![]() |
|
Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
" Sərəncamla Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400,0 (dörd yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər yerli mətbuatın diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Serbiya mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib.
Yazılarda istifadəyə verilən interkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunur. Boru kəmərinin istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına töhfə verəcəyi vurğulanır.
Serbiyanın Azərbaycanın qaz ixrac etdiyi 9-cu ölkə olduğu, ölkəmizin 2027-ci ilədək Avropaya qaz ixracının həcmini iki dəfə artıracağı bildirilir. Diqqətə çatdırılır ki, Serbiya bununla da enerji mənbələrini şaxələndirir və daha da möhkəmləndirir. Boru kəməri Serbiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərqi və Mərkəzi Avropa ölkələrinə əlavə təchizat imkanı verəcək. Bu interkonnektorun istifadəyə verilməsi həm Serbiya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.
“Beta”, “Politika”, “SRNA”, “Alo” və “Gradske info” xəbər portalları isə Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin təkbətək görüşdə ölkələr arasında ikitərəfli və iqtisadi əlaqələrin qarşılıqlı maraq doğuran bütün vacib mövzular ətrafında müzakirələr apardığını yazıb. İki ölkə lideri, həmçinin regional və geosiyasi məsələləri də müzakirə edib. Serbiya Prezidenti ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əla münasibətlər qurmağı bacarmasından qürur duyduğunu deyib.
İki ölkə əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, Azərbaycan və Serbiyanın strateji tərəfdaş olduğu bildirilir. Qeyd olunur ki, iki ölkə strateji tərəfdaşlıq çərçivəsində enerji sektoru ilə yanaşı, hərbi sənaye, yüksək texnologiyalar və üçüncü bazarlar üçün birgə istehsal kimi əməkdaşlığın təkmilləşdirildiyi çoxsaylı digər sahələrdə birgə işlər görür.
“Srbija Danas”, “RTV BN”, “Tanjug” Azərbaycan və Serbiya prezidentlərinin səfər çərçivəsində hərbi texnika və avadanlıqlara baxdığını yazıb.
Bildirilir ki, hərbi aerodromda Serbiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin silah və imkanlarının təqdimatı olub. Həmçinin pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, hava və quru döyüş platformalarının təqdimatı keçirilib, Paraşüt briqadası və digər xüsusi təyinatlı birləşmələr öz imkanlarını təqdim edib.
Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.
Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
Aİ Şurasının məlumatına görə, iclasda nazirlər Şərq Tərəfdaşlığı, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər.
Bu gün 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədlər açıqlanacaq.
Globalinfo.az xəbər verir ki, namizədlər siyahısında Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa və Razi Nurullayevin olacağı gözlənir.
Eyni zamanda, AĞ Partiya başqanı Tural Abbaslı və Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlünün də namizədlər sırasında olacağı iddia edilir.
Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər
yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, yuxarıda nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.
Rəsmi Ankara Paşinyan hakimiyyətinə Fransanın Ermənistanı xilas edə bilməyəcəyinin açıq mesajını verir... Fransaya da xəbərdarlıq edilir ki, rəsmi Ankara ona Cənubi Qafqazda hərbi-siyasi təxribatları davam etdirmək şansı tanımaq niyyətində deyil...
Cənubi Qafqazda regiondan kənar dövlətlərin və beynəlxalq qurumların davranışları sülh prosesinə əngəl yaratmaqda davam edir. Əsas problem ondan ibarətdir ki, regiondan kənar güclər bütün vasitələrlə yalnız öz maraqlarına uyğun situasiyanın yaradılmasına cəhd göstərirlər. Bu məqsədlə də regional sülh prosesini bloklamağa çalışırlar. Və nəticədə Cənubi Qafqaz hərbi-siyasi qarşıdurma məkanı olaraq, qalmaqda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev də regiondan kənar dövlətlərin sülh prosesinə bloklayıcı müdaxiləsi barədə bir neçə dəfə açıqlama verib. Dövlət başçısı hətta bu müdaxilələr olmayacağı təqdirdə, yekun sülh sazişinin imzalanması üçün münbit şərait yarana biləcəyini vurğulayıb. Və bu baxımdan, rəsmi Bakının Ermənistanla vasitəçilərin kənar təsirləri olmadan birbaşa ikitərəfli təmaslar üzərindən müzakirələr aparmaq istəyi tamamilə başadüşüləndir.
Əslində, Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı son anlaşma da ikitərəfli müzakirə formatının daha effektiv olduğunu sübuta yetirdi. Üstəlik, bu anlaşma sayəsində Azərbaycan və Ermənistan hətta öz müstəqillik tarixlərində ilk dəfə olaraq, beynəlxalq məkanda da bir-birinə dəstək vermək barədə razılığa gələ bildilər. Məhz belə bir nəticədən sonra Paşinyan hakimiyyətinin təmsilçisi də sülh prosesində beynəlxalq vasitəçilərin öz geopolitik maraqlarını daha ön plana keçirdiklərini açıq mətnlə etiraf etdi. Və bu baxımdan, ikitərəfli təmaslara radikal-revanşist erməni müxalifətinin etirazlarının məntiqsiz olduğunu vurğuladı.
Təbii ki, bütün bunlar pozitiv məqamlardır. Ancaq bu istiqamətdə hələlik daha intensiv hərəkət məkanı yaratmaq olduqca çətindir. Çünki kənar müdaxilələrin qarşısını almaq üçün Cənubi Qafqazda geopolitik maraqları olan bütün beynəlxalq güclərin regional sülh prosesində iştirakını bloklamaq lazımdır. Halbuki, bu, indiki situasiyada demək olar ki, mümkün deyil. Və bunun əsas səbəblərindən biri də məhz Ermənistanın öz beynəlxalq himayədarlarından birbaşa asılı vəziyyətə düşməsi ilə bağlıdır.
Məsələ ondadır ki, ABŞ və Qərb Rusiya ilə beynəlxalq savaşda Ermənistan ərazisini əsas qarşıdurma poliqonu kimi seçib. Böyük ehtimalla bu geopolitik qarşıdurma hələ uzun müddət davam edəcək. Rusiya Cənubi Qafqazdan çıxmaq barədə düşünmür. Kreml ABŞ və Qərbin bu məqsədlə atdığı bütün addımlara müqavimət göstərməyə çalışır. Və bu səbəbdən də, regional sülh prosesi də müəyyən mənada, bu qarşıdurmanın girovuna çevrilmiş kimi görünür.
Digər tərəfdən, Fransa Cənubi Qafqazda yeni müharibə təhlükəsinin əsas qaynağı funksiyasını öz üzərinə götürdüyünü demək olar ki, gizlətmir. Afrika qitəsindən qovulmuş Fransa Cənubi Qafqaza yerləşmək cəhdləri ilə itirilmiş beynəlxalq nüfuzunu bu regionda geopolitik mövqelər ələ keçirtməklə kompensasiya etməyə cəhd edir. Rəsmi Paris Fransanın geopolitik maraqlarını təmin edəcək regional alət rolunu isə məhz Ermənistanın üzərinə yükləyib.
Fransa Cənubi Qafqazda öz maraqları naminə bütün vasitələrdən istifadə etməklə, yeni savaş vəziyyəti yaratmağa cəhd göstərir. Rəsmi Paris Ermənistanın yekun sülh sazişini imzalamasını bloklayır. II Qarabağ savaşında məğlub ölkə statusunda olan Ermənistanı yenidən gücləndirmək missiyasını da öz üzərinə götürüb. Rəsmi Paris Ermənistana müasir hərbi texnika və silah-sursat göndərməkdə davam edir. Və bu, rəsmi İrəvanı sülh sazişinin imzalanması prosesini ləngitməyə stimullaşdırır.
Rəsmi Bakı artıq bir neçə dəfə Fransaya bu barədə sərt xəbərdarlıq edib. Azərbaycan dövləti Fransanın yeni regional müharibəyə sponsorluq etməsinin törədə biləcəyi nəticələr ilə bağlı sərt mesajlar verib. Fransanın davranışları ucbatından Ermənistanın yaxın gələcəkdə daha ağır zərbələr ala biləcəyinə də dolayısı eyhamlar vurub. Və bu, Fransanın əslində, hərbi-siyasi dəstək adı altında Ermənistana ziyan verdiyini göstərir.
Maraqlıdır ki, Rusiya da son vaxtlar Fransanın Cənubi Qafqazda atdığı addımlardan ciddi şəkildə narahatdır. Kreml də Fransanı regional sülh prosesi qarşısında əsas əngəllərdən biri kimi gördüyünü qətiyyən gizlətmir. Üstəlik, Kreml Fransanın müasir hərbi standartlara uyğun olmayan köhnə model silahları Ermənistana daşıdığını da xüsusi olaraq, vurğulayır. Və Ermənistan cəmiyyətini Fransanın "himayə"sinə münasibətdə daha diqqətli olmağa çağırır.
Təbii ki, Fransanın Cənubi Qafqazda rəqibi yalnız Rusiya deyil. Bu sıraya Türkiyəni də əlavə etmək lazımdır. Üstəlik, Türkiyə Fransaya qarşı Rusiyadan daha güclü regional oyunçu hesab olunur. Çünki Rusiyanı Cənubi Qafqaza daha çox tarixi müstəmləkəçilik faktorları bağlayır. Türkiyə isə Rusiyadan fərqli olaraq, bu regionda daha fundamental faktorlar üzərindən yerləşib. Çünki Türkiyənin Azərbaycanla milli-etnik, tarixi və dini ortaqlığı mövcuddur. Üstəlik, rəsmi Ankara son dövrlərdə Azərbaycanla hərbi-siyasi müttəfiqlik anlaşması da əldə edib. Və hazırda Azərbaycan-Türkiyə ortaq hava məkanının yaradılması üzrə hərbi-siyasi, strateji layihənin icrası davam edir.
Bütün bunlar onu göstərir ki, Ermənistana sadəcə, yeni regional müstəmləkəsi kimi yanaşan Fransanın Cənubi Qafqazda Türkiyə ilə rəqabət aparması demək olar, əvvəlcədən məğlubiyyət vəd edən reallıqdır. Rəsmi Paris Azərbaycan-Türkiyə İttifaqı qarşısında Ermənistanın himayə edilməsi üzərindən tab gətirmək şansı o qədər də yüksək deyil. Və zaman keçdikcə, Fransa Türkiyənin preventiv geopolitik zərbələrini daha ciddi şəkildə hiss etməli olacaq.
Əslində, rəsmi Ankara Fransaya yerini göstərməyə artıq başlayıb. Belə ki, son vaxtlara qədər Türkiyə Fransanın Ermənistanı silahlandırmasına daha çox Azərbaycanı bütün məsələlərdə dəstəklədiyini bəyan etməklə, reaksiya verirdi. Rəsmi Ankara Fransaya "qırmızı cizgilər"dən kənara çıxılmasının yolverilməz olduğunu qabardan mesajlar verirdi. Və belə anlaşılır ki, rəsmi Paris Türkiyənin xəbərdarlıqlarından lazımi nəticə çıxarmağı bacarmayıb.
Ona görə də, rəsmi Ankara artıq daha açıq, birbaşa və sərt mövqeyi ön plana çıxartmağa başlayıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Cənubi Qafqazda situasiyanı hərbi-siyasi qarşıdurma müstəvisinə yönəltdiyini vurğulayıb. Türkiyə lideri bildirib ki, Fransa Cənubi Qafqazda geopolitik təxribatlar törətməklə məşğuldur. Və bu, Cənubi Qafqaz ölkələri, xüsusilə də, Ermənistan üçün olduqca ağır nəticələr verə bilər.
Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanı Fransanın dəstək vədlərinə uymamağa çağırıb. O, vurğulayıb ki, Ermənistanın gələcək taleyi Fransanın dəstəyindən deyil, məhz Azərbaycanla sülh sazişi imzalayaraq, normal münasibətlər qurmasından birbaşa asılıdır. Bu baxımdan, rəsmi İrəvanın Fransanın yalanlarına və məkrli oyunlarına aldanması Ermənistan üçün baha başa gələ bilər.
Göründüyü kimi, rəsmi Ankara Paşinyan hakimiyyətinə Fransanın Ermənistanı xilas edə bilməyəcəyinin açıq mesajını verir. Fransaya da xəbərdarlıq edir ki, rəsmi Ankara ona Cənubi Qafqazda sərbəst şəkildə öz pozuculuq fəaliyyətini davam etdirmək şansı tanımaq niyyətində deyil. Türkiyə Fransanın bu regionda yerləşmək cəhdlərini bloklamağa hazırlaşdığını da qətiyyən gizlətmir. Və bu baxımdan, prezident Emmanuel Makrona anladılır ki, Türkiyənin olduğu regionda Fransanın mövcudluğu demək olar ki, reallıqdan uzaq məsələdir.(Yeni Müsavat)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Ölkə rəhbərinin daha bir sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
M.Əliyevin dosyesini təqdim edirik:
Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
2012–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.
2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.
9 dekabr 2023-cü il tarixində prezidentiin sərəncamı ilə hərbi geyim forması daşımaq hüquqi verilməklə istefaya buraxılıb.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.
24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
“Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”.
"Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı
ciddi maneə görmürəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.