![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.
"Report"un Londona ezam olunan əməkdaşının məlumatına əsasən, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.
Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.
Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.
Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.
Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
"Report"un Londona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.
Baş nazir Nikol Paşinyan ABŞ və Avropa Birliyindən gözlədiyi heç bir dəstəyi ala bilmədiyi üçün Ermənistanı daha risk altına almaqdan çəkinir... Rəsmi İrəvandan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarı gözlənildiyi bir mərhələdə Ermənistan yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına qayıtmağa hazırlaşır...
Cənubi Qafqaz uğrunda mübarizə artıq "qırmızı cizgilər'"dən kənara çıxmağa başlayıb. Belə ki, hazırda ABŞ və Qərbin Rusiya ilə bu regionda qarşıdurması demək olar, həlledici mərhələyə keçid etmiş kimi görünür. Və bundan sonra baş verə biləcək proseslər böyük ehtimalla Cənubi Qafqazda sərt toqquşmaya da keçə bilər.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanı əsasən, Ermənistan və Gürcüstan üzərindən hədəfə almağa çalışır. Azərbaycan bu prosesdə ABŞ və Qərbin təsir dairəsindən çox-çox uzaqdır. Rəsmi Bakı Azərbaycanın xarici siyasətində müstəqil mövqeni və balans yaratma taktikasını qoruyub saxlayır. Və bu baxımdan, Azərbaycan nəhənglərin savaşında birbaşa iştirak etmir.
Gürcüstanın da müəyyən mənada, ABŞ və Qərbin təzyiqlərinə müqavimət göstərməyə çalışdığı müşahidə olunur. Ancaq Qərbin Gürcüstana təzyiq mexanizmləri hər halda, olmamış deyil. Sadəcə, indiki mərhələdə rəsmi Tiflisin müqavimət cəhdləri Qərbin təzyiq mexanizmlərinin effektivliyini ciddi şəkildə zəiflədir. Və bu baxımdan, Gürcüstan hazırda Qərb üçün nəzarətdən çıxmaqda olan tərəfdaş durumuna düşmüş kimi görünür.
Ancaq Ermənistan ilə bağlı situasiya tamamilə fərqlidir. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti yürütməyə çalışır. Üstəlik, Paşinyan hakimiyyəti Ermənistanın siyasi idarəçilik sistemini tam şəkildə ABŞ, Avropa Birliyi və Fransanın istifadəsinə verib. İndi rəsmi İrəvan yalnız Qərbdən gələn təlimatlar və sifarişlər əsasında siyasi qərarlar qəbul edir. Və Qərbdən icazəsini ala bilmədiyi heç bir məsələ ilə bağlı hər hansı addım atmır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ son vaxtlar Ermənistanda özünü kifayət qədər rahat hiss edir. Hətta ABŞ-ın İrəvandakı səfiri Kristina Koen Ermənistanı qeyri-rəsmi şəkildə idarə etdiyini dolayısı ilə etiraf edib. Amerikalı səfir bildirib ki, İrəvanda əsas vəzifəsi Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir. Və bu, Paşinyan hakimiyyətinin hansı səviyyədə ABŞ-dan asılı vəziyyətə düşdüyünü təsəvvür etməyə tamamilə imkan verir.
Ancaq rəsmi İrəvanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti Ermənistan üçün olduqca təhlükəli və ağrılı bir prosesdir. Belə ki, Paşinyan hakimiyyəti nə qədər Qərbə doğru can atsa da, Ermənistan bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdədir. Ən əsası isə rəsmi İrəvanın Ermənistanı bu asılılıqdan çıxartmaq şansları qətiyyən ümidverici deyil. Və bu, Ermənistan üçün böyük fəlakətlərə yol aça biləcək avantüra təsiri bağışlayır.
Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Ermənistan Rusiya enerji resurslarından qidalanır və Azərbaycanla yekun sülh sazişi imzalanmadığından buna hələlik alternativ də yoxdur. Eyni zamanda, Ermənistan üzv olduğu Avrasiya İqtisadi İttifaqından iqtisadi-ticari sahə üzrə güzəştlərdən maksimum səviyyədə faydalanır. Və bu önəmli güzəştlərin də alternativ istiqaməti hazırda mövcud deyil.
1002537.jpg (103 KB)
Nəhayət, Ermənistan həm Rusiya ilə hərbi müttəfiq olması, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması da Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma cəhdləri qarşısında olduqca ciddi bloklayıcı faktordur. Ona görə də, ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılmasını tələb edir. İlk növbədə isə Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi ən qısa zamanda, pozmasında israrlı mövqe tutur. Və rəsmi İrəvan hazırda bu tələbləri icra etmək imkanından çox-çox uzaqdır.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi rəsmi İrəvanın gözləntilərini qarşılamağa qətiyyən həvəs göstərmədi. Əksinə, rəsmi İrəvana indiyə qədər yalnız vədlər verildi. Ən yaxşı haldasa, Ermənistana vəd olunan 250 milyon avro məbləğində maliyyə yardımı beş illik müddətə bölündü. Yəni, əgər, rəsmi İrəvan ABŞ və Qərbin tələblərini yerinə yetirərək, Rusiyadan qopub, Avrasiya İqtisadi İttifaqından çıxarsa, bu, Ermənistana sarsıdıcı nəticələr verə bilər. Və Paşinyan hakimiyyəti artıq son vaxtlar bu təhlükəli perspektivi ciddiyə almağa başlayıb.
Digər tərəfdən, ABŞ və Avropa Birliyi Ermənistanın təhlükəsizliyinə təminat verməyə də qətiyyən ehtiyac duymur. Belə situasiyada rəsmi İrəvanın KTMT-dan çıxması, eləcə də, Rusiya ilə hərbi müttəfiqliyi pozması Ermənistanın tamamilə təklənməsinə səbəb ola bilər. Və bu halda, Ermənistan dövlətçiliyinin yox olma ehtimalının da real görüntülər ala biləcəyi qətiyyən şübhə doğurmur.
Göründüyü kimi, ABŞ və Qərbin Paşinyan hakimiyyətinə verdiyi vədlər indiki halda, Ermənistan üçün yaxşı gələcək təmin etmir. Əksinə, Ermənistan indi daha çox qeyri-müəyyən situasiyaya doğru irəliləməkdə davam edir. Üstəlik, ABŞ-da Bayden administrasiyasının dəyişmə ehtimalı Ermənistanı ümumiyyətlə, geopolitik risk altına sala bilər. Çünki Ağ Evin keçmiş sahibi Donald Trampın Ermənistana Bayden administrasiyası qədər əhəmiyyət verəcəyi qətiyyən inandırıcı deyil.
Paşinyan hakimiyyəti isə sentyabr-oktyabr aylarında Ermənistan üçün radikal addımlar atmağa hazırlaşır. Hər halda, Ermənistan mətbuatında son vaxtlar Paşinyan hakimiyyəti daxilində olan mənbələrə istinadən belə məlumatlar yayılmaqdadır. Həmin məlumatlar isə kifayət qədər ziddiyyətli xarakter daşıyır. Belə ki, bəzi mənbələr baş nazir Nikol Paşinyanın tezliklə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması barədə prinsipial qərar verəcəyini iddia edirlər.
Ancaq digər mənbələr bunun tamamilə əksini iddia edirlər. Belə ki, həmin iddialara görə, baş nazir Nikol Paşinyan yaxın ətrafına xarici siyasət kursunda hər kəsi heyrətə salacaq addımlar atacağını bildirib. Ehtimal olunur ki, erməni baş nazir ABŞ və Avropa Birliyindən gözlədiyi heç bir dəstəyi ala bilmədiyi üçün daha risk etmək niyyətində deyil. Və yenidən Ermənistanı Rusiyanın "təhlükəsizlik çətiri" altına qaytarmaq barədə düşünür.
Belə anlaşılır ki, Ermənistanın KTMT-dan çıxacağının gözlənildiyi bir mərhələdə Paşinyan hakimiyyəti öz xarici siyasət hədəflərini yenidən dəyişə bilər. Rusiyanın Ukrayna savaşında mövqelərinin yenidən möhkəmlənməsi rəsmi İrəvanı Kremlin orbitinə qayıtmağa sövq etmək üzrədir. Və xəyanətə vərdişli Ermənistanın belə bir addım atması isə əslində, yalnız Qərb üçün gözlənilməz situasiya anlamı daşıya bilər.(musavat.com)
ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
ABŞ xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller bidlirib ki, Azərbaycan və Ermənistan sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir.
Bəs söhbət hansı çətin seçimdən və kompromislərdən gedir?
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a danışıblar.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, burada söhbət sərhəd məsələləri ilə bağlıdır: "Ermənistan tərəfi istəyir ki, ilkin sülh sazişində 1991-ci ilə sərhədləri təsbit olunsun. Halbuki bu sərhədləri onlar özləri məhv etmişdilər. Əslində isə Ermənistan tərəfinin istəyi bəhanədir və məqsəd odur ki, danışıqlarda irəliləyiş olmasın".
Tofiq Zülfüqarov qeyd edir ki, bu həm də Rusiyadan Ermənistana olan təzyiqlə bağlıdır: "Çünki Rusiya ABŞ-ın vasitəçiliyi altında hansısa irəliləyişin əldə olunmasını məqbul hesab etmir: "Mənə elə gəlir ki, Dövlət Departamenti bunu yaxşı başa düşür. Rusiya anlayır ki, seçkilər öncəsi demokratların qazanacağı uğur onların prezident seçkilərindəki kampaniyasına uğur gətirə bilər. Ancaq onu da qeyd etməliyik ki, ABŞ seçkilər prosesində indi vəziyyət yetərincə dəyişib. İndi demokratların xarici siyasətdə nisbi uğuru da onlara heç bir xal qazandırmayacaq".
"Azərbaycan tərəfi tələb edir ki, ilkin prinsiplər sənədində tərəflərin sülhə mane olan hüquqi məsələlərin həlli üçün addımlar atacağı göstərilsin. Yəni, söhbət prosedurdan yox, öhdəlikdən gedir. Azərbaycan Ermənistandan konstitusiyanı dəyişməyi tələb edir. Bu o demək deyil ki, biz Ermənistanda referendumu gözləməliyik. Biz Ermənistanın bununla bağlı öhdəlik götürməsini istəyirik. Onun icrası sonra da baş tuta bilər. Eyni zamanda Ermənistan Rusiyanın narazılığından ehtiyyat edir. ABŞ-ın tələbləri seçkilərlə bağlıdır, Ermənistan bunu başa düşür və bu oyunda günahkar olmaq istəmir. Ona görə də, Ermənistanın sülh danışıqları prosesində etdikləri siyasi spekulyasiyadır".
Millət vəkili Zahid Oruc isə qeyd edib ki, ABŞ tərəfinin müharibədən sonrakı dövrdə danışıqlar prosesində fəallaşması başa düşüləndir: "Bunun səbəbi ABŞ-ın post-müharibə dövründə regiondan çıxarılmış mənafelərini təkrar bu bölgəyə qaytarmaqdır. Buna görə də Cənubi Qafqaz ölkələrindən birinə və ya digərinə daha çox diqqət ayırırlar. Hesab edirəm ki, münaqişələr bu ölkələr üçün yeganə vasitədir ki, onun üzərindən öz mənafələrini qoruyurlar. İstər iqtisadi, istər siyasi, transmilli məqsədlərini gerçəkləşdirirlər. ABŞ fəallığını artırmaqla göstərmək istəyir ki, danışıqlar prosesini bilavasitə idarə edir, onun üzərində mühüm təsir gücünə malikdir. Amma hesab edirəm ki, bu prosesdə region ölkələrinin mənafeləri, maraqları nəzərə alınmır".
Zahid Oruc vurğulayıb ki, bu sülh prosesi üzərində ABŞ-ın səmimi bir niyyətlə düşmənçiliyi aradan qaldırmaq istəyinə inam yoxdur və buna şübhə edirik: "Əsas məqsədlərdən bir odur ki, bu ölkələr Rusiya moderatorluğu ilə danışıqlardan kənarlaşsınlar, Türkiyənin moderatorluğu işləməsin. Həmçinin Azərbaycanın Çinlə əməkdaşlığının genişlənməsi Ağ Evdə belə ehtiaml yaradır ki, sülh müqaviləsi, regional proseslər Çin, Rusiya, Türkiyə və region dövlətləri formatında həll olunar. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, regiondan uzaq ölkələr prosesə müdaxilə etməsinlər. Bunun alt qatında dayanan mənanı anlamaq çətin deyil. Söhbət Qərb platformasının sülh təşəbbüsləri adı altında bölgəni öz nəzarətləri altında saxlamaq niyyətlərindən gedir".
"Sülh danışıqlarının özü sülh müharibəsi kimi qəbul oluna bilər. Azərbaycan dövləti prosesin hansı adla çağırılmasından asılı olmayaraq yeni "Minsk Qrupu rolu"nu kimsəyə vermək niyyətində deyil. Azərbaycan sülhdə maraqlıdır, ölkənin strateji krusu buna yönəlib. Ermənistan tərəfi də belə açıqlamalar verir. Ancaq bu ölkənin konstitusiyası gələcəkdə bütün prosesi sıfırlaya bilər. Ermənistanda kontitusiyasında iddialar aradan qaldırılmalıdır. Düşünürəm ki, Dövlət Departamentinin açıqlamasında güzəştlər deyilərkən bu nəzərdə tutulur. Ancaq Azərbaycan 1995-ci ildə qəbul olunmuş konstitusiyasında başqa ölkələrə ərazi iddiaları yoxdur. Siyasi baxışlar, digər icmalar və qurumlar sülh danışıqlarının predmeti ola bilməz", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Elçin Alıoğlu - Trend
Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıdan vaxt istəyərək 2026-cı il parlament seçkilərindən sonra Ermənistan Konstitusiyasını dəyişdirməyə başlayacağını bildirib.
İrəvanda nəşr olunan "Hraparak" qəzeti iqtidardakı "Mülki Müqavilə" partiyasındakı mənbələrinə istinadən belə məlumat yayıb.
Qəzet bildirib ki, İrəvan Bakıdan iki il vaxt istəyərək, bundan sonra Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyinə söz verib. "Bəlkə də elə buna görə baş nazir Konstitusiya islahatları üzrə komissiyaya yeni Konstitusiya konsepsiyasını 2026-cı ilin dekabrında keçiriləcək parlament seçkilərindən sonra təqdim etməyi tapşırıb," – deyə nəşr qeyd edir.
Nəşr yazır ki, Paşinyanın arqumenti, guya, erməni xalqının səbrinin tükənə biləcəyi və Konstitusiyanı dəyişdirmək tələbinə görə üsyan edə biləcəyi ehtimalı idi, bu halda isə konstitusiya referendumu uğursuz olacaq və revanşistlər hakimiyyətə gələcək.
"Hraparak"ın iddiası, yəni Nikol Paşinyanın konstitusional dəyişikliklər üçün vaxt istəməsi, bu gərginliklərin həllində yeni bir mərhələnin başlaya biləcəyi ehtimalını ortaya qoyur.
Ermənistan və Azərbaycan arasındakı münasibətlər, əsasən Dağlıq Qarabağ münaqişəsi ilə müəyyənləşib. Bu münaqişə, 1988-ci ildə SSRİ-nin dağılması ilə başlayaraq 1994-cü ildə atəşkəs sazişi ilə bitən silahlı toqquşmalarla nəticələndi. Lakin, bu atəşkəs davamlı sülhə nail ola bilmədi və münaqişə dövrü olaraq yenidən alovlandı, ən son 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ Müharibəsi ilə yenidən gündəmə gəldi. Bu münaqişələr nəticəsində, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini işğal etdi və bu işğal 30 il davam etdi.
Ermənistanın Dövlət Müstəqillik Bəyannaməsi 1990-cı ildə qəbul edilib və bu bəyannamədə sabiq “Dağlıq Qarabağ”ın Ermənistanın bir hissəsi olduğu iddia edilir. Bu bəyannamə, Ermənistanın milli kimliyini və dövlətçilik prinsiplərini müəyyən edən əsas sənəd hesab olunur. Konstitusiyada bu ərazi iddiaları daha dolğun şəkildə ifadə olunub. 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyasının preambulasında və digər maddələrində Azərbaycanın Qarabağ bölgəsinə dair iddialar yer alır.
Nikol Paşinyanın 2018-ci ildə baş nazir vəzifəsinə gəlməsi ilə Ermənistanın daxili siyasi arenasında ciddi dəyişikliklər baş verdi. Paşinyan, korrupsiyaya qarşı mübarizə və demokratik islahatlar vədləri ilə hakimiyyətə gəldi. 2020-ci il müharibəsinin nəticələri və Azərbaycanın qələbəsi Paşinyanın daxili nüfuzunu zəiflətdi. Ermənistan cəmiyyətində sülh prosesinə və Azərbaycanın tələblərinə uyğun olaraq konstitusional dəyişikliklərə qarşı böyük bir müqavimət mövcuddur. Paşinyan, daxili siyasi sabitliyi təmin etmək və konstitusional dəyişikliklərə dair müqaviməti azaltmaq üçün daha çox vaxta ehtiyac duyur.
Ermənistanın beynəlxalq səviyyədə tək qalması və Azərbaycanın regional güclər, xüsusilə də Türkiyə və Rusiyanın dəstəyini qazanması, İrəvanın mövqeyini zəiflətdi. Bu səbəbdən, N.Paşinyan beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycanın tələblərinə uyğun hərəkət etməyə məcbur qaldı. Prosesin tələsik həyata keçirilməsi Ermənistanın daxili siyasətində və cəmiyyətində böyük problemlərə səbəb ola bilər.
Cənubi Qafqaz regionunda geosiyasi dinamikalar sürətlə dəyişir. Azərbaycanın iqtisadi və hərbi gücü artmaqda davam edir, bu da Ermənistanın mövqeyini daha da zəiflədir. Eyni zamanda, regionda yeni enerji və nəqliyyat layihələri həyata keçirilir ki, bu da Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu şəraitdə, Paşinyan regional sabitliyi təmin etmək və Ermənistanın maraqlarını qorumaq üçün Azərbaycanın tələblərinə uyğun olaraq hərəkət etməyə məcburdur.
Ermənistanın Konstitusiyasında dəyişikliklərin həyata keçirilməsi, Azərbaycanın tələblərinə cavab vermək və regionda uzunmüddətli sülhün təmin edilməsi üçün vacibdir. Bu dəyişikliklər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini və beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmət etməsini təmin edəcək.
N.Paşinyan daxili siyasi sabitliyi təmin etmək üçün geniş miqyaslı islahatlar həyata keçirməlidir. Bu islahatlar korrupsiyaya qarşı mübarizə, demokratik institutların gücləndirilməsi və iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində olmalıdır və onlar cəmiyyətin dəstəyini qazanmaq və konstitusional dəyişikliklərin həyata keçirilməsini asanlaşdırmaq üçün vacibdir.
Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün daha fəal diplomatik siyasət həyata keçirməlidir. Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək Ermənistanın mövqeyini beynəlxalq arenada gücləndirəcək və Azərbaycanın tələblərinə uyğun hərəkət etmək üçün daha geniş bir dəstək bazası yaradacaq.
Ermənistanın Konstitusiyasında və Dövlət Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının yer alması Cənubi Qafqaz regionunda uzun müddətdir davam edən münaqişələrin və siyasi gərginliklərin əsas səbəblərindən biridir.
... Ermənistanın Konstitusiyasında və Dövlət Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları Cənubi Qafqaz regionunda uzun müddətdir davam edən siyasi gərginliklərə və münaqişələrə səbəb olub və indi də belədir.
Hazırkı Ermənistan Konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.
Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.
Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.
12 bənddən ibarət olan sənədin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.
Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.
1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.
Ermənistan Konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Koçaryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi.
Nikol Paşinyan bu ilin fevral ayının əvvəlində Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid edib: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.
Amma o, eyni zamanda başqa çıxışlarının birində vurğulayıb ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur.
Halbuki rəsmi Bakının tələbi və ya şərti, yəni Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilməsi istəyi tam normaldır, beynəlxalq hüquq çərçivəsindədir.
Rəsmi Bakı gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyindən və ya Cənubi Qafqaz bölgəsində hər hansı formada - yaxud formatda - geosiyasi konyukturun mümkün dəyişikliklərindən asılı olmayacaq yekun sülh sazişinin imzalanmasını istəyir.
Ermənistan Konstitusiyasına dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanacağı təqdirdə proses arzuolunmaz istiqamətə yön alacaq. Erməni parlamentində hakimiyyətə müxalif qüvvələr, yəni sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "Ermənistan" və "Şərəfim var" fraksiyaları sənədi ölkənin mövcud Konstitusiyasına zidd elan edəcək, Konstitusiya məhkəməsindən sazişlə bağlı qərar verməsini tələb edəcəklər.
2009-cü ildəki "Sürix prosesi" zamanı Türkiyə və Ermənistan arasındakı protokollarla bağlı situasiyada olduğu kimi, Konstitusiya Məhkəməsinin sülh sazişi ilə bağlı da mücərrəd qərar verəcəyi istisna deyil.
Baştverənlər gələcəkdə Ermənistanda revanşistlərin aktivləşməsinə, yeni müharibə çağırışlarını səslənməsinə, Azərbaycana qarşı ərazi iddialarının gündəmə qayıtmasına səbəb olacaq.
Təbii ki, bəhs olunan perspektiv Bakının maraqlarına cavab verə bilməz. N.Paşinyan iqtidarı vaxt uzatmağa çalışır, konstitusion dəyişikliklər etməmək üçün ən müxtəlif bhanələr və uydurma şərtləri gündəmə gətirir.
Son vaxtlar İrəvan rəsmilərinin və siyasətçilərinin refren kimi təkrarladıqları yeni bəhanə isə “maraqlı”dır. Sən demə, rəsmi Bakının şərtləri Ermənistan hakimiyyətinin sülh gündəliyini «pozur». Paşinyan administrasiyasının funksionerlərinin dediklərinə görə, “Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi göründüyündən prosesə kömək etmir və ermənilər «bu cür dəyişiklikləri yalnız Bakının tələbi kimi görərlərsə, bunun əleyhinə səs verəcəklər: hətta seçici passivliyi olarsa, bu, referendumun uğursuzluğa düçar olması demək olacaq”.
Ermənistan Konstitusiyasına görə, siyahıya alınmış seçicilərin, yəni təqribən 2,49 milyon nəfərin ən azı 25 faizi və seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. İrəvanın hesablamalarına görə, ölkənin 648 mindən artıq vətəndaşı Konstitusiyaya dəyişiklikləri dəstəkləyərsə, ölkənin əsas qanunun mətni dəyişə bilər.
Azərbaycanı Ermənistanla tələsik sülh müqaviləsi imzalamağa çağıran ABŞ, Fransa və Avropa İttifaqı eyni taktikanı ölkəmizin ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 ildə nümayiş etdirmişdilər. Laqeydlik, işğalçı ilə işğala məruz qalanın bərabər tutulması, beynəlxalq hüququn prinsipləri və normalarını qulaqardına vurulması - bütün bunları gördük.
İndi Bakıdan az qala tələb olunur ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasına zəruri dəyişikliklər edilmədən sülh müqaviləsini imzalasın.
Halbuki Azərbaycaan real, konkret, işlək sülh müqaviləsi və Ermənistanın yeni işğal, yeni müharibə fikrinə düşməyəcəyinə təminat gərəkdir.
Unutmayaq ki, məhz Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul ediləndən sonra həmin sənədə «əsaslanan» ermənilər işğala başlamışdılar.
Ermənistan Konstitusiyasındakı ərazi iddialarının ləğvini nəzərdə tutan dəyişikliklər olmasa, sülh müqaviləsi imzalanmayacaq.
Bu, Azərbaycanın bir mikron belə, geri çəkilməyəcəyi “qırmızı cizgi”ləridir.
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır.
“Niyə sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın Baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır. Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə, o qeyd edib.
Ərdoğan İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini də vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.
Zəngəzur dəhlizi ilə bağlı ortada Rusiya faktoru da var. Məlumdur ki, Rusiya dəhlizə onun nəzarət etməsini istəyir. Lakin Ermənistan buna qarşıdır. Ermənistan nəqliyyat-kommunikasiya əlaqələrinə özünün nəzarət etməsi barədə siqnallar ötürür. Belə qarışıq siyasi istəklər və sülh sazişi olmadan dəhlizin yaxınlarda açılması ehtimalı mümkün görünmür.
Mövzu ilə bağlı AYNA-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Zəngəzur dəhlizi və yaxud da ki, yolu hazırda mövcud deyil:
- Dəhlizin tam hüquqla işləməsi ən yaxşı halda, 4 ilə, yəni ki, 2028-ci ildə mümkündür. Bu günlərdə məlumat yayıldı ki, yox, 2030-cu ilədək bu məsələ çəkəcək. Həm magistral yolun, həm də dəmir yolunun çəkilməsi bu tarixədək mümkün olacaq. Fikir verirsinizsə, Rusiya Zəngəzur dəhlizi məsələsini indi xüsusi qabartmır. Söhbət dəhlizə kimin nəzarət etməsi məsələsindən gedir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın mövqeyi fərqlidir. İranın Ermənistandakı səfiri iki fərqli bəyanat verdi. Birincidə tamamilə anti-Azərbaycan mövqeyi hiss olunurdu. İkinci bəyanatında qəribə ifadə işlətdi. Dedi ki, “istərdik ki, dəhlizə Ermənistanın özü nəzarət etsin, başqa ölkələr də bununla hesablaşsın”. Düşünürəm ki, bu, bir qədər qəribə mesaj var idi.
- Bu mesaj kimə idi?
- Təbii ki, Azərbaycana mesaj idi. Eyni zamanda, bu mesaj Rusiyaya idi. Çünki dəhlizə nəzarəti Rusiya istəyir. Tehran isə Moskvaya mesaj verir ki, siz yox, Ermənistanın özü nəzarət etsin. Əvvəllər isə İrandan bildirilirdi ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməyi vacibdir. Ola bilsin ki, Pezeşkianın hakimiyyətə gəlməsi ilə islahatçıların səfirliyə müəyyən tapşırıq verilib.
Bütün hallarda isə sülh müqaviləsi olmadan da Zəngəzur dəhlizinin açılması mümkündür. Bunu hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyan edib ki, kommunikasiyaların açılması mümkündür. Rəsmi Bakı isə bəyan edib ki, kommunikasiyalar dedikdə Zəngəzur dəhlizi nəzərə alınmırsa, o zaman bunun heç bir əhəmiyyəti yoxdur. Məsələn, Noyamberyandan Qazaxa yolun açılması bizim üçün o qədər də önəmli deyil.
Məncə, Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşıda Rusiya-Ermənistan qarşıdurması olacaq, nəinki Azərbaycan-Ermənistan qarşıdurması. Rəsmi Bakının şərtləri məlumdur. Biz deyirik ki, Zəngəzur yolu ilə istifadə barədə digər ölkələrlə münasibətdə bizə fərqli münasibət olmalıdır. Yəni ki, biz Azərbaycandan Azərbaycana sərbəst keçid istəyirik.
- Zəngəzur dəhlizi məsələsində Rusiya-Ermənistan qarşıdurmasından Azərbaycan necə kənarda qala bilər ki?
- Təbii ki, kənarda qala bilmərik. Amma məsələ bir qədər fərqlidir. Biz 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyannaməyə istinadən deyirik ki, Zəngəzur dəhlizinin işə salınması lazımdır. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Düzdür, bəzən deyilir ki, həmin Bəyanat artıq qüvvədən düşüb. Amma rəsmi bakı deyir ki, “yox, gücdən düşməyib”. Ermənistan digər bəndləri yerinə yetirmədiyi üçün Azərbaycan məcbur qalıb öhdəliklərin icrasını həyata keçirdi. Nəzərə almaq lazımdır ki, Bəyanatın bir tərəfi də Rusiyadır. Rusiya tərəfi də tez-tez səsləndirir ki, Üçtərəfli Birgə Bəyanatda Zəngəzur dəhlizi barədə Ermənistan üzərinə götürdüyü öhdəliyi həyata keçirməlidir. Rusiyanın ritorikasında hər zaman 2020-ci ildə imzalanmış Bəyanata istinad edilir. Biz sanki müşahidəçi mövqedəyik.
- Dəhlizə həqiqətən də Rusiya nəzarət etməlidir?
- Rəsmi Bakı da Moskva ilə konfrantasiyaya getmir, bəyan edir ki, Üçtərəfli Birgə Bəyanata əsasən, dəhlzə Rusiya təhlükəsizlik qüvvələri nəzarət etməlidir. Bunun səbəblərindən biri də Azərbaycanın təhlükəsizliklə bağlı Ermənistana etimadının olmamasıdır. Bakı inanmır ki, Ermənistan Azərbaycan üçün, Türkiyə üçün dəhlizdə təhlükəsizlik şəraiti yaradacaq. Sabah erməni kilsəsi ilə daşnaklar birləşib dəhlizdə təxribat törətməyəcəklər ki?! Əlbəttə, buna zəmanət yoxdur. Azərbaycan Ermənistana mesaj verir ki, etimad yarananadək Rusiya dəhlizdə təhlükəsizliyi hələlik təmin etsin. Perspektivdə isə Azərbaycan maraqlıdır ki, dəhlizə Ermənistan özü nəzarət etsin. İndiki situasiyada isə Ermənistanın dəhlizə təhlükəsizlik zəmanəti verə biləcəyi inandırıcı görünmür. Həm etimadın olmaması, həm də regional və qlobal güclərin regionda maraqlarının toqquşması gedir. Burada elə ortaq mövqe tapılmalıdır ki, kənar qüvvələrin təsir və təzyiqi minumuma ensin. Ona görə də indiki situasiyaya uyğun olaraq Rusiyanın dəhlizdə təhlükəsizliyə nəzarəti məqbuldur.
Bütün hallarda isə Zəngəzur dəhlizinin işə düşməsi xeyli zaman alacaq. Çünki bunun istifadəyə verilməsi bir-iki ilin işi deyil. Bu baxımdan da, indi Zəngəzur dəhlizi məsələsi tam gündəmdə deyil. Ermənistan dəhlizin tikintisinə hələ heç pul da ayırmayıb. Belə olan halda, Zəngəzur dəhlizinin yaxın zamanda açılması real deyil.