|
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
"Dəyişikliklərə əsasən, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
Daha bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.
Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.
Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;
- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.
“İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
Bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb:
“Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstututu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır:
"Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.
Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır.Qurumun heyətində E.Poqosyan, L. Mirzoyan kimi erməni diasporasının radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur.
Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayır. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır".
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı təməlqoyma mərasimində çıxış edib.
Prezident İlham Əliyev “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.
Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur”.
Sərəncama əsasən, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlər görəcək.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görəcəklər.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya bu Sərəncamla nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinin cari və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görəcəklər.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.