|
Ermənistanın son davranışları intihar xarakteri daşıyır. Rəsmi İrəvan Ermənistanın geopolitik xəritədən silinməsinə yol aça biləcək bütün mümkün addımları israrla atır. Bu reallığı Ermənistan siyasi dairələrində anlayanlar da olmamış deyil. Halbuki, Paşinyan hakimiyyətinin Ermənistanın gələcək taleyini belə israrla böyük riskə atması artıq geriyə dönüş olmayan yol təsiri bağışlayır. Və bunu rəsmi İrəvanın müstəqil siyasət yürütməsi ilə izah etmək isə qətiyyən mümkün deyil.
Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın xarici himayədarlarının səhnəarxası təlimatları ilə hərəkət edir. Əks halda, rəsmi İrəvan sülh prosesindən uzaqlaşıb, Ermənistandan müqayisə edilməyəcək qədər güclü olan Azərbaycanla yeni savaş təhlükəsinə səbəb olacaq davranışlara cəsarət göstərməzdi. Yəqin ki, Ermənistanı öz geopolitik maraqlarına alət edənlər rəsmi İrəvana yerinə yetirə bilməyəcəkləri təhlükəsizlik təminatı veriblər.
Məsələ ondadır ki, rəsmi İrəvana təhlükəsizlik təminatı vəd edən Qərb ölkələri Azərbaycanla müharibədə Ermənistanı qorumaq imkanından uzaqdırlar. Kreml isə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı düşmənçilik siyasətinə adekvat olaraq, Ermənistanı növbəti dəfə fəlakətdən xilas etməyə həvəsli olmaya da bilər. Yəni, müəyyən mənada, Paşinyan hakimiyyəti hazırda "ağıltutulması"na uyğun davranır.
Rəsmi İrəvanın Kremlə qarşı son addımları artıq Rusiya-Ermənistan qarşıdurması yaradıb. Paşinyan hakimiyyəti prezident Vladimir Putinin həbsinə qərar vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq barədə Roma statutunu məhz indiki qarşıdurma mərhələsində Ermənistan parlamentinə göndərib. Və bu, o deməkdir ki, həmin sənədin ratifikasiyası Ermənistanın qapılarını Kreml sahibinin üzünə bağlamış olacaq.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan son vaxtlar bütün açıqlamalarında Rusiyanı kəskin üslubda ittiham edir. Erməni baş nazir Ermənistanın bütün uğursuzluqlarına görə məhz Rusiyanı suçlayır. Üstəlik, rəsmi İrəvanda belə qənaət yaranıb ki, Rusiya Ermənistanın təhlükəsizlik maraqlarına adekvat cavab verə bilmir. Ukrayna savaşı ucbatından çıxılmaz duruma düşən Rusiyanın özünün silah-sursata ehtiyacı olduğunu bir dövrdə Kreml Ermənistanı silahlandırmaq imkanında deyil. Ona görə də, Paşinyan hakimiyyəti əmindir ki, Ermənistanın təhlükəsizlik sisteminin yalnız Rusiyadan asılı olması böyük səhvdir.
Belə anlaşılır ki, rəsmi İrəvan bu böyük səhvi düzəltmək niyyətinə düşüb. Ancaq seçdiyi yolun doğru olub-olmadığı da kifayət qədər ciddi suallar doğurur. Hər halda, hələlik Cənubi Qafqazda regional oyunçu statusunu qoruyan Rusiya Ermənistana ABŞ və Qərbdən daha etibarlı himayədar rolunu oynamaq imkanındadır. Və rəsmi İrəvan Rusiyanın Ermənistanın mövcudluğunun yeganə təminatçısı olduğunu isə unudur.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda Rusiyanın patronajlığı altında olan KTMT-nı da açıq şəkildə hədəfə almış kimi görünür. Belə ki, rəsmi İrəvan Ermənistanın bu hərbi-siyasi alyansdakı təmsilçisini geri çağırıb. Bununla da KTMT-dan çıxmaq niyyətinin kifayət qədər ciddi olduğunu sezdirməyə çalışıb. Və belə kəskin manevrlərin Kremldə ciddi qıcıq doğuracağını isə anlamaq qətiyyən cətin deyil.
Halbuki, Paşinyan hakimiyyəti hələ ötən il KTMT-nın Ermənistana hərbi dəstək mənbəyi deyil, məhz təhlükəsizlik problemi olduğunu bəyan etmişdi. Rəsmi İrəvan Ermənistanın bu qurumdan çıxmasına yönəlik addımların mərhələli şəkildə atılacağını da qətiyyən gizlətməmişdi. Ardınca KTMT-nın İrəvan sammitində yekun bəyannamənin qəbul edilməsinin baş nazir Nikol Paşinyan tərəfindən kobud müdaxilə ilə əngəllənməsi ziddiyyətlərin dərinləşdiyini düşünməyə əsas verirdi.
Sonrakı mərhələdə rəsmi İrəvanın Azərbaycanla sərhəd bölgəsinə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi də Ermənistanın KTMT-dan uzaqlaşmağa çalışdığını göstərirdi. Çünki KTMT-nın Ermənistana öz müşahidə qrupunu göndərmək barədə müraciətləri rəsmi İrəvan tərəfindən israrla geri çevrilməkdəydi və bu proses hələ də davam edir. Bu baxımdan, Ermənistan Rusiyanı və Kremlə bağlı qurumları inkar etməkdə tamamilə qərarlı görünməkdədir.
Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanı həm KTMT-dan, həm də Rusiya ilə hərbi müttəfiqlikdən uzaqlaşdırmağa çalışır. Rəsmi İrəvanın Ermənistanın ABŞ-la birlikdə hərbi təlimlərə qatılmaq qərarı verməsi isə yəqin ki, Kremldə "soyuq duş" effekti yaratmış olmalıdır. Çünki bu, Rusiyanın hərbi müttəfiqinin - Ermənistanın Kremlin beynəlxalq düşməni - ABŞ ilə hərbi sahədə əməkdaşlıq etməsi anlamına gəlir. Və bunun Rusiya üçün qəbuledilməz situasiya olduğu isə qətiyyən şübhə doğurmur.
Hər halda, Kremldən verilən açıqlamada rəsmi İrəvandan izahat tələb edilir. Üstəlik, xəbərdarlıq edilir ki, Rusiyanın Ermənistana münasibətində rəsmi İrəvanın verəcəyi izahatın məzmunu böyük önəm daşıya bilər. Çünki vaxtilə rəsmi İrəvan KTMT-nın Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təlimlərini ləğv etmişdi. İndisə, Rusiyanın hərbi müttəfiqi Ermənistan məhz ABŞ-la hərbi təlimlərə hazırlaşır.
Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı siyasi-psixoloji savaş açıb. Hələlik Kreml bu savaşa adekvat reaksiya verməkdə çətinlik çəkir. Bunu ya Kremlin maksimum səviyyədə təmkinli davranması, ya da Rusiyanın sadəcə, acizliyi ilə izah etmək mümkündür.
Çünki Rusiyanın hərbi müttəfiqi Ermənistan Kremli ABŞ silahı ilə vurur. Kreml isə Rusiyanın vərdiş etdiyi ənənəni pozaraq, sadəcə, izahat tələb etməkkə kifayətlənir. Halbuki, Kremlin belə situasiyalarda aqressivləşdiyi və Rusiyaya xəyanət edənləri dərhal cəzalandırmağa üstünlük verdiyi heç kəsə sirr deyil. Və bu baxımdan, hazırda Rusiyanın nəhəng dövlət imicinin böyük sınaq qarşısında olduğu da qətiyyən şübhə doğurmur.(musavat.com)
Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında baş tutan son görüşdən sonra Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb.
Belə ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu qurumdakı daimi nümayəndəlik postundan geri çağırıb.
Qeyd edək ki, İrəvan onsuz da son zamanlar KTMT-dəki fəaliyyətini minimuma endirib. Bu ilin yanvarında İrəvan öz ölkəsində KTMT hərbi təlimlərinin keçirməkdən imtina edib.
Ardınca da KTMT-yə üzv digər ölkələrin ərazisində keçirilən anoloji tədbirlərə qatılmayıb.Həmçinin, Ermənistan ona verilən təşkilatın baş katibinin müavini postundan imtina edib.
Digər tərəfdən, görünən odur ki, Paşinyan artıq Qarabağ məsələsinə qarışmaq istəmir. Daha doğrusu, bunu etmək gücündə olmadığını anladığından, özünü kənara çəkib. İran tərəfi də son zamanlar müəyyən dərəcədə Azərbaycanla münasibətləri normallaşdırmağa doğru istiqamətlənib.
Molla rejimi Azərbaycana qarşı xoşagəlməz bəyanatlarına da xeyli müddətdir ara verib. Eyni zamanda İran ermənilərin “humanitar böhran” nağılları ilə bağlı da separatçıların lehinə fikirlər səsləndirilməyib.
Yaranmış bu situasiya isə Qarabağda antiterror əməliyyatına başlayaraq, terrorçuların qalan yuvalarını da darmadağın etmək üçün əlverişli vəziyyətin meydana gəldiyini deməyə əsas verir.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, ərazilərimizin erməni terrorçularından tamamilə təmizlənməsinə az qalıb:
“Azərbaycan Qarabağdakı terrorçu ünsürləri darmadağın etmək üçün birmənalı olaraq, antiterror əməliyyatına başlamalıdır. Separatçılar, terrorçular öz xoşları ilə ərazimizi tərk etməlidirlər, ya da Azərbaycan Qarabağı ölkə qanunlarına zidd fəaliyyət göstərən həmin qruplaşmalardan təmizləyəcək. Bunun üçün də hərbi gücdən istifadə edərək, antiterror əməliyyatı keçirməliyik.
Paşinyanın son bəyanatları, İtaliya mətbuatına verdiyi müsahibəsi, ondan sonrakı hərəkətləri, KTMT-dən nümayəndəsini geri çağırması, bunların hamısı ərazilərimizi cinayətkar ünsürlərdən təmizləmək üçün əlverişli fürsətdir. Baş verən hadisələr göstərir ki, ərazilərimizin terrorçulardan tamamilə təmizlənməsinə çox qalmayıb”.
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kremlin humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasının tərəfdarı olduğunu bildirdi. Rusiyadan əvvəl ABŞ və Avropa Birliyindən də bu yöndə müəyyən müsbət mesajlar olmuşdu. Necə düşünürsünüz, məsələ artıq çözüm yoluna giribmi? Ermənilər seçimsizlik durumunda nə edəcəklər?
- Əlbəttə, Rusiya tərəfindən bu fikrin səsləndirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya nümayəndəsi bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələyə toxunmuşdu. Rusiyanın bununla bağlı mövqeyi Mariya Zaxarovanın son iki açıqlamasında da özünü göstərib. Bu durum ermənilər üçün xoş olmasa da, hələlik müqavimət göstərməyə çalışırlar. Ermənistan və ermənilər Fransa və bəzi digər Avropa dövlətlərinin təşviqi ilə buna qarşı çıxırlar. Məsələni daha çox Qarabağda yaşayan ermənilərlə əlaqələndirməyə çalışırlar, oradakı xunta rejimi və faşist-separatçı zehniyyət daşıyıcıları buna heç vaxt imkan verməyəcəklərini söyləyirlər. Əlbəttə, belə açıqlamalar vəziyyəti gərginləşdirsə də, böyük önəm kəsb etmir.
Azərbaycan özünün birmənalı mövqeyini ortaya qoyub, öz ərazisində nəzarətsiz boz zonanın olmayacağını bildirib. Bu mövqe də ondan ibarətdir ki, ərazimizdəki qanunsuz silahlı birləşmələr tərksilah edilməli, xunta rejimi ləğv edilməlidir. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl addımlar atılacaq.
Moskvanın bəyanatına gəlincə, bölgədə hərbi kontingentinin və oradakı xunta rejiminə təsir imkanlarının olduğunu nəzərə alsaq, bu prosesə üncüllük edə bilər. Məsələn, Rusiya hərbi kontingentinin təminat-təchizatını Ağdam-Xankəndi yolu ilə təmin etməklə, bir nümunə göstərə bilər. Bu olsa, o zaman deyə bilərik ki, Rusiya prosesə konstruktiv yanaşır, bölgənin reinteqrasiya prosesində maraqlıdır və gərginliyin azaldılmasını istəyir. Hələlik bu, bəyanat formasındadır və bunu müsbət dəyərləndiririk. Bu bəyanatlar əməli addımlarla müşayiət olunsa, daha yaxşı olar və müəyyən müsbət nəticələrə gətirib çıxarar.
Ağdam-Xankəndi yolunun açılmasına qarşı olan müqavimətə gəlincə, bunun da bir müddəti var. Azərbaycan müəyyən müddətdən sonra oradakı terrorçu xuntanın nazı ilə çox da oynamayacaq, reinteqrasiya prosesi başlayacaq.
- Moskva İrəvandan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərməsinin izahatını tələb edir. Zaxarova dedi ki Rusiyanın bu kontekstdə cavabı bu yöndə veriləcək qərara bağlı olacaq. Söhbət nə kimi addımlardan gedə bilər?
- Düşünürəm ki, məsələ parlamentin müzakirəsinə çıxarılsa, qərar qəbul olunacaq. Zatən, müəyyən bir prosedur həyata keçirilib, məsələ gəlib parlamentdə təsdiq səviyyəsinə çıxıb. Düşünmürəm ki, Paşinyan hökuməti bunu geri çəkəcək, sadəcə bunun səsverməyə təqdim edilməsinin müddəti uzadıla bilər. Amma səsverməyə çıxarılsa, təsdiqlənəcəyinə şübhə etmirəm.
Rusiyanın bundan narahatlığı anlaşılandır. Çünki statut təsdiqlənərsə, Ermənistan rəhbərliyi bununla beynəlxalq axtarışda olan istənilən şəxsi öz ərazisində həbs etmək öhdəliyini üzərinə götürür. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidenti ilə bağlı qərar qəbul edib, o zaman bu halda ölkəyə səfər edəcəyi təqdirdə Ermənistan rəhbərliyi onu həbs etməyə borcludur. Bu kimi amillər iki ölkə arasındakı münasibətləri gərginləşdirib və bu, artıq açıq müstəviyə keçib. Dmitri Peskov diplomatik dildə cavab versə də, Mariya Zaxarova Paşinyanı hədəfə alaraq, sərt danışdı. Bu da ikitərəfli münasibətlərin hansı yerdə olduğunu göstərir.
Rusiyanın Ermənistana təsir və təzyiq mexanizmləri yetəri qədərdir. Doğrudur, bunlar hələlik Paşinyanı devirmək səviyyəsində olmasa da, Ermənistanı daxildən qarışdırmağa və onu çətin duruma salmağa bəs edir. Bu da ən müxtəlif yönlərdə ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin Rusiya ilə xüsusi bağları var. Rusiyada yaşayan ermənilərin göndərdikləri pullar Ermənistan iqtisadiyyatında və əhalinin güzəranında önəmli rol oynayır. Bundan başqa, Ermənistanın sanksiyalardan yayınaraq, Qərb ölkələrindən alıb Rusiyaya satdığı yüksək texnoloji məhsullar da kifayət qədər gəlir gətirir. Yəni Rusiyanın Ermənistana təsir imkanları genişdir və qalır, lazım gəldikdə bunlardan istifadə edilə bilər. O cümlədən təhlükəsizlik sferasında...
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıtdıqdan sonra bildirdi ki, Ermənistanın davam edən təxribatları ölkəsinin cənub əraziləri üçün də təhdid yaradır. Türkiyə liderinin bu mesajını necə şərh edə bilərik?
- Prezident Ərdoğan bölgədə əsas, həlledici rola sahib dövlətin başçısıdır. Onun dünyadakı nüfuzu da deməyə əsas verir ki, o, dediyi sözləri boşuna dilə gətirmir. Ermənistanın son ay yarımdakı atdığı destruktiv addımları, bölgədə sülh və sabitliyə təhdid yaradan hərəkətləri, Fransa və digər havadarlarının dəstəyi ilə Azərbaycana qarşı başladığı beynəlxalq kampaniya, ölkəmiz əleyhinə beynəlxalq təzyiq mexanizminin qurulmasına nail olmaq cəhdləri, müxtəlif dövlətlər vasitəsilə hərbi gücünü artırması və regionda yeni savaş səyləri diqqətdən qaçmır. Üstəgəl, sərhəd və Qarabağ iqtisadi rayonunda təxribatların intensivliyi artır. Bir neçə gün əvvəl Kəlbəcər istiqamətində törədilən təxribat göstərdi ki, Ermənistanın davranışları bölgədə sülh və sabiliyə təhdid yaradır.
Ukrayna müharibəsinin dünyada yaratdığı gərginliyə bir də Cənubi Qafqazdakı gərginlik əlavə olunduqda, bu, ağır duruma gətirib çıxara bilər. Bu baxımdan, Türkiyə prezidenti Ermənistanla bağlı belə bir fikir səsləndirdi. Faktiki olaraq, Ermənistana bir xəbərdarlıq edildi ki, öz fəaliyyəti və davranışına çəki-düzən versin, bölgədə sülh prosesinə təhdid yaratmasın. Ermənistan Fransanın təlimatları, İran, Hindistan və müəyyən mənada Yunanıstanın hərbi dəstəyi ilə Cənubi Qafqazda ikinci cəbhənin açılması istiqamətində fəaliyyət göstərir. Bu da Türkiyə, Rusiya və digər regional dövlətlərin marağında deyil. Çünki Rusiyanın başı Ukraynada ciddi şəkildə qarışıb. Bu baxımdan, Türkiyə prezidentinin açıqlaması Ermənistana xəbərdarlıq kimi qəbul edilə bilər.
Sərhəd və Qarabağdakı təxribatlar, Azərbaycana qarşı aparılana aqressiv təbliğat və Paşinyanın separatçılara təbrik məktubu göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesindən çəkilib. Dialoq prosesi faktiki olaraq dalana dirənib. Bu da bölgədə kifayət qədər gərgin vəziyyət yaradır. Türkiyə prezidentinin xəbərdarlıq xarakterli mesajına da bu kontekstdə baxmaq olar.
“Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “I24NEWS” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb:
“Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. İsrailin hazırkı baş naziri və prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olublar. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksəkvəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir”.
Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi İsrail Dövlətinin Müstəqillik Günündə Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb. “Biz bunu yüksək qiymətləndiririk”, - deyə H.Hacıyev vurğulayıb.
Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.
Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Daha əvvəl, “Alpha News” öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftəsonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıb.
“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, - deyə “Alpha News” iddia edib.
Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qalmış xunta rejimi qondarma qurumun yeni “rəhbərini” müəyyənləşdirmək üçün “seçki” keçirmək istəyir. Ermənistan mediasının yazdığına görə, Araik Arutunyanın “istefasından” sonra “başsız” qalan separatçılar sentyabrın 9-da “prezident seçkiləri” keçirmək qərarına gəliblər. Rejimin “parlamenti” “spiker” David İşxanyanın və “dövlət naziri” Samvel Şahramanyanın “namizədliyini” nəzərdən keçirir.
Ekspertlər Azərbaycanın Qarabağdakı bu “hakimiyyət” oyununa son qoymaq və suverenliyi bərpa etmək üçün Xankəndiyə qoşun yeridə biləcəyini istisna etmirlər. Analitiklər hesab edirkər ki, Xankəndidəki “seçki” oyununun baş tutmasına imkan vermək olmaz. Xunta rejiminə elə bir dərs verilməlidir ki, onlar Azərbaycanın nə qədər ciddi olduğunu və təslim olmaqdan başqa yollarının qalmadığını anlamış olsunlar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, hazırda Azərbaycana məsələni bitirmək üçün münbit şərait yaranıb:
- Dünyadakı və bölgədəki vəziyyət Bakının maraqlarına uyğundur. Azərbaycanın lehinə işləyən üç amil var ki, bunun birincisi Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir. Rusiya diqqətini və enerjisini əsasən Ukrayna istiqamətinə yönəldib. İkinci amil Ankara-Moskva dialoqudur. Türkiyə Prezidentinin Rusiyaya səfəri, Putinlə müzakirələr və ölkələr arasında müəyyən qarşılıqlı razılaşmalar bizim yararımızadır. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın dostu, qardaşı olmaqla yanaşı, həm də strateji müttəfiqidir. Üçüncü amil isə Ermənistan rəsmilərinin son zamanlar artan anti-Rusiya bəyanatlarıdır. Başda Paşinyan olmaqla, İrəvandan rəsmilərin səsləndirdiyi fikirlər Rusiya hakimiyyətini narazı salıb. Bu amillərdən Azərbaycan səmərəli istifadə etməlidir. Qarşıdakı iki ildə Azərbaycan iki ən vacib hədəfinə çata bilər. Həm Qarabağdakı Rusiya hərbi kontingentini sağ-salamat yola sala, həm də separatçıları tərk-silah edib Qarabağın tamamına nəzarəti ələ keçirə bilərik. Bunları biz daha tez də həll edə bilərik, çünki hadisələr, proseslər çox sürətlə gedir.
- Söhbət hansı proseslərdən gedir?
- Hazırda Qarabağda baş verən hadisələr sürətlə gedir. Separatçıların öz aralarında qarşıdurma var ki, bu qarşıdurma dərinləşərsə, Azərbaycan müdaxilə edə bilər. Çünki ərazi Azərbaycan ərazisidir və orada baş verənlərin birbaşa Bakıya dəxli var.
İkinci məsələ isə qondarma rejimin “rəhbər seçkisi” cəhdidir. Azərbaycan mütləq burada müdaxilə etməlidir. İmkan vermək olmaz ki, Azərbaycan ərazisində separatçılar “seçki” adlı şou yaratsınlar. Çox güman ki, bu məsələlər Azərbaycanın ali səviyyəsində müzakirə edilir, variantlar nəzərdən keçirilir. Burada Türkiyə ilə koordinasiyalı hərəkət, məsləhətləşmələr də var. Çünki İkinci Qarabağ müharibəsində də Türkiyə ilə koordinasiyası addımlar atırdıq ki, qardaş ölkə Azərbaycana qarşı təzyiqləri neytrallaşdıra bilsin. İndi yenə də bundan istifadə edilməlidir.
Demək istədiyim odur ki, hərbi müdaxilə mümkündür. Görünən odur ki, danışıqlarla məsələ həllini tapmır. Biz 30 il Ermənistanla sülh danışıqları aparmışıq, heç bir nəticə əldə olunmadı. Sonunda hərbi yola üstünlük verildi, ərazilərimizin böyük qismi azad edildi. Ermənistan rəhbərliyi və Qarabağdakı quldur dəstələr danışıqlar dilini başa düşmürlər. Radikal elementlər güclə hesablaşırlar ki, onlara da güc göstərilməlidir.
- Azərbaycan 44 günlük müharibədə gücünü göstərdi axı…
- Bəli, Azərbaycan Ordusu gücünü göstərdi, işğala son qoydu. Amma indi sanki Ermənistan və Qarabağdakı xunta rejimi İkinci Qarabağ müharibəsini, savaşın nəticələrini unutmağa başlayıblar. Bu gün İrəvan da, Xankəndidəki ünsürlər də Azərbaycanla şərtlə danışırlar. Bakıdan verilən bütün təkliflər geri çevrilir, şərt qoyurlar, tələblər irəli sürürlər. Sanki müharibədə biz yox, onlar qalib gəliblər. Biz gərək qalibin kim olduğunu xatırladaq.
Düşünürəm ki, baş verənlər o həddə çatacaq ki, Azərbaycan yenə də hərbi güc amilindən istifadəyə məcbur olacaq. Ermənistanla sülh danışıqlarından bu il real nəticə gözlənilmir. Düzdür, oktyabrda Qranadada Avropa platforması üzrə liderlərin görüşü gözlənilir. Lakin nəticənin olacağı şübhəlidir. Separatçılar faktiki olaraq xaotik vəziyyət yaradırlar, təxribatlar davam edir, Rusiya hərbi kontingenti isə xunta rejiminə dəstək verir. Belə vəziyyətdə sülh danışıqlarının müsbət nəticəsi mümkünsüzdür.
Baxın, bizim üçün bu gün əsas məsələ Ermənistanla sülh sazişi deyil, Qarabağın tamamında nəzarəti bərpa etmək, Xankəndidə suverenliyin bərpasıdır. Prezident İlham Əliyevin də dediyi kimi, sülh sazişi olmayacaqsa, olmasın, bu problem deyil. Problem Azərbaycan ərazisində hələ də terrorçu rejimin qalması, silahlı ünsürlərin qalması və qondarma qurumu yaşatmaq üçün “seçki” oyunudur.
- Dediklərinizdən belə anlaşılır ki, hazırda bölgə yeni müharibə astanasındadır…
- Separatçıların və Ermənistanın davranışları 2020-ci ilin sentyabrın 27-dən əvvəlki vəziyyəti xatırladır. Onda da vəziyyət getdikcə gərginləşirdi. İrəvandan təxribat xarakterli açıqlamaların və addımların sayı artmışdı. Hətta Ermənistanın o zamankı müdafiə naziri Tonoyan bildirmişdi ki, yeni ərazilər işğal edəcəklər. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlatdı. İndi də sanki eyni proses gedir. Növbəti təxribat, növbəti dözülməz durum yeni əməliyyatı qaçılmaz edir. Sadəcə burada bir nüans var ki, bu bir qədər çətin situasiya yaradır. İkinci Qarabağ müharibəsinə başlayanda qarşımızda ancaq Ermənistan ordusu və separatçı silahlılar var idi. İndi isə bölgədə Rusiya hərbi kontingenti var və biz istəmirik ki, ruslarla qarşıdurmaya gedək. Xeyrimizə işləyən nüans isə son günlər Ermənistan rəsmilərinin Rusiya əleyhinə bəyanatlarıdır. Bu açıqlamalar Rusiyanı qıcıqlandırıb. Təsadüfi deyil ki, bir gün ərzində həm rəsmi Moskvadan, həm də Kremldən Ermənistan rəsmilərinin cavabı sərt şəkildə verdi, kəskin ifadələr işlətdilər. Bunlar Azərbaycanın lehinə işləyən amillərdir.
Düşünürəm ki, Azərbaycan Ordusu münasib günü seçib Xankəndiyə daxil olmalı və orada qayda-qanun yaratmalıdır. Düzdür, yenə də hay-küy salacaqlar, “etnik təmizləmə” nağılı danışacaqlar. Amma biz gördük ki, 44 günlük müharibədə də hay-küy salmışdılar. Sonda Azərbaycan hədəflərinə çatmış oldu. Bu dəfə də hədəfə çatmaq üçün addımlar atılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
ABŞ, Fransa və bəzi digər Qərb siyasi iradə mərkəzləri, eləcə də Rusiya rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarına sövq etməyə cəhd göstərirlər... Ancaq rəsmi Bakı təmkinli davranır, Ermənistana həddini bildirəcək savaş qərarını regiona kənar qüvvələrin deyil, məhz Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində qəbul etməyə üstünlük verir...
Cənubi Qafqazda son dövrlər üçün sentyabr ayının xüsusi özəlliyi mövcuddur. Belə ki, məhz bu ayda regionda situasiyanın tamamilə dəyişdirilməsi mümkün olub. Azərbaycan ordusu 2020-ci ildə törədilmiş növbəti erməni təxribatına cavab olaraq, əks-hücum əməliyyatlarına başlayıb. Ermənistanın 30 ilə yaxın bir nüddətdə davam etmiş işğalçılığına son qoyub və Azərbaycanın ərazi bütüövlüyü bərpa edib. Və rəsmi İrəvanın indi sentyabr ayının gəlişindən qorxması tamamilə başadüşüləndir.
Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə də təxminən oxşar situasiya yaranmışdı. Rəsmi İrəvan Azərbaycana qarşı aqressiv və təhdidkar addımlar atmağa çalışırdı. Ermənistanın o vaxtkı müdafiə naziri “yeni savaş, yeni torpaqlar” tezisi ilə müharibə anonsu verirdi. Baş nazir Nikol Paşinyansa, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, sülh danışıqlarını dəfn edib, regionu savaşa məhkum buraxmağa çalışırdı.
Eyni zamanda, həmin ərəfədə Rusiyadan Ermənistana intensiv şəkildə hərbi-nəqliyyat təyyarələri ilə silah-sursat daşınırdı. Açıq-aşkar görünürdü ki, Paşinyan hakimiyyəti sülh danışıqlarından imtina edərək, Azərbaycanla yeni müharibə planları qurur. Azərbaycanın işğal olunmuş ərazilərini birdəfəlik Ermənistana birləşdirmək niyyəti üzərində fokslaşıb. Və o vaxt Azərbaycan ordusu rəsmi İrəvanın həmin məkrli planlarını pozdu, üstəlik, cəmisi 44 gün ərzində işğal altındakı əraziləri azad etdi.
Maraqlıdır ki, elə indi də Paşinyan hakimiyyəti Azərbaycana qarşı analoji hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan Brüssel, Praqa, Soçi və Vaşinqton görüşlərində əldə olunan anlaşmalardan imtina edir, faktiki olaraq, Ermənistanı sülh prosesindən çıxartmağa çalışır. Üstəlik, yenə də Ermənistana intensiv şəkildə silah-sursat və hərbi texnika daşınır. Sadəcə, bu dəfə Ermənistanın silahlandırılmasını Rusiyanın əvəzinə Fransa və Hindistan öz üzərinə götürüb. Və bütün bunlar Cənubi Qafqazda yeni savaşın ilkin əlamətləri sayıla bilər.
Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, hazırda Cənubi Qafqazda növbəti müharibənin baş verməsində maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Üstəlik, həmin beynəlxalq siyasi iradə mərkəzləri ciddi şəkildə fəallaşıblar. Və öz geopolitik maraqları üçün regionda yeni silahlı toqquşmaların baş verməsi üçün əllərindən gələn hər şeyi edirlər.
Məsələ ondadır ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu qoruya bilməsi üçün yeni regional müharibədə maraqlıdır. Çünki bu halda, Kreml Rusiyanın regional sabitliyin təmin edilməsində həlledici rol oynadığını qabartmaq şansı qazana bilər. Və eyni zamanda, Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin də cəzalandırılması üçün uyğun şərtlərin yaranma ehtimalı da qətiyyən istisna deyil.
ABŞ isə bunun əksinə olaraq, Rusiyanın regionda sülhə və sabitliyə təminat verə bilmədiyini əsaslandırmaq üçün real arqumentlər axtarır. Eyni zamanda, yeni savaş Ağ Evə Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərin Rusiyanın nəzarətindən çıxarılması baxımından da müəyyən əlavə manevr imkanları qazandıra bilər. Və ona görə də, ABŞ siyasi dairələri hazırda Ermənistanın savaşa çağırış xarakteri daşıyan hərbi təxribatlarını daha çox sükutla müşahidə edir.
Nəhayət, Fransa Cənubi Qafqazda baş verə biləcək yeni savaşa birmənalı şəkildə regiona yerləşmək şansı kimi yanaşır. Rəsmi Parisi əslində, Ermənistanın taleyi o qədər də maraqlandırmır. Fransa siyasi dairələri ümid edirlər ki, əgər, yeni regional savaş baş verərsə, bu bölgəyə nüfuz edərək, Cənubi Qafqazın geoiqtisadi potensialından özünə pay qopara bilər.
Göründüyü kimi, Cənubi Qafqazda “müharibə atəşini alovlandırmağa” çalışan dünya nəhənglərinin strateji hədəfləri fərqlidir və bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, onların yeni savaş maraqlarında üst-üstə düşən yeganə bir önəmli məqam da mövcuddur. Belə ki, bu nəhəng dövlətlər məhz Azərbaycanın savaşa başlamasına çalışırlar. Və rəsmi Bakının Azərbaycan ordusunu hərəkətə gətirmək məcburiyyətində buraxılması üçün əllərindən gələn hər şeyi edirlər.
Təbii ki, əsas məqsədi anlamaq o qədər də çətin deyil. Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Rəsmi Bakı regionda müstəqil siyasət yürütmək qüdrətində olan yeganə dövlətdir. Ona görə də, dünya nəhəngləri bu bölgədə öz strateji hədəflərinə yaxınlaşmaları üçün mütləq Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər. Və bu reallıqsa, onları qətiyyən qane etmir.
Ona görə də, rəsmi Bakı ilə anlaşmaq əvəzinə Azərbaycana qarşı təzyiq mexanizmləri qazanmağa can atırlar. Bu hədəfə isə yalnız Azərbaycan ordusunun savaşa başlayacağı təqdirdə, nail olmaq mümkün ola bilər. Ona görə də, bütün mümkün vasitələrlə rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarı verməyə sövq etməyə cəhd göstərirlər.
Ancaq məhz bu məsələdə dünya nəhənglərinin planları ciddi problemlə üzləşib. Çünki Azərbaycan Prezidenti İlham Əliyev onların təxmin etdiyindən daha səbrli dövlət xadimi olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan ordusu istənilən genişmiqyasılı hərbi əməliyyatlara hazır vəziyyətdədir. Ancaq rəsmi Bakı hələlik Azərbaycana qarşı Ermənistanın hərbi təxribatlarına sərt reaksiya verməklə, kifayətlənir.
Anlaşılan odur ki, Prezident İlham Əliyev səbrlə Ermənistanın cəzalandırılması üçün uyğun şərtlərin yetişməsini təmin etməyə daha çox üstünlük verir. Yəni, bu, o deməkdir ki, Azərbaycan ordusu genişmiqyaslı hərbu əməliyyatlara regiondan kənar qüvvələrin istəyi ilə başlamayacaq. Rəsmi Bakı belə bir qərarı yalnız Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində verəcək.(musavat.com)