sonlarında dolayısı ilə gündəmə gətirilmişdi. Belə ki, ABŞ Azərbaycana Ermənistanın şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılması üçün təzyiq göstərməyə çalışmışdı. Rəsmi Bakıya mesaj verilmişdi ki, ABŞ Azərbaycanın Zəngəzur dəhlizinə alternativ olaraq, İran üzərindən yeni marşrutun inşasına başlamasına qarşı çıxır. Halbuki, rəsmi Bakının alternativ marşruta yönəlməsinin əsas səbəbi Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasıyla bağlı əldə olunmuş anlaşmaları pozması ilə birbaşa bağlıdır. Və bu səbəbdən də, Azərbaycan tərəfi ABŞ-ın bu məsələ ilə bağlı təzyiqlərinə əhəmiyyət verməyə qətiyyən ehtiyac duymadı.
Ancaq Cənubi Qafqazda cərəyan edən proseslərə ABŞ, Avropa Birliyi və Fransanın kobud müdaxiləsi növbəti dəfə onu göstərir ki, Qərbin əsas strateji hədəfləri sırasına Zəngəzur dəhlizinə birbaşa nəzarət edilməsinə nail olmaq da daxildir. Yəni, Qərb Avropanı Xəzəryanı və Orta Asiya ilə birləşdirməli olan Zəngəzur dəhlizini ələ keçirtməyə can atır. Çünki bu dəhlizə nəzarət Qərbə yalnız Cənubi Qafqaza deyil, həm də Xəzəryanı və Orta Asiya regionlarına da yerləşmək üçün geopolitik “pəncərə” aça bilər. Və bu səbəbdən də, Qərbin indi Zəngəzur dəhlizi uğrunda açıq mübarizəyə başladığı tədricən təsdiqlənməyə başlayıb.
Maraqlıdır ki, Qərbin Zəngəzur planlarının asanlıqla baş tuta biləcəyini iddia etmək hazırda qətiyyən mümkün deyil. Çünki Qərbin planları Zəngəzur dəhlizinin açılmasında maraqlı olan qarşı tərəfin – Azərbaycan, Türkiyə və Rusiyanın maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılma cəhdləri hələlik pozitiv nəticələrdən kifayət qədər uzaqdır.
Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyənin əsas hədəflərinin sırasına geopolitik və geoiqtisadi faktorlarla yanaşı, Türk İttifaqına ortaq geostrateji “pəncərə” açmaq planı da mövcuddur. Bu baxımdan, bu dəhlizə yalnız Ermənistanın deyil, həm də Türk İttifaqına qıcıqla yanaşan ABŞ, Avropa Birliyi və Fransanın nəzarət etməsi məqbul variant deyil, hətta qəbuledilməz təhlükəli ehtimaldır. Və ona görə də, həm Azərbaycanın, həm də Türkiyənin bu ehtimalı qətiyyən yaxına buraxmaması, Qərbin təsir dairəsindən yan keçə biləcək alternativ variantlara yönəlməsi tamamilə praqmatik yanaşmadır.
Təbii ki, Zəngəzur dəhlzinin açılmasında maraqlı olan digər regionətrafı dövlət rolunda da məhz Rusiya çıxış edir. Hətta Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr üçtərəfli anlaşmada Zəngəzur dəhlizinin açılmasını və ona rus sərhədçilərinin nəzarətini nəzərdə tutan müddəa da yer alır. Son vaxtlara qədər həm Cənubi Qafqazda, həm Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətə seyirçi qalan Kreml ABŞ-ın həmin bölgədə qeyri-leqal hərbi baza yaratmasından sonra regionda yenidən fəallaşmağa cəhd göstərir. Və bütün bu məsələlərin prezident Vladimir Putinin sonuncu Bakı səfəri çərçivəsində müzakirə edildiyi də qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Kreml sahibi Azərbaycan Prezidenti İlham Əliyevlə telefon müzakirəsində növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı mövzunu gündəmə gətirib. Prezident Vladimir Putin Rusiyanın Zəngəzur dəhlizinin açımasında maraqlı olduğunu birmənalı şəkildə vurğulayıb. Ardıncasa, Rusiya Xarici İşlər Nazirliyi bu mövzuda bəyanat yayaraq, üçtərəfli anlaşmanı xatırladıb və üçtərəfli işçi qrupunda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin müzakirə olunduğunu qabardıb. Və bu, o deməkdir ki, Kreml Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçmə ehtimalına müqavimət göstərmək qərarına gəlib.
Belə anlaşılır ki, Zəngəzur dəhlizi uğrunda mübarizə yenidən başlayır və amansız xarakter almaq üzrədir. Bu mübarizədə ABŞ, Avropa Birliyi, Ermənistan və Fransa eyni düşərgədə yer alırlar. Rusiya isə istənilən halda, Azərbaycan və Türkiyəyə, yəni, Türk İttifaqına dəstək vermək məcburiyyətindədir. Əks halda, sanksiyalarla təcrid vəziyyətinə salınmış Rusiya Zəngəzur dəhlizindən kənarda qala və dünyaya yeni nəqliyyat-kommunikasiya xətti qazanmaq şansını tamamilə itirə bilər.(musavat.com)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini deyib.
Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulanıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Rəsmi İrəvan Qərbin ssenarisi üzrə olduqca təhlükəli və hətta geopolitik şok yarada biləcək hərbi-siyasi qərarların qəbuluna hazırlıq içərisindədir... Ermənistanın Cənubi Qafqazda yeni savaşa nail olmaqla, Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasını təmin etməyə çalışacağı bildirilir...
Cənubi Qafqazı savaş poliqonuna çevirmək üçün ardıcıl cəhdlər göstərilir. ABŞ və Qərb bu regionu da qlobal maraqların sınaq məkanı kimi nəzərdən keçirməkdədir. Cənubi Qafqaz ölkələrinin gələcək taleyi isə hazırda Qərb siyasi dairələrini qətiyyən naraht etmir. Əsas məsələ ondan ibarətdir ki, ABŞ və Qərbin bu regionda strateji hədəfləri var və nəyin bahasına olursa-olsun, onların reallaşmasına çalışırlar. Və bu, ümumilikdə, Cənubi Qafqazı qeyri-sabit hərbi-siyasi mərhələyə doğru sürükləyir.
Təbii ki, bu regionda baş verənlərin əsas hədəfi məhz Rusiya ilə bağlıdır. Qərb siyasi dairələri Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasında israrlı davranmağa çalışırlar. Üstəlik, bu məqsədin reallaşması üçün Cənubi Qafqazda yeni savaşın törədilməsi indi Qərbdə artıq əvvəlcədən ssenariləşdirilmiş variant kimi ön planda saxlanılır. Və Gürcüstanın rəsmi dairələrinin son açıqlamalarında da bu ssenarilərə dolayısı eyhamlar yer almaqdadır.
Məsələ ondadır ki, rəsmi Tiflis bir müddət əvvəl Gürcüstanı Rusiya ilə açıq qarşıdurmadan çox çətinliklə yayındıra bildiyini birmənalı şəkildə etiraf etmişdi. Həmin açıqlamada o da vurğulanırdı ki, ABŞ və Qərb uzun müddət Gürcüstanın Ukrayna savaşında Rusiya əleyhinə mövqe tutmasına cəhd göstərib. Əsas hədəf ondan ibarət olub ki, Gürcüstan Ukraynaya hərbi dəstək göstərsin, Rusiya ilə açıq qarşıdurmaya razılaşsın və bununla da, rəsmi Tiflisin Kremllə onsuz da neqativ məzmun daşıyan münasibətləri tamamilə pozulsun. Və bununla da Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına münbit şərait yaransın.
Maraqlıdır ki, rəsmi Tiflis ABŞ və Qərbin bu məkrli oyunlarından Gürcüstanı çox çətinliklə yayındıra bildiyinə də eyham vurur. Hakimiyyətdə olan “Gürcü arzusu” Partiyası hesab edir ki, Gürcüstanın Rusiya ilə iqtisadi-ticari münasibətlərinin bu mərhələdə tamamilə pozulmaması böyük nailiyyətdir. Xüsusilə də, rəsmi Tiflis Rusiyaya qarşı sanksiyalara qoşulması üçün Qərbin Gürcüstana güclü təzyiqlər göstərdiyini vurğulayır. Və birmənalı şəkildə bildirir ki, əgər, rəsmi Tiflis Qərb siyasi dairələrinin bu təzyiqləri qarşısında geri çəkilərsə, Gürcüstanın iqtisadiyyatı ümumiyyətlə çökər, sosial-siyasi böhran ölkədə daxili xaos yaradar.
Göründüyü kimi, rəsmi Tiflis sadəcə, ABŞ və Qərbin təzyiqlərindən şikayətlənmir, həm də Gürcüstanı böyük fəlakətlərdən uzaq tutmağa çalışdığını da ön plana çəkir. Halbuki, Qərb siyasi dairələri Gürcüstan üzərindən reallaşdırmağı bacarmadıqları məkrli planları indi Ermənistan vasitəsilə icra etməyə çalışırlar. Hər halda, indi rəsmi İrəvan Kremllə düşmənçilik səviyyəsini növbəti mərhələyə keçirtməyə doğru yönəldilməkdədir. Və Qərb siyasi dairələri Ermənistandan “geopolitik alət” kimi istifadə etmək məsələsində demək olar ki, heç bir problemlə üzləşmir.
Ona görə də, hazırda Ermənistan növbəti regional hərbi-siyasi xaosun səbəbkarı roluna hazırlanır. Bir tərəfdən, rəsmi İrəvana Rusiya ilə qarşıdurmanı daha da dərinləşdirmək təlimatı verilib. Digər tərəfdən isə Ermənistanın üzərinə Cənubi Qafqazda yeni savaşın başladılmasına yönəlik cəhdlərin sınaqdan çıxarılması ilə bağlı birbaşa öhdəlik qoyulub. Və ona görə də, indi rəsmi İrəvan həm də Ermənistanın gələcək taleyini riskə ata biləcək mərhələyə böyük sürətlə yaxınlaşır.
Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti yaxın həftələrdə - sentyabr ayı ərzində Ermənistanın gələcək taleyini birbaşa müəyyən edə biləcək radikal siyasi qərarlar qəbul etmək niyyətindədir. Baş nazir Nikol Paşinyan siyasi komandasının qapalı toplantılarında bu barədə müəyyən eyhamlar vurmağa başlayıb. Üstəlik, rəsmi İrəvan bu istiqamətdə konkret hazırlıq prosesinə də start vermiş kimi görünür. Və bu hazırlığın sırasında hakim komandanın sıralarında ciddi “kadr təmizliyi”nin aparılması da yer almaqdadır.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan son qapalı toplantıda Ermənistanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərindən Ermənistanın yaxın vaxtlarda atacağı radikal addımlara tam dəstək tələb edib. Erməni baş nazir hakimiyyətin siyasi qərarlarına qarşı çıxacaq səfirlərə vaxt itirmədən indi dərhal istefa verməyi də məsləhət görüb. Yəni, baş nazir Nikol Paşinyan bu “taleyüklü mərhələ”də əl-ayağına dolaşanlardan xilas olmağı vacib hesab edir. Və bu prosesin qalmaqalsız reallaşmasında maraqlı olduğunu da qətiyyən gizlətmir.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan olduqca təhlükəli və hətta geopolitik şok yarada biləcək qərarların qəbuluna hazırlıq içərisindədir. Ermənistan mətbuatına sızan məlumatlara görə, bu qərarlar əsasən iki istiqaməti əhatə edə bilər. Onlardan birincisi, Cənubi Qafqazda yeni savaşa nail olmaqla, Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaq təlimatının icrası ilə bağlıdır. Ermənistanın ABŞ və Qərb tərəfindən sürətlə silahlandırıldığını nəzərə aldıqda, bu, indiki situasiyada tamamilə inandırıcı təsir bağışlayır.
Digər tərəfdən, buna paralel olaraq, ikinci istiqamət üzrə Paşinyan hakimiyyətinin yaxın vaxtlarda Ermənistanın əvvəlcə KTMT-dan, ardıncasa, Rusiyanın patronajlığı altında olan digər kollektiv platformalardan çıxması barədə prinsipial siyasi qərar qəbul edəcəyi bildirilir. Əgər, bu məlumatlar özünü doğruldarsa, növbəti aydan başlayaraq, Cənubi Qafqazda “hərbi-siyasi və ümumiyyətlə, geopolitik temperatur”un yüksələ biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, hesab etmək olar ki, Qərb siyasi dairələri Ermənistan üzərindən Cənubi Qafqazda “dəhşətli və dağıdıcı payız planı”nı artıq reallaşdırmağa başlayıblar.(Yeni Müsavat)