|
“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda səliqə-sahman yaratması ilə bağlıdır”.
"Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov verilən qərarı şərh edərkən bildirib.
“Sülhməramlılar öz öhdəliklərini yetərincə icra ediblər. Bu müddət ərzində sülhməramlı kontingentimiz təhlükəsizliyi təmin edib, ərazilərin minalardan təmizlənməsində köməklik göstərməklə özünü doğruldub. Bundan sonra bizim orada qalmağımızın heç bir mənası yoxdur. Ona görə də belə bir qərar qəbul edilib. Ermənistan tərəfinin sülhməramlılar haqqında dedikləri isə həqiqəti əks etdirmir. Bütün uğursuzluqlarında kimlərisə günahlandıran İrəvanın ümid bəslədiyi Fransadan yardım alacağı da şübhə altındadır. Ona görə ki, son baş verənlər heç də Emmanuel Makronun ürəyincə olmadı. Rusiya hərbçilərinin Qarabağdan çıxması Ermənistan, Fransa və onlara yaxın olan digər ölkələrin bütün planlarını alt-üst etdi. Çünki son zamanlar ermənilərin və fransızların ritorikası ondan ibarət idi ki, Rusiya sülhməramlılarını Fransa və ya NATO hərbçiləri ilə əvəz etmək lazımdır. İndi isə Rusiya tamamilə Qarabağdan çıxır, Azərbaycan öz ərazilərində tam nəzarəti üzərinə götürür. Ermənistan hakimiyyəti və onun havadarları isə bundan razı deyil. Hər bir halda rəsmi Bakı sülhməramlıların fəaliyyətindən razı idi”.
Yevgeni Mixaylov onu da vurğulayıb ki, Rusiya hər bir halda regiondakı mövcudluğunu qoruyur. Gümrüdə Moskvanın hərbi bazası var və əgər hər hansı qarşıdurma yaşanarsa, təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar atmaq mümkün olacaq.
Ətraflı Baku TV-nin süjetində:
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
"Report"un xəbərinə görə, bu barədə aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
"Forbes" jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim edib.
Zirvədə "Lukoyl”un eks-prezidenti, "Gələcəyimiz” Fondunun ictimai şurasının sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnalistlərə görə, 28,6 milyard dollara bərabərdir.
"Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilən "Novatek” idarə heyətinin sədri Leonid Mixelson tutub. Ən zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyasının idarə heyətinin sədri Vladimir Lisin qapayıb. Nəşr onun sərvətinin 26,6 milyard dollar olduğunu hesab edir.
Həmçinin, "Telegram”ın yaradıcısı Pavel Durov da 15,5 milyard dollar sərvətlə ən varlıların onluğuna daxil olub.//Oxu.az
Ağ Ev rəsmisinin mövqeyindən belə anlaşılır ki, ABŞ rəsmi Bakının Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməsinə, erməni separatçı-terrorçuların sığındığı “boz zona”nın ləğvinə qarşıdır... ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını ən çətin məqamlarda təkbaşına buraxmaq vərdişlərinə malikdir, bu baxımdan, Ukraynanın başına gələnlər ən ciddi örnəkdir, Ermənistanı da oxşar aqibətin gözlədiyi qətiyyən şübhə doğumur...
Cənubi Qafqaz uğrunda mübarizə dünya nəhəngləri arasında qarşıdurmanı daha da intensivləşdirib. İndi bu amansız qarşıdurma maksimum həddə qədər gərginləşib. Hər halda, qarşılıqlı ittihamlar son vaxtlar daha da sərtləşməsi və açıq məzmun daşıması ilə diqqət çəkir. ABŞ və Qərb Rusiyanın regional mövqelərini zəiflətmək üçün hər imkandan maksimum səviyyədə istifadə etməyə çalışır. Və Kreml də qarşı tərəfə demək olar ki, eyni məzmunda cavab verir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş Brüssel ortaq konfransı Rusiya tərəfindən olduqca ciddi narahatlıqla qarşılanmaqdadır. Çünki həmin konfransda gündəmə gətirilmiş anlaşmalar yalnız Azərbaycana deyil, həm də birbaşa Rusiyaya qarşı yönəlib. Xüsusilə də, Brüsseldə Rusiyanın Ermənistandan tamamilə çıxarılmasına yönəlik prosesə rəsmən start verilməsi indi Kremli müəyyən mənada, çıxılmaz vəziyyətə salmış kimi görünür. Və bu səbəbdən də Kreml təmsilçiləri Brüssel ortaq konfransının nəticələrinə açıq-aşkar aqressiv reaksiya verirlər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Brüssel ortaq konfransının Kremlin Cənubi Qafqazdakı mövqelərini və maraqlarını hədəfə aldığını bildirib. Onun fikrincə, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda region və regionətrafı dövlətlər arasında nifaq salmaq üçün Ermənistandan alət kimi istifadə edir. Ancaq Mariya Zaxarova rəsmi İrəvanın ABŞ və Avropa Birliyinin vədlərinə inanmasının Ermənistanı böyük fəlakətlərə sürükləyə biləcəyinə də eyham vurub. Və dolayısı ilə Paşinyan hakimiyyətinə vaxtında geri dönüş etməyi də məsləhət görüb.
Məsələ ondadır ki, Kreml təmsilçisi rəsmi İrəvanı ABŞ və Avropa Birliyinin indiyə qədər dəstəklədikləri ölkələrin üzləşdikləri böyük fəlakətlərdən nəticə çıxartmağa çağırıb. Üstəlik, onu da vurğulayıb ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda öz əsas məqsədlərinə çatdıqdan sonra indi alət kimi istifadə etdikləri Ermənistanı təkbaşına köməksiz buraxacaqlar. Və əgər, Paşinyan hakimiyyəti Qərbin qeyri-real vədlərinə uyaraq, bu reallıqları görə bilməzsə, sonra çox gec olacaq.
Göründüyü kimi, Kreml Ermənistana üstüörtülü xəbərdarlıq mesajı verir. Paşinyan hakimiyyətinin olduqca təhlükəli yola girdiyini qabartmağa çalışır. Ən əsasısa Rusiya siyasi dairələri ABŞ və Avropa Birliyinin Ermənistan üçün etibarlı deyil, əksinə çox təhlükəli tərəfdaş olduğuna eyham vururlar. Halbuki, ABŞ və Avropa Birliyinin rəsmi təmsilçiləri də elə Kremlin bu tezislərini Rusiyaya qarşı təkrarlayırlar. Və bu baxımdan, hər iki tərəfin propoqanda ideologiyasının eyni məzmun daşıdığını düşünmək mümkündür.
Maraqlıdır ki, ABŞ rəsmi dairələri bu dəfə Kremlin üzərinə əkstəbliğat hücumunu məhz Rusiya sülhməramlıları üzərindən reallaşdırmağa çalışıblar. Belə ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Vedant Patel Azərbaycanın Qarabağ iqtisadi rayonundan Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasına münasibət bildirib. Eyni zamanda, V.Patel ABŞ-ın Ermənistanla Azərbaycan arasında möhkəm və dayanıqlı sülhə nail olmaq cəhdlərini qətiyyətlə dəstəklədiyini və bu prosesə yardım etməyə həmişə hazır olduğunu da vurğulayıb.
Ancaq nə qədər qəribə də olsa, ABŞ Dövlət Departamentinin təmsilçisi öz açıqlamasında kifayət qədər ciddi ziddiyyətli fikirlərə də yol verib. Hər halda, onun “Biz Rusiya sülhməramlılarının fəaliyyətində Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiklərini göstərən heç nə görmədik” deməsinin ardınca dilə gətirdiyi fikirlər yumşaq desək, qərəzli və ziddiyyətlidir: “Ötən ilin payızında Qarabağda baş verən hadisələr də bunu göstərir. Bu, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığına daha bir nümunədir”.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi öz səlahiyyətlərinə aid olmayan məsələlərə şərh gətirməyə çalışır. Onun mövqeyindən belə anlaşılır ki, ABŞ rəsmi Bakının Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməsinə, erməni separatçı-terrorçuların nəzarətində olan “boz zona”nın ləğvinə qarşıdır. Hər halda, V.Patel bu amıqlaması ilə əslində, Rusiyanı Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsini əngəlləyə bilmədiyinə görə qınayır. Və heç şübhəsiz ki, ABŞ rəsmisi bu açıqlaması ilə öz səlahiyyət həddini kobud şəkildə aşır.
Belə kobud səhvlərə yol verməmək üçün ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi yəqin ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmalıdır. Ancaq əgər, bu, ona çox əziyyətli gələrsə, onda, elə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatını oxusa da yetərli ola bilər. Halbuki, Ağ Ev rəsmisinin deyəsən, belə bir niyyəti ümumiyyətlə, yoxdur. Yəqin ki, V.Pateli ABŞ-ın Ermənistan üçün Rusiyadan daha etibarlı tərəfdaş olduğunun “arqumentləşdirilməsi” düşündürür.
ABŞ-ın Rusiyadan daha etibarlı müttəfiq və tərəfdaş olmasına gəldikdəsə, bu, hazırda olduqca mübahisəli məsələdir. Çünki ABŞ indiyə qədər öz müttəfiqlərini və tərəfdaşlarını ən çətin məqamlarda təkbaşına buraxmaq istiqamətində dəyişməz vərdişlərə malikdir və “zəngin təcrübə” toplayıb. Heç uzağa getmədən, elə yalnız ABŞ və Avropa Birliyinin ucbatından Ukraynanın üzləşdiyi dağıdıcı fəlakətləri nümunə gəstərmək tamamilə yetərlidir. Və bu baxımdan, ABŞ-ın Ermənistanla da oxşar variantda davranacağını elə indidən anlamaq o qədər də çətin deyil.(Yeni Müsavat)
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “İran aktiv müharibə dövrünə qədəm qoyur və “Ermənistanı qorumaq”dan vaz keçir” adlı analitik süjet hazırlanıb.
Verilişdə XXI əsrin 24 illik hərbi-siyasi keçmişinə nəzər salınır, dünyanın faktiki müharibələr dövrünü yaşadığı ön plana çəkilir.
Bildirilir ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, bu günlərdə İranın İsrailə zərbə endirməsi Yaxın Şərqdə yeni gərginliyə yol açdı: “Baş verənlər mümkün İran-İsrail müharibəsinin təkcə Yaxın Şərqi yox, bütövlükdə dünyanı silkələcəyini deməyə əsas verir. XXI əsrin müharibələrində yeganə qalib ölkənin Azərbaycan olduğu isə hələ də dəyişməyən faktdır. Cəmi 44 gün davam edən müharibədə torpaqlarımız azad edildi, daha sonra ərazilərimizdəki separatizm toxumları təmizləndi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən bir ölkə kimi, XXI əsrin qalib ölkəsinə çevrildi. Bu, hər birimizin qürurla dilə gətirə biləcəyimiz reallıqdır”.
Qeyd olunur ki, sürətlə dəyişən dünyanın siyasi gələcəyi yenidən qurulur və aydındır ki, baş verənlər yerləşdiyimiz regiona - Cənubi Qafqaza da təsir edəcək: “Qlobal siyasətdə baş verənlər və siyasi xəritələrin dəyişməsi perspektivi ilə Azərbaycanın Qərbi Azərbaycan hədəfi arasında paralellik mövcuddur. Çünki geosiyasi mübarizə meydanına çevrilən Cənubi Qafqazın gələcək xəritəsində Qərbi Azərbaycan reallığı qaçılmazdır”.
Diqqətə çatdırılır ki, bu kontekstdə İran və İsrail arasında baş verə biləcək müharibə Ermənistan üçün kabus yaradacaq: “Böyük müharibə indi başlamasa belə, artıq İran aktiv müharibə dövrünə qədəm qoyur və Tehran üçün “Ermənistanı qorumaq” bir nömrəli məsələ olmaqdan çıxır. Bu vəziyyətdə Ermənistan bölgədə tamamilə müdafiəsiz vəziyyətə düşür. Ermənistan kifayət qədər ədalətli olan bu gündəliyi icra etməyəcəyi təqdirdə, bölgədə vəziyyət dəyişə və sülh gündəmi arxa plana keçə bilər. Rəsmi İrəvanın həyata keçirdiyi siyasət bu istiqamətdədir və belə görünür ki, Paşinyan hakimiyyəti qeyri-konstuktiv mövqe sərgiləməklə sülh danışıqlarının “imitasiyası” ilə məşğuldur. Bu vəziyyət təbii ki, bütün ssenariləri, o cümlədən, hadisələrin hərbi müstəviyə keçidini də aktuallaşdırır. Bölgədəki şərtlər göstərir ki, hər keçən gün Ermənistanın ətrafındakı çəmbər daralmaqdadır və Azərbaycanın irəli sürdüyü gündəliyi qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistanı arxalandığı Qərb də xilas etməyəcək”.
Sonda vurğulanır ki, proseslər və proqnozlar Ermənistan üçün iki ssenarinin baş verəcəyi gözləntisini ön plana çıxarır: “Bu ölkə ya dünya xəritəsindən silinəcək, ya da ərazisi kiçiləcək. Hər iki ssenarinin Qərbi Azərbaycan reallığı üzərindən baş verəcəyi qaçılmaz gələcəkdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: