![]() |
|
İrəvanın son vaxtlardakı qərbyönümlü siyasəti Moskva və Tehranı ciddi narahat etməkdədir. Bu məsələ İran prezidenti İbrahim Rəisinin bu günlərdə Moskvaya səfəri zamanı rusiyalı həmkarı Putinlə də görüşündə müzakirə edilib.
“mehr” xəbər verir ki, Rusiya və İran liderlərinin görüşündə Cənubi Qafqaz regionu ilə bağlı danışıqlar müzakirələrinə və onların kontekstində Ermənistanın qərbyönlü münasibətinə xüsusi diqqət yetirilib.
“Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Qərbsiz Tehran və Moskva üçün lazımdır. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir. İrəvan-Paris əməkdaşlığının dərinləşməsi, xüsusilə Ermənistan-Fransa müdafiə əlaqələrinin dərinləşməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü Tehran və Moskvanı həm baş verənlər, həm də baş verəcəklər fonunda xüsusilə narahat edib”, - nəşr qeyd edib.
Nəşr eyni zamnda bunları da qeyd edib:
“Təbii ki, İran İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, lakin Rusiya mətbuatında yayılan fikirlərə görə, Ermənistanın xüsusilə özü üçün qərbyönümlü mövqe tutması, Tehranda şübhələr yaradır. Mövcud vəziyyət davam edərsə və Ermənistanın qərbyönümlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran onsuz da Azərbaycanla daha sıx münasibətlər quraraq regional siyasi mühiti tarazlaşdırmağa çalışsın”.
Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.
O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.
Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.
Xarici İşlər Nazirliyi ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Paylaşım nazirliyin rəsmi “X” hesabında edilib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
Dekabrın 12-də Prezident İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib.
Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.
Azərbaycanı COP29-un ev sahibi ölkəsi kimi dəstəkləmək qərarına görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin minnətdarlığını ifadə edən M.Babayev zəngin mədəni irsi və dinamik enerjisi ilə ölkəmizin dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacağını qeyd edib.
“Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik”, - deyən nazir COP28-in bütün iştirakçılarına və təşkilatçılara bir daha təşəkkür edib.
Sonra son illər Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olundu.
Daha sonra COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan etdi.
Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Yol-xeber.az paylaşımı təqdim edir:
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Ümummilli liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.
Yol-xeber.az" xəbər verir ki, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci katibi, İqtisadi və iqtisadi-əməkdaşlıq şöbəsinin rəhbəri Amada Şuniçinin iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri qonağa Agentliyin fəaliyyəti, strukturu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlar üzrə yerləşən avtomobil yollarının təmiri işlərinin uğurla həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, Proqram üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz üzərinə düşən tədbirləri demək olar ki, tam şəkildə yerinə yetirərək, cari ilin doqquz aylıq hesabatını nəzərə alaraq ümumilikdə 4564.1 kilometr yerli və respublika əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunmuşdur.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq ödənişli yol, o cümlədən Qarabağ və Şərqi Zəngəzur İqtisadi regionları ərazisində icra olunan yol infrastrukturu layihələrinin əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilkin mərhələdə proqram üzrə işğaldan azad olunmuş ərazidə 2453.9 km avtomobil yolunun bərpası və yenidən qurulmasının nəzərdə tutulduğu, bundan 185.5 kilometrində işlərin artıq başa çatdığı qonağa bildirilmişdir.
Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, görüşdə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin rəisi İlham Süleymanov, şöbənin baş mütəxəssisi Fərid Yusubov və Agentliyin Aparatının Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Rəşad Ələkbərov iştirak etmişdir.
Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“1. Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi.
Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırladı. Şalva Papuaşvili Ulu Öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını dedi.
Qonaq ölkələrimizin həyat keçirdiyi layihələrin önəmini qeyd etdi, bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu.
Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.