![]() |
|
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Pakistanın Baş naziri çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı
- Mənim əziz qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, Pakistan nümayəndə heyətinin hörmətli üzvləri, xanımlar və cənablar. Əssalamu-aleykum.
Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediyada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir. Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliynizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm.
Zati-aliləri, bu gün çox məhsuldar təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.
Pakistan həmişə sizin Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eyni ilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz. Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur. Mənim əziz qardaşım, böyük məmnunluqla böyük qardaşım Baş nazir Nəvaz Şərifin hakimiyyətdə olduğu dövrdə - 2017-ci ildə Pakistana səfərinizi xatırlayıram. Tarix yenidən təkrarlanır. Bu gün Siz Pakistanı ziyarət edirsiniz. Mən Nəvaz Şərifin kiçik qardaşı olaraq Pakistan hökuməti və xalqı adından Sizi qəbul edirəm.
Bugünkü ətraflı söhbət zamanı biz ikitərəfli ticarətimizi genişləndirməklə bağlı razılığa gəldik. Biz, həmçinin birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə etdik. Qardaşım Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu gün biz bununla bağlı ilkin müzakirələr apardıq. Sabah isə iki ölkənin nümayəndə heyətləri ilə rəsmi müzakirələr aparılacaq və sonra ümidvaram ki, mən noyabrda sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq 2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq. İnşallah, bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək.
Əziz qardaşım, son olaraq Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşdığınız bir vaxtda mən Sizə və hökumətinizə ən xoş arzularımı çatdırmaq istərdim. COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq. Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.
Əziz qardaşım, Pakistana səfərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək istərdim. Təşəkkür edirəm.
Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Baş nazir, əziz qardaşım. İlk növbədə, dəvətə görə bir daha minnətdaram. Sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.
Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi.
Biz Nazirlər Kabinetinin üzvlərinə bütün lazımi təlimatları vermişik. Onlar artıq təmas qurublar. Sabah səhər əziz qardaşımla növbəti görüşdən öncə onlar layihələri nəzərdən keçirmək və təhlil etmək məqsədilə yenidən görüşəcəklər. Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir. Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər.
Qardaşlığa görə sağ olun, qardaşım. Dəstəyinizə görə sağ olun. Bir il öncə - iyunda ayında Azərbaycana etdiyiniz səfər, deyərdim ki, bir növ sıçrayış oldu. Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.
Dəvətə, qonaqpərvərliyə görə bir daha minnətdaram və qardaş Pakistan xalqına ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
"Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizd
"ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb".
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.
"Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib", - deyə açıqlamada qeyd olunur.
***
10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
***
Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Vaşinqtonda NATO75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb.
Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qərbdən olan reaksiyalar gecikmədi. Digər iştirakçı ölkələrlə yanaşı, Macarıstan baş naziri Viktor Orbanla bağlı da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin vermiş olduğu bəyanatın mahiyyəti nədən xəbər verir?
- Borrel artıq bir siyasi fiqur kimi Avropa məkanından gedir. Onun irqçi, islamafob qeyri-qanuni, ağılasığmaz bəyanatları artıq Avropanın daxilində belə bəzi siyasi qurumları bezdirib. Sözssüz ki, Borrelin Avropa Birliyini “cənnət” adlandırması heç kəsin yadından çıxmayıb. Onun təbirincə Avropa Birliyinin ətrafında “vəhşilər” yaşayır və onlar bu “cənnətə” buraxılmır. Elə bu yanaşmadan sonra hamı başa düşdü ki, bu insan artıq siyasətçi və AB-nin təmsilçisi kimi öz fəaliyyətini sıfıra endirir. İndi də bu hal müşahidə edilir. Çünki bu şəxsin daxilində irqçi yanaşmalar, türkəfobiya, islamafobiya, Azərbaycanafobiya var. AB-də bu saat xüsusi funksiyanı yerinə yetirən Macarıstan belə Borrelin hədəfindədir. Ona görə də, türk dünyasının yüksəlişi, Azərbaycanın beynəlxalq səviyyədə gücü, əhəmiyyəti bu insanlar tərəfindən qəbul edilməzdir. Sadəcə olaraq biz indi bu maskaların yırtılmasını açıq şəkildə görməkdəyik. Bunlar 30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu halda bir addım atmayıblar, beynəlxalq qanunu yaddan çıxarıblar, heç bir hərəkət etməyiblər. Əksinə əllərindən gələni ediblər ki, Azərbaycanın işğal edilmiş torpaqları əbədi olaraq ermənilərin əlində qalsın. İndi isə istəkləri çaxnaşma salmaq, reallığı qəbul etməmək, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bunu da açıq şəkildə edirlər. Heç nədən çəkinmədən bu addımlar atılır. Amma onu da başa düşmürlər ki, bu şəkildə davam etdikcə, özlərini ifşa edirlər və bununla da siyasi səhnədən kənarlaşırlar.
- NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi bildirilir. Ağ evin təşəbbüsü ilə baş tutacaq görüşdə sülh və sərhədlərin delimitasiyası ətrafında müzakirələrin aparılacağı ehtimal edilir. Gözləntilər nədən ibarətdir?
- ABŞ bu gün artıq əyani şəkildə görür ki, Azərbaycanla ünsiyyətdə olmaq, münasibətləri normal səviyyədə saxlamaq onların maraqlarına uyğundur. Eyni zamanda Amerika anlayır ki, Cənubi Qafqaz regionunda yeganə güc, siyasi və digər proseslərə təsir göstərəcək ölkə Azərbaycandır. Ona görə də, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi, hansısa təkliflərin qəbul edilməsi mümkündür. Ümumiyyətlə isə Azərbaycana qarşı dövlət səviyyəsində ritorika dəyişib. Bu sözsüz ki, ABŞ senatorlarına aid deyil. Erməni lobbisinə xidmət edən konqresmenlər və senatorlar var ki, onlar ancaq öz maraqlarını güdür. Təbii ki, bu adamlar mövqelərini dəyişməycək. Ancaq dövlət səviyyəsində başa düşürlər ki, artıq vəziyyət tamamilə fərqlidir. Onların məntiqsiz və düzgün olmayan təzyiqi Azərbaycanı uzaqlaşdırır. Bu isə regionun ümumilikdə onlardan uzaqlaşması deməkdir. Beləliklə, Mərkəzi Asiya ABŞ-dan uzaqlaşmış olur. Mərkəzi Asiya, Çin kimi ölkələrin yerləşdiyi vacib bir region Amerika üçün əlçatmaz olur. Nəticədə Azərbaycanla pozulmuş münasibətlər bütövlükdə bu qitə və coğrafiya ilə heç bir əlaqə qurulmaması ilə nəticələnir. Ona görə də, Amerikadan verilən bəyanatların mahiyyəti də dəyişəcək.
- Azərbaycanla Ermənistan arasında sülhlə bağlı proseslər qarşılıqlı olaraq müzakirə mərhələsində olduğu dövrdə məsələyə fərqli kontekstdə yanaşmlar sərgilənir. İddia edilir ki, Bakının sülhlə bağlı şərtləri çox ağırdır və s...
- Fakt odur ki, bu gün sülhlə bağlı Azərbaycanın şərtlərindən danışanlar həmişə bizə qarşı olub. Azərbaycan ərazilərini Ermənistan işğal etdiyi dövrdə tələb edilirdi ki, bu təcavüzlə razılaşın. Müharibəni udandan sonra da bizdən tələb edirlər ki, siz qalib gəlmisiniz, mərhəmətli olmalısınız. Mərhəmət göstərib sülh müqaviləsi təqdim edən zaman da bizdən xahiş edirlər. Çünki onların ən böyük problemi Azərbaycanın hansısa addımlar atmasıdır. Bu isə kökündən yanlış bir prosesdir. Azərbaycanın təklif etdiyi sülh planı böyük bir fəlsəfəni ehtiva edir. Sülhə yaxınlaşmaq hər iki tərəfin işidir. Burada bir tərəfli iş ola bilməz. Misal olaraq Ermənistan məlum Qranada görüşlərinə qatılanda sülh istədiyini deyirdi. Orada nə baş verdi? Ermənistan sülh sazişi imzalaya bildimi? Təbii ki, yox. Emmanuel Makronla (Fransa prezidenti) başladıqları oyunları puç oldu. Məhz Azərbaycan təklif edir ki, Ermənistanla heç bir vasitəçi olmadan bu məsələləri həll edə bilər. Onlar da buna razı deyil. Elə deyirlər ki, Azərbaycan bunu etmələdir və s. Bu niyyətin altında isə bir məqsəd var. O da sülh prosesinin pozulmasıdır. Azərbaycanın isə sülhlə bağlı təklifləri məntiqə əsaslanır. İkitərəfli müstəvidə bu məsələlərin həlli mümkündür.
- ABŞ və Fransada dəyişməkdə olan siyasi konyuktura Ermənistanın sülhlə bağlı davranışlarına necə təsir edəcək?
- Çox təəssüf ki, ABŞ-də mövcud olan administrasiyanın o qədər də müsbət nailiyyətlərini sadalamaq olmur. Ukraynada, Yaxın Şərqdə, Əfqanıstanda yaşananlar göz önündədir. Ona görə də, seçki qabağı təbii olaraq iqtidarda olan tərəf hansısa müsbət nəticələr əldə etmək üçün Qafqaza üz tutub. Onlar məhz Azərbaycanla Ermənistan arasında tez-tələsik sülh müqaviləsi imzalanması ilə göstərmək istəyirlər ki, buna nail olduq. Azərbaycanın isə bu məsələdə qəti şəkildə tələsmək niyyəti yoxdur. 30 il müddətində Azərbaycan torpaqları işğalda saxlanıldığı dövrdə həmin qərb heç yerə tələsmirdi. Əksinə işğalı əbədiləşdirmək istəyirdilər. İndi isə Azərbaycan sülhü əbədiləşdirmək istəyir. Niyyətimiz odur ki, elə bir sülh müqaviləsi imzalansın ki, o sənədi kimsə, nə vaxtsa şübhə altına ala bilməsin. Ona görə də, Azərbaycanın məntiqli şərtləri qəbul edildikdən sonra sülh müqaviləsi imzalana bilər.
Əgər Gürcüstan Qərbdən uzaqlaşmağa başlasa, o zaman Qərb üçün Ermənistanı dəstəkləmək çox çətin olacaq.
Axar.az xəbər verir ki, bu sözləri polşalı politoloq Voyçex Qureçki erməni mediasına açıqlamasında deyib.
O, belə dəyişikliklərin Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracağını bildirib.
Qureçkinin sözlərinə görə, hətta indi də Gürcüstan üzərindən bu əlaqəni saxlamaq o qədər asan deyil:
“Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, o zaman Ermənistana dəstək məsələsi daha da mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki cəhətdən bunu etmək çox çətin olacaq”.
Ekspertin fikrincə, Gürcüstanda bu cür dəyişikliklər xüsusilə Qərbdən silah tədarükünə mənfi təsir göstərəcək. Buna baxmayaraq, o, Gürcüstanın Qərb kursundan yayındığını söyləmək üçün tez olduğunu bildirib. Vurğulayıb ki, hər şey oktyabrda keçirilən seçkilərdən sonra aydınlaşacaq.
Qeyd edək ki, ötən ay İrəvan və Paris “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Ötən ilin oktyabrında isə üç GM-200 radarının İrəvana satışı haqqında saziş imzalanıb, həmçinin Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma əldə edilib.
Siyavuş Novruzov namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı qərar qəbul edib.
O, Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxatr Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq.
Onun artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq aldığı bildirilir.
Qeyd edək ki, bu günlərdə onun parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı ziddiyyətli xəbərlər yayılmışdı./konkret.az/
Xatırladaq ki, YAP-ın namizədlər siyahısının iyul ayının 13-dən sonra elan olunacağı gözlənilir.