![]() |
|
"Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən enerji gücü 200kVt-dək olan tikinti obyektlərinin elektrik enerjisinə qoşularkən icazə tələb olunmayacaq.
Bu məsələ Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
"Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişiklik tələb olunan gücü 150 - 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi, yəni icazə tələbinin aradan qaldırılması məqsədilə hazırlanıb.
Bununla da tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı zamanı elektrik şəbəkəsinə qoşulması üçün icazə alınması tələb olunmayacaq.
Onu da qeyd edək ki, mövcud qanunda isə elektrik enerji gücü 150 kVt-dək elektrik qurğularının istismarı zamanı icazə alınması tələb olunmurdu.
Qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasında müzakirə olunmasına barədə qərar verilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkisinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib.
“Report”un xəbərinə görə, bu, MSK sədrinin Ekspert qrupu üzvlərinə müraciətində əksini tapıb.
Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə - 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ərəfəsindədir:
“Seçkilər ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilir. Ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu irimiqyaslı tədbirin Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında lazımi tədbirlər görülür, bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır”.
M.Pənahov vurğulayıb ki, geniş maarifləndirmə və məlumatlandırma proqramı üzrə nəzərdə tutulan layihələr seçicilər, aşağı seçki komissiyalarının üzvləri və müxtəlif statuslu digər seçki subyektləri kimi Ekspert qrupu üzvlərini də əhatə etməklə müvəffəqiyyətlə gerçəkləşdirilir.
Xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində daha bir maraqlı məqamı açıqlayıb.
XİN rəhbəri Prezident İlham Əliyevin onun qarşısında hansı tapşırığı qoymasından söz edib.
Daha ətraflı videoda:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik.
Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın baş prokurorlarının görüşünün nəticəsi barədə deyib.
“Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb”, - o qeyd edib. (APA)
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.
Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Yol-xeber.az" xəbər verir ki, Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
ABŞ və Qərbin, eləcə də Rusiyanın təsiri altında hərəkət edən Ermənistan siyasi elitasında Azərbaycana qarşı növbəti savaşın qaçılmaz olduğuna artıq mütləq əksəriyyət əmindir... Ancaq Paşinyan hakimiyyəti müharibə başlandıqdan sonra hərbi müttəfiq Rusiyanın, eləcə də, beynəlxalq himayədarların göndərdiyi Qərb müşahidəçilərinin Ermənistana kömək edəcəklərinə ciddi şübhə ilə yanaşır...
Cənubi Qafqazda yeni müharibə ehtimalı ətrafında müzakirələr və mübahisələr intensivləşməyə başlayıb. Bu barədə iddialar həm Ermənistanda, həm Rusiyada, həm də Qərb siyasi dairələrində xüsusi olaraq, ön planda tutulur. Ermənistan cəmiyyətində bu ehtimalın əsas daşıyıcısı rolunda məhz hərbi məğlubiyyətlə barışmaq istəməyən radikal-revanşist düşərgə çıxış edir. Bu düşərgə erməni toplumunu Azərbaycana qarşı düşmənçilik əhval-ruhiyyəsində saxlamağa çalışır.
Eyni zamanda, Cənubi Qafqazda geopolitik maraqları olan Qərb ölkələri, xüsusilə də, Fransa bu iddianın reallaşdırılmasına cəhd göstərir. Üstəlik, Rusiya üçün də regional sülh prosesinin uğur qazanmasına dəstək vermək qətiyyən sərfəli deyil. Bu səbəbdən də, Kremlə yaxın siyasi dairələr Ermənistanı yeni savaş xofu ilə Rusiyanın orbitinə qaytarmaq niyyəti ilə müharibə proqnozlarında israr edirlər. Və nəticədə regionda hərbi-siyasi gərginliyin arxa plana keçirilməsi mümkün olmur.
Təbii ki, bütün bunlar rəsmi İrəvanın mövqeyinə və davranışlarına da ciddi şəkildə təsir göstərir. Paşinyan hakimiyyəti erməni toplumunun dəstəyini itirməmək, eləcə də, Qərbin narazılığını öz üzərinə çəkməmək üçün savaş ritorikasını uyğun davranmaq məcburiyyətində qalmış kimi görünür. Üstəlik, Qərbdən verilən dəstək, Fransadan və Hindistandan göndərilən silahlar da rəsmi İrəvanı savaş variantını növbəti dəfə sınaqdan çıxartmağa həvəsləndirir, hətta şirnikləndirir.
Ancaq Paşinyan hakimiyyəti həm də reallığın fərqindədir. Erməni siyasi elitası Ermənistanın növbəti savaşdan çıxa bilməyəcəyini də anlayır. Rəsmi İrəvan ABŞ və Qərbin Ermənistanı Azərbaycanla yeni müharibədə müdafiə edəcəyinə əmin deyil. Hətta Paşinyan hakimiyyəti Qərbin rəsmi Bakıya təzyiq mexanizmlərinin olub-olmadığına da ciddi şübhə ilə yanaşır. Və rəsmi Bakının indiyə qədər kənar təsirlərə qarşı müqavimət immunitetinin maksimum səviyyədə olması Paşinyan hakimiyyətində inamsızlığı artıraraq, xof yaradır.
Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyi üçün savaşın olduqca təhlükəli seçim variantına çevrildiyini anlamamış deyil. Bu baxımdan, rəsmi İrəvanın savaş ritorikasını gündəmdə saxlamaqla yanaşı, ondan həm də Ermənistan cəmiyyətini Azərbaycanla sülh sazişinə hazırlamaq üçün istifadə etməyə çalışması da qətiyyən diqqətdən yayınmır. Yəni, Ermənistanın gələcək taleyi ilə bağlı qəbul ediləcək qərarlarda hələlik qeyri-müəyyənlik hökm sürür. Və bu, Paşinyan hakimiyyətini eyni vaxtda həm savaş, həm də sülh ritorikasını sintez etmək məcburiyyətində buraxır.
Maraqlıdır ki, erməni siyasi elitası indiki situasiyada yeni savaşın qaçılmaz olduğuna daha çox inanır. Bu təhlükənin Ermənistan üçün faciəvi nəticələr vəd etdiyini nəzərə alaraq, savaşdan yayınma variantlarının qabardılmasına çalışır. Erməni politoloq Menya Soqomonyan isə hesab edir ki, Ermənistanın yeni savaşdan yayınmaq üçün heç bir şansı qalmayıb: "Ancaq müharibə başlandıqdan sonra nə Rusiya, nə də Qərb müşahidəçiləri Ermənistana kömək etməyəcəklər".
Erməni politoloq əmindir ki, böyük dövlətlərin öz maraqları var, onlar həm özlərinə lazım olanı edirlər, həm də "siyasi bazarlıq" aparırlar. Ermənistan kimi kiçik dövlətlər isə yalnız onlara icazə verilən çərçivədə davranmaq məcburiyyətində qalırlar: "Ona görə də Paşinyan hakimiyyəti yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaq. Bu sənəd Ermənistanın kapitulyasiyasını və Qarabağın Azərbaycan ərazisi olduğunun rəsmi təsdiqini ifadə edəcək. Ancaq hətta sülh sazişinin imzalanmasından sonra belə, Ermənistan diz çökmüş vəziyyətdən çıxa bilməyəcək. Ermənistan öz dövlətçiliyini itirməyə məhkum edilmiş durumdadır".
Təbii ki, bu səbəbdən də, bəzi hallarda rəsmi İrəvan yekun sülh sazişinin imzalanması ehtimalını mümkün qədər sürətləndirməyə yönəlik cəhdlər edir. Halbuki, Paşinyan hakimiyyətinin bu mövqeyi qətiyyən sabit və davamlı xarakter də daşınmır. Çünki rəsmi İrəvan müstəqil mövqeyə malik deyil. Əsasən, Ermənistanın himayə edilməsini öz üzərinə götürmüş dövlətlərin və beynəlxalq qurumların direktivləri ilə hərəkət edir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin sülh cəhdləri ən yaxşı halda, tərəddüdlü məzmun daşıyır.
Bütün bunları nəzərə aldıqda, Ermənistan parlamentinin spikeri Alen Simonyanın "Yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər" açıqlaması o qədər də inandırıcı görünmürdü. Eyni zamanda, baş nazir Nikol Paşinyan da daxil olmaqla, erməni siyasi elitasının bu ilin sonuna qədər yekun sülh sazişinin imzala biləcəyi barədə iddiaları da reallıqdan uzaq qaldı. Və bu, rəsmi İrəvanın regional sülhə hələ hazır olmadığını göstərir.
Ancaq rəsmi İrəvan istənilən halda, sülh variantını aktual saxlamaqda maraqlıdır. Qarabağ mövzusunun birdəfəlik gündəmdən çıxarılması da bu məsələdə müəyyən əlavə imkanlar açır. İndi rəsmi İrəvan sülh sazişi qarşısında əsas əngəllərdən birinə çevrilmiş kimi görünən sərhədlərin demarkasiya və denaminasiyası ilə bağlı prosesdə Ermənistan cəmiyyətinin müqavimətini nisbətən zəiflətməyə çalışır.
Məsələ ondadır ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı danışarkən, Azərbaycanla sərhədlərin müəyyən edilməsinin yekun sülh sazişinin imzalanmasından sonra da həll olunmasının mümkünlüyünü vurğulayıb. Onun fikrincə, adətən, belə proseslər illərlə davam edir və bu məsələ ucbatından yekun sülh sazişinin imzalanmasının gecikdirilməsi doğru olmazdı. Və bu, regional sülh prosesinin pozulmasında məhz "sərhəd xəritələri" faktorundan yararlanmağa çalışın Rusiyanın əlində qalan önəmli təzyiq mexanizmlərindən birinin sıradan çıxarılması məqsədi də güdmüş ola bilər.(Yeni Müsavat)