|
Ağ Evin Ukrayna savaşı ilə bağlı bütün “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar, ona görə də, bu müharibə ətrafındakı situasiya tədricən daha təhlükəli istiqamətlər almağa başlayıb... Fransa prezidenti Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər...
Ukrayna savaşı ətrafında yaranmış situasiyanın qlobal müharibəyə çevrilmə ehtimalı artir. Belə ki, son geopolitik proseslər Ukrayna savaşının daha geniş areala yayılma təhlükəsi yaratmaqdadır. Xüsusilə də, bəzi NATO dövlətlərinin avantürist davranışları üçüncü dünya müharibəsinin demək olar ki, təməlini atmağa başlayıb. Və belə situasiya istər-istəməz dünyanın gələcək taley ilə bağlı ciddi narahatlıqlar doğurur.
Onu da qeyd etmək lazımdır ki, hazırda beynəlxalq avantürizmin avanqard qüvvəsi rolunda məhz Fransa çıxış edir. Bu ölkənin prezidenti Emmanuel Makron hər imkanda bəşəruyyəti böyük fəlakətlərə düçar edə biləcək manevrlərlə diqqəti çəkir. Hər halda, prezident Emmanuel Makron Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi ilə bağlı təhlükəli ideyanın əsas müəllifidir. Və Fransa prezidenti Avropa ümumi ordusunun yaradılması ilə Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışlarına da müəlliflik edir.
Maraqlıdır ki, prezident Emmanuel Makronun çağırışlardan artıq real addımların atılmasına keçdiyi barədə məlumatlar da mövcuddur. Belə ki, ABŞ müdafiə naziri müavininin keçmiş köməkçisi Stiven Brayen Fransanın avantürist addımını artıq ifşa edib. Onun dediyinə dörə, Fransa ordusunun hərbi hissəsi artıq Ukraynaya göndərilib. Stiven Brayen onu da vurğulayıb ki, Fransa Ukraynaya ilkin mərhələdə təxminən 1500 nəfərlik hərbi kontingent göndərmək niyyətindədir.
Ancaq nə qədər gözlənilməz olsa da, Fransa prezidenti Emmanuel Makronun ABŞ siyasi dairələrində də müdafiəçiləri mövcuddur. Belə ki, ABŞ Konqresindəki demokratların lideri Xakim Ceffris təxminən oxşar çağırışlarla çıxış etməyə başlayıb. Onun fikrincə, ABŞ Rusiya-Ukrayna savaşına müdaxilə etməlidir. Demokrat-konqresmen hesab edir ki, ABŞ əvvəl-axır Ukraynaya hərbi kontingent gördərməli olacaq: “Ukraynanın məğlub olmasına imkan vermək olmaz. Əgər, bu təhlükə reallaşarsa, ABŞ yalnız maliyyəsi deyil, həm də ordusu ilə Ukrayna savaşına qatılmaq məcburiyyətində qala bilər”.
Onu da nəzərə almaq lazımdır ki, bu fikirləri söyləyən məhz Bayden administrasiyasına yaxınlığı ilə seçilən demokrat-konqresmendir. Onun demokratların parlament lideri kimi, Ağ Evdən müəyyən məlumatlar almaq imkanları da olmamış deyil. Bu baxımdan hesab etmək olar ki, ABŞ ordusunun Ukraynaya göndərilməsi ilə bağlı variant ehtimal səviyyəsində də olsa, hər halda, Ağ Ev kluarlarında müzakirə edilir. Və ona görə də, belə müzakirələrin nə vaxtsa, real addımlarla müşayiət oluna biləcəyi isə qətiyyən istisna deyil.
Maraqlıdır ki, ABŞ-ın “Politico” nəşri ABŞ-ın Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” artıq çoxdan keçdiyini iddia edib. Həmin iddiaya görə, ABŞ uzaqmənzilli ATACMS raketlərini məxfi şəkildə Ukraynaya göndərib və bu silahdan Rusiyaya qarşı istifadə də olunub. Və bundan sonra Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi, eləcə də, nüvə savaşı barədə danışmaq mümkündür.
Bayden administarsiyasının yüksəkrütbəli və adının gizli qalmasını istəyən təmsilçisi Ukraynanın Rusiyanın dərinliklərinə, eləcə də, Krıma endirdiyi zərbələrin, məhz bunun sayəsində mümkün olduğunu vurğulayıb. Onun fikrincə, həmin raketlərin Ukraynaya gizli şəkildə göndərilməsi məhz prezident Co Baydenin razılığı ilə baş verib. Və bu baxımdan, NATO-Rusiya savaşı başlayarsa, bunun siyasi məsuliyyəti ilk növbədə ABŞ prezidenti Co Baydenin üzərinə düşəcək.
Bəzi iddialara görə, Ağ Evin Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar. Ancaq Rusiyanın siyasi dairələri bu mövzu ilə bağlı mümkün qədər təmkinli və ehtiyatlı mövqedən çıxış etməyə üstünlük verirlər. Hələlik, Kreml Rusiyanın Qərbdə heç bir dövlətə qarşı təhlükə törətmədiyini vurğulamaqla, kifayətlənir. Eyni zamanda, Kreml Qərb ölkələrinin də Rusiyaya qarşı yeni savaşa cəhd göstərməyəcəyinə təminat verməlidir. Və Kreml Qərb ölkələrindən Rusiya ilə yeni şərtlər daxilində anlaşmağı tələb edir.
Böyük ehtimalla Rusiyanın bundan sonrakı davranışları Kremlin bu tələblərinə Qərbin verəcəyi reaksiyadan asılı ola bilər. Yəni, Qərbdə NATO-nu Rusiya ilə savaşa çəkən dairələr oyundankənar vəziyyətə salınarsa, Kreml bu halda, sülh masası arxasında öz geopolitik maraqlarını xilas edə biləcəyinə hələ də ümid bəsləyir. Əks haldasa, Kremlin Ukraynaya uzaqmənzilli raketlərin verilməsindən Qərbə qarşı daha sərt addımlar üçün bəhanə kimi istifadə edə biləcəyi istisna deyil. Və bu halda, Fransanın Ukraynaya hərbi kontingent göndərməsi də Rusiyanın Qərb ölkələrinə cavab zərbələrinə legitimlik qazandıra bilər.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında situasiya tədricən təhlükəli istiqamətlər almağa başlayıb. Bundan sonra prezident Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər. Nəticədə bəşər tarixi növbəti dünya müharibəsi ilə üzləşməli olacaq. Üstəlik, bu savaşda məlum olanlardan tamamilə fərqli və daha böyük fəlakətlər törədə biləcək gizli silah növlərindən istifadə ediləcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, artıq məxfilyi qalmayan nüvə silahı da onların sırasına daxildir.(Yeni Müsavat)
Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir.
Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər:
"Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi İngilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək".
Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyriml kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.
Bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.
Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq".
K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: “Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib... Rusiyanı hərbi mühasirəyə alan NATO sərhəd bölgəsinə nüvə silahı yerləşdirilmək niyyətindədir, amerikalı general isə savaşın qaçılmaz olduğuna eyham vurur...
Dünyanın gələcək taleyi qeyri-müəyyən xarakter daşıyır. Hazırda Ukrayna savaşı bütün dünyanı öz təsiri altına almış durumdadır. Bu savaşın nə vaxt sona çatacağı isə ciddi müzakirə və mübahisə mövzusudur. Çünki əksər Qərb ekspertləri bu ilin payızında Rusiya və Ukraynanın sülh masası arxasına keçə biləcəyini proqnozlaşdırsa da, bu ehtimal artıq öz aktuallığını itirməyə başlayıb. Və Ukrayna savaşının uzanacağı indi daha inandırıcı görünür.
Məsələ ondadır ki, ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq yeni dəstək paketi artıq təsdiqlənib. Bu, o deməkdir ki, Ukrayna savaşının ssenari müəllifləri müharibənin uzadılması barədə yekun qərar veriblər. Halbuki, bu hərbi dəstək paketinin təsdiqlənməsindən qısa müddət öncə silah-sursatı tükənmək üzrə olan Ukraynanın bu ilin avqust ayında tam məğlubiyyətə uğrayacağı iddia olunurdu. Üstəlik, bu iddialara yalnız Qərb mütəxəssisləri deyil, elə Ukrayna hərbi ekspertləri də müəlliflik edirdilər.
Ancaq ABŞ siyasi dairələri artıq tamamilə fərqli ssenariləri gündəmə gətirməyə başlayıblar. Onların fikrincə, Ukrayna savaşı hələ bir neçə il də davam edəcək. Yəni, Ukrayna hələ bir neçə il canlı itkilər verməkdə davam edəcək. Ukrayna dövlətçiliyi mövcudluğunu itirmək təhlükəsi ilə üzləşəcək. Halbuki, Qərbdə bundan qətiyyən narahat deyillər. Əsas məsələ odur ki, Qərb öz maraqları çərçivəsində Rusiyanın "savaş bataqlığı"nda tutularaq, daha da zəifləməsi planları işlək qalsın.
Digər tərəfdən, ABŞ və Qərb Ukrayna savaşı sayəsində daha önəmli mənfəətlərinə də yaxınlaşmış kimi görünür. Belə ki, dünya iqtisadiyyatı böyük sürətlə hərbiləşdirilməkdə davam edir. İndi dünya iqtisadiyyatının önəmli bir hissəsi Ukrayna savaşının davam etdirilməsinə yönəldilib. Belə ki, NATO ölkələri öz anbarlarında illərlə yığılmış köhnə hərbi texnikanı Ukrayna ordusuna göndərib. Və indi həm həmin anbarların yenidən müasir silahlarla doldurulması, həm də Ukrayna ordusu üçün hərbi texnika istehsal etmək ehtiyacı yaranıb.
Təbii ki, bu, dünyanın nəhəng silah şirkətlərinin maraqlarına tamamilə cavab verir. Çünki ABŞ və Qərb ölkələrinin Ukraynaya dəstək üçün ayırdığı onmilyardlarla dollarlıq maliyyə vəsaiti məhz onların hesablarına yatırılmış olacaq. Nəhəng silah şirkətləri yeni hərbi texnika sifarişləri ilə daha da gəlirlırini fantastik həddə çatdıraraq, varlanmaq şansı qazanıblar. Və bu baxımdan, Ukrayna savaşının arxasında həm də dünyanın ən nəhəng silah şirkətlərinin dayanmış ola biləcəyi qətiyyən istisna deyil.
"The New York Times"ın hesablamalarına görə,2023-cü ildə dünya ölkələri hərbi sahəyə son 35 ildə olduğundan daha çox maliyyə vəsaiti xərcləyiblər. Ötən il qlobal hərbi xərclər 2,4 trilyon dollar həcmində olub. Bu, ilk növbədə Ukrayna savaşının silah-sursata olan ehtiyacları maksimum səviyyədə artırmasından qaynaqlanır. Eyni zamanda, Asiya qitəsində və Yaxın Şərq regionunda hərbi-siyasi gərginliyin artması da bu xərcləri yüksəldir. Yalnız ABŞ hərbi ehtiyaclara ötən il 920 milyard dollar xərcləyib. Və bu fantastik maliyyə vəsaitləri isə ilk növbədə nəhəng silah şirkətlərinin büdcələrini doldurur.
Ancaq Qərbdə, xüsusilə də, NATO-da bu quruma üzv dövlətlərin hərbi xərclərinin indiki səviyyəsindən qətiyyən məmnun deyillər. NATO rəhbərliyi quruma üzv dövlətləri öz hərbi xərclərini tərəddüdsüz artırmağa çalışır. Bu çağırışların arqumentləşdirilməsi üçün isə yaxın gələcəkdə Rusiyanın Avropaya hücum planlarının olması ilə bağlı iddialar ön plana çəkilir.
NATO baş katibi Yens Stoltenberq bildirib ki, gələcək təhlükələri nəzərə alaraq, üzv ölkələr həm hərbi xərclərini artırmalıdırlar, həm də Ukraynaya dəstəyi davam etdirməlidirlər. Onun fikrincə, NATO ölkələri Ukraynaya bütün vəd olunan dəstəyi verməyib. Və ona görə də, Qərb ölkələri mütləq Ukraynaya dəstək məqsədilə 100 milyard dollarlıq dəstək fondu yaratmalıdırlar.
Bəzi məlumatlara görə, indi Ukrayna savaşı NATO üçün "zamanı dayandırma aləti" rolunu oynayır. Belə ki, NATO-nun Rusiyanın sərhədləri ətrafında güclü hərbi çənbərin yaradılması üçün hələ bir müddət zaman qazanmağa ehtiyacı var. Bu hərbi-siyasi alyansda hesab edirlər ki, indi NATO-ya lazım olan zamanı yalnız Ukrayna savaşının uzanması qazandıra bilər. Halbuki, son məlumatlara görə, hazırda Rusiyanın sərhədlərində NATO-nun 35 minlik canlı qüvvəsi, 300 tankı və 800 zirehli döyüş texnikası artıq mövcuddur. Və NATO-nun Rusiya ilə gələcək savaş ssenarisi üzrə keçirilən hərbi təlimlərə 90 min nəfərlik canlı qüvvə cəlb olunub.
Maraqlıdır ki, ABŞ-ın Avropadakı quru qoşunları komandanı Derril Uilyams NATO-nun bu nəhəng hərbi təlimlərinin məhz Rusiyaya qarşı yönəldiyini açıq mətnlə etiraf edib. Rusiya siyasi dairələri isə bu hərbi təlimlərin provokasiya xarakteri daşıdığını vurğulayıb. Kremldə hesab edirlər ki, belə irimiqyaslı hərbi təlimlər üzərindən Rusiyaya qarşı güc nümayiş etdirməklə, təzyiq göstərmək niyyəti güdülür. Və bu baxımdan, Rusiyaya qarşı hibrid savaşın başlanıldığı qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, NATO Rusiyanın sərhədləri boyunca nüvə silahı yerləşdirmək planını da reallaşdırmağa başlayıb. Böyük ehtimalla öz ərazisində NATO-nun nüvə başlıqlı raketlərinin yerləşdirilməsinə icazə verəcək ölkə Polşa olacaq. Hər halda, rəsmi Varşava NATO-nun belə bir niyyəti olarsa, Polşa ərazisində nüvə silahının yerləşdirilməsi təklifinə müsbət yanaşılacağını artıq indidən bəyan edib. Və Kreml buna cavab olaraq, Polşada yerləşdiriləcək nüvə bazalarının Rusiya üçün legitim hərbi hədəfə çevriləcəyini vurğulayıb.
Göründüyü kimi, NATO və Rusiya arasında gərginlik durmadan artır. Bir tərəfdən, Ukrayna savaşının uzadılması istiqamətində israrlı addımlar atılır. Digər tərəfdən isə NATO Rusiyanı hərbi mühasirəyə alır. Son mərhələdə Rusiya sərhədlərində nüvə başlıqlı raketlərin yerləşdirilməsi planlaşdırılır. Yəni, amerikalı generalın da eyham vurduğu kimi, NATO Rusiyaya qarşı gələcək müharibəyə artıq hazırlaşmağa başlayıb. Və belə bir savaş olarsa, nüvə silahının tətbiq ediləcəyi də elə indidən qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)