![]() |
|
Prezident İlham Əliyev Albaniyanın Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib.
"Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir.
Keçən il Azərbaycanın Albaniyada Səfirliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan vermişdir.
İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Xankəndidə Qarabağ Universiteti yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qərara alıram:
1. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;
2.1.3. Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
Ağ Ev rəsmi Bakının mövqeyinə təsir göstərə bilmir, ABŞ-ın Azərbaycana təzyiq mexanizmləri effektiv xarakter daşımır... ABŞ-ın Ermənistana açıq dəstək verməsi isə erməni diasporundan asılı vəziyyətə düşmüş Bayden administrasiyasının seçki maraqlarından başqa heç nəyə faydalı olmaz...
ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesini əngəl törətməyə çalışır. Bu Qərb siyasi dairələrinin son davranışlarından açıq-aşkar nəzərə çarpır. Hətta regional sülh prosesinə münasibətdə ABŞ və Qərbin maraqları bəzi istiqamətlər üzrə Rusiya ilə üst-üstə düşdüyü inkaredilməz reallıqdır. Və hər iki tərəf bir-birini ittiham etsə də, əslində, məcburən ortaq geopolitik oyunun içərisində yer almaqda davam edirlər.
Təbii ki, ABŞ və Qərbin Cənubi Qafqaza münasibətdə Rusiya ilə ortaq hərəkət etmək təcrübəsi mövcuddur. Hər halda, ABŞ, Fransa və Rusiya təxminən 30 il ərzində "Dağlıq Qarabağ" münaqişəsinin həllini yubatmağı bacarıblar. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan bu ölkələr Azərbaycanın milli maraqlarını real təhlükə altında buraxmaqla, öz mənafelərini reallaşdırmağa çalışıblar. Və bu, əslində, daha çox artıq keçmişdə qalmalı olan beynəlxalq konyekturadır.
Məsələ ondadır ki, bundan sonra ABŞ və Qərbin Rusiya ilə ortaq hərəkət etməsi mövcud reallıqlarla kəskin ziddiyyətlər təşkil edir. Çünki ABŞ və Qərb Ukrayna savaşında Rusiya ilə iki bir-birinə düşmən düşərgədə yer alır. Eyni zamanda, Cənubi Qafqazda da Qərbin Rusiya ilə geopolitik prioritetləri əks istiqamətlərə yönəlmiş kimi görünür. ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq hədəfini ön planda tutur. Kreml isə heç bir halda, düşmən düşərgəyə məğlub olmağı düşünmür və Rusiyanın bu regionda daha da möhkəmləndirilməsinə çalışır.
Nə qədər qəribə də olsa, hər iki düşmən düşərgənin maraqları yalnız bir məsələdə - Cənubi Qafqazda hərbi-siyasi gərginliyin ən yüksək səviyyədə saxlanılmasında üst-üstə düşür. Yəni, hər iki tərəfə bu regionda öz geopolitik hədəflərini reallaşdırmaq üçün silahlı münaqişə lazımdır. Sadəcə, ABŞ və Qərb regional münaqişədə istifadə olunacaq Ermənistanı Rusiya ilə münasibətləri korlamağa məcbur edə bilib. Azərbaycan isə həm ABŞ və Qərbi həm də Rusiyanı məyus edir. Rəsmi Bakı nə ABŞ və Qərbin, nə də Rusiyanın geopolitik maraqlarına əhəmiyyət vermir. Və prinsipial şəkildə Azərbaycanın milli maraqları çərçivəsində davranır.
Bu prosesdə böyük önəm daşıyan əsas faktor ondan ibarətdir ki, nə ABŞ və Qərb, nə də Rusiya Azərbaycana təzyiq göstərib, rəsmi Bakını öz yanına çəkə biləcək mexanizmlərə sahib deyil. Ona görə də, hər iki birinə düşmən düşərgə bundan ciddi şəkildə narahatdır. Kreml Ermənistanın Rusiyaya xəyanəti fonunda Azərbaycanla münasibətləri korlamaqda qətiyyən maraqlı deyil. Bu səbəbdən də, Rusiya rəsmi Bakının yaratdığı yeni geopolitik situasiyanın mövcud şərtləri ilə hesablaşır və Azərbaycanla münasibətləri isti tutmağa üstünlük verir.
ABŞ və Qərb isə mövcud geopolitik situasiyanı yaxına buraxmaq istəmir. Rəsmi Bakıya təzyiq göstərməyə çalışır, Ermənistanı həm Rusiyaya, həm də Azərbaycana qarşı istifadə edərək, geopolitik alətə çevirməyə cəhd göstərir. Rəsmi Bakının xarici təzyiqlərə davamlı olması Qərb siyasi dairələrini xüsusi olaraq, qıcıqlandırır. Hər halda, Qərbdə Azərbaycan kimi müstəqil xarici siyasət yürüdə bilən dövlətlərə o qədər də vərdişli deyillər. Və kollektiv Qərbin təlimatlarına əhəmiyyət verilməməsi tez-tez rast gəlinən reallıq sayılmır.
Təbii ki, ABŞ-ın Azərbaycana qarşı belə sərt mövqe tutmasının səbəbləri sırasında belə önəmli faktorlar da yer alır. Ümumi anlamda isə nəzərə alınmalıdır ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü təmin edərkən, ABŞ və Qərbin maraqlarını hesaba qatmağa ehtiyac duymayıb. Yəni, rəsmi Bakı beynəlxalq siyasi iradə mərkəzlərindən "icazə" almağı vacib saymayaraq, BMT Nizamnaməsi çərçivəsində davranmağa üstünlük verib. Halbuki Qərb siyasi dairələri hesab edirdilər ki, bu münaqişə hələ uzun müddət davam etməliydi və onların geopolitik maraqlarına xidmət edən əsas faktorlardan birinə çevrilməliydi.
Ancaq rəsmi Bakı ABŞ və Qərbin məkrli geopolitik hesabların pozmağı bacarıb. Üstəlik, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən, çox dəqiq hesablamalar ilə ən uyğun zamanı müəyyən edə bilib. ABŞ-da növbəti prezident seçkilərinə qısa zaman qalarkən, Azərbaycan ordusu hərəkətə gələrək, Minsk Qrupu həmsədrlərinin 30 ilə yaxın bir müddət ərzində "dondurduğu" problemi birdəfəlik həll edib. Və rəsmi Bakıya yönəlik təzyiqlərin əsas səbəbi də məhz budur.
Digər tərəfdən, ABŞ və Qərbin sentyabra qədər hələ ümidləri tam tükənməmişdi. Çünki həmin vaxta qədər Azərbaycanın Qarabağ iqtisadi regionunda erməni separatizmi və terrorizminin nəzarəti altında olan "boz zona" varıydı. Və bu "boz zona" Qərbin məkrli geopolitik planlarına xidmət edə bilərdi.
Hətta ABŞ və Qərb erməni terrorizminin "yuva"sına çevrilmiş "boz zona"ya beynəlxalq müşahidə missiyası və ya BMT hərbi kontingenti adı altında yerləşmək planları da qurmağa başlamışdı. Ona görə də, tez-tez öz vəzifəsinin öhdəsindən gələ bilməyən rus sülhməramlıların beynəlxalq qüvvələrlə əvəzlənməsinin vacibliyini gündəmə gətirirdilər. Ancaq rəsmi Bakı ABŞ və Qərbin bu məkrli planını da pozmağı bacardı. Azərbaycan ordusu cəmisi 24 saat ərzində erməni terrorizminin "boz zona"sını birdəfəlik sıradan çıxartdı. Və nəticədə Qərb Azərbaycana sonuncu təzyiq mexanizmini də itirmiş oldu.
Beləliklə, Cənubi Qafqazda yeni geopolitik oyunlar üçün qeyri-formal şəkildə qurulmuş ABŞ, Fransa və Avropa Birliyindən ibarət "Minsk Qrupu" yarandığı kimi də iflasa uğradıldı. ABŞ-ın erməni separatizmi və terrorizmi üzərindən Cənubi Qafqaza atmağa hazırlaşdığı yeni "geopolitik bomba" Ağ Evin öz əlində "partlamış" oldu. Ona görə də, Ağ Evin Azərbaycana qəzəblənərək, son vaxtlara qədər gizlətməyə çalışdığı davranışlarını açıq şəkildə Ermənistana dəstək mövqeyinə keçirməsi də əslində, gözlənilməz olmadı.
Ancaq bu, rəsmi Bakının mövqeyini dəyişə biləcək yenilik deyil. Çünki Azərbaycan artıq ABŞ və Qərbin davranışlarına adekvat reaksiya vermək gücündə olan regional iradə mərkəzidir. Bu baxımdan, Ağ Evin Ermənistanın dəstəklənməsinə yönəlik qərarlarının erməni diasporundan asılı vəziyyətə düşmüş Bayden administrasiyasının seçki maraqlarından başqa heç nəyə bundan sonra faydası ola bilməz.
Elçin Xalidbəyli
"Yeni Müsavat"
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.
Y.Gülər artıq Bakıdadır.
Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.
Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin Rusiyaya qarşı forpostuna, Fransanın isə yeni müstəmləkəsinə çevrilmək üzrədir... Həm KTMT, həm də Rusiya formal hərbi müttəfiqdən daha çox indi real düşmən olan Ermənistanı ən azından, müvəqqəti də olsa, itirmiş kimi görünür...
Cənubi Qafqazda əsas "münaqişə ocağı" artıq söndürülüb. Kremlin icad etdiyi "Dağlıq Qarabağ problemi" birdəfəlik həll olunub. Rusiya ilə yanaşı, ABŞ və Qərbin də öz maraqları naminə yararlandığı erməni separatizmi və terrorizmi də artıq məhv edilib. Və Azərbaycana birbaşa təzyiq üçün real mexanizmlər demək olar ki, mövcud deyil.
Ona görə də, hazırda Cənubi Qafqazda Azərbaycana qarşı geopolitik manevrlərlə hansısa regional hədəfə çatmaq olduqca çətin məsələyə çevrilib. Üstəlik, rəsmi Bakı son illərdə xarici təzyiqlərə və təsirlərə qarşı daha güclü immunitet qazana bilib. Və bu baxımdan, həm Qərb siyasi dairələrinin, həm də Rusiyanın Azərbaycanla qarşıdurmadan daha çox anlaşmaya üstünlük verməsi qaçılmaz xarakter daşıyır.
Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb Cənubi Qafqazda rəqabəti yalnız Rusiya ilə qarşıdurma üzərində qurmaq məcburiyyətində qalıb. Yəni, bu prosesdə Azərbaycan qarşıduran tərəflərdən heç birisinin maraqlarını təmsil etməyə məcbur deyil. Və rəsmi Bakı müstəqil xarici siyasət yürütmək, yalnız Azərbaycanın milli maraqlarını ön planda tutmaq imkanlarına malikdir.
Maraqlıdır ki, Azərbaycanın həm ABŞ və Qərb, həm də Rusiya üçün əlçatmaz olması geopolitik proseslərin məzmun və istiqamətlərini də dəyişmiş olur, Hər halda, ABŞ və Qərb hazırda Rusiya ilə regional rəqabəti yalnız Ermənistan üzərindən idarə etməyə məcbur qalıb. Bu isə istər-istəməz Qərbin Cənubi Qafqazda geopolitik manevr məkanını ciddi şəkildə daraldır. Və Ermənistanın geopolitik effektinin aşağı olması Qərbin planlarını ciddi risk altına salır.
Buna baxmayaraq, hazırda ABŞ və Qərb israrla Ermənistanı Rusiya ilə qarşıdurma vəziyyətinə sürükləməkdə davam edir. Rəsmi İrəvan Qərbdən aldığı təlimatlara uyğun olaraq, Rusiya ilə mövcud olan müttəfiqlik münasibətlərini artıq tamamilə korlamış kimi görünür. Və belə davam edərsə, Rusiya-Ermənistan münasibətlərinin qəlizləşməsi geriyə dönüşü olmayan mərhələyə keçə bilər.
Məsələ ondadır ki, rəsmi İrəvan Rusiyanı fəal şəkildə baykot etməyə başlayıb. Paşinyan hakimiyyətinin təmsilçiləri Rusiyanın iştirak etdiyi heç bir qurumun toplantısına qatılmırlar. Üstəlik bu məqsədlə "vaxtımız yoxdur" kimi absurd bəhanələrdən istifadə edirlər. Və Kremlin belə bəhanələrlə Rusiyanın baykot edilməsinə vərdişli olmadığı da inkaredilməz reallıqdır.
Xüsusilə də, rəsmi İrəvanın KTMT toplantılarını nümayişkaranə şəkildə baykot etməsi Kremldə hələlik yalnız çaşqınlıqla qarşılanmaqdadır. Paşinyan hakimiyyətinin bu davranışları əslində, Rusiyanın beynəlxalq nüfuzuna sarsıdıcı zərbə xarakteri daşıyır. Kreml isə hələlik Ermənistana münasibətdə hansı addımları atmağın vacib olduğunu tam müəyyən etməyə nail olmayıb. Rusiyanın tərəddüdlü reaksiyaları da məhz bu məqamdan qaynaqlanır.
Halbuki, hazırda Rusiya Ermənistanın sabotaj xarakteri daşıyan davranışları ucbatından böyük önəm verdiyi KTMT-nı itirmək təhlükəsi ilə üzləşib. Kreml son vaxtlar rəsmi İrəvanın məhz ABŞ və Qərbin təlimatları ilə hərəkət etdiyini açıq mətnlə gündəmə gətirməyə başlayıb. Rusiya siyasi dairələrində artıq anlayırlar ki, rəsmi İrəvan KTMT-nı sabotaj etməklə, bu hərbi-siyasi alyansın iflasına cəhd göstərir.
Son bir il ərzində rəsmi İrəvan Qərbin sifarişi ilə KTMT-nı az qala iflic vəziyyətinə salmağa nail olub. Bu proses baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İrəvanda keçirilən sammitdə KTMT-nın yekun qərar sənədlərini imzalamaqdan imtina etməsiylə başlayıb. İndi isə nəinki Paşiyan hakimiyyətinin təmsilçiləri bu qurumun toplantılarına qatılmırlar, üstünlük, Ermənistan öz rəsmi nümayəndəsini KTMT-dan geri çağırıb. Və bu, əslində, Ermənistanın KTMT-dan de-fakto imtina etməsi anlamı daşıyır.
Nə qədər qəribə də olsa, Kreml bütün bunların qarşılığında hələ də Rusiyanın Ermənistana yönəlik ümidlərindən bəhs edir. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin zamanla Ermənistanın KTMT-da fəaliyyətini bərpa edəcəyinə inandığını vurğulayıb. Bu, o deməkdir ki, rəsmi İrəvan KTMT-da artıq fəaliyyət göstərmir. Kreml təmsilçisi rəsmi İrəvanın mövqeyinə bələd olduqlarını, ancaq onunla razılaşmadıqlarını da qeyd edib. Onun fikrincə, KTMT-ya hələ ciddi ehtiyac olduğundan bu qurumu dağıtmaq deyil, əksinə, inkişaf etdirmək və gücləndirmək lazımdır.
Halbuki, Paşinyan hakimiyyəti ABŞ və Qərbdən Kreml təmsilçisinin dediklərinin əksinə yönəlmiş təlimatlar alıb. Ona görə də, rəsmi İrəvanın Kremllin ümidlərini doğruldaraq, KTMT-da Ermənistanın fəaliyyətini bərpa etməyə həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Və bu baxımdan, Kreml əvvəl-axır prinsipial qərar vermək məcburiyyətində qala bilər.
Məsələ ondadır ki, Kreml Ermənistanı Rusiyanın orbitində qalmağa məcbur etməyin yolunu axtarmalı olacaq. Əks halda, Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı ABŞ və Qərbin forpostuna, Fransanın isə yeni müstəmləkəsinə çevriləcək. Belə olacağı təqdirdə, Ermənistanın geri qaytarılması Rusiya üçün əlçatmaz hədəf xarakteri daşıyacaq. Və bu halda, həm KTMT, həm də Rusiya Ermənistanı ən azından müvəqqəti də olsa, itirmiş olacaq.
Ona görə də, Kreml Ermənistanın təmsil olunmadığı KTMT modeli barədə də düşünmək məcburiyyətindədir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ermənistansız KTMT həm də rəsmi İrəvan üçün yeni hərbi-siyasi problemlər deməkdir. Çünki bu halda, Ermənistan artıq müttəfiq ölkədən KTMT-nın hərbi hədəfinə çevrilmiş olacaq. Əslində, Rusiyanın prinsipial qərar vermək məcburiyyətində qalarkən, keçirdiyi tərəddüdlərin əsas səbəbi də məhz bu önəmli məqamda gizlənir. Və Kreml hələlik Ermənistanı açıq hərbi hədəf pilləsinə keçirməyə tələsmir.(Yeni Müsavat)
Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev də iştirak edib.
Görüşdən sonra prezidentlər Dağüstü parkla yanaşı, Bakının bir sıra maraqlı yerlərini gəziblər.