Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

Qarabağın erməni əhalisinə erməni dilində müraciət vərəqələrinin yayıldığı bildirilir.

Müraciətdə deyilir:

"Diqqət! Diqqət! Silahı yerə qoyun və təslim olun. Mənasız müqavimət göstərməyin. Həyatınızı xilas edin. Silahlı müqavimətlə məhv olacaqsınız. Özünüzü və ailənizi düşünün. Sizinlə və ailə üzvlərinizlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılacaq. Hüquqlarınız qorunacaqdır. Sizə su və yemək veriləcək. Sizə tibbi yardım göstəriləcəkdir. Təslim olun! Bu, sağ qalmaq və yaşamağa davam etmək üçün son şansınızdır".

 

 

 

“Hazırkı Qarabağ müharibəsinin əsas səbəbi 2020-ci il üçün atəşkəs sazişinin (üçtərəfli bəyanat-red.) Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmasıdır”.

Bu sözləri NATO-nun soyuq müharibə müdafiə strategiyası üzrə italiyalı mütəxəssis Tomas Teyner qeyd edib.

“Ermənistan məğlubiyyətini etiraf edib silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarıb və Qarabağdan kənarda işğal olunmuş əraziləri geri qaytarıb.
Ancaq Qarabağ erməniləri müharibəni heç vaxt uduzmadıqlarını iddia edirdilər və nə qədər çılğın mövqe tutsalar da, Putinin onları qoruyacağına inanırdılar.

Beləliklə, sülh bağlamaq əvəzinə, Azərbaycandan Qarabağ ermənilərinin işğal etdikləri, 100 min nəfəri etnik təmizləməyə məruz qoyduqları, sonra talan etdikləri və tamamilə yer üzündən sildikləri əvvəllər işğal olunmuş ərazilərin qaytarılmasını tələb edirdilər.

Qarabağ erməniləri bütün kompromislərdən imtina etdilər və 2020-ci il müharibəsində qalib gəldiklərini iddia edirdilər. Lakin Putin onlara əhəmiyyət vermir. Bütün bu qarışıqlığın məsuliyyəti yalnız aldanmış Qarabağ ermənilərinin üzərinə düşür”.

O, dəfələrlə paylaşım edərək Qarabağın Azərbaycan ərazisi olduğunu xarici jurnalistlərə xatırladıb:

“Jurnalistlər üçün: Qarabağ "mübahisəli ərazi" deyil. Ermənistan da daxil olmaqla yer üzündə hər millət (!), Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”.

T.Teyner əlavə edib ki, bu lokal hərbi əməliyyatlarla bağlı Putin heç nə etməyəcək:

“Dərs 1: Rusiya silah sistemləri faydasızdır. Dərs 2: Rus sülhməramlıları əhəmiyyətsizdir. Bitdi. Qarabağ erməniləri təslim olmalıdırlar”.

Xankəndidəki cinayətkar xunta rejimi Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı qərar verməlidir.

Bu barədə Gevorg Arstamyan öz Facebook səhifəsində yazıb.

O yazıb ki, əldə etiyi məlumata görə Xankəndidəki xunta rejiminin rəhbərliyi bu gün qərar verəcək: “Ya qalırıq, ya gedərik, bir sözlə, biz qalırıq, inteqrasiya edirik, ya da bu əraziləri tərk edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”.

O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var.

“Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”.

Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

“Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə brifinq keçirir

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

“Artıq 30 ildən çoxdur ki, Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovu olublar. Əl-ələ verib oxuduğumuz, işlədiyimiz, bir-birimizə baş çəkdiyimiz, həyatımızda xoşbəxt hadisələri qeyd etdiyimiz o vaxtları çoxlarınız xatırlayırsınız. Tarixin özü sübut edir ki, biz müharibənin ağır travmalarına baxmayaraq, sülh və harmoniya şəraitində birlikdə yaşaya bilərik”.

Bu barədə Baku TV-nin Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə çağırışla bağlı hazırladığı süjetdə deyilir.

Bildirilir ki, qonşu Rusiya və Gürcüstanda azərbaycanlılar və ermənilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hətta ortaq iş aparırlar, bu isə onların bir-birlərinə etibar etdiyini göstərir:
“Bu gün bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, bizim və ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var. Baxın, Qarabağda həyatın, infrastrukturun bərpası hansı sürətlə gedir, yollar, zavodlar, yaşayış binaları, məktəblər tikilir. Bunu Qukasyan, Saakyan, Arutyunyan kimi bir dəstə qəsbkarın 30 il ərzində bu torpağı necə qarət etməsi ilə müqayisə edin. Bu onilliklər ərzində özləri və ailələri üçün villalardan başqa nə tikiblər?! Və müxtəlif bəhanələrlə Laçın və Ağdam yollarının Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanlar günahkardırlar”.

Ətraflı süjetdə:

image_20230919110404.jpgYol-xeber.az" xəbər verir ki,  19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Xəbər lenti