![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrounu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.
Məktubda deyilir:
“Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.
Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.
Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.
Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.
Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.
Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.
Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.
Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, Sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.
Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, Sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.
Ən yüksək hörmət və xeyir-dualarla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqazın baş müftisi
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti
Milix Yevdayev
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri
Robert Mobili
Alban-Udi Xristian Dini İcmasının sədri
Zamir İsayev
Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri”.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1999-cu ildə Azərbaycanla aparılan danışıqlarda Mehri rayonu ilə Qarabağın "barter edilməsi" iddiası haqda çıxış edib.
Publika.az xəbər verir ki, Ermənistanda son günlər Köçəryanın dövründə Mehrinin Azərbaycana verilməsi qarşılığında Qarabağın Ermənistana birləşdirilməsi iddiaları müzakirə edilir.
Bu məsələ ABŞ Dövlət Departamentinin məxfiliyini ləğv etdiyi sənədlərdə əksini tapır. Plana görə, Mehri və Qarabağın dəyişdirilməsi gündəmdə olub.
Köçəryan bildirib ki, bu məsələ 1999-cu ildə gündəmdə olsa da, rəsmi şəkildə irəli sürülməyib.
“Bu məsələ 2001-ci ildə Ki-Uest danışıqlarında irəli sürülüb. Plana görə Qarabağ Ermənistana birləşdirilməli idi, Mehri isə Azərbaycana. Azərbaycan suveren hüquqlara malik olan dəhliz əldə edirdi. Bu müzakirə edildi, lakin sonra Bakı bu variantı rədd etdi”, - o bildirib.
Köçəryan hesab edir ki, Mehri mövzusu Ermənistanın hazırkı hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə tirajlanıb: “Çünki bu hakimiyyət Azərbaycana Mehridən istədiyi dəhlizi vermək istəyir”.
Qeyd edək ki, 2001-ci ildə Ki-Ustdə keçirilən danışıqlarda Mehri və Qarabağ məsələsi gündəmdə idi, lakin rəsmi Bakı bundan imtina etdi, danışıqların birbaşa iştirakçısı olan Köçəryan da bunu təsdiq edir. Həmin vaxt danışıqlar aparan Prezident Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Qarabağı – işğal olunmuş bütün əraziləri azad etdi, suverenliyimiz bərpa olundu və Ermənistanı Mehridən Azərbaycana dəhliz verməklə bağlı öhdəlik götürməyə məcbur etdi.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.
Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.
Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari İşlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan "Katiblik" tərəfindən təmin edilir.
Katiblik aşağıdakı vəzifələri həyata keçirir:
1) yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
2) komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;
3) uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın Azərbaycan nəticəsi barədə Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;
4) uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
5) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı İctimaiyyəti məlumatlandırır.
Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.
Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri İşlər barəsində hesabat verirlər.
Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.
Katiblik hesabatları ümumiləşdirərək müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.
Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov Yasamal Bələdiyyəsinin üzvü seçilib.
Teleqraf xəbər verir ki, o, səsvermədə 21621 seçicinin səsini qazanıb.
F.Mirələmov bu göstərici ilə Yasamal Bələdiyyəsi üzrə beşinci yeri tutub.
Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.
Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə YAP-ın Xətai Rayon Təşkilatının sədri vəzifəsini tutub.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı ABŞ və Avropa Birliyi arasında əsas ziddiyyət faktorlarından birinə çevrilmək üzrədir. Üstəlik, bu ziddiyyət faktorunun tədricən ABŞ və Avropa Birliyi arasında kəskin qarşıdurma mühiti yarada biləcəyi də qətiyyən istisna deyil. Çünki ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılmasına yönəlik "siyasi bazarlıq"lar artıq həlledici mərhələyə yaxınlaşmış kimi görünür. Və bu "siyasi bazarlıq" masasından kənarda buraxılaraq, maraqları real təhlükə qarşısında qalan Avropa Birliyi baş verənlərə müqavimət göstərməyə çalışır.
Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı bəzi anlayışlara fərqli yanaşma ehtiyacı da yaradıb. Belə ki, Ukraynaya dəstək verən kollektiv Qərb artıq ciddi şəkildə parçalanmış kimi görünür. ABŞ öz yeni prioritetləri ilə bu düşərgəni tədricən tərk etməyə doğru yönəldiyi indi hər hansı mübahisə doğurmayan reallıqdır. Və belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir.
Məsələ ondadır ki, ABŞ və Rusiya prezidentlərindən sonra bu iki ölkənin xarici işlər nazirləri də telefonla danışıblar. Bu barədə Kremldən verilən açıqlamada ABŞ hətta az qala Rusiyanın ən yaxın tərəfdaşı kimi təqdim olunur. Kremlin rəsmi təmsilçisi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın istədiyi vaxt Rusiyaya səfər edə biləcəyini vurğulayıb. Onun dediyinə görə, iki dövlət liderinin telefon danışığı Rusiya və ABŞ-ın problemlərin, o cümlədən də Ukrayna böhranının artıq dialoq yolu ilə həll ediləcəyinə yönəlik güclü mesajdır.
Kreml rəsmisi kollektiv Qərbin sanksiyalarının Rusiya və ABŞ arasında danışıqlara əngəl olmayacağını bildirib. Onun fikrincə, sanksiyalar necə sürətlə tətbiq olunursa, eyni sürətlə də ləğv edilə bilər. Dmitri Peskovun bu arxayınlığı isə Rusiyanın ABŞ-dan bu barədə müəyyən təminatlar almış ola biləcəyindən şübhələnməyə əsaslar yaradır. Və bu baxımdan, ABŞ-ın təkbaşına Ukrayna savaşının taleyini həll etmək cəhdləri Qərbdə ciddi qıcıq doğurur.
Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna savaşı ətrafında ABŞ-Rusiya "siyasi bazarlığına" artıq reaksiya verib. Prezident Volodimir Zelenski vurğulayıb ki, ABŞ və Rusiya liderləri Ukraynadan başqa bütün mövzular haqqında danışa bilərlər. Yəni, Ukrayna lideri Ağ Ev sahibi Donald Trampın "Rusiya prezidenti Vladimir Putinlə Ukrayna bazarlığı"nın nəticələrini tanımayacağına eyham vurub. Və prezident Volodimir Zelenski Ağ Ev sahibi Donald Trampın prioritet hədəflərinə müqavimət göstərəcəyini real addımları ilə də biruzə verir.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski Tramp administrasiyasının Ukraynanın təbii sərvətlərinin istismarına dair təklif etdiyi razılaşmanı təsdiqləməkdən imtina edib. Prezident Volodimir Zelenski həmin razılaşmanın tam hazır olmadığını və Ukraynanı qorumaq gücündən uzaq qaldığını qabardıb. Və belə bir müqavilənin ilk növbədə Ukraynanın təhlükəsizlik maraqlarını müdafiə etməli olduğunu bildirib.
Belə anlaşılır ki, Avropa Birliyinin Tramp administrasiyasına müqavimət cəhdləri rəsmi Kiyevi də tədricən ABŞ-a etiraz cəsarəti göstərməyə sövq edir. Ancaq Ukrayna savaşının əsas hərbi-siyasi alətlərindən biri olan NATO-nun prinsipial mövqedən uzaq qalması Tramp administrasiyasına müqavimətin effektivliyini zəiflədir. Hər halda, NATO baş katibi Mark Rüttenin açıqlaması bu hərbi-siyasi alyansın hələlik fəal müşahidəçi mövqeyində "qızıl orta" axtarışında olduğunu göstərir.
Belə ki, NATO baş katibi Avropa Birliyini Ukrayna savaşının dayandırılmasına yönəlik ABŞ-Rusiya danışıqlarından şikayətlənməyi buraxmağa çağırıb. Onun fikrincə, Avropa Birliyi ölkələri Ukraynanın təhlükəsizlik təminatları barədə konkret tələblər irəli sürməli və öz müdafiə xərclərini artırmalıdır. Bu, o deməkdir ki, NATO ABŞ-Rusiya "siyasi bazarlığı"ndan məmnun deyil. Ancaq prosesə birbaşa müdaxilə etməyə də ehtiyac duymur. Və bu məsələnin Avropa Birliyinin müqavimət potensialı ilə həllinə daha çox üstünlük verir.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi sərt reaksiya ilə ABŞ-a qarşı mövqe tutmaqdan hələlik çəkinir. Ancaq buna baxmayaraq, Tramp administrasiyasının Ukrayna planı ilə razılaşmaq niyyətində olmadığını da biruzə verir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Ukraynaya güc vasitəsilə təmin edilən sülh lazımdır və Avropa Birliyi də məhz bunu istəyir. Yəni, avropalı lider Tramp administrasiyasına dolayısı ilə mesaj verir ki, Avropa Birliyi Kremllə "siyasi bazarlığı" yolverilməz hesab edir. Və Rusiyanın sərt təzyiqlərlə sülh masası arxasına oturmaq məcburiyyətində buraxılmasına üstünlük verir.
Göründüyü kimi, Tramp adminstrasiyasının Rusiya ilə "Ukrayna bazarlığı" kollektiv Qərbi parçalayıb. Ağ Ev Rusiya ilə birmənalı şəkildə ABŞ-ın maraqları üzərindən anlaşmağa çalışır. Avropa Birliyini oyundan kənar vəziyyətə salaraq, "qoca qitə"nin təhlükəsizlik maraqlarını böyük risk altında buraxır. Yəni, müəyyən mənada, Avropa Birliyi və Ukraynaya qarşı dolayısı ABŞ-Rusiya tərəfdaşlığı qurulur. Və buna qarşılıq olaraq, həm Avropa Birliyi, həm də Ukrayna müqavimət potensialını vahid mərkəzdə birləşdirmək üçün hərəkətə keçmiş kimi görünür.
Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.
Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütülüyün nikahında iştirak edərək şahid olub.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.
Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən, fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.
Korrupsiya riskləri həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və Bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir.
Korrupsiya riskləri, həmin Risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də Risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.
Komissiya ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.