Düzəlməyə doğru gedən Tükiyə-Ermənistan münasibətləri... - BİZƏ NƏ VƏD EDİR?İyulun 30-da Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub. Görüşlə bağlı bəyanatda diqqətə çatdırılır ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

“Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”. Türkiyə-Ermənistan münasibətlərində cüzi də olsa yaxınlaşma baş verib. Bu, regiona, sülh prosesinə hansı töhfələri verə bilər? Məsələlər Azərbaycanla razılaşdırılırmı?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Xarici İşlər Nazirliyinin görüşün nəticəsi haqda yaydığı rəsmi sənəddə Akyakanın açılmasının regionda proseslərin gedişindən asılı olduğu bildirilir: “Regionda proseslər isə heç də sözügedən dəmir yolunun tez bir zamanda işə düşəcəyindən xəbər vermir. Xameneinin Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına cavab vermədiyi haqda iki gün əvvəl söylədiyi diqtə xarakterli fikirlərinə Paşinyanın bir növ şərik çıxması, hayların ritorikanı dəyişdirsələr də, Azərbaycanla Türkiyəyə qarşı torpaq iddialarına və düşmənçiliyə son qoymaq istəməmələri ortadaykən hansı normallaşmadan söhbət gedə bilər?” S.Alıyev qeyd etdi ki, normallaşma normal məntiq və qonşulara normal yanaşma tələb edir: “Qarşı tərəfin hərəkətlərində hələ bu yoxdur. Üstəlik, 30 iyuldakı Tehran görüşü də təsdiqlədi ki, Ermənistana bir dövlətə forpostluğu bir neçəsinə forpostluqla əvəzləməyi düşünür. Özü də elə dövlətlərə ki, onların heç biri Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyinə son qoymasını istəmir. Həmin İran açıq dilə gətirməsə də, açığı, heç Akyakanın işə düşməsi də onun marağında deyil”.

Azad Vətən Partiyasının sədri Akif Nağı dedi ki, verilən informasiyalar əvvəlki açıqlamalarla ziddiyyət təşkil edir: “Türkiyə rəhbərliyi son günlərədək bildirirdi ki, Ermənistanla razılaşma yalnız Azərbaycanın haqlı tələbləri yerinə yetirildikdən sonra mümkün ola bilər. Amma indi viza rejimin yumşaldılmasından, hətta ilkin şərtlərdən imtina olunmasından bəhs olunur. Bu, doğrudanmı Ankaranın mövqeyi kimi qəbul olunmalıdır, yoxsa manevr xarakteri daşıyır, demək çətindir”.

A.Nağının fikrincə, bu mövqenin Azərbaycanla razılaşdırılması da mümkün deyil: “Azərbaycan Ermənistan qarşısında konstitusiyadakı əsassız ərazi iddialarının aradan qaldırılması və sair məsələlərlə bağlı konkret şərtlər qoyub. Yeri gəlmişkən, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını da Azərbaycan gündəmdə saxlayır. Ona görə də anlaşılan deyil ki, Türkiyə gerbində Ağrı dağının təsvir olunduğu bir ölkə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? Bu normallaşma hesab edirəm ki, mövcud şərtlər daxilində yaxşı bir şey vəd etmir”. Partiya sədri qeyd etdi ki, Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir, amma bu cür şərtlər daxilində deyil: “Məğlub Ermənistana bu cür güzəştlər sağlam məntiqə sığmır. Bizim nəyin bahasına olursa-olsun, məntiqi əldə olunacaq sülhə ehtiyacımız yoxdur. Məsələnin Azərbaycanla razılaşdırılması da inandırıcı deyil”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi istiqamətində aparılan danışıqlar müsbət nəticələr əldə edilməsi üçün Azərbaycanla paralel şəkildə aparılır: “Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyiş var. Prezidentin xüsusi işlər üzrə nümayəndəsi Elçin Əmirbəyov da verdiyi açıqlamada irəliləyişin olduğunu vurğulayıb. Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla əldə olunan irəliləyişə uyğun aparır. Həmçinin Ankara-Ermənistan əlaqələrinin inkişaf etdirilməsi kənar gücləri neytrallaşdıra, xüsusilə Fransanın destruktiv siyasətinin qarşısını ala bilər. Ona görə də bu, müsbət prosesdir”.

M.Əsədullazadə bildirdi ki, onsuz da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib: “Ermənistanla danışıqlarda müəyyən fikir ayrılıqları olsa da, proses davam edir. Türkiyə də çalışır ki, danışıqlar davam etsin və nəticə əldə olunsun. Xüsusilə Zəngəzur dəhlizinin açılması Türkiyənin geoiqtisadi maraqlarına cavab verir. İkitərəfli danışıqlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Ermənistanın konstitusiyasında sülhə mane olan maddələrin çıxarılması da danışılır. Çünki bu, sülhə təhdid olaraq qalır. Ona görə də Türkiyənin burada rolu vacibdir. Ermənistan da bilir ki, Türkiyə ilə əlaqələr qurulmasa, Avrointeqrasiya siyasəti mümkün olmayacaq. Qərb də Ermənistandan Türkiyə ilə münasibətlərin normallaşmasını tələb edir. Düşünürəm ki, danışıqlar prosesində irəliləyiş əldə edildikcə, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqları da aradan götürüləcək. Türkiyə prosesə belə baxır. Azərbaycanla sülh olmadan tam normallaşma ola bilməz”.

Bu arada ABŞ-dan növbəti açıqlama gəlib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen çərşənbə axşamı bildirib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir. Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar”, - O’Brayen Senatın Xarici Əlaqələr Komitəsində deyib.

İlin əvvəlində ABŞ və Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş əldə olunması üçün anlaşma əldə etmişdilər. Amma sonrakı proseslərdə ABŞ-ın fərqli yanaşmalarını müşahidə etdik. Bu açıqlamanın O’Brayenin İrəvan səfərindən, özü də Türkiyə-Ermənistan danışıqlarının 5-ci raundundan sonra verilməsi diqqət çəkir. Gözləyək...
Azərbaycan kino işçiləri təltif edilib

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yol-xeber.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cilqamlı Rəmziyə Əkrəmovna

Quliyeva Gülşən Rəsul qızı

Məmmədov Rövşən İsax oğlu

Nəcəfov Bayram Hidayət oğlu

Yunusov Ədalət Məmməd oğlu.

2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Qurbanova Firəngiz Ağa Dadaş qızı

Rüstəmov Akif Zabi oğlu.

İrəvan Qərbdən istədiyini ala bilmədi - GƏLİŞMƏErmənistanla sülh danışıqlarında mühüm irəliləyiş var. Bunu ötən gün Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Prezidentin köməkçisi sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə edildiyini söyləyib. E.Əmirbəyov heç vaxt sülhə bu qədər yaxın olmadığımızı bildirib. Onun sözlərinə görə, indi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var: "Ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub". Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar: "Ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik".
Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq.
ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn də deyib ki, sülh sazişi üzrə danışıqlar gedir və sərhədin demarkasiyası ilə bağlı danışıqlar aparılır. Obrayn bildirib ki, Azərbaycan və Ermənistan sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəliblər: "Elə sahələr var ki, hər iki tərəf hələ də onlara nəzarət edir. Lakin onlar razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Biz çox aydın şəkildə bildirdik ki, sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəfə razılaşdırılmış sərhəd tətbiq edilməlidir". Qeyd edək ki, rəsmilərin nisbətən pozitiv açıqlamalarına rəğmən, son günlər Ermənistan hökumətinin sülhlə bağlı ritorikasında dəyişiklik müşahidə olunmaqdadır. Ermənistan aydın şəkildə silahlanır, hərbi təlimlər keçirir və sülh prosesində problemlər olduğunu iddia edir. Ermənistan silahlı qüvvələri şərti sərhədlərdə təxribatlara da əl atırlar. Fransa, ABŞ, Avropa İttifaqı, İran, Hindistan və başqa ölkələr isə davamlı olaraq Ermənistanı silahlandırırlar. Məhz bu amilləri nəzərə alan ekspertlər sülh sazişinin yaxın günlərdə imzalanma ehtimalını yüksək görmürlər.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, sülh sazişi dedikdə indiki mərhələdə nəzərdə tutulan əsas prinsiplər əsasında bir-iki səhifəlik bir sənədin imzalanmasından söhbət gedir. Sabiq XİN başçısı vurğulayıb ki, söhbət qarşıdakı dönəmdə həyata keçiriləcək baza prinsiplərini əhatə edəcək bir sazişdən gedir:
"Sözügedən sənədin də artıq demək olar ki, 90 faizi hazırdır. Hər iki tərəf, həm Azərbaycan, həm də Ermənistan bunu açıq şəkildə bəyan ediblər. Bu da optimizmə imkan yaradırdı. Yəni güman edilirdi ki, bu gedişlə yaxın günlərdə sülh sazişinin imzalanması mümkün ola bilər. Ancaq burada digər mühüm məsələ də ortaya çıxıb. İrəvan hökumətinin atdığı addımlardan, davranışından görünür ki, Ermənistan Qərb meydançalarında görüşlərin, təmasların tərəfdarı deyil. Görürük ki, Ermənistanın siyasi elitası dəfələrlə bəyan ediblər ki, İrəvan Qərbdən istədiyi dəstəyi ala bilməyib. Ona görə də Ermənistan indiki mərhələdə Qərbdən imtina edərək, Rusiya platformasına qayıtmaq istəyir. Bu cür fikirlər səslənməkdədir. Londonda baş verənlərin, daha doğrusu, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qaçması bununla bağlıdır. İrəvan hakimiyyəti yenə siyasi manevrlərlə məşğul olur. Çalışır ki, bir sıra addımları ilə Rusiyaya meyilli olduğunu büruzə versin. Azərbaycanın birmənalı mövqeyi bəllidir. Açıq şəkildə bəyan etmişik ki, qalıcı və yekun sülhün imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik mütləqdir. Əlbəttə, bunun üçün də zaman lazımdır, çünki orada referendum keçirilməlidir. Amma sülhün çərçivə sazişi daha tez imzalana bilər və həmin sənəddə Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi əksini tapar. Ermənistan üzərinə öhdəlik götürməlidir. Əgər İrəvan öhdəlik götürməsə, sülhdə səmimi olması sual altına düşəcək".

Sabiq xarici işlər naziri son günlər şərti sərhədlərdə baş verən erməni təxribatlarını da şərh edib:
"Bölgədə və regiondan kənarda yerləşən bəzi qüvvələr hər zaman olduğu kimi münaqişənin qaynar qalmasında maraqlıdırlar. Çünki qaynar region kənardan daha yaxşı idarə olunur. Gərginlik mənbəyini saxlamaq üçün müxtəlif addımlar atılır, bəyanatlar verilir. Ermənistanın silahlandırılması da buna xidmət edir. Əvvəllər münaqişə meydanı Qarabağ idi, indi isə şərti sərhədlərdədir. Təəssüflər olsun ki, Ermənistan kənar güclərin siyasi oyunlarında həvəslə iştirak edir və bunun fəsadlarını dərindən düşünmür. Ermənistanın "dövlətçilik" fəlsəfəsində başqa dövlətlərin oyunlarında iştirakçı olmaq arzusu hər zaman olub, bu gün də var. Nə qədər ki, İrəvandan alət, vasitə kimi idarə olunur, Ermənistandan qətiyyətli addım gözləmək əbəsdir. Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Ermənistan da buna hazır olmalıdır və bəzi mühüm məqamlar sənəddə əksini tapmalıdır".

T.Zülfüqarov vurğulayıb ki, Ermənistan-Rusiya münasibətləri, əslində çox genişdir:
"Tərəflərin bir-birini suçlaması səmimiyyəti əks etdirmir. Rusiyanın Ermənistandan üz döndərməsi ilə bağlı hər gün xəbərlər yayılır. Amma heç bir nəticəsi yoxdur. Rusiya hərbçiləri Ermənistanı tərk etməyb, hərbi bazalar fəaliyyyətdədir və 2049-cu ilə kimi qalacağına dair saziş imzalanıb. Ermənistanın Rusiyadan uzaqlaşması görüntü üçündür. Əslində isə elə deyil. İrəvan hökuməti Qərbdən mümkün qədər nəsə qoparmağa çalışır, faydalanır. Fikir verirsizsə, Moskva Ermənistanın silahlanmasına kəskin reaksiya vermir. Deməli, narahat olmurlar".
Güney Qafqazda slüh: TARİXƏ QOVUŞUR... - Savaş istəyirlərsə... SAVAŞACAĞIQ!Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib. 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd göstərib. Heç şübhəsiz, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir. Makron şanlı Qələbəmizə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir. Azərbaycan Fransadan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etdiyi, kommunikasiyaların açılmasının müzakirə olunduğu vaxtda Fransanın, Hindistanın, qonşu İranın Ermənistanı silahlandırması bizi ciddi narahat edən amildir. Analitikə görə, Ermənistan nə qədər silahlansa da, Azərbaycan hərbi-texnika baxımından, həm də ordu cəhətdən ermənilərdən dəfələrlə güclüdür:
"44 günlük anti-terror əməliyyatı zamanı Ermənistan ordusunun hansı səviyyədə olması üzə çıxdı. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını erməni işğalçılarından təmizlədi və ərazi bütövlüyünü bərpa etdi. Məğlub Ermənistan Azərbaycanla sülh danışıqlarına getməyə məcbur oldu. Sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması baxımından olduqca zəruridir. İndiki məqamda Fransa, Hindistan və İranın Ermənistanı silahlandırması bizi narahat etməyə bilməz. Çünki bunlar sülh danışıqlarının irəliləməsinə mənfi təsir göstərən amillərdir. Əgər qonşu İran iddia etdiyi kimi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasını istəyirsə, Ermənistanı silahlandırmamalı, buna şərait yaratmamalıdır. Təəssüf doğuran digər hal odur ki, İranın Ermənistana hərbi texnika ötürməsi yeni seçilən azərbaycanlı Prezident Məsud Pezeşkianın dövründə yaşanır. Görünür, İran da Azərbaycanın daha da güclənməsini istəmir. Buna qısqanclıqla yanaşır".

S.Əsədli əlavə edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olub və Avropa Birliyinin üzvüdür:
"Əslində, Avropa Birliyi Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır. Amma burada cığallıq edən tərəf Fransadır. Fransa Ermənistana hər cür siyasi-hərbi yardım göstərir. Bu da ondan xəbər verir ki, Paris münaqişənin həllinə səy göstərmir, əksinə, maneçilik törədir. Fransa Prezidenti E.Makronun da Azərbaycana qarşı atdığı addımlar, səsləndirdiyi bəyanatlar bunun bariz nümunəsidir. Hindistan da hər zaman Ermənistanın yanında olub, ermənilərə ciddi yardım göstərib. Bu da böyük ehtimal Azərbaycan-Pakistan arasında hərtərəfli etimadın, strateji müttəfiqliyin yüksək olması ilə əlaqəlidir".
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Viola Amherdi bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".

Türkiyə Ermənistan yaxınlaşması... BİZƏ SƏRF EDİRMİ? - ŞƏRHTürkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib.
Bu Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşünün nəticələrinə dair bəyanatda yer alıb.

Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.

Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.

Sözügedən məsələni “Sherg.az”a danışan türk siyasətçi və yazar Aydın Sezer vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasındakı xüsusi nümayəndələrin görüşləri yenidən start götürüb:

“Müəyyən müddət tərəflərin görüşünə ara verilmişdi. Buna səbəb isə Ermənistanın Azərbaycan ilə birbaşa təmaslarının olmaması idi. İndi isə sözügedən görüşlə birlikdə bundan sonrakı prosesin sürətlənib yaxud sürətlənməyəcəyinə baxmaq lazımdır. Düzdür, iki ölkə arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlinib. Amma sərhəd qapısının açılması ilə bağlı fikir kritikdir. Yəni sərhəd qapısının hansı tarixdə açılacağı bildirilmir. Burada Türkiyə tərəfinin qeyd etdiyi məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında görüşmələrin kursuna görə prosesin sürətlənə bilməsidir. Türkiyə ilə Ermənistanın barışması, sərhəd qapılarının açılması Azərbaycanın bölgədəki durumunun daha da güclənməsi nəticəsini verəcək. Çünki Ermənistan iqtisadiyyatı olduqca kritik günlər keçirir. Ermənistanın Türkiyə kimi böyük ölkənin iqtisadiyyatı ilə qarşılıqlı asılılığı inkişaf etdikcə İravanda Ankara və Bakı ilə əlaqələr mövzusunda siyasətçilərin fikirlərini dəyişdirən yanaşmalar görə bilərik. Bu isə bir günə olacaq məsələ deyil. Digər tərəfdən erməni diasporu Türkiyə və Ermənistan yaxınlaşmasını istəmir və şiddətlə qarşı çıxır. Fransa da bu məsələyə qarşı gələn ölkələrdən biridir. Azərbaycan cəmiyyətində Türkiyənin Ermənistanla sərhədləri açması fonunda narahatlıq olmamalıdır. Çünki nəticələr bölgəyə rifah və sülh gətirə bilər”.
Şərqi Zəngəzurla bağlı məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək

Prezident İlham Əliyev 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

"Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib.

Bundan əlavə, Milli Müdafiə Universitetinin Nizamnaməsinə də dəyişiklik olunub.

Dəyişikliklə universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu günədək neçə namizəd qeydə alınıb?

Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb. 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb.

Bildirilib ki, qeydiyyatdan keçən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xəbər lenti