Rusiyanın Güney Qafqaza təsir imkanları nə qədər azalarsa... - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı rəsmiləri Rusiya əleyhinə birgə oyun qurublar. Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını guya ona görə artırır ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi var. Azərbaycan Ermənistana müdaxiləyə başlayarsa bölgəni birinci tərk edən elə həmin avropalı müşahidəçilər olacaq. Onların Azərbaycan hərbçilərini dayandıracaq imkanları yoxdur.
İrəvanla Brüsselin müşahidəçi missiyasının sayını artırması planının Azərbaycan təhlükəsi ilə zərrə qədər də bağlılığı yoxdur. Əlbəttə, torpaqlarını azad edən Azərbaycanın hərbi imkanları xeyli artıb. Bununla yanaşı qonşunun ərazisi tarixi torpaqlarımız olsa belə Azərbaycan ordusunun Ermənistan ərazisinə irəliləmək kimi planı yoxdur. Azərbaycan beynəlxalq hüquq və mövcud reallıqlarla hesablaşan dövlətdir. Belə olmasaydı, anti-terror əməliyyatının başladığı 19 sentyabr tarixindən bu yana iki ölkə arasında gərginlik davam etməliydi. İki aydır sərhəddə sakitlikdir, itkilər yoxdur. Bunun sadə səbəbi var, Azərbaycan əsas problemini həll edib, Qarabağda suverenliyini bərpa edib və bu bizə yetərlidir.
Avropa İttifaqı missiyasının Ermənistanda artan sayı sırf Rusiya ilə bağlıdır. İrəvan və Brüssel “Azərbaycan təhlükəsi” bəhanəsiylə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışırlar. Bunun bizə aidiyyatı yoxdur. Bu Ermənistanla Rusiya arasındakı problemdir. Ancaq orası da var ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalarsa, bu Azərbaycan üçün də faydalıdır.

Müəllif: Elxan Şahinoğlu

Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Qarabağda aparılmış hərbi əməliyyatlardan sonra Cənubi Qafqaz regionunda hökm sürən hazırkı durum, Qarabağ ərazisində insanların təhlükəsiz şəkildə yaşamasının təmin edilməsi, həmin bölgənin yüksək həddə minalarla çirkləndirilməsinin doğurduğu fəsadlar və münaqişə nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin taleyinin qeyri-müəyyənliyi əsas müzakirə mövzusu olub.

Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib. Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə toxunan Əli Nağıyev bildirib ki, torpaqlarımızın işğaldan azad olunması onların axtarışını asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq gətirmək hələ də mümkün olmamışdır. Ermənistan bu istiqamətdə də qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Dövlət Komissiyasının sədri Əli Nağıyev bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməniəsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib.

Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.

ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Prezident Laziz Kudratovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

"Dövlətimizin başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırladı.

Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi.

Laziz Kudratov ilk növbədə Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirdi, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd etdi.

Laziz Kudratov vurğuladı ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd etdi ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu dedi.

Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.



Fransa Cənubi Qafqazda gərginliyi artırır. Ermənistanı sürətlə silahlandıran rəsmi Paris regionda sülhə mane olur.
Diqqətçəkən digər məqam isə Fransanın Ermənistanı silahlandırması fonunda Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair feyk informasiyaların tirajlanmasıdır. Halbuki rəsmi Bakı siyasi və ya hərbi müstəvidə Ermənistana qarşı aktivlik nümayiş etdirmir. Azərbaycanın Ermənistanın cənub ərazilərinə hücum etməsinə dair heç bir əsaslı arqument yoxdur.
Fransa Cənubi Qafqazda gərginliyi artırmaq prosesinə Gürcüstanı da cəlb edib. Məsələ ondadır ki, Parisin Ermənistana satdığı silahların Gürcüstanın Poti limanından daşındığı ilə bağlı ciddi faktlar var.
Gürcüstan 44 günlük İkinci Qarabağ müharibəsi və sonrasında Rusiya və Qərbdən Ermənistana silah yardımı etməsinə icazə verməyib. Hətta Gürcüstanın bu mövqeyinə görə Rusya Ermənistana göndərdiyi 500 tona yaxın silah-sursatı İran üzərindən çatdırmalı olmuşdu.
İndiki məqamda sual yaranır: Əvvəllər bənzər cəhdlərə mane olan Gürcüstanın indi buna icazə verməsinin səbəbi nədir?
Əvvəla, onu demək lazımdır ki, Gürcüstan və Azərbaycan arasında heç bir problem yoxdur. Əksinə, iki ölkənin münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Lakin rəsmi Tiflisin belə addım atmasının iki əsas səbəbi ola bilər:
Birincisi, Gürcüstan Avropa İttifaqına namizəd statusu alıb. Bu məsələdə Fransanın dəstək verməsi istisna deyil. Rəsmi Tiflis məhz bu yolla Parisə minnətdarlığını bildirir. Bundan başqa, Aİ-yə tamhüquqlu üzvlük üçün Fransanın dəstəyinin davam etməsini istəyir. Lakin Tiflis Parisə bu məsələdə etibar edərək ciddi səhvə yol verir.
Məsələ ondadır ki, Abxaziya və Cənubi Osetiya münaqişələri qaldığı, habelə Qərbin tələb etdiyi demokratik institutlar Gürcüstanda tətbiq edilmədiyi təqdirdə rəsmi Tiflis Aİ-yə üzv ola bilməyəcək. Bundan başqa, Aİ üzvləri Gürcüstanın sırf imtiyazlardan yararlanmaq üçün üzv olmaq istədiyini bilir. Aİ-yə isə daha çox güclü iqtisadiyyatı olan ölkələr lazımdır.
İkincisi, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından ehtiyat edir. Əslində, Tiflisin ehtiyat etdiyi məsələ Zəngəzur yolunun açılmasıdır. Tiflis düşünür ki, yekun sülh müqaviləsinin imzalanmasından sonra bu yol açılacaq və Gürcüstan Azərbaycanın regional layihələrindən kənarda qalacaq. Halbuki bu narahatlıq əsassızdır, çünki Ermənistanla icra ediləcək yeni layihələr Gürcüstanla layihələrin əhəmiyyətini azaltmır. Əksinə Bakı mövcud boru xətlərinin ötürücülük qabiliyyətini artırmaq üçün yeni sazişlər imzalaya bilər. Bundan başqa, Ermənistanla yekun sülh müqaviləsi imzalansa da, hər hansı iqtisadi layihənin icrası illər çəkə bilər.
Fransa təkcə Cənubi Qafqazda gərginliyi artırmır, həm də Azərbaycanın Balkan ölkələri, hətta Türkiyə ilə münasibətlərini pozmaq istəyir. Belə ki, Fransanın Ermənistana silahları Gürcüstan üzərindən göndərməsi bu silahların Gürcüstana haradan gəldiyi sualını gündəmə gətirir.
İndiki məqamda üç variant var: Rumıniya, Bolqarıstan və Türkiyə. Rəsmi Ankaranın Fransanın İstanbul boğazından silah daşımasına icazə verdiyini düşünmürəm. Lakin bu ehtimalın özü belə Ankara ilə Bakı arasında gərginliyə hesablanıb. Rumıniya və Bolqarıstana gəldikdə isə bu versiya realdır. Xüsusilə Rumıniyanın Konstanta limanından istifadə edilməsi ehtimalı yüksəkdir.
Düzdür, bütün bunlar Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya ilə münasibətlərinə təsir etməsə də, xarici siyasətdə müəyyən korrektələr etməsinə səbəb ola bilər. Xüsusilə hər üç ölkəyə satılan mavi qazın qiymətinin artırılması ən effektiv etiraz ola bilər.

Müəllif: Politoloq Turan Rzayev

Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bu barədə President.az xəbər verir.

Sənədlə Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulur.

Bu Qanun qüvvəyə mindiyi gündən “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1728-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1914) 1-ci maddəsi ləğv edilir.

“44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi”.

Bu barədə Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.

“Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmayıb, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi. Artıq bu məsələlər keçmişdə qalıb”, - dövlət başçısı qeyd edib.

“Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim edib”.

Bunu Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.

“Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb”, - Prezident vurğulayıb.

Azərbaycan lideri ATƏT PA-nın prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

ABŞ və Qərbin Ermənistana gəlib, yerləşmək ərəfəsində olması Paşinyan hakimiyyəti üçün əslində, aldadıcı arxayınlıq faktoru da ola bilər... Çünki Rusiya da hələ Ermənistandadır, Kreml bu ölkəni tərk etmək barədə ümumiyyətlə, düşünmür və bu, nəhənglərin savaşı üçün poliqon yarada bilər...
Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə rəqabəti amansız xarakter almağa başlayıb. Belə ki, ABŞ və Qərb son illərdə Rusiyanın bu regiondakı mövqelərinin ciddi şəkildə zəifləməsinə nail ola bilib. Üstəlik, Kremlə qarşı regional təzyiqlərin gücləndirilməsi ilə bağlı proses də intensiv şəkildə davam etdirilir. Və Rusiyanın bütün bunlara müqavimət immunitetinun səviyyəsi şimal nəhənginin bu regiondakı gələcək taleyini müəyyən edə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərb Rusiyanı məhz Ermənistan üzərindən sıxışdırmağa çalışır. Rəsmi İrəvan Rusiya əleyhinə Qərbdən gələn bütün təlimat və sifarişləri dərhal yerinə yetirməyə cəhd göstərir. Kreml hələlik Ermənistan probleminə həlledici çıxış yolu tapmaqda çətinlik çəkir. Və bu səbəbdən də, Rusiya üçün regional böhran hər ötən gün daha da dərinləşir.

Maraqlıdır ki, rəsmi İrəvanın Rusiyaya qarşı xəyanət siyasəti Ermənistan ictimai rəyində də açıq mətnlə etiraf olunur. Erməni politoloq David Stepanyan bildirib ki, Ermənistanın KTMT-dan çıxması sadəcə, zamana bağlı məsələdir. Çünki Ermənistan əslində, de-fakto KTMT-nı artıq çoxdan tərk edib. Ermənistanın bu hərbi-siyasi alyansda rəsmi təmsilçiləri də artıq yoxdur və deyəsən, bundan sonra daha heç vaxt olmayacaq: "Bizim hakimiyyət KTMT-dan kənarlaşmaq siyasəti yürüdür və yəqin ki, tezliklə bu, de-yure də baş verəcək".

Erməni hərbi ekspert Ayk Haqapetyan isə vurğulayıb ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbi artıq Ermənistana gətirib, üstəlik, bunu edərkən Rusiya və İrandan icazə almağa ehtiyac duymayıb: "Əvvəlcə Avropa Birliyinin müşahidə missiyası ölkəyə çağırıldı. Ancaq bu müşahidəçilər atəşkəs rejiminə nəzarət etməkdən fərqli vəzifələri icra edirlər. Onların hamısı peşəkar kəşfiyyatçılardır. Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Müşahidə missiyasının rəhbəri Almaniya xarici kəşfiyyatının keçmiş zabiti, onun müavini isə Fransa xarici kəşfiyyatının zabitidir".

Erməni hərbi ekspert onu da xatırladıb ki, Ermənistan artıq Rusiya və KTMT-ya üzv ölkələrlə bütün əlaqələri birtərəfli olaraq, "dondurub". Onun fikrincə, rəsmi İrəvan tədricən bütün əlaqələrin tamamilə qoparılmasına yönəlik siyasi kurs tutub: "Rəsmi İrəvanın atdığı addımlar konkret siyasi qərarlar əsasında reallaşdırılır. Bütün bunların nəticəsində Ermənistanın böyük itkilərlə üzləşəcəyi də qətiyyən şübhə doğurmur".

Əlbəttə ki, Kremldə bütün bu baş verənlərin əsas hədəfini anlamamış deyillər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, ABŞ və Qərb hazırda Kremlin təsir mexanizmlərini həm Cənubi Qafqazdan, həm də Orta Asiyadan silmək üçün əlindən gələn hər şeyi edir: "Ancaq onlar nəzərə almırlar ki, Rusiyanı bu regionlardan kənarlaşdırmaq üçün yetərincə gücə və imkanlara malik deyillər. Ona görə də, Qərb nə etsə də, öz hədəflərinə heç vaxt çata bilməyəcək".

Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təxminən oxşar mesajlar verib. Onun fikrincə, Qərb ölkələrinin Rusiyanı bu regionlardan sıxışdırıb, çıxarmaq cəhdləri xüsusi maraqlara bağlıdır: "Qərb bəzi ölkələrlə yalnız öz maraqlarına görə "dostluq" edir. Həmin ölkələrdən Rusiyanı müəyyən bölgələrdən sıxışdırılıb, çıxarılması üçün istifadə etməyə çalışırlar. Biz bu siyasətin perspektivli olduğunu düşünmürük”.

Belə anlaşılır ki, Kremldə nə baş verdiyini tam dəqiqliyi ilə bilirlər. Sadəcə, Rusiyanın bütün bunlara reaksiyasının hələlik adekvat xarakter daşımadığı da inkaredilməz reallıqdır. Hər halda, Rusiyanın indiyə qədər Ermənistana qarşı sərt addımlar atması o qədər də böyük təəccüb doğurmazdı. Halbuki, bu, nəinki baş vermir, əksinə, Ermənistanı Rusiyaya qarşı xəyanətə daha da cəsarətləndirən təmkin nümayiş etdirilir. Və bu, Paşinyan hakimiyyəti tərəfindən də etiraf olunur.

Məsələ ondadır ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən bir qapalı toplantı barədə məlumatları yayıb. Həmin məlumatlara görə, rəsmi İrəvan artıq Rusiyadan o qədər də çəkinmir, hətta Kremlin bundan sonra hansısa ölkəni cəzalandıra biləcək gücdə olmadığına əmindir.

Ermənistanda nəşr olunan “Past” qəzetinin iddiasına görə, baş nazir Nikol Paşinyan oktyabr ayında hakim siyasi komandanın qapalı iclasını keçirib. Erməni baş nazir həmin toplantıda Ermənistanın “Qərbə dönüş” adlı mərhələli planını elan edib. Baş nazir Nikol Paşinyan Rusiya ilə tərəfdaşlığın həm indi, həm də bundan sonra Ermənistana heç bir fayda verməyəcəyini vurğulayıb. Ona görə də, Ermənistan üçün yeni strateji tərəfdaşların axtarılmasının vacib olduğunu bildirib. Və o, bu planla bağlı siyasi komandasının tam dəstəyini qazanıb.

Eyni zamanda, erməni baş nazir bundan sonra MDB və KTMT çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etməyəcəyini də dilə gətirib. Baş nazir Nikol Paşinyan Qərb ölkələrinin Ermənistana təklif etdiyi yeni imkanların yaxın vaxtlarda tam şəkildə açıqlanacağını da bildirib. Toplantı iştirakçılarından bəziləri rəsmi İrəvanın Rusiyanın cavab reaksiyasının doğura biləcəyi ağır nəticələrə hazır olub-olmadığı ilə də maraqlanıblar. Ermənistan baş naziri isə heç kimin gözləmədiyi halda, Rusiyanın indi artıq çox zəiflədiyini vurğulayıb. Və Kremlin bundan sonra hansısa ölkəni cəzalandıracaq gücə və imkanlara malik olmadığını bildirib.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Rusiyaya xəyanətin qarşılığında cəzasız qalacağına demək olar ki, arxayındır. İndi rəsmi İrəvan Kremlin verəcəyi reaksiya barədə deyil, Ermənistana yeni beynəlxalq humayədarlar tapmaq barədə düşünür. Halbuki, ABŞ və Qərbin Ermənistana gəlib, yerləşmək ərəfəsində olması Paşinyan hakimiyyəti üçün əslində, aldadıcı arxayınlıq faktoru da ola bilər. Hər halda, unutmaq olmaz ki, Rusiya da Ermənistandadır və Kreml bu ölkəni tərk etmək barədə ümumiyyətlə, düşünmür. Və bu, Ermənistanı nəhənglərin savaş poliqonuna da çevirə bilər. (Yeni Müsavat)

Xəbər lenti