|
Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək.
Artıq bununla bağlı Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Yenisabah.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev təşəbbüsü təqdir edib:
“1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilərkən Konstitusiyaya istinad edilmişdi. Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv olması haqqında qanunvericilik də var. O, uzun illərdir qüvvədədir və 2 islahatla bələdiyyələr birləşdirilib. Əvvəllər bələdiyyələrin sayı 2700-dən çox idi, ancaq bu gün 1606 bələdiyyə qalıb. Əlbəttə, birləşmə islahatının keçirilməsi çox faydalıdır və nəticələrdə özünü göstərib.
Qanuna uyğun olaraq, vətəndaşların xahişi ilə hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıla bilər. Ancaq sonrakı müşahidələr göstərdi ki, kiçik bələdiyyələr özünü doğrultmur. Çünki onların torpaq sahəsi, mülkiyyəti yoxdur və maliyyə vəsaitləri həddən artıq azdır. Bu gün bələdiyyələrin sayı olduqca çoxdur. Məsələn, əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə təxmini 200-250 bələdiyyə fəaliyyət göstərir. Ona görə də parlamentdə dəfələrlə bu məsələ qaldırılıb.
Bu gün elə bələdiyyələr var ki, onun büdcəsi yoxdur. Buna görə də insanların bələdiyyəyə inamı zəifləyir. Əgər o, yerli əhəmiyyətli sosial-iqtisadi məsələni həll edə bilmirsə, vətəndaş da ona etimad göstərmir. Bələdiyyələr birləşəcəksə onların maliyyə vəsaiti də artacaq. Bu zaman həm idarəetmə yaxşı olacaq, həm də kadrların səviyyəsi yüksələcək.
Bələdiyyələrin bu gün kifayət qədər səlahiyyətləri var. Lakin onların bir çoxu bu səlahiyyətləri müəyyən qaydada həyata keçirə bilmir. İşini görə bilməyən bələdiyyələr yeni səlahiyyətlər istəyir”.
Deputat kiçik kəndlərinin birləşdirilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Kiçik kəndlər mütləq birləşdirilməlidir. Xüsusən, işğaldan azad edilmiş ərazilərdəki kəndlərlə bağlı bu addım mütləq atılmalıdır. Məsələn, Lerikin 167 kəndi var. 80 min əhalisi olan rayon üçün bu rəqəm olduqca çoxdur. Elə kənd var ki, orada cəmi 20 ailə yaşayır. Onlar qaz, su, işıq çəkilməsini, yollarının bərpa olunmasını istəyir. Bu isə mümkün deyil. Yaxud işğaldan azad olunmuş rayon olan Laçında əvvəllər 140-dan çox kənd olub. Məsələn, 10-15 ailə birləşib haradasa oba salıb və o, sonradan kəndə çevrilib. Bu cür kəndlərin birləşdirilməsi nəzərdə tutulur. Məsələn, 5 kənd birləşib 1 kənd olsun. Belə olduqda həm infrastruktur layihələrinin həyata keçirilməsi asanlaşacaq, həm də əhali daha kompakt yaşayacaq. Onların, məktəbi, xəstəxanası və kommunal təminatları da tam təmin olunacaq. Ona görə də xırda kəndlərin birləşdirilməsi düzgün addımdır”.
Deputat Vahid Əhmədov qeyd edib ki, bələdiyyələrlə bağlı ən yaxşı nümunə Türkiyədədir:
“Bələdiyyələrin birləşdirilməsi və onların statusu olduqca ciddi məsələdir. Birləşdirməsi, əlbəttə, çox vacibdir. Qərara alınıb ki, 3000-ə qədər əhalisi olan yaşayan məntəqədə 1 bələdiyyə olsun. Ona görə də xırda kəndlər mütləq birləşdirilməli və yeni bələdiyyələr yaradılmalıdır. Türkiyə modelində məhz belədir, orada böyük bələdiyyələr fəaliyyət göstərir. Belə olduqda bələdiyyənin funksiyaları da artır. Düşünürəm ki, bu lazımi addım olacaq”.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.
General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.
Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun "WhatsApp" ünvanına sorğu da göndərilib.
Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.
Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq.
Bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı X hesabında bildirib.
“Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o bildirib.
Erməni müxalifəti əmindir ki, Rusiya Paşinyan hakimiyyətinin davranışlarını cavabsız buraxmayacaq, tezliklə gözlənilməz istiqamətindən dağıdıcı reaksiya verəcək... Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, rəsmi İrəvanın bütün "qırmızı cizgiləri" açan cəsarətindən sonra Ermənistanın ləğvi ilə bağlı məsələ Kremldə əsas müzakirə mövzusudur...
Rusiya yeni və ciddi problemlə qarşı-qarşıya qalıb. Kremlin başı indi daha çox Ukrayna savaşına qarışıb. Ancaq ABŞ və Qərb buna paralel olaraq, Rusiya üçün növbəti qarşıdurma məkanını açmaq üzrədir. Hər halda, Qərbin Ermənistan üzərindən Kremlə qarşı yeni hərbi-siyasi qarşıdurma cəbhəsi yaratdığı artıq qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Rusiyanın hazırda "erməni böhranı" ilə vurulmaqda olduğu inkaredilməz reallıqdır.
Rusiya siyasi dairələri müəyyən mənada, çaşqın vəziyyətə düşdüklərini də gizlətməkdə çətinlik çəkirlər. Çünki Ermənistanın Rusiyaya xəyanət edərək, ABŞ və Qərbə sığınmağa can atması indiyə qədər Kremldə maksimum səviyyədə təmkinlə qarşılanırdı. Ancaq rəsmi İrəvanın bu qədər irəli gedərək, Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalamağa cəsarət edəcəyinə ehtimal verilmirdi. Və bu səbəbdən də, rəsmi İrəvanın Rusiyaya qarşı son demarşı müəyyən mənada, yeni situasiya yaradıb.
Məsələ ondadır ki, Rusiya Ukrayna savaşının ən taleyüklü mərhələsində "erməni böhranı" ilə növbəti sınağa çəkilir. Kremldə Ermənistan baş naziri Nikol Paşinyanın "Ukrayna savaşında Rusiyanın müttəfiqi deyilik" bəyanatına cəsarəti haradan aldığını hələlik tam müəyyən edə bilməyiblər. Rusiya siyasi dairələri hələlik erməni baş nazirin Fransa prezidenti Emmanuel Makrondan hansı təhlükəsizlik təminatı ala biləcəyi üzərində baş sındırırlar. Çünki Kremldə tamamilə əmindirlər ki, Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək imkanından çox-çox uzaqdır.
Bu baxımdan, əsas qənaətlər ondan ibarətdir ki, rəsmi Paris böyük ehtimalla Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliyinə təminat vermiş ola bilər. Hər halda, Kremldə Rusiyanın Ermənistan üzərində olan çoxsaylı nəzarət mexanizmlərinin təsir dairəsini tam dəqiqliyi ilə bilirlər. Erməni baş nazirin isə bütün bunları nəzərə almadan üstəlik, Ermənistanın KTMT-da iştirakının dondurulduğunu da bəyan etməsi ümumiyyətlə, Rusiyanın nüfuzuna sarsıdıcı zərbə hesab oluna bilər.
İndi Kreml erməni baş nazirin son açıqlamalarına rəsmi İrəvandan izahat gözləyir. Halbuki, belə bir izahatın verilmə ehtimalı da qətiyyən inandırıcı görünmür. Çünki rəsmi İrəvan Rusiya ilə münasibətləri normallaşdırmaq deyil, məhz əlaqələrin qoparılması istiqamətində addımlar atmağa üstünlük verir. Və bütün bunlar onu göstərir ki, Rusiya-Ermənistan qarşıdurmasının nizamlanma deyil, daha da qəlizləşmə istiqamətində inkişaf edə biləcəyi şübhə doğurmur.
Düzdür, Kreml və KTMT təmsilçiləri hələlik Ermənistandan rəsmi müraciət almadıqları ilə bağlı bəyanatlarla özlərinə təskinlik verməyə çalışırlar. Halbuki, baş nazir Nikol Paşinyanın Ukrayna savaşı ilə bağlı dedikləri əslində, Ermənistanın Rusiyanın deyil, qarşı tərəfin - ABŞ və Qərbin müttəfiqi olduğunun rəsmən elan edilməsi anlamı daşıyır. Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan olmadan KTMT-nın çöküb dağılmayacağını bəyan etməsi isə Kremlin nüfuzuna vurulmuş sarsıdıcı zərbə baxımından, demək olar ki, heç nəyi dəyişmir.
Onu da nəzərə almaq lazımdır ki, baş nazir Nikol Paşinyanın Kremlə Paris zərbələrindən dərhal sonra Ermənistanda Rusiyaya qarşı siyasi-ideoloji hücumlar daha da intensivləşib. Paşinyan hakimiyyətinə yaxın erməni siyasi dairələr Rusiyanı açıq mətnlə təhqir etməkdən çəkinmirlər. Onlar Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının baş qərargahı qarşısında toplaşaraq, "Rusiya işğalmıdır, Ermənistandan rədd olun" şüaları ilə Kremlə birbaşa meydan oxuyublar.
Maraqlıdır ki, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinin bu davranışlarına mütləq cavab veriləcəyinə eyham vurmağa başlayıblar. Onlar hesab edirlər ki, Ermənistan Kremlə xəyanətin ardınca, indi də Rusiyanın hərbi-siyasi qürurunu tapdalayır. Rus politoloq Vitaliy Arkov vurğulayıb ki, baş nazir Nikol Paşinyan və onun siyasi dəstəsi Rusiyanın nəzərində satqındırlar: "Kremlin bütün bu baş verənlərə mütləq cavab reaksiyası olacaq. Ancaq Rusiyanın cavab zərbəsi Ermənistan üçün həm sarsıdıcı, həm də gözləmədiyi istiqamətdən vurulacaq".
Digər rus politoloq Kiril Sitnikov isə Ermənistanı Rusiyaya qarşı xəyanətdə və nankorluqda suçlayıb. Onun fikrincə, ermənilərin rus əsgərlərini işğalçı adlandırıb, təhqir etmələrinə tarixi xatırlatmaqla, cavab verib: "Ermənistanın indiki ərazisinə erməniləri məhv rus əsgərləri gətirib, yerləşdiriblər. Üstəlik, rus əsgərləri onilliklər boyu ermənilərin bu ərazilərdə təhlükəsizliyinin yeganə təminatçısı da olublar. İndi Rusiya bu təhlükəsizlik təminatçısı rolundan imtina da edə bilər".
Rus politoloqun fikrincə, rəsmi İrəvan Rusiyaya qarşı ittihamlar irəli sürmək əvəzinə məhz bu barədə daha ciddi düşünməlidir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verməkdən imtina edərsə, bu "qədim xalq" - ermənilər gedəcək yer tapa bilməyəcəklər: "Tarixçilər hətta ermənilərin "qədim vətəni"nin harada olduğu barədə təxmini də olsa, heç bir məlumat verə bilmirlər. Çünki ermənilərin hansısa vətəni olmayıb, onlar həmişə, hər yerdən qovulmağa vərdişlidirlər".
Belə anlaşılır ki, Rusiya siyasi dairələri hazırda erməniləri Cənubi Qafqaza köçürülməsindən və onları daim himayə etmələrindən artıq peşman olmağa başlayıblar. Yəni, Kremlin Ermənistana yönəlik siyasi-ideoloji mövqeyinin dəyişmə ehtimalı açıq-aşkar müşahidə olunur. Bəzi erməni politoloqlar Rusiya siyasi dairələrində ön plana keçməkdə olan bu neqativ əhval-ruhiyyədən narahat olduqlarını qətiyyən gizlətmirlər. Və bunun Ermənistana olduqca baha başa gələ biləcəyini düşünürlər.
Erməni politoloq Qrant Mikaelyan İrəvan-Kreml qarşıdurmasının tezliklə real nəticələrinin ola biləcəyini vurğulayıb. Onun fikrincə, Paşinyan hakimiyyəti Rusiyadan xırda addımlar ilə uzaqlaşmağa çalışsa da, Kremlin reaksiyası Ermənistan üçün faciəvi xarakter daşıya bilər: "Yəqin ki, müəyyən müddətdən sonra rəsmi İrəvan KTMT-nın tərk edilməsi, Rusiya ilə ikitərəfli hərbi müttəfiqliyin pozulması, rus bazalarının çıxarılması və s. bu kimi məsələləri gündəmə gətirməyə çalışacaq. Rusiyanın təhlükəsizlik təminatını Fransanın himayəsi ilə əvəzləməyə cəhd göstərirlər. Ancaq unudurlar ki, Fransanın Ermənistanı qorumaq üçün potensialı mövcud deyil".
Erməni politoloq hesab edir ki, Ermənistanın Rusiya ilə münasibətləri gərginləşməkdə davam etdikcə, Azərbaycanın sülh sazişini imzalamaq həvəsi də zəifləyəcək. Onun fikrincə, İrəvan-Kreml qarşıdurmasının başlanğıcında Rusiya regional proseslərə neytral mövqedən yanaşmağa üstünlük verirdi, indi isə Azərbaycana daha çox yaxınlaşmağa başlayıb: "Əgər, Kreml Azərbaycanı dəstəkləmək barədə qəti qərar verərsə, bu, Ermənistanın sonunu gətirə biləcək fəlakət olacaq. Hər halda, Paşinyan hakimiyyəti anlamalıdır ki, Rusiyanın reaksiyası bir qədər sonra mütləq olacaq və sarsıdıcı xarakter daşıyacaq".
Göründüyü kimi, rəsmi İrəvan hazırda böyük riskə gedir. Hətta ermənilər belə, anlayırlar ki, Rusiya Paşinyan hakimiyyətinin davranışlarını cavabsız buraxmayacaq. Kremlin reaksiyası hətta Ermənistan dövlətçiliyinin ləğvi ilə də nəticələnə bilər. Hələlik isə Paşinyan hakimiyyətinin heç bir məntiqə sığmayan cəsarətindən çaşqınlıq keçirən Rusiya siyasi dairələri Ermənistanın gələcək taleyi barədə hansı qərarların qəbul edilməsinin daha doğru olacağını dəqiqləşdirməklə məşğuldurlar.(Yeni Müsavat)
Bu gün, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 32 il ötür.
"Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında yer alıb.
Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və s. daxil olmaqla yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib.
1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi.
İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır.
Heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” etirafı, törədilmiş qətliamın təsadüfi olaraq deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən öncədən planlaşdırılaraq bu ölkənin tabeliyində olan qüvvələr tərəfindən icra olunduğuna dair heç bir şübhə doğurmur.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaların kobud şəkildə pozulmasıdır.
Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı. Bu bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmamasının ağır nəticələrini göstərir.
Bu baxımdan, cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.
Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır.
Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur.
Bununla yanaşı, Azərbaycan tərəfi inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.
Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Allah rəhmət eləsin!
“Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”
Bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.
“Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, - təşkilat vurğulayıb.