Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb:

"İlk öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır. Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaları saxlanması məsələsinə aydınlıq gətirməlidir".

"Açıq-aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir.

Biz N. Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik"-, nəzərə çatdırılıb.

İndi rəsmi İrəvan bundan sonra ən yaxşı halda, Ermənistanın deqrodasiya prosesini kənardan izləməklə, kifayətlənməli olacaq... Hər halda, Fransanın avantürist hədəfləri ucbatından hazırda Ermənistan ərazisi müxtəlif ölkələrin təsir dairələrinə bölünməyə başlayıb...

Ermənistan milli təhlükəsizlik maraqlarını təmin etməyə qadir olmayan bir ölkədir. Rusiya tərəfindən süni yaradılmış bu qondarma "dövlət" özünü müdafiə etməkdə aciz duruma düşüb. Çünki erməni zehniyyəti həmişə başqalarına sığınmaq "ənənə"si üzərində formalaşıb. Və bu səbəbdən də, Ermənistan xarici himayədarlara möhtac qalmağa məhkumdur.

Son illərdə Ermənistanın "sığınacaq məhkumluğu" daha qabarıq şəkildə ortaya çıxmaqdadır. Belə ki, Ermənistan müstəqillik dövrünün böyük bir hissəsini məhz Rusiyanın "təhlükəsizlik çətiri" altında keçirib. Ancaq ABŞ və Qərbin siyasi layihəsi olan Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışmağa başladıqdan sonra Kremllə ciddi ziddiyyətlər yaşandı. Azərbaycanın II Qarabağ savaşında tarixi hərbi zəfəri isə Rusiyanın "təhlükəsizlik çətiri"nin əslində, Ermənistanı qoruya bilmədiyini göstərdi.

Təbii ki, başqalarının himayəsinə vərdişli Ermənistan dərhal isterik şəkildə yeni "təhlükəsizlik çətiri" axtarmağa başladı. ABŞ və Qərbin müdafiə sisteminə sığınmağa cəhd göstərdi. Ancaq indiyə qədər nail ola bildiyi yeganə nəticə sadəcə, Fransanın "təhlükəsizlik çətiri"nin ətrafına yaxınlaşmaqdan ibarətdir.

Halbuki, rəsmi İrəvan hətta Fransanın "təhlükəsizlik çətiri"nin altına girə bilsə belə, bu, Ermənistanı qoruya biləcək müdafiə sistemi deyil. Çünki Fransanın Ermənistanı müdafiə etmək imkanları rəsmi İrəvanın ümidlərini doğrulda biləcək səviyyədə deyil. Və üstəlik, Fransa özü də hazırda müəyyən təhlükəsizlik problemləri ilə üzləşməyə başlayıb.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Məsələ ondadır ki, Afrikadan qovulan Fransa hazırda beynəlxalq məkanda olduqca ciddi nüfuz və imic zərbələri ilə qarşı-qarşıya qalıb. Ona görə də, rəsmi Paris Fransanın beynəlxalq nüfuz və imicini məhz Cənubi Qafqazda bərpa edə biləcəyinə ümid bəsləyir. Bu məqsədlə əsas "geopolitik alət" olaraq isə məhz Ermənistan seçilib. Və indi Ermənistana yerləşməyə can atan Fransa rəsmi İrəvanı yerinə yetirə bilməyəcəyi vədlər ilə aldatmaqdadır.

Fransa Ermənistanı intensiv şəkildə silahlandırır. Əvəzində isə rəsmi İrəvandan Azərbaycana qarşı hərbi təxribatlar törətməyi və Qafqazda yeni savaşa nail olmağı tələb edir. Ancaq bu silahlanmanın Ermənistana yeni Qafqaz savaşında hərbi qələbə qazandıra biləcəyinə yalnız sadəlövhlər inana bilər. Çünki Fransanın Ermənistana göndərdiyi silahlar əslində, müasir standartlardan uzaq, köhnəlmiş modellərdir. Üstəlik, həmin silahların mütləq əksəriyyəti genişmiqyaslı hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.

Buna misal olaraq, Fransanın Ermənistana göndərdiyi "Bastion" hərbi maşınlarını göstərmək olar. Bu hərbi maşınlar Fransanın Afrikadakı müstəmləkələrində etirazları yatırmaq üçün istehsal olunmuşdu. Ukrayna bu hərbi maşınları qəbul etməkdən imtina etmişdi. Nəticədə rəsmi Paris heç kimə lazım olmayan "Bastion"ları Ermənistana yüklədi. Həm para qazandı, həm də lazımsız "metal yığını"ndan xilas oldu. Ermənistanın Hindistandan aldığı Fransa lisenziyalı artilleriya qurğularının da müasir standartlara uyğun olmadığı artıq dəqiqləşib.

Son məlumatlara görə isə Fransanın göndərdiyi müdafiə silahlarının növbəti partiyası da Ermənistana çatdırılmaq üzrədir. Rəsmi Paris bu dəfə Ermənistanı gecəgörmə cihazları və GM200 radarları ilə "gücləndirib". Əslində, gün işığında əsl reallıqları görə bilməyən bir ölkəyə gecəgörmə cihazlarının nə qədər faydalı ola biləcəyinin özü də mübahisəli məsələdir. Hər halda, rəsmi İrəvan hələ də Fransanın Ermənistanı böyük fəlakətə sürüklədiyini ya görə bilmir, ya da görmək istəmir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)
Əks halda, erməni analitik Vardan Akopyanın gündəmə gətirdiyi reallıqları Paşinyan hakimiyyəti də görərdi. Vardan Akopyan əmindir ki, Ermənistan və ermənilər dünyada heç kimə lazım deyil: "Əgər belə davam edərsə, Ermənistan xarici dairələr tərəfindən idarə olunan əraziyə çevriləcək. Ermənistan Sovet İttifaqının tərkibində olduğu dövrdəkindən daha acınacaqlı vəziyyətə düşəcək".

Ancaq erməni analitikin ehtimalları əslində, gecikmiş xarakter daşıyır. Çünki Ermənistan artıq onun ehtimal etməyə çalışdığı acınacaqlı vəziyyətə düşüb. Belə ki, davamlı olaraq, xarici himayədar və "təhlükəsizlik çətiri" axtarışında olan Ermənistan hazırda beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən nüfuz dairələrinə bölünmüş durumdadır. Çünki Rusiya Ermənistandan çıxarılmasa da, Fransa, Avropa Birliyi və İran müxtəlif faktorlar üzərindən indi bu ölkədə yerləşərək, bir-birinə qarşı mübarizə aparırlar.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Jozep Borrel Ermənistana ermənilər üçün darıxdığı üçün səfərə hazırlaşmır. Hər halda, Jozep Borrel ermənilərlə Avropada görüşüb, Azərbaycana qarşı qərəzli və əsassız ittihamlarına görə rüşvətini alır. Ancaq indi onu Avropa Birliyinin Ermənistanda olan mülki müşahidə missiyasının nüfuz və təsir dairəsinin daha da genişləndirilməsi maraqlandırır.

Elə baş nazir Nikol Paşinyan bir müddət öncə ağzından qaçırmışdı ki, Avropa Birliyinin mülki müşahidə missiyasının fəaliyyətinə Rusiya və İran qoşunlarının hərəkətini izləmək də daxildir. Yəni, erməni baş nazir avropalı müşahidəçilərin məhz kəşfiyyat məlumatları toplamaqla məşğul olduğunu etiraf etmişdi. Bu baxımdan, Ermənistanda müəyyən nüfuz dairəsi olan Rusiya və İranın avropalı kəşfiyyatçıların fəaliyyətindən narahat olmaları qətiyyən gözlənilməz deyil. Və hansısa mərhələdə bu narahatlıq Ermənistan sərhədləri daxilində radikal cavab reaksiyasına da yol aça bilər.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Ermənistana himayədarlıq etməklə, onu fəlakətə sürükləyən əsas beynəlxalq siyasi iradə mərkəzi isə məhz Fransa hesab olunmalıdır. Çünki rəsmi Paris nə qədər Ermənistana dost görünməyə çalışsa da, Fransanın Cənubi Qafqazdakı fəaliyyəti əslində, erməni dövlətçiliyinə düşmənçilik xarakteri daşıyır. Rəsmi Paris fəal şəkildə Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Ən əsası isə Fransa Ermənistanı dağıdıcı nəticələri əvvəlcədən məlum olan savaşa sövq etməyə çalışır. Hətta rəsmi Paris Fransanın müdafiə nazirini Ermənistana göndərməklə, Paşinyan hakimiyyətinə cəsarət verməyə də çalışır.

Bu isə o deməkdir ki, əslində, rəsmi Parisi Ermənistanın gələcək taleyi qətiyyən maraqlandırmır. Əksinə, rəsmi Paris qısamüddətli də olsa, yeni savaşa nail olmaqla, Ermənistana hərbi kontingent yerləşdirmək bəhanəsi qazanmağa can atır. Yəni, rəsmi Paris üçün Ermənistan Fransanın yeni müstəmləkəsinə çevrilməyə ən real namizəddir. Ərazisində Rusiya hərbi bazaları yerləşən, İranın da nüfuz dairəsi və təsir faktorları olan Ermənistan üçün Fransa qoşunlarının gəlişinin hansı nəticələr doğura biləcəyini təxmin etmək o qədər də çətin deyil.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin geopolitik oyunları Ermənistanı artıq dağılma mərhələsinə daxil edib. İndi rəsmi İrəvan bundan sonra ən yaxşı halda, Ermənistanın deqradasiya prosesini izləməklə, kifayətlənməli olacaq. Hər halda, Fransanın da avantürist hədəfləri ucbatından indi Ermənistan ərazisi müxtəlif təsir dairələrinə bölünməyə başlayıb. Halbuki, növbəti savaşın baş verəcəyi təqdirdə, Fransanın Ermənistanı müdafiə etməyəcəyini ermənilər özləri də bilirlər. Buna baxmayaraq, Fransanın Ermənistanı "Qafqaz Suriyası"na çevirmək cəhdlərinə könüllü şəkildə yardım edirlər.(musavat.com)

Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Prezident İlham Əliyev Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Azadəliyev Azadəli Kəlbəli oğlu

Əkbərov Mübariz Hilal oğlu

Qocayev Əvəz İlyas oğlu

Mirzəbəyov Əhməd Əzizxan oğlu

Süleymanov Şahin Şahbaz oğlu

“Tərəqqi” medalı ilə

Babayev Elşən Əlican oğlu

Bəndəliyev Araz Arif oğlu

Cavadi Elman Hökməli oğlu

Əbilov Fazil İsmayıl oğlu

Əliyev Elxan Bulud oğlu

Əzizov Tahir İslam oğlu

İsgəndərov Sadıq Yaqub oğlu

Qasımov Həsən Əsrafül oğlu

Lələyev Bəhruz Rauf oğlu

Mehtiyev Tural Elşad oğlu

Mircavadov Eldar Mirməmməd oğlu

Niftəliyev Ustubat Heydər oğlu

Rəfiyev Sabir İbad oğlu

Səmədzadə Elnarə Fətulla qızı

Süleymanova Rübabə Şahbaz qızı

Yusubov Fərid Fikrət oğlu.

Azərbaycan Prezidentinin Münhendə ABŞ-nin bir sıra rəsmiləri ilə görüşündən sonra Azərbaycan energetika naziri Vaşinqtonda səfərdədir. Müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin normallaşma mərhələsinə keçə biləcəyini göstərir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, rəsmi Vaşinqton Cənub Qaz dəhlizinin genişlənməsinə dəstəyini nümayiş etdirib: "Bu isə o deməkdir ki, bir sıra beynəlxalq qurumların Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji iş birliyi ilə bağlı qərəzli və ikili standartlara əsaslanan çağrışlarına baxmayaraq ölkəmiz ilə Qərb arasında əməkdaşlıq daha da güclənməkdədir".

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazın ötürmə qabiliyyətinin genişləndirilməsinə dəstəyi iqtisadi-maliyyə yanaşması olmaqla bərabər həmçinin bir mesajdır. Bu, eyni zamanda Azərbaycanın xarici siyasətdə yeni bir uğuru kimi də qiymətləndirilməlidir:

"Ötən il Azərbaycan Avropa İttifaqına 12 milyard kub metrə yaxın mavi qaz ixrac edib. Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 2 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir".

"Digər tərəfdən, Azərbaycan ilə ABŞ arasındakı iqtisadi əlaqələr də güclənməkdədir. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 59,0% artaraq 904 milyon dollara çatıb. Bu il dövriyyənin daha da artırılması üçün yeni imkanlar yaranmaqdadır", - deyə V. Bayramov əlavə edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda deyilir:

Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür.

Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilmiş, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilmiş, şəhər yerlə yeksan olunmuşdur.

Bu soyqırımı hadisəsində fundamental insan hüquqları, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanmışdır. Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülmüş, diri-diri yandırılmış, başının dərisi soyulmuş, digər dəhşətli işgəncələrə məruz qalmışdır. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Xocalı qətliamında “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq hüququ kobud şəkildə pozulmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan edilmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması, kütləvi qırğınlara, etnik təmizləmə, irqi, dini və etnik ayrı-seçkilik hallarına qarşı böyük müqavimətin göstərilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur.

İkinci Qarabağ müharibəsindən və ötən il həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı Ağdam, Şuşa, Xocavənd, Füzuli, Kəlbəcər ərazilərində, həmçinin bir müddət əvvəl Xocalı rayonunun Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqların tapılması, həmin məzarlıqlardakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması Xocalıda törədilmiş soyqırımı zamanı soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparıldığını bir daha təsdiqləyir.

Tərəfimizdən dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş dörd minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı bir addım atmır, işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə məlumat vermir.

Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti XX əsrin ən böyük qətliamlarından biri sayılan Xocalı soyqırımına hüquqi qiymət verməli, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında İslam həmrəyliyi, qardaşlıq, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

“21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir:

“Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.
Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur.

“Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb.

ABŞ konqresmenləri rəsmi Kiyevə hərbi dəstəyin kredit borcuna çevrilməsini və yaxud da Ukraynanın təbii sərvətləri hesabına ödənilməsini tələb edirlər... Avropa Birliyi isə Rusiyanın “qoca qitə”yə gələcək hərbi yürüş üçün “keçid qapısı”nı artıq açmaq üzrə olmasından ciddi narahatlıq keçirir...

Ukrayna savaşı ətrafında situasiya qəlizləşməyə başlayıb. ABŞ və Qərb Ukrayna ordusunun müdafiə taktikasına keçmək məcburiyyətində qalmasından ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ukrayna ordusunun müdafiə taktikasının bəzi strateji döyüş mövqelərindən geri çəkilmə prosesi ilə müşayiət olunması da kollektiv Qərbi qorxuya salmağa başlayıb. Çünki bu prosesi yaxın gələcək üçün Rusiyanın Avropaya hərbi yürüş “qapı”sını açmağa başlaması kimi dəyərləndirir. Və ona görə də, hazırda Qərb siyasi dairələri Rusiyanın yenidən “cilovlanması” üçün mümkün çıxış yolları axtarırlar.

Ancaq ABŞ və Qərbin bəzi səhvləri, eləcə də, Rusiya əleyhinə hədəflərin uğursuzluğu indiki halda, əsas problemlərin sırasına daxildir. Hər halda, Rusiyaya qarşı iqtisadi sanksiyaların uğursuz olduğunu artıq Qərb siyasi dairələrində açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, indiyə qədər Qərb şirkətlərinin yalnız 20 faizi Rusiyanı tərk edib. Geri qalanları hələ də Rusiya ərazisində fəaliyyətini davam etdirirlər. Və bu baxımdan, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə qərarlarda heç bir iştirakı olmayan kənar ölkələrdən onlara riayət edilməsi barədə tələblər həm məntiqsiz, həm də absurd xarakter daşıyır.

Digər tərəfdən, Qərb Rusiya enerji resurslarına Avropa bazarlarına çıxışına qadağalar qoyub. Ancaq nə qədər qəribə də olsa, Rusiya neftinin əsas alıcıları da elə məhz Qərb ölkələridir. Belə ki, Avropa ölkələri Hindistan üzərindən Rusiya neftinin idxalını davam etdirirlər. Üstəlik, son statistik məlumatlara görə, məhz embarqoların tətbiqindən sonra Rusiyanın neft gəliri savaşdan öncəki dövrlə müqayisədə ciddi şəkildə artıb. Hər halda, 2023-cü ildə Rusiya neft satışından 350 nilyarda yaxın gəlir əldə edib. Hətta ABŞ belə, Rusiya neftini Hindistandan almaq məcburiyyətində qalıb. Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb iqtisadi sanksiyalar tətbiq etsə də, əslində, Rusiyanı maliyyə gəlirləri ilə daha da zənginləşdirib.

Digər tərəfdən, Ukrayna savaşı kollektiv Qərbin daxilində narazılıqları, ziddiyyətləri artırıb, hətta parçalanma meyllərini də gücləndirib. Rusiyaya iqtisadi sanksiyalar tətbiq edən Qərb ölkələri Ukrayna savaşından artıq yorulduqlarını qətiyyən gizlətmirlər. Son vaxtlar Ukraynaya hərbi dəstək də əvvəlki həvəslə verilmir. Əksinə, hərbi dəstək paketləri barədə müzakirələr indi daha çox mübahisələr və müqavimət cəhdləri ilə müşahidə olunur. Və belə situasiya son vaxtlar Ukraynaya yönəlik hərbi yardımların zəifləyərək, kəsilmə həddinə çatmasına yol açıb.

Maraqlıdır ki, Avropa Birliyi uzun müzakirə və mübahisələrdən sonra Ukraynaya cəmisi 50 milyard avro həcmində dəstək barədə qərar qəbul edə bildi. Əsas problem isə ondan ibarətdir ki, Avropa Birliyi bu məbləği Ukraynaya dörd il ərzində ödəyəcək. Bu, o deməkdir ki, Ukrayna Avropa Birliyindən hər il təxminən 13 milyard avroya yaxın maliyyə dəstəyi ala biləcək. Halbuki, bu məbləğ Ukrayna ordusunun illik hərbi ehtiyaclarını ödəmək üçün qətiyyən yetərli deyil. Ümumi məbləğin dörd ilə bölünməsi isə əslində, Ukraynadan tələb olunan Rusiyaya qarşı savaş müddətini ifadə edir.

Nəhayət, daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi də demək olar, kəsilib. Düzdür, ABŞ Senatı Ukraynaya hərbi dəstək üçün 60 milyard dollarlıq maliyyə paketini dəstəkləyib. Ancaq bu məsələ ətrafında mübahisələr azalmaq əvəzinə, daha da artıb. Belə ki, respublikaçılar Ukraynaya dəstək paketini dəstəkləyən partiyadaşlarını ABŞ-ın milli maraqlarına xəyanət etməkdə suçlayırlar. Bu səbəbdən də, bu dəstək paketinin ABŞ Konqresi tərəfindən də dəstəklənəcəyi hələlik müəyyən şübhələr doğurur. Və bu, o deməkdir ki, rəsmi Kiyev nə qədər ümid bəsləsə də, ABŞ-ın 60 milyard dollarlıq yardım paketi Konqresdə bloklana bilər.

Maraqlıdır ki, ABŞ respublikaçıları Ukraynaya əvəzi ödənilməyən maliyyə yardımlarına qarşı çıxırlar. Onların fikrincə, ABŞ-ın dövlət borcu 34 milyard dollardan artıq olduğu bir vaxtda belə xərclər yolverilməzdir. Respublikaçılar rəsmi Kiyevə maliyyə yardımlarını kredit borcuna çevrilməsini təklif edirlər. Hətta təklif edilən variantlardan biri də ondan ibarətdir ki, ABŞ maliyyə yardımlarının qarşılığında Ukrayna öz təbii sərvətlərinin istifadəsini amerikalılara verməlidir. Və bu, o deməkdir ki, Ukraynanın ABŞ-dan gələcəkdə əvəzini ödəməyəcəyi maliyyə dəstəyi almaq şansları indi o qədər də yüksək deyil.

Təbii ki, respublikaçıların belə sərt mövqe tutması Ağ Ev administrasiyasını ciddi şəkildə narahat edir. Hətta prezident Co Bayden Ukrayna ordusunun geri çəkilmək məcburiyyətində qalmasının əsas məsuliyyətini məhz Konqresdə yardımları bloklayan respublikaçıların üzərinə yükləməyə çalışıb. O, bildirib ki, Ukrayna ordusu ABŞ Konqresinin yardımları bloklaması ucbatından geri çəkilməyə məcbur olub. Və indi bu məsələ ABŞ-da seçkiqabağı qarşıdurmanın əsas mövzularından birinə çevrilib.

Ancaq Ukrayna zaman itirir. Üstəlik, vaxt ötdükcə, hərbi yardımlar gecikdikcə, Ukrayna ordusu öz döyüş resurslarını tükədir. Hətta bir müddətdən sonra Rusiyanın tədricən hücum taktikasına keçə biləcəyi ehtimal olunur. Ona görə də, indi Avropa ölkələri Rusiya təhlükəsini müvəqqəti də olsa, bloklamaq üçün çıxış yolları axtarırlar. Danimarka öz ordusunun artilleriya sistemlərinin hamısını Ukraynaya verib. Buna bənzər addımlar İsveç və Norveç tərəfindən də atılmağa başlayıb. Finlandiya isə ümumiyyətlə, öz ordusunu gücləndirməklə, Rusiya ilə ehtimal olunan savaşa hazırlaşır.

Avropa Birliyinin rəhbərliyində isə Ukraynanın indiki şərtlər daxilində Rusiyanın qarşısında hələ nə qədər tab gətirə biləcəyini müəyyən etməyə çalışırlar. Gəlinən qənaətin ümidfverici olmadığı, Avropa Birliyinin öz üzvlərini Ukraynaya dəstəyi artırmağa və tələsməyə çağırdığı da bildirilir. Hər halda, Avropa Birliyinin diplomatiya və təhlükəsizlik sahəsinə rəhbərlik edən Cozep Borrelin Ukrayna savaşının necə nəticələnəcəyinin yaxın üç ay ərzində məlum olacağını bəyan etməsi “qoca qitə” ölkələrinə Rusiya təhlükəsi barədə xəbərdarlıq mesajı hesab olunur.

“Yeni Müsavat”

Xəbər lenti