|
Biz açıq şəkildə bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi son nəticədə danışıqlar masası arxasında həll yolunu tapmalıdır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı danışıqlar prosesinin Vaşinqtonda bərpa edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Gələcək görüşlər haqqında danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışarkən iki tərəf arasında dialoqa ehtiyac olduğunu açıq şəkildə bildirib. Biz bu dialoqun asanlaşdırılmasında əlimizdən gələn hər hansı rolu oynamaqdan xoşbəxtik və bunu davam etdirəcəyik, lakin qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, - Miller qeyd edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.
“Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Görüş Bişkek şəhərində keçirilir.
Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Qırğızıstana səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Nazir Kompleksin önünə əklil qoyub. Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.
İsrail İranın Dəməşqdəki baş konsulluğunu dəqiq zərbə ilə vurduqdan sonra iki ölkə arasında müharibə gözləntisi hər keçən gün artır.
Publika.az xəbər verir ki, xarici mediada İranın istənilən vaxt İsrailə cavab zərbəsi endirəcəyi haqda məlumatlar yayılır.
İranın İSNA xəbər agentliyi birbaşa İsrailə atılacaq 9 raketin adını dərc edib. ABŞ kəşfiyyatı isə qarşıdakı bir həftə ərzində İranın cavab zərbəsi endirəcəyini düşünür.
Gözlənilən İran-İsrail müharibəsindən narahat olan təkcə bu iki ölkə yox, həm də ermənilərdir. Ermənistanda hesab edirlər ki, İran-İsrail müharibəsi başlayarsa, rəsmi İrəvan Azərbaycanın Zəngəzurla bağlı istəyini yerinə yetirməyə məcbur olacaq.
Erməni şərhçi Artak Akopyan “zham.am” saytında dərc olunan məqaləsində yazır ki, İran böyük müharibəyə girərsə, Süniklə (Zəngəzur) bağlı tələbləri arxa plana keçəcək.
“Paşinyan Rusiya ilə nmünasibətlərimizi korladı. Bu halda yeganə ümidimiz İrandır. Tehran Ermənistan sərhədlərini “qırmızı xətt” elan edib. Əgər böyük müharibəyə başlasa, Azərbaycan Zəngəzurla bağlı tələbində daha da israr edəcək və bütövlükdə Zəngəzuru nəzarətə götürmək istəkləri də ola bilər. Bu halda Ermənistanı heç bir qüvvə müdafiə etməyəcək”, - erməni şərhçi qeyd edir.
Qərb Ukraynanı NATO-ya qəbul etməklə, təhlükəsizliyinə təminat vermək, Kremli isə Krım və Donbassı Rusiya ərazisi kimi tanıyaraq, sakitləşdirmək niyyətindədir... Əvəzindəsə, Rusiyanın “dondurulmuş” 250 milyard dollarlıq vəsaitini Ukraynanın bərpasına yönəltməklə, əlavə xərcə düşməkdən yayınmağı planlaşdırır...
ABŞ və Qərb Ukrayna savaşına nəzarəti itirməyə başlayıb. Belə ki, rəsmi Kiyevə göstərilən beynəlxalq dəstəyin zəifləməsi Ukrayna ordusunun döyüş qabiliyyətini sürətlə aşağı salmaqdadır. Qərbdə bəzi siyasi dairələr Ukrayna savaş poliqonunda hərbi təşəbbüsün tədricən Rusiyanın tərəfinə keçməkdə olmasından narahatdır. Və bu prosesin dərinləşməsi Qərb, xüsusilə də, Avropa ölkələri üçün olduqca ciddi təhlükə hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev də ABŞ və Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyinin zəifləməsinə narazılığını son vaxtlar daha açıq mətnlə ifadə etməklə, diqqəti çəkir. Hətta prezident Volodimir Zelenski bu mövzuda Qərb siyasi dairələrini sərt şəkildə tənqid etməyə də başlayıb. Ukrayna prezidenti hesab edir ki, Qərbdə prinsipial dəstək qərarlarının gecikdirilməsi və ya ümumiyyətlə, müxtəlif səbəblərlə bloklanması savaşın mövcud nəticələrinə neqativ təsir edir. Və indi Ukrayna ordusu silah-sursat qıtlığı ilə üzləşdiyindən müdafiə edəcəyi şəhərləri strateji əhəmiyyət baxımından, seçmək məcburiyyətində belə, qalıb.
Rəsmi Kiyev mövcud situasiyanın Ukrayna dövlətçiliyinin gələcək taleyini ciddi təhlükə altında buraxdığı qənaətindədir. Belə hesab olunur ki, ABŞ və Qərb ən qısa zamanda Ukraynanın xilas edilməsi naminə yardım prosesini yenidən bərpa etməlidir. Üstəlik, Ukraynaya yardımların göstərilməsinin indi Avropa Birıiyi ölkələri üçün də taleyüklü xarakter daşıdığı qabardılır. Əsas arqumentsə, ondadn ibarətdir ki, Ukrayna məğlub olarsa, Rusiyanın Avropaya yolu açılmış olacaq və nəticədə Kreml Qərb dövlətləri sırasından yeni hərbi hədəflər müəyyən edəcək.
Maraqlıdır ki, Qərb ölkələrini Ukraynaya hərbi dəstəyi bərpa etməyə çağıran NATO-nun baş katibi Yens Stoltenberq də təxminən oxşar mövqedədir. Onun fikrincə, Qərb ölkələri Ukraynaya yardım göstərərkən, bunun xeyriyyəçilik ilə qarışdırmamalıdırlar. Çünki bu, əslində, NATO ölkələrinin öz gələcək təhlükəsizlik maraqlarına investisiya yatırması anlamı daşıyır. Yens Stoltenberq hesab edir ki, Rusiyanın hərbi potensialının bir hissəsinin NATO əsgərlərinin iştirakı olmadan, Ukrayna ordusu sayəsində sıradan çıxarılması Qərb üçün böyük nailiyyətdir.
Belə anlaşılır ki, NATO və Qərbdə bəzi siyasi dairələr Ukrayna savaşının hələ bir müddət də, hətta mümkün olduğu qədər uzadılamsında birbaşa maraqlıdırlar. Üstəlik, Ukrayna siyasi dairələrində də Rusiya ilə müharibənin illərlə davam edə biləcəyi ilə bağlı qənaət formalaşıb və bu mövzunun aktiv şəkildə müzakirə edildiyi də bildirilir. Halbuki, Qərbin yardımlarının daha da zəiflədiyi indiki situasiyada Rusiyanın qələbə şanslarının artdığı da iddia edilir. Və bu baxımdan, Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiyanın dərinləşməkdə olduğu qətiyyən şübhə doğurmur.
Hələlik bu qeyri-müəyyənlikdə Ukrayna savaşı ilə bağlı problem həll edə biləcəyini yalnız ABŞ prezidentliyinə namizəd olan Donald Tramp vəd edir. Onun fikrincə, bu savaşı hətta 24 saat ərzində dayandırmaq mümkündür. Buna nail olmaq üçünsə, Ağ Evin keçmiş sahibi həm Rusiyanın, həm də Ukraynanın “siyasi qürur”unun toxunulmazlığını təmin etməyin vacibliyini vurğulayır. Donald Trampın əsas təklifi isə ondan ibarətdir ki, situasiya 2014-cü ildə olan sərhədlərə qaytarılmalıdır, Ukrayna Krım və Donbassın Rusiyanın nəzarətinə keçməsinə razılaşmalıdır.
Təbii ki, rəsmi Kiyev bu variantla razılaşmaq niyyətində deyil. Ancaq bununla belə, Qərbin dəstəyinin zəiflədiyini nəzərə alan Ukrayna siyasi dairələri Rusiya ilə danışıqlara meyilli olduqlarını da qətinyyən inkar etmirlər. Ukrayna savaşında ciddi maraqları olan bəzi Qərb siyasi dairələri isə Donald Trampın mövqeyindən, eləcə də onun Rusiya ilə münasibətlərindən narahatdırlar. Ona görə də, ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Ukrayna savaşını özlərinə daha məqbul şərtlər daxilində həll etmək niyyətinə düşüblər. Və hesab edirlər ki, yalnız bu halda, Rusiyanı müəyyən “qırmızı cizgilər” daxilində tutmaq mümkün ola bilər.
Maraqlıdır ki, dünya mətbuatında Qərb siyasi dairələrinin Ukrayna savaşı ilə bağlı müzakirə etdiyi “gizli plan”ın bəzi detalları barədə məlumatlar yayılıb. Həmin məlumatlara görə, hazırda Rusiyanın nəzarətində olan ərazilərin taleyi ilə prinsipial qərarların verilməsi nəzərdə tutulur. Rəsmi Kiyevin müəyyən güzəştlərə sövq edilməsinin yolları axtarılır. Əgər, bu, mümkün olarsa, Ukraynanın geri qalan hissəsinin NATO-ya və Avropa Birliyinə üzvlüyü planlaşdırılır. Və bu halda, dünyada hərbi-siyasi situasiyanın stabilləşə biləcəyi vurğulanır.
Belə hesab olunur ki, Ukrayna NATO-ya üzv olarsa, Rusiya bu ölkəyə hücum etməyə cəsarət göstərməz. Eyni zamanda, NATO dövlətinə çevrilmiş Ukraynaya da gələcəkdə öz ərazilərini geri qaytarmaq üçün Rusiyaya qarşı müharibəyə başlamaq imkanı verilməz. Avropa Birliyinə üzvlük Ukraynanın savaşdan sonra bərpa olunmasında xüsusi rol oynaya bilər. Qərb bu prosesdə Rusiyanın “dondurulmuş” 250 milyard dollarlıq vəsaitindən istifadə etmək niyyətindədir. Yəni, Ukraynaya ərazi güzəştləri əvəzində sülh və bərpa şansı təklif olunur. Rusiya isə Ukraynadan Krım və Donbassı 250 milyard dollara almış olacaq. Və Avropa Birliyi Ukraynanın bərpası üçün xərcə düşmək əvəzinə Rusiyanın parasını xərcləyəcək.
Göründüyü kimi, Qərb öz maraqlarını məhz Ukrayna əraziləri və Rusiyanın maliyyə vəsaiti hesabına təmin etmək barədə plan qurmağa çalışır. Ona görə də, hazırda bu planın müəllifi olan Qərb siyasi dairələri qarşısında iki önəmli problem dayanır. Birincisi, rəsmi Kiyevi Ukrayna ərazilərinin Rusiyaya verilməsinə razılaşdırmaq o qədər də asan olmayacaq. İkincisi, Kremlin sülh danışıqları üçün əsas şərtlərindən biri ondan ibarətdir ki, Ukrayna neytral ölkə statusu qazanmalıdır. Yəni, Kreml Rusiya sərhədlərində NATO-ya üzv olmuş Ukrayna görmək istəmir. Və indi Qərb siyasi dairələrinin “gizli plan”ının reallaşması bu iki problemin necə həll olunacağından birbaşa asılıdır.(Yeni Müsavat)
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.
Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.
Allah orucunuzu qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasımnın Prezidenti İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
"Report" xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib.
İdarədən daxil olan məlumatda bildirilir:
"Savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu mübarək bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur".
A.Paşazadə təbrikində qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı Miladi təqvimlə aprelin 10-na təsadüf edir:
"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".